Rauf Arifoğlu prezidentə müraciət etdi

img

06-11-2013 [22:31]


Bir aya yaxındır ki, "Yeni Müsavat” da daxil olmaqla, müxalifət qəzetlərinin metro keçidlərində satışı qadağan edilib. Qeyd edək ki, bundan əvvəl də tənqidi medianın İçərişəhərdə və "Fontanlar Bağı”nda satışına qadağa qoyulmuş, yeni qoyulan 153 "Press kiosk”larda satışı məhdudlaşdırılmışdı. "Qasid” mətbuat yayımı firması isə satılan qəzetlərin pullarını redaksiyalara ödəmir, qəzetlərin nəşriyyata və kağıza borcları yığılıb qalırdı.

Belə bir ağır vəziyyətdə tənqidi medianın, konkret olaraq "Yeni Müsavat” qəzetinin daha 1300 nüsxəsinin (gündəlik) satışına qadağa qoyulması redaksiyanı iflasın həddinə gətirib.

Doğrudur, nə yayım firması olan "Metroservis”, nə də digər aidiyyatı qurumlar bu qadağanın mövcudluğunu təsdiqləmirlər. Lakin bu inkar acı gerçəyi dəyişdirmir. Oktyabr ayının 15-dən başlayaraq, metro ərazisində "Yeni Müsavat” qəzeti satılmır. Üstəlik, özümüz qəzet satmağa təşəbbüs göstərmişik, buna da imkan verilməyib. Nəticədə, qəzetlər baş verənlərdən dolayı ciddi maliyyə itkisi ilə üz-üzədir.

Artıq "Yeni Müsavat” qəzeti çapını dayandırmaq təhlükəsi qarşısındadır. Çünki hətta "Qasid” Mətbuat Yayımı Firması da satdığı qəzetlərin pulunu verməkdən imtina edir. Artıq firma oktyabrın sonuna olan rəqəmlərə görə, "Yeni Müsavat”a 24 min manat borcludur.

"Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu vəziyyətin ciddi olduğunu vurğulayır: "Vəziyyətimiz kritikdir və mən artıq əməkdaşlarıma xəbərdarlıq etmişəm ki, biz "Qasid” firmasından pul ala bilmirik və metro yayımında satışımızı dayandırmışıq. Bu, gündəlik 3000 dənə az qəzet satmamız anlamına gəlir. Hər gün 500 manat pul itkisidir. Yaxın aylara qədər yüksək satış göstəricilərinə görə, gəlirlə işləyən bir müəssisə idik. Artıq neçə aydır ki, bizi zərərlə işləyən müəssisə vəziyyətinə salıblar. Yeni köşklər - 153 köşk qoyulandan üzü bu yana bizim durumumuzda onsuz da pisliyə doğru kardinal dəyişiklik var idi və "Yeni Müsavat” qəzeti artıq çox ciddi şəkildə maliyyə itkisi ilə işləyirdi. Çünki 153 köşk bizdən qəzet götürmədi və "Qasid” firmasının ən bərəkətli köşklərini götürüb onları qoyandan sonra bizim satışımızda gündəlik iki min nüsxəyə yaxın itki baş verdi. İndi də üstəlik də metro qadağası ilə paralel olaraq artıq iki aydan çoxdur ki, "Qasid” firmasından ümumiyyətlə, pulumuzu ala bilmirik. Və "Qasid” firmasının rəhbərliyi də bizim üstümüzə qışqıraraq deyirlər ki, çox hay-küy salmayaq, əks halda onlar "Qasid” firmasını bağlayacaqlar, iflas elan edəcəklər, bizim də pullarımız batacaq. Belə bir vəziyyətdə qalmışıq. Mən üzümü dövlət yetkililərinə, müxalifətə, ictimaiyyətə, jurnalistikaya, hər kəsə tutub "SOS” siqnalı verirəm ki, Azərbaycan mətbuatının tarixi bir nümunəsi olan "Yeni Müsavat” qəzeti bağlanmaq, iflas olmaq təhlükəsi ilə üzləşib. Bu, bizim günahımız ucbatından baş vermir. Hal-hazırda bizim qəzetimiz tələb olunan bir əmtəə vəziyyətindədir. Biz yaxşı qəzet çıxardırıq. İnsanlar bunu istəyirlər, almağı arzulayırlar, axtarırlar. Lakin satmağa yerimiz yoxdur. Və bizə qəzet satışından gələn pulları da "Qasid” firması vasitəsi ilə vermirlər. Belə bir vəziyyətdə mən necə qəzet çıxardım və mən necə kollektiv saxlayım? Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm. Mən onun rəhbərlik etdiyi ölkənin altmış bir vətəndaşına yaxşı iş yeri yaratmışam, yaxşı maaş verirəm, çox gözəl bir şərait qurmuşam. Burada insanlar öz sevdikləri peşələri ilə məşğuldurlar. "Yeni Müsavat” qəzetindən başqa, "Musavat.com” və "Minval.az” saytları da qurmuşam, onlar böyük bir xəbər məkanında Azərbaycanı ləyaqətlə təmsil edirlər. Prezident imkan verməsin ki, bu altmış bir insan öz işini itirsin və mən kömək üçün məhz ona müraciət edirəm. Vəziyyət o dərəcədə kritikdir ki, mən bu sözləri demək və ölkənin rəhbərinə bu müraciəti etmək məcburiyyətindəyəm. Bilirsiniz ki, Azərbaycan mətbuatının təmsilçiləri İlham Əliyevi jurnalistlərin dostu seçib. Ona görə mən dövlət başçısını həm də bu adın ona verdiyi mandatdan istifadəyə dəvət edirəm. İmkan verməsin ki, onun tabeçiliyində olan məmurlar 24 illik "Yeni Müsavat” qəzetini çökdürsünlər, məhv etsinlər və onun dayanmasına səbəb olsunlar. Əlbəttə ki, bu 24 il müddətində biz olduqca böyük çətinliklərə tuş gəlmişik, dəfələrlə bağlanmaq təhlükəsində qalmışıq. Hətta iki dəfə qəzet fəaliyyətini qısa müddətdə dayandırıb. Lakin biz yenidən nəfəs tapmışıq, yenidən güc tapmışıq, kollektiv yığmışıq və qəzeti yenidən ölkənin bir nömrəli xəbər maşını vəziyyətinə gətirmişik. Amma bunun təkrarını heç istəmirəm. Yəni biz nə qədər sıfırdan başlayıb və yenidən önə çıxmalı, vəziyyəti dəyişdirməliyik? Bu baxımdan da mən çox istəyərdim ki, dövlət başçısı durumun ciddiyyətini bilsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR