BƏDİİ ƏDƏBİYYATDA ŞƏRQ ULDUZLARI

img

07-11-2013 [12:58]



-Ulduzlar əl ilə necə götürmək olar?
-Ulduzları? Yox, bu mümkün deyil. Döyüşçülərdən heç birinin indiyədək ulduzların nə qədər uzaqda olması ilə maraqlanmaq ağıllarına belə gəlməmişdi. Teymur onları yerüzərindəki yollarla aparmışdı; yəni yer üzərindəki almazlar şahzadəyə kifayət etmirmi, yəni bu, öz ordusunu birbaşa ulduzlara qədər aparacaq?
Əsgərlər 7 yaşlı uşağın verdiyi sual qarşısında aciz qalmışdılar. Biz azdan babasının otağında kiçik şahzadə onu hər gün düşündürən sualına cavab alır:
- Ulduzları yer üzündə göturmək lazımdır. Onları əldə qılınc götürürlər, əllər möhkəm olmalıdır. Dəmirdən də möhkəm. Qoy qılınc sınsın, amma qol sınmalı deyil. Əldə hər şeyi saxlamaq lazımdır; qarşına çıxan hər kəsi- səninlə gedənləri də, səndən qaçanları da. Əgər bir kəs əleyhinə çıxmaq istəsə, dərhal əzmələsən! İnsana isə çox şey lazımdır. İnsanın hər şeyə ehtiyacı var. Güc ehtiyacla qidalanır, at otla qidalandığı kimi. Qüvvət! Bax, bu ulduzu əlində saxlamalısan. Onda bütün ulduzlar sənin ayaqlarının altında olacaq!
Yazıçı Seygey Borodin "Səmərqənd üzərində ulduzlar” romanında gələcəyin böyük astronomunun heç vaxt bitməyəcək maraq dünyasını belə təsvir etmişdi.
Uşaq böyüyüb gənc bir hömkdar olanda hüdudsuz göylərin bitib-tükənməz əsrarı onu axtarmağa, suallarına tutarlı cavab tapmağa çağırırdı. Çünki böyük Teymurun ən çox həmsöhbəti olduğu sevimli nəvəsinin suallarına cavabı onu qane etməmişdi. Hətta Əmir Teymurun cavabı balaca Mahəmməd Tarağay üçün kifayət deyildi. Baba hər suala doğru cavab verə bilərdi, o, hər sahədə düzgün qərar çıxarmaq üçün müdrik idi. Amma bu sualın cavabı qaneedici, yetərli deyildi.
Əmir Teymurun atasının şərəfinə Məhəmməd bin Tarağay adlandırdığı Uluğbəy babasının onun ayaqları altına səpələdiyi yer üzünün ulduzları ilə kifayətlənmədi. Yer üzünün ulduzları- almazları, yaqutları, daş-qaşları insanların hətta taleyini müəyyənləşdirə bilən göy üzünün ulduzları ilə müqayisə edilə bilərmi?
Uluğbəy Kürəkən (1394-1449) həkimiyyət sürdüyü dövrdə, XIV əsrin I yarısında Orta Asiya mədəniyyətinin təməli üzərində Səmərqəndin mədəni həyatı günü-gündən çiçəklənirdi. Uluğbəyin mədrəsəsində təkcə dini və hüquqi dərslər deyil, həm də dəqiq elmlər tədris olunurdu. O, 55 metr hündürlüyündə nəhəng bucaqölcən cihaza malik abservatoriya tikdirmişdi ki, müəyyən hissələri indi də qalmaqdadır. Uluğbəyin rəhbərliyi altında "Dörd ulusun tarixi” adlı kitab yazıldı. Səmərqənddə alimlər, memarlar, rəssamlar, miniatür ustaları çalışırdılar.
Uluğbəy Məhəmməd Tarağay Reqistan meydanında böyük mədrəsə tikdirmiş, Buxaradakı mədrəsənin qapısında belə bir yazı həkk etdirmişdi: "Elmə can atmaq, elm öyrənmək hər bir müsəlman kişinin və qadının borcudur”.
Uluğbəy qədim alimlərin göy cisimləri ilə bağlı əsərlərini oxuyub araşdırmış, bir sıra tədqiqatlar apararaq oradaki səhvlərə düzəlişlər etmiş, Ayın hərəkətini göstərən tablo düzəltmişdi. O, Ay və Günəşin orbitlərini tam müəyyənləşdirərək "Zici-cədidi-Kuraqani” adlı sonraki astronomlar üçün son dərəcə dəyərli mənbə olan əsər yazır. Əsərdən XVII əsrdə Avropa universitetlərində dərs vəsaiti kimi istifadə olunmağa başladı. "Zici-cədidi-Kuraqani” bütün Avropa dillərinə tərcümə olunaraq alimə böyük şöhrət qazandırır.
Lakin onun astronomiya elmi ilə həddən artıq maraqlanması, bu sahə ilə bilavasitə məşğul olması göy cisimlərindən bəhs edən əsər yazması o dövrün fanatik dindarlarının xoşuna gəlmədi. Radikal ruhanilər, nəhayət, böyük alimin ölümünə fitva verirlər.
