Əflatun Amaşov qəzetlərin üzləşdiyi faciəli durumdan danışdı

img

13-11-2013 [17:12]



Mətbuat Şurasının sədri Əflatun Amaşov "Media forum” saytına açıqlamasında "Yeni Müsavat” və "Azadlıq” qəzetlərinin qarşılaşdığı problemlərdən danışıb.

Əflatun Amaşov bildirib ki, ölkədə fikir plüralizminin inkişafının təminatçısı olan müxtəlif yönlü, istiqamətli mətbuat vasitələrinin mövcudluğu Mətbuat Şurasının fəaliyyət hədəfində olan məsələlərdəndir: "Buna görə də şura hər iki mətbuat orqanı ilə, həm "Azadlıq”, həm də "Yeni Müsavat”la bağlı durumu yaxından izləyir. Qəzetlərin qarşılaşdığı problemlərin mahiyyətcə fərqli çalarları var. Biri nəşrinin dayanmasını bəyan edir, digəri satışına maneə törədilməsindən şikayətlənir. Hər iki məqamla bağlı Mətbuat Şurası müvafiq qurumlarla müntəzəm əlaqələr saxlayır, problemlərin həllinə yardım olunmasına çalışır.

Hesab edirəm ki, "Azadlıq”ın qarşılaşdığı çətinliklərdə bilavasitə qəzetin özünün də məsuliyyət yükü var. Söhbət balanslı fəaliyyətdən gedir. Tənqid azaddır. Amma bu, birtərəfli olmamalıdır. İnsanların şərəf və ləyaqəti, işgüzar nüfuzu hər bir mətbu materialda qorunmalıdır. Bu, dünyanın hər yerində belədir. Bu tələbə sayğısızlıq sonda məhkəmə probleminə çevrilir. "Azadlıq”a qarşı külli miqdarda cərimələr də belə narahatlıqlardan yaranıb. İnanıram ki, bu problem öz həllini tapacaq və bu istiqamətdə Mətbuat Şurası dəstəyini əsirgəməyəcək.

"Yeni Müsavat” qəzetinin durumunu şuranın idarə heyətində müzakirə etmişik. Mətbuat Şurasının müvafiq qrupu araşdırmalarını davam etdirir. Müvafiq qurumlar qarşısında məsələ qaldırmışıq, əminəm ki, bu, öz müsbət nəticəsini göstərəcək.

"Yeni Müsavat” abunə kampaniyası başladıb. Abunə ilə bağlı müxtəlif praktikalardan istifadə olunur. KİV rəhbərləri oxucularla görüşürlər, fikir mübadiləsi aparırlar, müxtəlif xeyriyyə aksiyaları təşkil edirlər. Sovet dövründə də bu sayaq aksiyalar vardı. Çox təəssüf ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra bu praktika bizdə tətbiq olunmadı. Zənnimcə, hər bir redaktor öz mətbu orqanının inkişafı naminə bu sayaq təşəbbüslərdən istifadə etməlidir. Onlayn media ilə rəqabətin gərginləşdiyi bir məqamda bu üsul hər bir redaktorun qarşısında dayanmalıdır ki, o öz nəşrinin mövcudluğunu saxlaya bilsin. Təəssüf ki, Azərbaycanda qəzetlər yalnız problemlə üzləşəndə abunə kampaniyasına əl atırlar.

"Azadlıq”la bağlı məsələ məhkəmə məsələsidir. Məncə, qəzeti məhkəməyə vermiş tərəflə müəyyən əlaqələr saxlanmalıdır, əgər onlar öz tələblərindən imtina edərlərsə, yəqin ki, bu sahədə nəyəsə nail olmaq olar. Mətbuat Şurası müxtəlif istiqamətlərdə müvafiq araşdırmalar aparır, həmçinin məsələnin həlli ilə bağlı öz fəaliyyətini qurub”.

Digər xəbərlər
SON XƏBƏRLƏR