Sahil Babayev kollegiya iclası keçirdi - Tapşırıqlar verildi

img

19-10-2018 [16:34]


Cari ilin ötən dövrünü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmək, məşğulluq, sosial təminat sistemi ilə bağlı tapşırıqlarına uyğun olaraq bu sahədə əhaliyə xidmətlərin innovativ əsaslar və vahid platforma üzərində, açıq iş şəraitini nəzərdə tutan tam şəffaf yeni modelin qurulmasına yönələn köklü islahatlara keçid mərhələsi kimi xarakterizə etmək olar.

Mia.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə 2018-ci ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələr və tapşırıqlar diqqətə çatdırılıb.

S.Babayev bildirib ki, iclasda dövlət başçısı sosial sahədə ciddi islahatlar aparıldığını qeyd edərək "Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin”, deyə vurğulayıb. Bu mühüm tapşırığın yüksək səviyyədə icrası istiqamətində nazirlik tərəfindən bütün səylər səfərbər olunub, mövcud resurslardan da istifadə olunmaqla ən müasir innovasiyaların geniş tətbiqi şəraitində konkret addımlar atılır.


Nazir diqqətə çatdırıb ki, Prezidentin 9 avqust 2018-ci il tarixli Fərmanına uyğun olaraq nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, eyni zamanda, 5 sentyabr 2018-ci il tarixli Fərmanla "e-sosial” internet portalının yaradılması üçün artıq bir çox mühüm işlərin görülməsi təmin olunub. Aidiyyəti hüquqi bazanın formalaşdırılması üçün normativ hüquqi aktların layihələri və təkliflər, DOST layihəsinin fəaliyyət strukturu, konsepsiyası, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri və s. hazırlanıb. Yeni əsasda "bir pəncərə”dən nazirlik üzrə 124 növdə şəffaf və çevik xidmətlərin göstərilməsi ilə bağlı praktik iş mexanizmləri müəyyən olunub.

Özünüməşğulluq proqramı üzrə işlərin normal qaydada davam etdirildiyini vurğulayan nazir bu il proqram çərçivəsində 7 minədək şəxsin kiçik ailə təsərrüfatlarının yaradılmasının nəzərdə tutulduğunu və artıq bu prosesə başlandığını qeyd edib. Nazir həmçinin Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə 125 ailə üçün bağçılıq təsərrüfatının yaradılmasına başlandığını deyib. O bildirib ki, özünüməşğulluq proqramının icrasında ilk növbədə şəffaflığın təmin olunması və proqrama daha çox sosial cəhətdən həssas qruplara aid insanların cəlb olunması diqqətdə saxlanılır. Eyni zamanda, əsas məqsəd aztəminatlı ailələrin özünüməşğulluq proqramı vasitəsilə sosial yardım proqramından asılılığını aradan qaldırmaq, onların kiçik sahibkarlığa çıxışına imkan yaratmaqdır.

S.Babayev Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün informasiya texnologiyaları əsasında tam şəffaf iş mexanizminin hazırlandığını, ödəmələrin verilməsi prosesinin ədalətli icrasının təmin ediləcəyini deyib. Nazir bildirib ki, cari ilin may ayının əvvəlindən nazirliyin ayrı-ayrı fəaliyyət sahələri üzrə yaradılan işçi qrupları tərəfindən hazırlanan təkliflər əsasında sosial yardım, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sistemlərinin, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, bu sahələrdə müasir və şəffaf xidmətlər şəbəkəsinin qurulması üçün müvafiq işlər aparılır.

İclasda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elman Cəfərov, Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəis müavini Gulnarə Hacıyeva hesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlar zamanı cari ilin 9 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləğində ötən ilin müvafiq dövrünə nisbətən 8,4 faiz, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləğində 9 faiz artım qeydə alındığı, pensiyaların maliyyələşməsinə 7,6 faiz çox vəsait yönəldildiyi, DSMF-nin gəlirlərində 16,07 faiz, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz, qeyri-büdcə sektoru üzrə 9 faizə yaxın artımın olduğu diqqətə çatdırılıb. Cari ilin 1 oktyabr tarixinə orta hesabla 50,2 min ailənin (200,2 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edildiyi, hər ailəyə ayda orta hesabla 165,4 manat yardım ödənildiyi qeyd olunub.

Bildirilib ki, hesabat dövründə 265 nəfər müharibə əlilinə minik avtomobili verilib, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrindən 35 nəfəri mənzillə təmin olunub və ilin sonunadək bu göstərici 500 nəfərə çatacaq. İmtiyazlı şəxslərə 5054 ədəd sanator-kurort putyovkası (yollayış) və istirahət mərkəzlərinə göndəriş təqdim olunub. Nazirliyin məşğulluq orqanları tərəfindən 44,8 min nəfər münasib işlərlə, 865 nəfər ödənişli ictimai işlərlə təmin edilib, 79,7 min nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Ümumilikdə nazirliyin xətti ilə 2075 nəfər peşə hazırlığına cəlb olunub, 1723 nəfərə işsizliyə görə sığorta ödənişi təyin edilib. Elektron sistemdə qeydiyyata alınmış əmək müqavilələrinin sayında 59,3 min artım qeydə alınıb. Əmək hüquqlarının müdafiəsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan bütün müraciətlərin (4,4 min ərizə) obyektiv araşdırılmaqla, nəticəsinə uyğun tədbirlər görülüb, aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün qanunauyğun tədbirlər görülüb. O cümlədən işəgötürənlər tərəfindən 105,7 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işdən qeyri-qanunu azad olunmuş 7 nəfərin yenidən işinə bərpa edilməsi təmin olunub.

İclasda digər fəaliyyət istiqamətlərində aparılan işlərin nəticələri və qarşıda duran vəzifələr ətraflı müzakirə olunmaqla, fəaliyyət sahələrində yol verilən ayrı-ayrı nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb. S.Babayev fəaliyyət sahələrində aparılan islahatlarla, görülən işlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR