Şriftin ölçüsü / 936 dəfə oxunub

"Türklər Allahın ədalət qılıncı, peyğəmbərin Cihad Ordusudur"

14 Mart 2017 [23:06]

Sərdar CƏLALOĞLU,

ADP sədri

İctimai şüurun ən yüksək mərhələsi siyasi şüurdur. Siyasi şüuru olan hər bir toplumun birinci işi fiziki coğrafiyanı siyasi coğrafiyaya çevirməkdən – Qurani-Kərimdə Allah-təalanın yaradılışda insanların bu dünyada qarşılarına qoyduğu vəzifədən – "Bu dünyanın abadlaşdırılması” vəzifəsindən ibarətdir. Buna görə də, dövlət yaratmaq ilahi tapşırığın yerinə yetirilməsinin sübutudur. Hansı ki, xalqların inkişafı hər şeydən öncə onların dövlət quruculuğundan müəyyən oluna bilər.

Dövlətlərin tərcümeyi-halına biz tarix deyirik. Buradan aydın olur ki, dövlət yaratmaq – tarix yaratmaq deməkdir. Təbii ki, tarixi yaradan da siyasi şüurdur. Məhz tarix yarandıqca, insan təbiətdən və bununla birlikdə heyvanlıqdan ayrılır və sosial varlığa çevrilir.

Tarix Allahın planı, insanın isə əl işidir.Ona görə də, tarixi olan hər bir şeydə həm də ilahilik vardır. Pis və yaxşı tarixdə qalan hər bir şey Allahın təqdiri, Onun bigisi və hakimiyyəti altındadır. Buradan da aydın olur ki, bir etnosun dəyəri onun tarixi yaratmasında rolu ilə ölçülə bilər. Hansı ki, digər tərəfdən bu ölçü onun Allaha yaxınlığının ölçüsü kimi meydana çıxır.

Bəşər tarixini öz ağlı, cəsarəti və qılıncı (qüdrəti) ilə yazan xalqlar arasında Türklərə bərabər ikinci bir xalq yoxdur və Qiyamətə kimi də olmayacaqdır. Bunun dəlili – dünya tarixi, sübutu – bu tarixin türk kimliyi ilə bağlı olmasıdır. Bu faktı kiminsə təkzib, inkar və ya təhrif etməyə nə dəlili, nə sübutu, nə də gücü, ağlı, qüdrəti ola bilər. Yalnız əxlaqsızlar, yalançılar, zatıqırıqlar, zəif salınmışlar buna cəsarət edə bilər.

Türklər tək bir eyni etnos olmasına baxmayaraq, tarixin müxtəlif dövrlərində, müxtəlif coğrafiyalarda – Çindən İtaliyaya qədər olan nəhəng coğrafiyada bir-birinin yanında və ya bir-birinin ardınca onlarla nəhəng imperiyalar yaratmışdır. Türklərin eyni vaxtda müxtəlif imperiyalar və dövlətlər yaratmasının dünya tarixində analoqu olmadığından, onları ayrı-ayrı millətlər kimi adlandırmağa səbəb olımuşdur. Məsələn, eyni dövrdə Şeybanilər, Moğollar, Səfəvilər və Osmanlılar dünyaya hökmranlıq etmişlər və ya Toxtamışın Qızıl Ordası, Teymurləngin Teymurilər imperiyası, Osman Qazinin Osmanlılar imperiyası eyni dövrdə meydana çıxmışdır. Buradan da bir millətin çoxlu dövlət yaratmasının nümunəsi olmadığından, çoxlarının bu dövlətlərin fərqli millətlər tərəfindən yaradıldığını iddia etmələrinə səbəb olmuşdur.

Müasir dövrdə Heydər Əliyevin "Bir millət, iki dövlət” tezisi irəliyə doğru bir addım olsa da, amma tam həqiqəti ifadə etmir. Çünki bu gün böyük bir çoğrafiyada yan-yana bir millət 7 dövlət(Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası), təksə Rusiya Federasiyasında isə çoxlu sayda muxtar dövlət(Tatarıstan, Başqırdıstan, Qaqauziya, Altay Respublikası, Tuva, Qaraçay-Çərkəz, Xakasiya, Kabarda-Balkariya, Saxa, Çuvaşıstan, Qaraqalpaqıstan, Kırım Muxtar Respublikası)yaratmaqla öz mövcudluğunu davam etdirir.

Bu imperiyaların sərhədləri dünyanın insanlar məskunlaşmış ərazilərinin böyük bir hissəsini əhatə etmişdir. Söz yox ki, nəhəng imperiya yaratmaq nəhəng hərbi düha və qüdrət, güc tələb edir. Türklər hərb tarixinə nəhəng sərkərdələr – Çingiz xan, Əmir Teymur, Şah Babur, Toxtamış, Şah İsmayıl, Şah Nadir, Şah Qacar, Osman Qazi, Alp Arslan, Mete, Atilla, Qanuni Süleyman, İdırım Bəyazid, Səlahəddin Əyyubi və bunun kimi daha onlarla nəhəng tarixi şəxsiyyətlər, sərkərdə və dövlət xadimləri töhvə etmişdir. Türkün təkcə adı belə, cızığından çıxanların özünə çəki-düzən vermsinə, tərbiyə olunmasına kifayət etmişdir. Türklər Rusiya çarını, Avropa krallarını öz əmrləri ilə təyin edən, Avropa və Asiya xaqlarının siyasi dilinin formalaşmasına təkan verən, bu coğrafiyadakı yarımvəhşi xaqları mədəniyyətə gətirən bir xalq olmuşdur. Dünya tarixinə yunan və romalıların gətirdiyi vasitəli güc demokratiyasının əksinə, vasitəsiz seçim demokratiyasını gətirən və bu demokratiyanı yaradan bir xalq olmuşdur. Hər bir türk imperatoru, hökmdarı mütləq xalq qurultaylarından hakimiyyət səlahiyyəti almışdır. Çünki türk inancına görə, xalqın sözü haqqın sözüdür. Bununla da türk hökmdarları ilahi legitimlik qazandıqlarından, Allahdan gələn və Allaha qaytaran hökmranlığın əsasını qoymuşlar.

Dövlət qurmaq mədənyyət yaratmaq deməkdir. Türklər əlifba yaradan, şəhərləri salan, daş abidələr ucaldan bir xalq olub. Türklər tarix yazmaq, mədəniyyət yaratmaq, vəhşi xalqlara sosial nizam gətirməklə məşğul olduğu vaxtlarda tarix səhnəsinə çıxmamış xalqlar bu gün türk tarixini oğurlamaq, özəlləşdirmək, türk kimliyinə dil uzatmaqla özlərini təsdiq etmək, türkü alçaltmaqla özlərini ucaltmaq istəyirlər. Türkləri gah "çinli”, gah "monqol” adlandırmaqla, türkün əzəmətini kiçiltməklə Çingizi monqol, Şah İsmayılı gah fars, gah xristian, Qacarı fars, Baburu hindli adlandırmaqla özlərində təskinlik tapırlar. Amma unudurlar ki, tarix Allahın yazısıdır. Kimsə onu poza, ona düzəliş edə, ona nəsə əlavə edə, ondan nəsə oğurlaya və ya onu təhrif edə və kiminsə tarixi haqqını mənimsəyə bilər. Tarix bir xalqın ağlı, qılıncı və qəlbi ilə yazdığı bir yazıdır. Yaziya pozu yoxdur! Allah yazdığını bəndə poza bilməz. Buna qalxışan isə ən yaxşı halda özünü poza bilər.

Bəs, doğrudanmı, türk Allahın seçdiyi xalqdır?!

İslamı qəbul etməmişdən türklərin tapındığı inanc sistemi ilə İslam dini arasında çox nazik bir cizgi olmuşdur. Türklərin tanrıçılıq sistemi İslama ən yaxın qeyri-səmavi din olmuşdur. Bu, türk xalqının peyğəmbər xalq olduğunun, yəni seçilmiş xalq olduğunun təsdiqidir. Buna görə də, İslam türklər üçün doğma bir din olmuş və bu din özlərinə doğma olduğundan, onu könüllü olaraq qəbul etmişlər.Bununla da İslam dininin himayə olunması ərəblərdən türklərə keçmişdir.

Türklər İslam mədəniyyətinin formalaşmasında, İslam dünyasının təşəkkülündə, İslamın qorunmasında və inkişafında da mütləq söz sahibidirlər. İslam xalqları arasında ərəblərdən başqa yalnız türklər xilafətə sahib çıxıb, 400 il İslam dünyasını xaçlı yürüşlərindən, düşmən hücumlarından qorumuşlar. Ərəblər İslamın əxlaqını, farslar şeriyyatını yaratmışsa, türklər İslamın qüdrətini təşkil etmişlər. Türklərin İslam dünyasının daxilində yaratdığı əxilik – qardaşlıq hərakatı sonra bütün dünyada seçilmişlər doktrinasının –masonluğun meydana çıxmasına təkan vermişdir. Müasir masonluq əski əxilik hərakatından başqa bir şey deyil. Bu gün İslam masonlarının – "nurçular”ın əxilik prinsipi ilə təşkilatlanması da bununla bağlıdır.

Türklər İslama füruat fəlsəfəsini gətirməklə, İslamda təəffüfun– Qurani-Kərimin batini əsasında idrakına yol açmışlar. Bu fəlsəfədən Nizamilər, Nəvailər, Rumilər, Məsnəvilər, Nəimilər, Nəsimilər, Təbrizilər, Füzulilər boy atmışdır. Türk dühası Qaşqarini, Bəhmənyarı, Yusuf Balasaqunlu, Xətib Təbrizini, Fərabini, Kindini, Uluq bəyi, Birunini, Tusini, İbn Sinanı… yetişdirmişdir.

Məhəmməd Peyğəmbər Ərəbistan yarımadasında Allahın əmri və yardımı ilə ərəb qəbilələrini bir araya gətirib, bu gün 33 dövlətin əsasını təşkil edən ərəb xilafətinin əsasını qoyduğu kimi, böyük türk sərkərdələri də zaman-zaman türk tayfalarını bir araya gətirib, nəhəng türk dövlətlərinin əsasını qoymuş, sonra bu dövlətin varisi kimi türk imperiyaları bir-birinin ardınca dünya səhnəsinə çıxaraq öz rollarını ləyaqətlə oynamışlar. Bunlardan biri və birincilərindən olan Çingiz xandır. Uzun illər Çingiz "monqol” kimi tanıdılmış və bu gün rus alimləri tərəfindən təkzibedilməz elmi faktlarla onun xalis türk olduğu sübut olunmuşdur. Çingiz hakimiyyətə gəldiyi gün "Mən Allahın qəzəb qılıncıyam, yolundan çıxanları cəzalandırmaq üçün Onun tərəfindən yerə göndərilmişəm” deyə bəyan etmişdir. Ondan sonra böyük türk xaqanları və sərkərdələri Allahın qılıncı rolunda çıxış edib, ədalətdən uzaq ilahi nizamdan çıxmış xalqları bir-birinin ardınca nizama dəvət etmiş, dünyada əmin-amanlığın qarantı kimi çıxış etmişdir.

Əziz peyğəmbərimiz türk xalqını "Mənim Ordum”adlandırmış və İslama dil uzadanları türklərlə cəzalandıracağını elan etmişdir. Türklər Allahın ədalət qılıncı, peyğəmbərin Cihad Ordusudur.

Türk Cümhuriyyətinin banisi Atatürk demişdir: "Nə mutlu Türkəm deyənə”! Bəli, Allahın qılıncı, peyğəmbər ordusunun əsgəri olmaq böyük şərəf və həqiqi xoşbəxtlikdir. Nə üçün "türkəm” deyən bəxtəvərdir? Çünki yalnız Allahın sevdiyi bəndələrinin bəxti yavər – bəxtəvər, yəni mutlu olur. Türk adını daşımaq insandan qeyrət, cəsarət, hünər, qüdrət və mənəviyyat tələb edir. Türk oğru, dələduz, yalançı, baiskar, yaltaq, qorxaq, tamahkar, paxıl, biqeyrət ola bilməz. Türk adı daşıyan kimdəsə belə bir sifət varsa, problem onun türklüyündə yox, qanındakı qarışıqdadır. Çünki Allah-təala yalnız xalis qanı olan xalqı seçər.

Allah-təalanın türkün qarşısına qoyduğu vəzifəni yerinə yetirmək qüdrət, hünər, cəsarət, ağıl və əxlaq tələb edir. Ona görə də kimlərdə ki bu sifətlər yoxdur və ya zəif salınmışdır, onlar türk olmaqdan imtina edirlər, türk olmaqdan qorxurlar. Türk olmaqdan imtina insandan heç bir mənəvi keyfiyyət tələb etmir. Buna görə də istənilən cılız və zatıqırıq insan "mən türk deyiləm” deyə bilər. Çünki  "mən türkəm” deyəndə, dərhal onlarla hiyləgər, amansız və əxlaqsızdüşmən qazanırsan. Buna görə də "mən türkəm” demək insandancəsarət, qeyrət, igidlik istər. Çünki türk adı daşımaq insandan üzərinə dünyada ədalətə görə məsulliyyət götürmək, Allah qarşısında borclanmaq və dünya tarixi qarşısında hesabatlı olmaq tələb edir. Buna görə, mən türk millətindən olduğumla fəxr edir və millətimə verilən "azərbaycanlı” adından iyrənirəm. Çünki dünyada heç bir millət yer adı daşımır. Əksinə, yerlər millət adı daşıyır. Qazaxıstana adı verən qazax, Özbəkistan ərazisinə bu adı verən özbək, Fransaya bu adı verən fransız xalqıdır. Bunun əksinə, heç bir xalqa coğrafiya ad verməyib və verə də bilməz. Çünki coğrafiya əldəyişəndir, əldən-ələ keçə bilər, amma milli kimlik əl dəyişməz. Azərbaycan Albaniya da, Arran da, Rusiya da, İran da adlana bilər. Amma türk əsir olsa da, azad olsa da, türk adlanar. Yalnız Azərbaycanda olmağıma görə azərbaycanlıyam. Azərbaycanlı olmaq coğrafi mənsubiyyəti bidirir.

Millət iki cür birlikdən –coğrafi və qan birliyindən əmələ gəlib. Bizi "azərbaycanlı” adlandırmaq qan birliyimizi gizlətməyə xidmət edir. Türk olmaq qan birliyi ilə müəyyən olunur, yer birliyi ilə yox. Yalnız bitkilər coğrafiya ilə bağlıdır. Hətta heyvanlar belə, qan və coğrafi birlik kimi yaradılıb. "Azərbaycanlı” sözü məni bitki səviyyəsinə endirir, milli kimliyimi təhqir edir, məndə yarımçıqlıq kompleksi formalaşdırır.

Bir millətin vətənini almaq olar, amma onun milli kimliyini almaq olmaz. Bunu yalnız ölüm ala bilər. Atatürk türk gəncliyinə müraciətində "Türk bayrağını yüksəltmək üçün möhtac olduğun qeyrət damarındakı qandadır”, – deməklə, hər bir türkə kənara, başqasına yox, məhz özünə baxmağa, öz batini kimliyini – öz qanındakı obrazını görməyə, qan yaddaşında saxlanan qeyrətdən, qüdrətdən, hünərdən dərs almağı tövsiyə edir. Bu gün bəziləri cani-dildən türk adından imtina etmyə, bu adın bizə aidiyyəti olmadığını deməyə qalxmışlar.

Biz Türk olmasaydıq, Səfəvilər, Əfşarlar və Qacarlar imperiyası yarada bilməzdik. Biz türk olmasaydıq, Nizamilər, Tusilər, Füzulilər, Əcəmilər yetişdirə bilməzdik. Biz türk olmasaydıq,minillər ətrafımızda bu qədər çoxsaylı yağı düşmənlər bu coğrafıyada ayaq üstə dura bilməzdik. Biz türk olmasaydıq, düşmənlərimiz bu qədər çox olmazdı. Biz türk olmasaydıq, bu topraqlara sahibliyə iddia edə bilməzdik. Biz türk olmasaydıq, türk dünyasının mərkəzində tarix səhnəsinə çıxa bilməzdik. Biz türk olmasaydıq, dilimiz türk, coğrafi toponimlərimiz türk dilində, əxlaqımız, adət və ənənələrimiz min il bundan əvvəl olduğu kimi, türk törəsi üzərində durmazdı. Biz türk olmasaydıq, damarımızda qeyrət, qolumuzda qüvvət, başımızda ağıl, ürəyimizdə ədalət hissi – əxlaq olmazdı. Biz türk olmasaydıq, öz içimizdə onlarla kiçik etnik qrupları bu günə kimi öz himayəmizdə yaşatmazdıq, necə ki, bu gün ermənilər belə edir. Biz türk olmasaydıq, peyğəmbər ordusunda – müsəlmanlıqda olmazdıq. Biz türk olmasaydıq, millət adı daşımağa haqqı çatmayan, kimliyi naməlum heç kim olardıq!

Allah insanı "seçən varlıq” kimi yaratmışdır. Kim Allahı seçir – mömin, kim şeytanı seçir – kafir olur. Dünyəvi işlərdə də demokratiya insanlara seçim haqqı tanıyır. Buna görə, bu problemin yeganə düzgün həlli insanlara öz milli kimliyini seçmək hüququnu tanımaqdan keçir. Kim istəsə türk olmağı, kim istəsə türk olmamağı seçə bilər. Mən Türkəm və türk olduğuma görə də fəxr edirəm. Çünki türklük insanda baş ucalığı, cəsarət, qürur, məğrurluq, özünə inam, sabaha ümid, insanlığın taleyinə məsuliyyət hissi yaradır.

Son olaraq türklüyümüzə dil uzadanlara, bizim kimliyimizi şübhə altına alıb, müxtəlif adlarla tarixdən silməyə cəhd edənlərə Məmməd Arazın şeirindən və ona nəzirə kimi iki misra ilə cavab vermək istəyirəm:

…"Azərbaycan!” – deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər!
"Türk!” deyiləndə düşün danış ki,
Böyük Türkün qəzəbinə gələ bilər!



SON XƏBƏRLƏR
17:34 24.06.2017
Şəhidə borc yazanlar