Nadir Qafarzadəni təhqir elədilər - qalmaqal

img

07-11-2013 [09:54]


Təməli "Şoumən"də qoyulan, "Bazar səhəri"ndə qızışdırılan Cavanşir Məmmədov-Nadir Qafarzadə qalmaqalı ANS-in "Adam içində” verilişində müzakirəyə çıxarıldı.

Mia.az Anspress-ə istinadən xəbər verir ki, duet ortaqları Cavanşir Məmmədov və Firuzə İbadovanın iştirak etdiyi verilişdə böyük qalmaqal yaşandı. Bütün veriliş boyu qəzəbli Cavanşirin Nadirə qarşı olmazın ittihamları səslənsə də, Füruzə İbadovanın müğənnilərin qalmaqalını parlamentə çıxarmaq istəyini dilə gətirməsi proqrama öz damğasını vurdu. 


Həmkarının əlindən yanıqlı olan Cavanşir, birbaşa yayımdan istifadə edib Nadir Qafarzadənin ünvanına alçaldıcı fikirlər səsləndirdi: "Bu Nadiri 2002-ci ildə ilk dəfə mənim övladımın toyunda görmüşdüm. Ruhəngiz Allahverdiyeva bunu qoltuğunda gətirdi. Soruşdum ki, bu kimdir? Axı mən kənar şəxsləri dəvət etməmişəm. Ruhəngiz xanım dedi ki, ay Cavanşir, yazıqdır, yetimdir, qoy belə səviyyəli adamların içinə çıxsın. Dedim, gərək məndən xəbərsiz gətirməyəydin. Bunun yerinə bir hörmətli adam gətirərdin gərək. Nə oxudu, nə oxumadı heç bilmədim. İki ildən sonra onu bibim qızı Flora Kərimovanın qoltuğunda gördüm. Biz doğma bibiqızı-dayıoğluyuq. Ancaq mən buradan bildirim ki, Flora xanımla aramız sərindir. İlk duetim İlhamə Quliyeva ilə olub. Sonra 6 duet Flora xanımla oxumuşam, indi "Qızıl Fond"dadır. Xalq bilsin ki, mən qadın qoltuğunda gəzən kişi deyiləm. Mən ümumiyyətlə qadınlarla dostluq etmirəm, qorxuram onlardan. Qadın xarakterli kişilərlə də dostluq edə bilmirəm. Çünki onlar təhlükəli olurlar. Onlar həm kişi ola bilirlər, həm qadın.

İndi sual çıxır ortaya, Nadir, mən sənətdə, yaşda, hörmətdə, izzətdə, rütbədə, səviyyədə səndən üstün adam səni axtarıram. Sənin telefonuna zəng vururam, niyə götürmürsən? Sənin də, prodüserinin də telefonları susub. İynəsən itmisən? Sən bir şeydə qazandın ki, bu bir həftədə üzə çıxmadın. Bu veriliş hələ çox uzanacaq. İndi min maşına gəl bura."

Cavanşir "Şoumən” verilişində ancaq özündən danışdığını deyərək, Nadir barədə danışmadığını bildirdi: "Adından göründüyü kimi, bu verilişdə hamı özünün şousundan danışmalıdır. Mən də özümdən danışmışam. Mənim də guya xalqdan saç əkdirməyim haqqında müsahibə almışdılar. Bəli, saçımı əkdirmişəm, bunu gizlətmirəm, saç əkdirmək sırf kişiyə məxsusdur, qadınlar parik qoyurlar. Buna da ürək lazımdır. İnsanın başında 4-5 min deşik açırlar. Adam var ki, Qafarzadə kimi, şüvən qoparır qoluna bir iynə dəyən kimi. Belələrinə şüvən deyirlər. Verilişdə dedim ki, müğənnilər var ki, qulağına sırğa taxırlar, qaşını alır, silikon qoydurur. Mən ki bunların heç birini eləməmişəm, sadəcə saç əkdirmişəm.

Vəssalam, bu qədər. Bu verilişə baxmaya-baxmaya Nadir efirə çıxıb haqqımda təhqirlər söylədi. İndi Nadir, sən mənim bibim qızını da yerə vurdun. Nadir, niyə telefonunu götürmürdün mən zəng vuranda? Niyə mənə mesaj yazdın ki, gəl bu məsələni dərinləşdirmə, istəsən məhkəməyə müraciət elə. Sənin məhkəmən xalq arasında qurulub, gəl bura. Sən öz adını başqasına qoymaq istəyirsən. Sənin kimilər şüvən olurlar. Sən o verilişə baxmaya-baxmaya ixtiyarın yox idi elə danışmağa".

Əməkdar artist baş verənlərdə "Bazar səhəri" verilişinin aparıcısı Rövşanə Bektaşini günahlandırdı: "Rövşanə xanım verilişinə Nadiri çağıranda gərək məni də çağırardı. Bu adam - Nadirin xalq içərisində o təhqiramiz sözü dilinə gətirməyə haqqı var, yoxsa yoxdur? Sən deyildin deyən ki, mən Xocalı soyqırımını tanımıram? Bunu bütün xalq da eşidib. Nadir mənim şəxsi fəaliyyətimə zərər gətirib."

Cavanşir Məmmədov birbaşa yayımda Qafarzadəni hədələməkdən də çəkinmədi: "Nadir, səni xalq içərisində incitsələr, təqsiri məndə görmə. Sabah onun başına hər iş gələ bilər - üzünə tüpürə bilərlər. Mən heç vaxt şəxsiyyətimi itirməmişəm, illərdir xalqıma xidmət eləmişəm, qoruyub saxlamışam hörmətimi. Bu terrordur. Mənim şəxsiyyətimə, ailəmə, yaxınlarıma, işimə terrordur. O Nadir bütün böyüklərin üzünə qayıdıb. Kimdir onu dəstəkləyən? O vətəndaşlıqdan məhrum edilməlidir! O adi səhv deyildi ki, buraxmışdı. Mənim xalqıma "yaltaq” deyən adam vətəndaşlıqdan məhrum olunmalıdır! Deyir, "türkdən iyrənirəm”. Bəs niyə Türkiyədə ev almısan? Türkdən iyrənən adam türk mahnısı oxuyar? Oranı kirayə vermisən, burda 10 -15 min manata toya gedirsən. Artıq xalq bu gün səni tanıdı. Qarabağlıların üzünə necə baxacaqsan? Bu kanal Milli Qəhrəmanın adını daşıyır, sən bu kanalda çıxıb xocalıları təhqir edirsən, elə isə nə gəzirsən burda Nadir? Hanı o? Niyə gəlib çıxmadı?"

Proqramın aparıcısı Elgiz Əkbər tərəfləri barışdırmağa cəhd etdi və telekanal olaraq Nadir Qafarzadə ilə danışıqlar aparıldığını bildirərək Cavanşir Məmmədovu sakitləşdirməyə çalışdı. Elgiz Nadirin telefon xəttində olduğunu bəyan edərək sözü ona verdi. Verilişə gəlməkdən imtina edən Nadir Qafarzadə birbaşa yayıma telefonla qatıldı: "Əvvəla salamlayıram orda oturan hər kəsi, eləcə də Füruzə xanımla Cavanşir müəllimi. Mən bu dəqiqə ölkəni tərk edirəm. Cavanşir müəllim adımı çəkməyibsə, ondan üzr istəyirəm. Amma bir başqa kanalda təkrarlayıb, özüm eşitmişəm. Yenə də bağışlayıram onu. Gərək yaşlılar özlərini elə aparsınlar ki, biz də onların hörmətini saxlayaq. Kim neynirsə, özü bilər. Burnunu kəsdirir, neyniyir, normal haldır. Kompleksi var, kəsdirir. Efirdə yaraşıqlı görünmək üçün. Amma əndazədən çıxmamaq şərti ilə. Bildiyimə görə "Şoumən" verilişində adımı çəkməyib. Amma ümumi fikir bildirib. Mən qaş almamışam! Ümumiyyətlə bizim nəsildə belə şey eləmirlər. Kim alırsa, öz fikridir. Cavanşir müəllim də mənim yerimdə olsaydı, elə deyərdi. Ona məsləhətim də budur ki, heç kim haqqında fikir bildirməsin, nəyinə lazımdır? Mən Nadirliyimi, böyüklüyümü göstərdim. O məni anladı, mən də onu anladım."

Nadir Qafarzadənin telefonla qoşulub üzrxahlıq etməsini qəbul etməyən Cavanşir Məmmədov məsələnin bağlanmadığını, mənəvi və maddi təzminat açacağını bəyan etdi.

"Şoumən" verilişinin aparıcısı Vüsalə Şahvələdqızı onun verilişində Cavanşir Məmmədovun Nadirin adını çəkmədiyini deyərək, baş verənlərdə arada söz gəzdirənləri günahlandırdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR