Səfər Əbiyevin oğlunun toyunda jurnalistlər həbs olundu – Fotolar

img

04-11-2013 [09:34]



Xəbər verildiyi kimi, 3 noyabrda eks nazir Səfər Əbiyevin kiçik oğlu Ramin Əbiyevin toy mərasimi keçirilib. Mərasim mediaya qapalı olub və jurnalistlər oraya buraxılmayıblar. Lakin axar.az saytının reportyorları toy mərasimi keçirilən "Buta Palace” şadlıq sarayına gediblər və toyun gedişatını işıqlandırmağa  cəhd göstəriblər. Sayt reportyorların qələmə aldığı yazını və kənardan çəkdiyi fotoları paylaşıb. Musavat.com həmin reportajı öz oxucularına təqdim edir. 

****    
Noyabrın 3-də keçmiş Müdafiə naziri Səfər Əbiyevin oğlunun "Buta Palace” şadlıq sarayında toyu oldu. Mərasimi izləmək və reportaj hazırlamaq üçün hava limanı yolunun üstündə yerləşən sözügedən şadlıq sarayına yollandıq.

Keçilməz mühafizə, kortejsiz qonaqlar
 
"Buta Palace”nin ətrafı sözün bütün mənalarında hərbi hissə kimi əhatələnmişdi  nəinki jurnalist, hətta xüsusi təlim görmüş kəşfiyyatçı da mühafizəni yarıb keçə bilməzdi.
 
Müşahidəyə başladıq. Toya kortejlə gələn, gözlənildiyi kimi, çox az adam oldu – təxminən, 2-3 "kortejli qonaq” - yüksək vəzifəli məmur şadlıq sarayının həyətinə girdi. Sürət o qədər böyük idi ki, hətta ən peşəkar fotokamera ilə də obyekti doğru-düzgün tuta bilmədik.   
 
Nə olur-olsun, içəri keçməyə bir daha cəhd etməliydik. Qapıya yaxınlaşmağımızla mühafizəçilərin başımızın üstünü almağı bir oldu: "Bura ölkənin generalları yığışıb, kənara çəkilin!”
 
 
Toydan "bölməyə”
 
Növbəti cəhdimizdə mühafizəçilər əl çəkmədiyimizi görüb, dərhal polis çağırdılar. Və...
 
Və bir neçə dəqiqədən sonra artıq Suraxanı Rayon Polis İdarəsinin 3-cü polis bölməsindəydik. Nə bir təzyiq, nə bir kobudluq oldu. Yalnız bir qərar vardı: "Toy bitənə qədər bölmədə qonağımızsız!”
 
Xeyli söhbətdən, centlmen razılaşmasından sonra inandılar ki, polis bölməsindən "Buta Palace”yə qayıtmayacağıq. İnamlarının təsdiqi kimi gözlərinin qarşısında şəhərin mərkəzinə yola düşdük.
 
Bizə qalan yalnız "Buta Palace”nin qarşısında çəkdiyimiz bir neçə şəkil oldu...






Digər xəbərlər
SON XƏBƏRLƏR