Şriftin ölçüsü / 154 dəfə oxunub

Dilqəmlə Şahbazın girov götürülməsindən 4 il keçdi - XİN-dən beynəlxalq aləmə ÇAĞIRIŞ

11 Iyul 2018 [10:57]

11 iyul 2014-cü ildə azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən dörd il ötür. D.Əsgərov və Ş.Quliyev girov götürülərkən onların yanında olan digər soydaşımız Həsən Həsənov qətlə yetirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin hadisənin 4-cü ildönümü ilə əlaqədar şərh verib. O qeyd edib ki, iki mülki azərbaycanlının girovloqda saxlanıması bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.

XİN-nin Mətbuat Xidmətinin rəhbəri daha sonra qeyd edib:

"Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim tərəfindən saxta və uydurulmuş iddialar əsasında onlar üzərində quruma "məhkəmə” təşkil edilib, Dilqəm Əsgərov "ömürlük”, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsindən əvvəlki və sonrakı görüntüləri onların girovluqda saxlandıqları müddətdə qeyri-insani rəftara, fiziki və mənəvi işgəncələrə məruz qaldığını açıq şəkildə sübut edir. Bunun nəticəsində hal-hazırda D.Əsgərov və Ş.Quliyev müxtəlif ağır xəstəliklərdən əziyyət çəkirlər. Onlara qarşı qeyri-insani rəftarı kütləvi informasiya vasitələri ilə qəsdən nümayiş etdirən Ermənistan tərəfi onların ailə üzvlərini və yaxınlarını psixoloji təzyiqlərə məruz qoyur".

E.Hacıyev bildirib ki, Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal edib: "İşğal edilmiş ərazilərindən bir milyondan artıq azərbaycanlı əhali, o cümlədən D.Əsgərov və Ş.Quliyev və onların ailə üzləri etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından zorla qovulub.

D.Əsgərov və Ş.Quliyev və onların ailə üzvləri 1993-cü ildən etibarən məcburi köçkün həyatı yaşayırlar. 20 ildən çox davam edən vətən həsrəti onları öz işğal edilmiş torpaqlarını ziyarət etmək kimi fədakar addımı atmağa sövq etmiş və bu baxımdan onların öz doğma evlərini və valideynlərinin qəbrini görmək istəkləri anlaşılandır. Beləliklə, onların qanunsuz həbsi və Ermənistanın onları azad etməkdən imtina etməsi girovların yaxınlarının böyük üzüntüsünə, Azərbaycan ictimaiyyətinin isə haqlı hiddətinə səbəb olur.

Mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, Ermənistan tərəfi beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir və Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və hər iki tərəfdə saxlanılmış mülki şəxslərin tez bir zamanda qarşılıqlı surətdə azad edilməsinə dair çağırışlarına məhəl qoymur. Bu kimi əməlləri ilə Ermənistan Respublikası həmçinin, İşgəncə və digər zorakılıqların, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və yaxud cəzalara qarşı Konvensiya, Bütün növ ayrı-seçkiliyin aradan qaldırılması haqqında Konvensiya, İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozulmaqda davam edir".

XİN rəsmisi bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə işğalçı tərəf kimi Ermənistanın məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha təsdiq edib və mülk və əmlakın qaytarılması ilə əlaqədar hüquqi və texniki məsələlərlə bağlı beynəlxalq humanitar hüquq və insan hüquqlarının müvafiq standart və prinsiplərinin şamil edilməli olduğunu təsbit edib: "Məhkəmənin qərarının 195-ci paraqrafında göstərildiyi kimi, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmasına başlıca əngəl Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdə davam edən mövcudluğu və atəşkəsin pozulmasıdır.

Beynəlxalq hüququn imperativ norma və prinsiplərinə görə güc tətbiqi və ya güc təhdidi vasitəsilə ərazilərin əldə edilməsi heç bir halda qanuni hesab oluna bilməz. Bu prinsip Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində bir daha təsdiq olunur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur, həmçinin, münaqişənin həllinin beynəlxalq humanitar hüquqi əsasları müəyyən olunaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması hüquqi təsbit olunur.

Ermənistan tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları və obyektləri ağır silahlardan hədəflənmiş şəkildə atəşə tutması, D.Əsgərov və Ş.Quliyev halında olduğu kimi mülki insanları girovloqda saxlamaqda davam etməsi aydın şəkildə göstərir ki, münaqişə dövründə Ermənistan tərəfindən törədilmiş cinayətlər təsadüfi və istisna hallar olmayaraq, Ermənistanın yürütdüyü məqsədyönlü və sistematik siyasətinin tərkib hissəsidir. Hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayət əməlləri şahid ifadələri və sübutlarla sənədləşdirilib.

Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur.

Ermənistan tərəfindən nümayişkarcasına qeyri-insani davranış nümayiş etdirərək dörd il ərzində ağır şərtlər altında D.Əsgərov və Ş.Quliyevin girovluqda saxlanması və digər bu xüsusda olan əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə ciddi zərbə vurur və gərginliyin daha da artmasına xidmət edir. Bir daha onu göstərir ki, Ermənistan sivil davranışdan tamamilə kənar ölkədir.

Girovluqda olan soydaşlarımızın tezliklə azad edilməsi və ailə üzvlərinə qovuşması üçün ali humanizm prisiplərini rəhbər tutaraq bütün beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrini, aidiyyəti beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını Ermənistana ciddi təsir və təzyiq göstərməyə çağırırıq.

Azərbaycan Respublikası D.Əsgərov və Ş.Quliyevin azad edilməsi üçün bütün zəruri addımları bundan sonra da atacaq”.




SON XƏBƏRLƏR
20:52 21.07.2018
Xeyirxah söyüşlər...