Şriftin ölçüsü / 129 dəfə oxunub

Xırdalanda 5 nəfərin ölümünə səbəb olan faktla bağlı – “Azəriqaz”dan açıqlama

17 Mart 2017 [19:59]
Martın 15-də beş nəfər qadının meyiti aşkarlanan Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında 2016-cı il aprelin 13-də Azəriqaz İstehsalat Birliyinin əməkdaşları tərəfindən mənzildaxili qaz avadanlıqlarına texniki baxış xidməti işləri həyata keçirilib.

Azəriqaz İstehsalat Birliyindən Ölkə.az-a bildirilib ki, texniki baxış zamanı mənzildə İran istehsalı olan xüsusi sobanın quraşdırılması, vanna otağında qənaətli su qızdırıcısının tüstü borusunun qeyri-metal olması və hamam otağındakı qapının aşağı hissəsində hava dəliklərinin olmaması, həmçinin yataq otağında yivli birləşməli qaz xəttinin keçməsi aşkar olunub:

"Yuxarıda qeyd edilən aşkar olunmuş həmin nöqsanlarla əlaqədar İran istehsalı olan xüsusi sobanın və qənaətli su qızdırıcısının qaz təchizatı xüsusi plombla dayandırılıb. Bununla bağlı elə həmin tarixdə, yəni 2016-cı il aprelin 13-də kirayəçi Niyaməddin Məmmədovun iştirakı ilə 0512181 saylı daxili qaz avadanlıqlarına baxış keçirilməsi haqqında akt tərtib edilib. Aktın doğruluğu təsdiq olduqdan sonra bir nüsxəsi kirayəçi Niyaməddin Məmmədova verilərək təbii qaz təchizatının yalnız aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqda bərpa ediləcəyi bildirilib”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı "Qazdan istifadə qaydaları”nın təsdiqedilməsi haqqında qərarına uyğun olaraq, ötən ilin iyun ayına qədər mənzillərə texniki baxış Azəriqaz İstehsalat Birliyi tərəfindən həyata keçirilib.

Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı "Qazdan istifadə qaydaları”nda dəyişikliklər edilməsi barədə 29 aprel 2016-cı il tarixli 180 saylı qərarına əsasən mənzildaxili qaz kəmərlərinə və avadanlıqlarına texniki baxış keçirilməsi Azəriqaz İB-nin səlahiyyətlərinə daxil edilməyib.


SON XƏBƏRLƏR