O, oğlu Əbdüllətifin tərəfdarları ilə bərabər hazırladığı sui-qəsd nəticəsində qətlə yetirilir, sonralar isə abservatoriyası dağıdılır.
Tarixçi Mirxond yazır:
"Axşam Mirzə Uluğbəyi müşayıət edərək Səmərqənddən çıxdıq. Əlahəzrət atı çapa-çapa söhbət edir, hər mövzuda danışırdı. Çox uzaqlaşmamışdıq ki, naməlum bir şəxs yaxınlaşıb əlimdən tutdu, xanın adından dedi: "Yaxınlıqdakı kənddə dayanıb gözləyin ki, Mirzə Uluğbəyin səfər hazırlığını başa çatdırsınlar”.
Əmrə tabe olan Uluğbəy qonşu kənddə atını saxlayıb evlərdən birinə girir. Hava soyuq idi. Mirzə Uluğbəy nokərlərə ocaq qalayıb ət bişirməyi tapşırır.Ocaqdan bir qığılcım düşərək Uluğbəyin üst paltarının bir hissəsini yandırır. Uluğbəy alova baxıb xalis türkcə deyir: "Sən də bildin”. Hökmdar ona qarşı hazırlanmış məkrli hiyləni başa düşmüşdü .
Fanatik dindarlar, o cümlədən Uluğbəyin böyük oğlu Əbüllətif hökmdarın dindən uzaqlaşıb göy cisimləri, münəccimliyə yaxın olan bir sahə ilə məşğul olmasını bəhanə edərək onu İslam dini əleyhinə səhv işlər görməkdə günahlandırırdılar. Halbuki Mirzə Uluğbəy Allahı sevən, ona sitayiş edən, elmə can atan, dinimizə hörmətlə yanaşan böyük bir şəxsiyyət idi.
Ak. V. V. Bartoldun "Uluğbəy və zamanı” əsərində maraqlı bir əhvalat nəql olunur: "Şeyxülislam bir dəfə yeni hamamın tikilib başa çatması münasibəti ilə müğənni qadınların da dəvət olunduğu bir məclis təşkil edir. Uluğbəy tərəfindən möhtəsib vəzifəsinə təyin olunan Səid Aşiq şeyxülislama sərt irad tutur: "İslamsız şeyxülislam, hansı məzhəblə kişilərə qadınlarla bir məclisdə oturmağa icazə verirsən?”
Peyğəmbərimiz buyurduğu: "Ana bətnindən qəbir evinədək elm öyrənin” hədisi bu böyük simanın şüarı oldu, qəbir evinədək elm öyrəndi və öyrətdi, özündən sonra onun yazdıqlarını toplayıb nəşr etdirən, sonradan İstanbulda professor olmuş Əli Quşcu kimi tərəfdaşlar yetirdi.
Macar professoru German Vamberi yazır: "Əbdüllətif nemət və ehsanınna qərq olduğu atasını Abbas adlı bir iranlı qul tərəfindən qətl və edam etdirdi. Şərqin ən münəvvər və maarifpərvər hökmdarlarından biri olan Uluğbəy atasının vəliəhdi sifəti ilə 38 il bütün Mavərənnəhr ölkəsinin, onun şimal və şərq sərhədlərinə bitişik torpaqların müstəqil hökmdarı kimi 2 il 8 ay idarə və səltənət etdikdən sonra 855-ci hicri ilində vəfat etdi. Oğlu Əbdüllətifin Uluğbəy kimi şəfəq saçan və lütfpərvər bir ataya göstərdiyi nemətin ən qara və ən çirkini bu idi”.
Əbdüllətif atasının Baba Hüseyn adlı nökəri tərəfindən qətlə yetirilir. O, 854-cü hicri ilində Əbdüllətifin başını kəsib Uluğbəy tərəfindən inşa olunan mədrəsənin möhtəşəm baş darvazasına çıxarıb asır. Oz dövründə Əbdüllətif haqqında: Qatili-ataya layiq deyildir” ibarəsi ilə başlayan mənzuməsi də yazılmış, onun belə qətlini haqq-təala tərəfindən göndərilən cəza kimi qiymətləndirmişdilər.
Məşhur özbək yazıçısı, milliyyətcə azərbaycanlı olan Maqsud Şeyxadə 1964-cü ildə yazdığı "Mirzə Uluğbəy” tarixi faciəsində belə işıqlı simanın bədii obrazını yaratmış bu tarixi şəxsiyyətin adını poetikləşdirərək bədii ədəbiyyat tarixinə həkk etmişdir.
Əsərdə Uluğbəyin söylədiyi sözlər onun bütünlüklə xarakterini səciyyələndirir:
Ey insan, gəl ibrət götür ulduzlardan sən,
Nur saçmağı, ucaltmağı ulduzlardan öyrən.
Torpaqda çox eşələnmə. Dikəl və yüksəl.
Kor xoşbəxtdən görən gözlü bəxtsizlik əfzəl.

Maqsud Şeyxzadə Uluğbəyin simasında Şərq mədəniyyətinin, müdrikliyinin, ağlının hətta inkişaf etmiş Avropa ölkələrinə örnək olduğunu nəzərə çarpdırmışdır.
Əsərdə firəng elçisinin dilindən deyilən:
...Mülkünüzü gəlib gördük, candan inandıq.
İnandıq ki, "şərq vəhşəti” boş sözdür ancaq.
Anladıq ki, Uluğbəyin zəmanəsində
Din və millət ədavəti yox Türküstanda:
Hələ nələr öyrənməli firənglər sizdən...
sözləri bütövlükdə Şərq haqqında, Orta Asiya, Azərbaycan haqqındakı fikirləri, təsəvvür və düşüncələri özündə ehtiva edir.
Professor Pənah Xəlilov bu faciə haqqında yazır: "Tarixi keçmişi özünün təbii inkişaf meylində başlıca ictimai- kolliziyası ilə açıb göstərən ibrətli əsərlərə də ehtiyac və maraq az deyildi: Maqsud Şeyxzadənin "Mirzə Uluğbəy” faciəsi həmin ehtiyacı ödəyən kamil sənət nümunəsi kimi sevildi və görkəmli qələm sahiblərinin təqdirini qazandı”.
M. Şeyxzadənin yaratdığı Uluğbəy obrazında böyük H. Cavidin Şeyx Sənanına bənzər xüsusiyyətlər görürük:
Bir halda ki, sülh-asayış yollarında siz,
Buddaçı, hind, nəsrani, rus, müsəlman, ərəb
Dinə-dilə ehtiramla yol gedibsiniz,
Niyə dünya yollarında bütün insanlıq
Bir olmasın?
Nədən ötrü insan övladı
Dil üstündə, din üstündə qan-qada salsın?
H. Cavidin Şeyx Sənanı da: "birsə həqq, cümlə din də bir...”söyləyirdi.
Görkəmli ədəbiyyatşünas Pənah Xəlilov əsəri özbək ədəbiyyanda mənzun faciənin ən böyük nümunəsi hesab edir.
1830-cu ildə alman astronomu İoann Henrix fon Medler Ayda krater kəşf etmiş, ona Uluğbəyin adını vermişdi.
Pirkişiyeva Xalidə Hüseyn qızı "Zaman və Biz” qəzetinin redaktoru

Digər xəbərlər
SON XƏBƏRLƏR