Şriftin ölçüsü / 786 dəfə oxunub

Zaqatalanın Allahın ümidinə qalan təbiəti: səriştəsiz məmurlar və yaxud cavabsız haqlı suallar... - FOTOLAR

13 Iyun 2018 [11:31]
Məlum olduğu kimi Prezident seçkilərindən sonra bir çox qurumlarda islahatlar aparılaraq, bəzi sahələrə gənc, işgüzar və savadlı kadrlar təyin edilib. 

Cəmiyyət tərəfindən alqışa səbəb olan bu islahatlar zamanı Muxtar Babayev də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri təyin olunub. Bu təyinatdan sonra nazirliyin tərkibində bəzi kadrlar yeniləri ilə əvəzlənib. Lakin elə kadrlar da var ki, görünür, onlara heç kimin gücü çatmır.

Bu günlərdə Şimal-qərb bölgəsində təbiətimizə qənim kəsilənlərlə bağlı kiçik bir yazı yazmışdıq. Odur ki, Azərbaycanın dilbər guşələrindən olan Şimal-Qərb bölgəsində yerləşən Dövlət Təbiət qoruğu və Ərazi Ekologiya və təbii sərvətlər şöbələrində olduq. 

İlk öncə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin tabeliçiyində olan  9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri Əlikram Qasımovla görüşdük. 

Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Əlikram müəllimi "Azərbaycan Ordusu” qəzetinin keçmiş əməkdaşı olduğum üçün Qax, Sabirabad və paytaxtda hərbi komissar işlədiyi vaxtdan tanıyıram.

Əslində mənim üçün qaranlıq qalan böyük bir suala heç vaxt cavab tapa bilmirəm. Zaqatalada yerəşən Dövlət Təbiət Qoruğuna hazırda keçmiş polis rəisi,  9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə isə keçmiş hərbi komissar rəhbərlik edir. Məgər Azərbaycanda ekologiya və yaxud meşə təsərrüfatı sahəsində mütəxəssislər yoxdur ki, təqaüdçülər, "voenkomlar” bu sahələrə rəhbərlik edir? 

Təcrübəli jurnalist olaraq, onu deyə bilərəm ki, hər hansı bir rəhbər öz peşəsinə aid olmayan sahədə çalışırsa, onunla söhbət edərkən bu sahənin adamı olmadığını dərhal başa düşürəm. Əlikram müəllimlə də cəmi beş dəqiqə danışdıq. Əlikram müəllim mənə bəzi qanunsuzluqları sosial şəbəkələrdə paylaşım etdiyimə görə təşəkkür də etdi və söhbətə belə başladı: ”Bilirsiniz, cənab nazirimiz də tapşırıb ki, cəmiyyətlə işləyin. Bu problemləri siz jurnalistlərlə birgə aradan qaldırmalıyıq. Bəs, sizin işinizin adı nədir, qanunsuzluqları aradan qaldırmaq deyil?”.

Cavab olaraq dedim ki, bizim işimiz qanunsuzluqları aradan qaldırmaq deyil, onu göstərməkdir, yəni bu işlə aidiyyati təşkilatlar bizm kimi dolayı deyil, birbaşa məşğul olmalıdır... 

Daha sonra Əlikram müəllimə sual verdim ki, taxta-şalban istehsalı ilə məşğul olanlara qarşı niyə mübarizə aparmırsınız? Siz bilirsiniz ki, artıq körpə palıd ağacları da kəsilir? 

Əlikram müəllimin cavabı isə əsl "voenkom” cavabı oldu: "Bildiyiniz kimi, cənab Prezident tapşırıq verib ki, sahibkarları incitmək olmaz. Baxın, mən onun iş yerinə necə gedim? Siz ən yaxşısı, həmin sexlərə gedərək, palıd daşıyan maşınları tut, şəklini çək və mənə gətir. Mən də verim həmin şəkilləri polisə, araşdıraq. Bax, beləcə onlara birgə cəza verək".

Bu cavab o qədər qeyri-peşəkar oldu ki, məni gülmək tutdu. Adətən keçmiş "voenkomlar” öz otaqlarında oturar, ətrafları isə onlara "iş" gətirərdi. Ancaq bura hərbi komissarlıq deyil axı. Odur ki, verdiyim sualın cavabına uyğun olaraq, buradan çox hörmətli Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev cənablarına müraciət edirəm: əgər mən jurnalist olaraq, palıd ağacı kəsib satanların maşınlarını tutacağamsa, regiondakı 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi nəyə və kimə lazımdır? Bu qədər işçiyə dövlətimizin büdcəsindən maaşı nəyə görə verirsiniz? Bəlkə elə doğrudan da bölgələrdə adıçəkilən şöbələrə ehtiyac yoxdur?

Mən, uzun illər əvvəl, Qəbələ rayonunda keçmiş nazir Hüseynqulu Bağırova belə bir sual vermişdim: "Sizə elə gəlmir ki, Meşə mühafizəsi və bərpası müəssisəsi və Ərazi ekologiya və təbii sərvətlər şöbəsinin də eyni nazirliyə tabe olması müxtəlif çətinliklər yaradır? Çünki MMBM əsasən ağac kəsməklə, ETSŞ isə onların qarşısını almaq istəyi ilə bəzi maşınları tutmaqla məşğuldur. Buradan belə çıxır ki, siz bilərəkdən "Dovşana qaç, tazıya tut deyirsiniz?".

