Binəqədidə icra başçısı ilə redaktorların görüşündə maraqlı dialoq - FOTOLAR

img

05-11-2013 [21:33]


Oktyabrın 5-də Binəqədi Rayon icra Hakimiyyətində  yerli icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair növbəti konfrans keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən görüşdə qəzet, xəbər saytı redaktorları, rayon icra hakimiyyətinin nümayəndələri və rayon zəhmətkeşləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, bundan öncə Bakının bir neçə rayonunda  bənzər görüşlər keçirilib. İcra başçısının sözlərinə görə, icra hakimiyyətləri ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunmuş növbəti konfransın Binəqədidə keçirilməsi icra strukturu ilə medianın əlaqələrini daha da gücləndirəcək.

Daha sonra KİV DF rəhbəri Vüqar Səfərov danışdı və görüşdə iştirak  edən media nümayəndələrini təqdim etdi. Çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda medianın vəziyyətindən danışdı: "İndiyə kimi bir neçə rayonda bənzər görüşlərimiz olub. Düşünürəm ki, bu görüşlər rayon icra hakimiyyətləri ilə media nümayəndələri arasında olan münasibəti daha da yaxınlaşdırır. Binəqədi rayonunda son aylar sürətlə tikinti-quruculuq işləri aparılır. Təkcə Azadlıq prospektini gəzmək kifayət edir ki, rayon haqqında təsəvvürlərin formalaşsın”.

Ə.Amaşov bildirdi ki, hər görüşdə jurnalistlər  həmin rayonla bağlı problemləri qabardır, onların həlli üçün  yerli icra hakimiyyətlərinə istiqamət verirlər: "Çatışmazlıqlar media müstəvisində müzakirə olunan kimi tez bir zaman da müsbət nəticəsini verir. Hər görüşdə KİVDF həmin rayonla bağlı yazı müsabiqəsi elan edir”.

Mətbuat Şurasının sədri ölkə mediasının iqtisadi problemlə üz-üzə qaldığını vurğuladı: "Mediamız iqtisadi cəhətdən güclü deyil, buna görə də tam müstəqil deyil. Amma, buna baxmayaraq dövlət medianın inkişafı istiqamətində ardıcıl proqramlar həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) media quruluşlarını layihələrə cəlb edir, ayrı-ayrı yazı müsabiqələri ilə jurnalistlərin peşəkarlığının artırılmasına daha da yardımçı olur”.

Çıxış edən KİVDF sədri Vüqar Səfərli Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışdı. O bildirdi ki, rəhbərlik etdiyi qurum ölkədə medianın inkişafı üçün çox böyük işlər görüb. V.Səfərli reket media quruluşları ilə bağlı problemi yenidən qabartdı. O bildirdi ki, hazırda Mətbuat Şurasında yaradılmış xüsusi bir komissiya bu işlərlə məşğul olur: "100 dən çox qəzetin adı reket nəşrlər arasındadır. Bu yaxınlarda bu siyahıya ikisi də əlavə olundu. Biz çalışırıq ki, onları doğru yola çəkək. Onlar isə qanunsuz əməllərindən əl çəkmirlər. Belə olan halda həmin media quruluşları bizim layihələrdən də kənarda qalacaqlar”.

Daha sonra çıxış edən rayon icra başçısı Xaləddin İsgəndərov icra başçısı  təyin olunduğu gündən indiyə kimi rayonda görülən quruculuq və abadlıq işlərindən danışdı. O bildirdi ki, rayon sakinləri ilə də sıx münasibət qurulub və onların iştirakı ilə tez-tez görüşlər keçirilir: "Əhali ilə səmimi görüşlərimiz olur. Rayonun problemlərini onların dilindən eşidib həll etmək daha doğrudur. Hazırda rayonumuzun ən böyük problemi kanalizasiya və su problemidir. Bu yöndə dövlətin proqramları həyata keçirilir. Bəzi yolların təmiri ilə bağlı əhali şikayət edir. Həmin yollar təmir olunacaq. Amma, gərək həmin ərazidə əvvəlcə su və kanalizasiya şəbəkəsi çəkilsin. Rayonda işlər görülür. Amma, buna kölgə salmaq istəyən qüvvələr də var. Bəzi qəzetlər məni hər gün işdən çıxarır. Bizim reket media quruluşlarına münasibətimiz dəyişməzdir. Normal media quruluşları ilə isə hər zaman işləməyə hazırıq”.

İcra başçısı daha sonra rayonda görülmüş işlər barədə bəzi statistik məlumatları çatdırdı: "Bakı-Sumqayıt yolunun girişi abadlaşdırıldı. Hazırda Bakı-Şamaxı yolunda işlər gedir. Rayon ərazisindən çirkab sularının təmizlənməsi ilə bağlı işlər sürətlə gedir. Eyni zamanda yaşayış məntəqələrinə qoyulan zibil yeşiklərinin sayı iki qatına çıxarılıb. 235 zirzəmidən çirkab suları təmizlənib. 135 lift təmir olunub. Xaricdən 200 ədəd müasir lift gətirilərək binalara quraşdırıb”. X. İsgəndərov dedi ki, görülən işlərdən xalq razı deyilsə, onun mənası yoxdur: "Prezidentin məni bu rayona göndərməsindən 1 il 5 ay keçir. Hazırda mənim qədər Binəqədidə problemlərin həll olunmasını istəyən ikinci birisi ola bilməz. Mən istərəm ki, problemləri həll edim ki, prezident də görsün, onun etimadını doğrultmuşam”.

Növbəti çıxışçı  "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bu rayonunun sakini olan jurnalist-yazar Aysel Əlizadənin yaşadığı mənzilin eyvanının sökülməsi ilə bağlı məsələ qaldırdı.

İcra başçısı sözü gedən məsələni nəzarətinə götürəcəyini və həmin mənzildəki eyvanın binanın memarlıq quruluşuna və estetik gözəlliyinə xələl gətirmədiyi məlum olarsa, heç bir söküntü aparılmayacağını bildirdi.

Çıxış edən "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, heç bir məmur jurnalistə  necə yazmağı öyrədə bilməz. O, icra başçısının çıxışçındakı bəzi tezislərə cavab olaraq dedi: "Dünyanın heç bir yerində jurnalist ona necə yazmaq lazım gəldiyini öyrətmək istəyən məmuru sevməz. Bu, həssas bir nöqtədir. Bunu ABŞ prezidenti Obama da desə xoş deyil, Binəqədinin İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərov da dilinə gətirirsə, xoş qəbul olunmur. Yazmaq işini bizə buraxın – biz öz sənətimizi bilirik.  Həm də vətəni necə sevmək lazım olduğunu da biz gözəl bilirik. Bunu da gəlin bir –birimizə öyrətməyək”.

Baş redaktor onu da dedi ki, bu tənqidlərinə baxmayaraq, Xaləddin İsgəndərovun çıxışının yerdə qalan hissəsi onun xoşuna gəlib: "Onun rayon ərazisində gördüyü işlərin bir çoxunu görür və yazırıq. X. İsgəndərov işləyən icra başçılarındandır. Amma bütün icra başçıları, məmuralr, xüsusi ilə böyük layihələr icra edən qurum və vəzifəlilər bilməlidirlər ki,  bütün bunlara insanların göz yaşları, ah-nalələri qarışmamalıdır. Hər hansı bir gözəllik naminə ev yıxmaq, yuva və yurd yıxmaq doğru deyil. Bu, olduqca həssas məsələdir; qırmızı xətdir. Paytaxt böyüyür, gözəlləşir - amma bu prosesdə insan amilini düşünmək əsas məslədir. Dövlətimiz zəngindir. Köçürülən hər kəsin halallığını almaq, razı salmaq imkanındadır.  Bizim qəzetə hər gün bu tip problemlərlə bağlı onlarla şikayətçi müraciət edir. Çalışırıq həmin dövlət orqanı ilə vətəndaş arasında vasitəçilik edərək problemi həll edək”.

R.Arifoğlu bildirdi ki, Binəqədi kimi böyük bir rayonun media  ilə münasibətlərini zəif olması mənfi hal kimi qiymətləndirilməlidir: "Yaxşı olar ki, mətbuatla işləyən funksioneri elə buradaca təqdim edəsiniz. O da öz növbəsində əlaqə vasitələrini səsləndirsin. Rayonla bağlı jurnalistlərin hər hansı bir sualı olarsa qoy onunla əlaqə saxlasınlar”.

İcra başçısı Xaləddin İsgəndərov   ictimai-siyasi şöbənin müdiri Aqil Eyvazovu jurnalistlərə təqdim etdi. Kürsüdə çıxış edən A.Eyvazov jurnalistlərin istənilən məsələ ilə bağlı cavab verməyə, məlumat bölüşməyə hazır olduğunu bəyan etdi.

Tədbir dialoq və sual-cavab şəkilində  sona çatdı.

Bir məsələni də qeyd edək ki, 5 noyabr Binəqədi rayon icra hakimiyyətinin başçısının 51-ci doğum günü  imiş. Redaktorlar toplantıdan sonra bu münasibətlə Xaləddin İsgəndərovu təbrik ediblər.

musavat.com










Digər xəbərlər
SON XƏBƏRLƏR