"Mən kriminal aləmdən uzaq adamam..." - Güllələnən klub prezidenti

img

15-02-2017 [16:32]


"Serbiya mətbuatı bu hadisəni çox şişirtdi. Əslində, heç də hər şey təqdim olunduğu kimi baş verməyib. Bir neçə günə Azərbaycana qayıdıram".

Mia.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Abşeron"un prezidenti Yaşar Rüstəmov deyib.

Xəbər verdiyimiz kimi, srağagün Serbiyanın paytaxtı Belqradda baş verən silahlı atışma nəticəsində yaralanan azərbaycanlının kimliyi dəqiqləşib. "Neftçi”nin sabiq qapıçısı və Azərbaycan U-17 yığmasının keçmiş məşqçisi Vladimir Miçoviçin iştirakçısı olduğu qalmaqalda güllə yarası alan Yaşar Rüstəmovdu.

Hadisəyə gəldikdə isə, rüstəmov olayı belə nəql edib: 

"Miçoviçin dostu gəlmişdi. Səhərə qədər oturub ordan-burdan söhbət etdik. Dedik, sonra onu evlərinə yola salarıq, əvvəl səhər yeməyi üçün gedək restorana. Elə təzəcə oturmuşduq, 4 nəfər cavan yaxınlaşdı bizə. Bunlardan biri serb dilində mənim onlarla olub-olmadığımı soruşdu. "Hə" cavabı alan kimi ikisi cibinden tapançanı çıxardı.

Biri tapançanın arxası ilə Miçoviçin, o birisi isə dostunun başına zərbələr endirdi. Mən ayağa qalxıb birinin əlindən tutdum. Adamı tutandan sonra ora-bura çəkişdik, o da pnevmatik tapançadan atəş açdı. Güllə ayağımı siyirib keçdi. Fikrimcə, məni hansısa suriyalı ilə və yaxud kimləsə səhv salıblar. Başqa nəsə ağlıma gəlmir. Bu dəqiqə Belqrada Suriyadan, İraqdan gələn qaçqınlar çoxdu.

Mən kriminal aləmdən uzaq adamam. Bilirəm ki, Miçoviçin də kriminal aləmnən heç bir əlaqəsi yoxdu. Yerli mətbatın yazdıqları yanlış xəbərlərdi. Mən nə var, onu da sizə deyirəm. Serbiyaya bir həftə əvvəl gəlmişəm. Səfərim sırf futbolla bağlıdı. Hazırda Belqradda, evdəyəm. Xəstəxanada bir neçə saat qalmışam.

Ayağımı sarıyıb, evə buraxdılar. Polisə hadisənin necə baş verdiyini olduğu kimi söyləmişəm. Tapançadan atəş açanların kimliyi, tutulub-tutulmayacaqları məni bir o qədər maraqlandırmır. Çünki təsadüfən olan bir şeydi, həmin adamların sifətimə baxıb məni ərəblərə oxşatdıqlarına əminəm".

Digər xəbərlər
SON XƏBƏRLƏR