Həmin vaxtı H. Bağırov yaman əsəbiləşdi, dedi ki, "Mən ancaq ağac kəsirəm? Heç ting əkməyimdən danışmırsan?!"

Bu gün isə eyni sualı çox hörmətli nazir Muxtar Babayevə ünvanlayıram: "Əgər Ərazi ekologiya şöbələrinin vəziyyəti Zaqataladakı kimidirsə, onları ləğv etməyin və yaxud da birləşdirməyin zamanı deyilmi?".

Düzünü desəm, mən, Əlikram müəllimlə söhbət edərkən, keçmiş "voenkom"un vəziyyətinə düşsəydim, bir gün belə həmin vəzifədə qalıb işləməzdim.

Aydın məsələdir ki, insan işlədiyi sahədən az da olsa, məlumatlı olmalıdır. 

Nə isə... 

Əlikram müəllimə bu sualı da verdim ki, "Avtoyuma" obyektlərinə baxış keçirmisiniz? Axı onların kimyəvi maddələrlə yuduqları maşınlardan axan zəhərli sular Zaqatala çaylarına qarışır. O, isə mənə dedi ki, sizdən xahiş edirəm, gedin harada problemləri görsəniz, çəkin, gətirin biz də, onların cəzalarını verək. Burada atalar yaxşı deyib "nə yoğurdun, nə yapdın, hazırca kökə tapdın!”.

Rəhbərin verdiyi cavab gülüncdür, deyilmi? Yenə də mən gedib nəyisə çəkməliyəm? Məgər şəhərin mərkəzində, kəndlərə gedən yolların kənarında, çayın üstündə belə tikilən "Avtoyuma” obyektlərini siz görmürsünüz?

Bəla burasındadır ki, bu bölgədə su problemi olduğu üçün sözügedən "moyka"lardan bir kilometr aşağıda insanlar həmin sudan istifadə edirlər. Kimisi mal-qarasını, kimisi həyətindəki bostanını məhz həmin kimyəvi tərkibli sudan istifadə edərək sulayır. Sonra da xərçəng və digər bəd xəstəliklərin haradan yaranmasını və yaxud da niyə çoxalmasını düşünürük. 

Hörmətli keçmiş "voenkom"a bu barədə sualım var: siz bilmirsiz ki,  kimyəvi maddələr çaylara deyil, kanalizasiya xətlərinə axıdılmalıdır?

Bir şeyi tam əminliklə deyə bilərəm ki, çox gülünc olurmuş yerimiz səhv düşəndə.

Aldığım məlumata görə, Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin rəhbərləri "Dövlət qulluqçusu" olmalıdır. Uzun illər dövlət qulluqçusu olduğuma görə dəqiq bilirəm ki, bu sahədə işləmək üçün imtahan vermək lazımdır. Onu da oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, Əlikram müəllim dövlət qulluqçusu deyil. Yaxşı, onda sual ortaya çıxır: bəs bu insan, yəni keçmiş "voenkom” hansı titullarına görə bu böyüklükdə bölgədə rəhbər işləyir?

Əslində bu sualı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri Xalıqverdi Hüseynova da ünvanlayırıq. Hər halda X. Hüseynov Ə. Qasımovu tanımamış deyildir. Hörmətli Xalıqverdi müəllim, deyək ki, yeni nazir M. Babayev bölgədəki kadrları yaxından tanımır. Bəs siz, Əlikram müəllimi hansı titullarına görə bu vəzifəyə layiq görürsünüz? Axı siz Allah şahidisiniz ki, bu insan nə qədər çalışsa da, dövlət qulluğuna hazırlaşsa da, imtahandan keçə bilmir, nə istəyirsiz keçmiş "voenkomdan”? Bəlkə buraxasınız gedib təqaüdünü alsın, nəvələri ilə başını qatsın?! Əgər doğrudan da, respublikamızda gənc və savadlı kadrlar yoxdursa, ali təhsil ocaqları kimə və nəyə lazımdır?

Sonda, Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin müdiri Əlikram Qasımov cənablarının diqqətinə bəzi problemləri də çatdırmaq istərdik.

Muğanlı kəndinə gedən yolda insanların qalaq-qalaq atdığı zibillər təbiətimizə zərər verir. Çay hövzələrində qanunsuz fəaliyyət göstərən qum-çınqıl emalı ilə məşğul olanlar da təbiətimizə zərər verir. Rayondakı nüfuzlu "sexovşiklər" də, təbiətə zərər vurur. Yəni doğrudan da, bütün bunları görmək üçün "Dövlət qulluğu"ndan imtahan vermək lazımdır? 

Biz sizə çəkdiyimiz fotoları göstəririk. Əgər sizin arxanızda yeni nazir də dayanacaqsa və siz də bundan sui-istifadə edərək sözügedən problemləri görmək istəməyəcəksinizsə, onda təbiətimiz daha da ağır günlərini yaşamağa hazırlaşsın!

Əlmaniz Ələkbərli,

Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü,

Xüsusi olaraq Mia.az üçün.









SON XƏBƏRLƏR