Səfir, yoxsa faktiki görüntü: kim yalan danışır? - Nəsiminin məzarı dağıdılıbmış + FOTOLAR

img

26-01-2019 [22:17]


Strateq.az Azərbaycan şairi İmadəddin Nəsiminin məzarının ən yeni görüntülərini əldə edib.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, eksklüziv fotoşəkillər 2017-ci ilin yanvarında çəkilib.

Fotolardan göründüyü kimi, İmadəddin Nəsiminin Hələb şəhərinin Fərfərah məhəlləsində yerləşən ziyarətgahı ciddi dağıntıya məruz qalıb, təkyənin içindəki qəbir dağıdılıb.

Məlumatda qeyd olunur ki, Hələb şəhəri uzun müddət terrorçuların nəzarətində olub və şəhərin hökumət qüvvələri tərəfindən geri alınması uzun müddətli hərbi əməliyyat nəticəsində baş tutub. Ehtimallara əsasən, bir çox digər tarixi abidələr kimi, Nəsiminin ziyarətgahı da həmin dövrdə xarabalığa çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu ili Azərbaycanda "Nəsimi ili” elan edib. O,Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bəyan edib.

Maraqlıdır ki, Prezident İlham Əliyevin bu sərəncamından sonra ölkə mətbuatında Nəsiminin məzarının dağıdılmadığı haqda məlumat və fotolar paylaşılıb. İddia olunub ki, Nəsiminin məzarı və təkiyə dağıdılmayıb. Lakin son, yəni 2017-ci ilin fotolarında, eyni zamanda, Suriyanın rəsmi dövlət saytlarında bunun əksi deyilir. Yəni durum Strateq.az-ın yaydığı məlumat kimidir. 

Mia.az-ın məlumatına görə, digər diqqətçəkən məqamlardan biri də odur ki, Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarı ilə bağlı bir neçə gün əvvəl Livandakı səfirimiz Ağasəlim Şükürov da Modern.az-a açıqlama verib.

O da iddia edib ki, guya məzar dağıdılmayıb. Və guya məzar Nəsiminin doğmaları tərəfindən mühafizə olunur: "...Qaldı ki, Nəsiminin məzarına nəzarət etməyimizə, hazırda Suriyada onun qohumlarının yaşadığını deyə bilərəm. Bildiyiniz kimi, Suriya münaqişə ocağıdır. Açığı, Nəsiminin məzarının olduğu yerə gedib-gəlməyimiz çətindir. Ora səfər etməyimiz bir qədər müşkül məsələdir. Sadəcə, onu söyləyə bilərəm ki, bu günə kimi Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır. 

...Bu barədə onun varisləri  ilə söhbətlərimiz olur. Onlar da Nəsiminin məzarının normal vəziyyətdə olduğunu söyləyirlər. Təbii ki, münaqişə ocağı olan ərazidən söhbət gedir. Buna baxmayaraq, məzar dağıdılmayıb. Ona görə də nisbətən normal vəziyyətdə olduğunu söyləmək olar". 

Bax, belə. İndi kim yalan danışır? Rəsmilər, yoxsa real vəziyyəti əks etdirən ən son görüntülər?...

Mia.az rəsmilərin açıqlamaları ilə yanaşı, Strateq.az-a istinadən Nəsiminin məzarı ilə bağlı çəkilmiş ən son fotoları da oxuculara təqdim edir:

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR