"RUSİYANIN CAVABI BİZİ QANE ETMİR" - Rəsmi Bakıdan Ermənistana daşınan hərbi yüklərlə bağlı Moskvaya açıq mesaj

img

29-08-2020 [13:11]


“Son dövrlər Ermənistanın silahlandırılması Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir”.

Mia.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, məsələ Prezident İlham Əliyev tərəfindən Rusiya Prezidenti qarşısında da qaldırılıb.

H. Hacıyev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərdə Rusiyadan yüklərin daşınması həyata keçirilir və bu, ictimaiyyətimizi narahat edir: "Rusiya tərəfinin izahı bizi tam qane etmir. Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin. 

Ermənistan Tovuz hadisələri zamanı işğalçılıq siyasətini davam etdirdiyini göstərdi. Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir. Yük materialları başqa yollarla da daşına bilər”.

Hikmət Hacıyevin sözlərinə görə, son vaxtlar Ermənistan Cenevrə Konvensiyasını tez-tez xatırladır: "Halbuki Ermənistan Cenevrə Konvensiyasını ən kobud formada pozan ölkədir.  Ermənistan mülki azərbaycanlılara qarşı cinayətlər, soyqırımları törədib. Dörd mindən çox azərbaycanlı girov və əsir barədə hələ də məlumatımız yoxdur. Ermənistan beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlarda çərçivəsində də əməkdaşlıq etmir. Bu isə Ermənistanın beynəlxalq hüquqa, Cenevrə Konvensiyasına riyakar yanaşdığının göstəricisidir. Şahbaz Quliyev və Dilqəm Əsgərova qurulmuş qondarma məhkəmələr də göz önündədir. Cenevrə Konvensiyasından danışan Ermənistanın Azərbaycanı raket hücumları ilə hədələməsi isə riyakarlığın növbəti nümunəsidir”.

H. Hacıyev Ermənistanda Nikol Paşinyanın qəhrəmanlaşdırılması siyasətinin həyata keçirilməsinə çalışıldığını da diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR