"Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur..." - Xalq artistindən sensasion MÜSAHİBƏ

img

07-08-2020 [12:35]


“Moşuu, eqalogiya buduuur?”, “Alo, 66-68-düü? Almaxanım sənsən?”, “Qardaşımdan iraq səni görüm canından çəkəsən, gəlin” kimi sitatlarla hər zaman tamaşaçıların üzünü güldürən, evdar qadınların ən ideal obrazlarının ifaçısı məhz Xalq artisti Afaq Bəşirqızıdır. O, səhnəmizin Söylüsü, Suğrası, Darçınbəyimi, Dollar Səyyarəsidir.

Mia.az son zamanlar daha çox kəskin çıxışları ilə seçilən aktrisa Unikal.org-a müsahibəsini təqdim edir.

- Aktyor ailəsində doğulmusunuz, amma ilk sənət təcrübənizi rejissor Məhərrəm Bədirzadənin dram dərnəyində almısınız. Bəşir Səfəroğlu sizin aktrisa kimi fəaliyyətinizi dəstəkləyirdi?

- Qəti. Evimizdə Bəşir Səfəroğlunun xasiyyəti feodal idi. Bilmirəm nədənsə, bəlkə də özü sənətkar idi, amma birmənalı şəkildə qızı Afaqın aktrisa olmasını nə ağlına gətirmirdi, nə də buna razılıq verməzdi. Bizim heç bu barədə söhbətimiz də olmayıb. O vaxt bizdə indiki kimi robot üsulu ilə instituta hazırlaşmaq yox idi. Biz artıq 10-11-ci siniflərdə hansı ixtisası seçəcəyimizi bilirdik. Ona görə Bəşir Səfəroğlunun Afaqın nə vaxtsa aktrisa ola biləcəyinə heç şübhəsi də yox idi.

- Söylü, Darçınbəyim, Suğra... Seçilən, spesifik evdar qadınların obrazlarını canlandırmısınız. Sizcə, təqdimatınızdan sonra cəmiyyətdə o cür tipajlarda azalma varmı?

- Mənim yaratdığım obrazlar cinayətkar, cani, rüşvətxor deyillər, adi evdar qadınlardır. Mənim Söylüm o qədər primitivdir ki, yeyəndən sonra yağı balağına silə bilər, amma oğlunun nəyə görə o yaşa qədər sünnət olunmamasını dərk etmir. O hesab edir ki, qərarı Moşu verməlidir. Moşu ona pinti qadın olduğunu desəydi, əmin olun, Söylü özünü yığışdırardı. Onun ərinə qarşı olan sevgisi, dəyəri o qədər yüksək idi ki, bəlkə də Moşu ona əlini yeyəndən sonra üstünə sürtməməyini deməyi utanardı. Mən belə xanımları indiki cəmiyyətdəki çox qadından daha üstün tuturam, çünki Söylükimiləri axmaq deyil, sadəlöv idilər.

- “Bəxt üzüyü -2” filmi niyə əvvəlki qədər effektli olmadı. Çatışmayan nə idi?

- Ssenarilərdə çox fərq var idi. Dəfələrlə deyildi ki, “Bəxt üzüyü -2” “Bəxt üzüyü” filminin davamı deyil, sadəcə həmin filmin xatirəsinə bəzi personajlar saxlanılıb. Film Rəhmətlik Rəfael Dadaşov, Valeh Kərimov, Firəngiz Rəhimbəyova kimi heyəti təkrar bir araya yığmaqla, bir növ insanların yaddaşını yeniləmək idi. “Bəxt üzüyü -2” Vaqif Səmədoğlunun 80 illik yubileyi ərəfəsində çəkildi. Amma bu iki film yanaşı qoyularaq müqayisə edilməməlidir. 

- O zaman belə anlayırıq ki, insanlar ad uyğunluğuna görə qeyri-ixtiyari müqayisə edir deyə köhnə film daha üstün olur...

- Bəli, elədir və bu müqayisə yalnışdır.

- Yetişməkdə olan gənc aktyor və aktrisaları necə qiymətləndirirsiniz?

- Gənclərə meydan verməyin tərəfdarıyam. Mənim o gənclərlə eyni filmdə işləməyim onlara yaşıl işıqdır. Mən də bir zamanlar İsmayıl Dağıstanlı, Hacıbaba Bağırov və Siyavuş Aslan kimi aktyorlarla eyni filmlərdə, tamaşalarda tərəf müqabili olmuşam, həm də onlardan nələrisə öyrənirdim. Gənclərə dəstək olmağı, onlara hamilik etməyi sevirəm. Amma bayağı, yaşına yaraşmayan hərəkətlər edən gənc aktyor və aktrisalarla nəinki tərəf müqabili olmuram, heç eyni verilişlərdə də iştirak etmirəm.

- Gənclərlə işləmək demişkən, bir ara “Bəşir” teatrı fəaliyyət göstərirdi. Həmin teatrın aqibəti nə oldu?

- Teatr 1995-ci ildən 2003-cü ilə qədər Azərbaycanda fəaliyyət göstərdi. Sonra mənim Rusiyada yaşayan yaxın dostlarım məsləhət gördülər ki, “Bəşir” teatrı Moskvada fəaliyyətini davam etdirsin və aktyorlar dəvətlə gətirilsin. Biz “Azərbaycanlıların Rusiyada sərgüzəştləri” tamaşasını səhnələşdirdik, çox da uğurlu alındı. Rusiyanın 63 şəhərini gəzdik, 8 xarici ölkədə olduq. Amma o enerji ilə davam etmək üçün fiziki güc lazım idi. Mütəmadi gedib-gəlmək və məşqlər... Orada heç vaxt arendaya verilməyən “Satira” teatrının rəhbərliyi bizə çox şərait yaratdı, həm də təmənnasız. Sonuncu əməliyyatdan sonra səhhətimlə əlaqədar mənə təyyarəyə minmək qadağan edilib. Hazırda teatrın direktoru, mühasibi, hüquqşünasından başqa teatr akademik məzuniyyətdədir. Bacarsam, davam etdirəcəyəm, yaşayaq görək.

- Yaratdığınız çoxlu obrazlar var, bəs ürəyinizdə qalan, ifa etməyə gecikdiyiniz obraz varmı?

- Ürəyimdə qalan sonuncu obrazımdır. Bir tamaşada 1937-ci ildə represiya zamanı zülm çəkən Azərbaycan qadınlarının ümumi obrazı olan AXC-nin Milli təhlükəsizlik təşkilatının rəhbəri Nağı bəy Şeyxzamanlının həyat yoldaşını (Səlimə xanım obrazı –red.) canlandıracaqdım. Elə tamaşanın məşqləri gedirdi, pandemiya səbəbindən yarımçıq qalıb. Qorxuram ki, o rolu oynamasam, bu, mənim üçün çox çətin və ağır olar.

- Afaq Bəşirqızının pəncərəsindən həyat hansı janrda görsənir?

- Tragikomediya kimi görsənir. Qəribədir, gülməkdən də yorulmuşuq, ağlamaqdan da. Dünyada baş verən faciələrə baxıram, o qədər dərdim var ki... heç şəhidlərimin də 40-ı çıxmayıb. Beynəlxalq təşkilatlar da tez-tez ölkəmizdə qonaq olurlar, amma Qarabağ barədə dəyişən nəticə yoxdur, ancaq illər gedir.

- Afaq xanım, sizcə, ziyalı xalqın sözünü deməlidir, yoxsa dövlətin yanında olmalıdır? Əgər dövlət xalqın maraqlarına uyğun olmayan qərar verərsə, belə məqamda ziyalı nə etməlidir?

- Ziyalı xalqın gözü olan adamdır. Ziyalı var ki, xalq onun ardınca düşüb hara istəsə gedər. Ziyalı var ki, xalq içinə çıxanda daş-qalaq edilir. Bilirsiniz ki, mən baş verən neqativ hallara susmuram, hər zaman da sözümü deyirəm. Mən öz günahımı xalqın boynuna yıxıb, onları fəlakətə sürükləyən ziyalılardan deyiləm. Mən müharibə edirəm və mənimlə müharibə edirlər. Sual verim, Afaq Bəşirqızı mart ayının 1-də məgər  Prezidentdən təkcə maaş istədi? Prezidentə “sizin verdiyiniz qərarları məmurlar öz şəxsi ambisiyalarına görə istifadə edirlər” demədim ki..? Prezidentə “sizin ətrafınızdakı məmurlar sizi aldadır” demədimmi..? Mən deyirdim ki, həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur Prezidentin ayırdığı maaşı düzgün hesablamadı. Mən incəsənətin problemlərindən danışdım, məgər teatr heyəti, muzey işçiləri, kitabxanaçılar, süpürgəçi, fəhlə - bunlar xalq deyil? Mən özüm üçün aydın olan sahənin dərdlərini danışdım. Niyə başqa sahəyə aid olan adamlar danışmırlar? Mən özüm üçün nəsə istədim? Afaq Bəşirqızının heç nəyə ehtiyacı yox idi axı. Bəlkə var idi? Xalqın sevdiyi sənətkarı gözdən salmağa çalışmaq mədəniyyətin çat verməsi və həmin xalqın bəlasıdır.

- Mart ayındakı həmin çıxışdan sonra sizə açıq təzyiqlər var?

- Mən deyərdim ki, son zamanlar açıq təzyiqlər var. Sosial şəbəkələrdə belə ədəbə uyğun olmayan sözlər işlədilir, qısaca, savaş kişi kimi getmir.

- Adam var, yaxşı sənətkardır, amma ziyalı deyil. Adam var, yaxşı ziyalıdır, amma sənətkarlığı zəifdir. Adam da var ki, hər ikisini özündə birləşdirib. Sizcə, Azərbaycanda sənəti ilə mövqeyi üst-üstə düşən ziyalılarımız varmı? Onların cəmiyyətdə yeri və rolu nə dərəcədədir?

- Deyə bilmərəm. Mən birlik olmanın tərəfdarıyam. Bilirsiniz, sənətkar danışa bilmir. Hamı maaş, pensiya, mükafat almır axı. Alan da nəyinsə xatirinə susur. Bəli, çünki başına gəlib - danışıb və itirib. Mövqelərini dəyişəni az görmüşük?

- Sizi hər zaman özünəməxsus mövqeyi olan sənət adamı kimi qəbul ediblər. Amma bəzən müstəqil mövqeyi olan, hökumətin bəyənmədiyi mövqe sərgiləyən ziyalılardan xoşu gəlməyib. Belə bir münasibətlə qarşılaşmısınızmı?

- Həmişə demişəm, mən ön cəbhədən qorxmuram. Bilirəm ki, ermənidir, satqındır və mənə tüfəng qaldırandır. Mən arxa cəbhədən qorxuram – satqınlardan yox, satılmışlardan qorxuram. Bunu mətbuatda çox demişəm, o vaxt mən Sumqayıt hadisələrinin səbəbkarı kimi göstəriləndə, akademik Aqanbekyan mənim həbsimi və güllələnməyimi çox istəyirdi. Aqanbekyan mənim öldürülməyim üçün durmadan erməni təşkilatlarına teleqram vururdu. Mən bu gün də susmuram, həqiqətləri deməkdən çəkinmirəm. Onlar mənim zəkama və gücümə bələddirlər, ona görə mənimlə açıq savaş etməkdən qorxurlar, dürüst deyillər.

- Avqustun 15-də doğum gününüzdür. Afaq Bəşirqızı özü üçün nə arzu edir?

- Zəng edib soruşurlar ayın 15-i harada olacaqsan, nə edəcəksən? Hələ şəhidimin 40-ı çıxmayıb, hələ müharibəni udmadıq nə ad günü? Ad gününü insan 18, 20, 25, uzağı 30 yaşında qeyd edər, mənim 65 yaşım tamam olur. Mənim qəbirdə rahat yatmağım üçün indi qələbəni gözləyən günümdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR