"Mənim Bakıya girməyimə icazə vermirlər, bizim mənəvi gücümüzdən qorxurlar"

img

14-10-2013 [10:35]


Cənubi Azərbaycanın Milli Oyanış Hərakatının başqanı Mahmud Əli Çöhreqanlının müsahibəsini təqdim edirik:

- İlk öncə özünüzdən söz aça bilərsinizmi? Hal-hazırda harada yaşayırsınız? İndiki işləriniz nə yerdədir? Həyata keçirmək istədiyiniz proseslərə nail ola bilirsinizmi?
- Təbrizdə ev həbsində olduğum dönəmi irəli zamanda özləyəcəyimi zənn etmirdim, amma dünya çox kiçikləşib və çox şey dəyişir. 1995-1996 İran Milli Məclisinin beşinci dövrə parlament seçkilərində iştirakım və seçim öncəsi evlərdə, konferans salonlarında, məscidlərdə, meydanlarda yüzlərcə iclas sayəsində yüz minlər Təbrizli və Azərbaycan Türkü ilə göz-gözə gəlib bir birimizə bağlılıq əhdi bağlamağımız zalim Fars rejimini kökdən titrətmişdi. Sonuc olaraq tarixdə rekord olacaq altı yüz min Təbrizlinin səsini alaraq millət vəkili olmağa haqq qazansam da rejim bunu mənə və Azərbaycan Türkünə çox gördü. Demokrasi ilə qazandığımız haqqımızı qəddarlıq və insafsızlıq ilə əlimizdən aldılar. İçəridə illər sürən həbs həyatından sonra şükür olsun ki 2002-2005 illəri arasında öncə Azərbaycan və daha sonra Türkiyə, Avropa Parlamenti və ABŞ-da olmaq üzərə önəmli səfərlərimiz oldu və 1995 milli hərəkatımızın qığılcımları bu illərdə Güney Azərbaycanın dünya səviyyəsində tanınmasına və gündəmə gəlməsinə səbəb oldu. Bu müsbət prosesdə çox sayda dəyərli dost və könüldaşlarımızın rolu olub. Təbrizdə zindan həyatından çıxdığım sürəcdən sonra yuxarıda vurquladığım kimi qısa bir dönəm də olsa özgürcə qardaş Azərbaycan və Türkiyə torpaqlarında mediadan istifadə edərək böyük Türk xalqını Güney Azərbaycandan xəbərdar etmək və İran rejiminin tarix boyu Azərbaycan Türkünə etdiyi zülümləri ortaya çıxarmaq mümkün idi. Ancaq bizim çalışmalarımız və gördüyümüz işlər İran rejiminin gözünə batırdı. Güney Azərbaycan tarixində heç bir zaman rejimə qarşı aksiyalar bu səviyyədə olmamışdı. Əvvəldə bu rejim bizim gücümüzü danmaq istədi, amma 2006-cı ilin May (Xurdad) hadisələrindən sonra bizim hansı gücə sahib olduğumuzu anladı. Nə yazıq ki bu tarixdən sonra mənim Azərbaycan və Türkiyəyə girişim yasaqlandı və indi yeddi ildən çoxdur ki Bakı və Ankaramıza həsrət buraxılmışam. Bilmirəm mənim günahım nə idi. Dinimizdə, İran Anayasası və uluslararası insan haqları bəyannaməsində vurğulanan haqları öz xalqım üçün istədim və bu tapdalanan haqlarımızı istərkən heç bir zaman barışcıl-dinc xətdən dışarı çıxmadıq. Seçkilər dönəmində millətçilərlə ilqar bağladıq, bu qutlu yoldan dönməyəcəyimizə, vətən-millət özgür olanadək çabalayacağımıza və bir gün qələbəyə nail olacağımız üzrə… Andımızdan dönməmişik. Sonunadək milli yükümüzün məqsədə çatması uğrunda əlimizdən gələni edəcəyik. Ancaq, bu bir həqiqətdir ki, mənim 2006 May hadisələri ardından İran rejiminin basqı və istəkləri üzərə qardaş ölkələrə giriş yasağım şəxsimin fəaliyyət imkanını çox daraltdı. Güney Azərbaycandan hər bir dostumuza Bakı və Ankara qapıları açıq ikən mənə qardaş qapılarının bağlı tutulması hərəkətimizə bu keçən yeddi ildə mənfi təsirlər buraxdı. Biriləri bu fürsətdən istifadə edərək hərəkatımızın başlanğıcını, əsas hədəflərimizi, və atılan addımları danmağa çalışdı və hərəkatımızdan öz çıxarları üçün istifadə etdilər. Amma heç bir zaman başarılı ola bilmədilər. İllərcə mənfi kampanyalar, qarayaxmalar, və məntəqədən zorla uzaq tutulmamıza baxmayaraq yeddi il sonra qardaş Ankara və Bakı qapılarına gəlib deport olunuşumuz məntəqədə çox dərin təsir və reaksiyaya səbəb oldu. Bu millətimizin çıxarı və gücüdür, bu gücdən millətimizin xeyri üçün istifadə etməmiz vacib və lazımdır. Məncə hərəkatımız məqsədinə varıbdır. 1995 öncəsi Güney Azərbaycanda olan hərəkatlarımız nə yazıq ki millətimizi millətləşdirmək adına çox başarılı ola bilməmişdir bir neçə səbəbə görə. Güney Azərbaycan Milli Oyanış Hərəkatından daha öncə gələn hərəkatlər ya bütövlükdə İrançı (İranı Türk toprağı bilərək bütöv İran ideasını savunan), ya ümmətçi (dinçi və teokratik), və ya da solçu (kommunist) düşüncələri millətə aşılamaya çalışmışdır. Ancaq başqa hərəkatlardan fərqli olaraq, 1995-ci ildə şəxsim və ulusal şəhidimiz Muhəndis Qulamrıza Əmaninin öncülüyündə yaranan GAMOH, millətimizə Türkçülük və millətçilik ideolojilərini aşılamışdır. On səkkiz ildir sürət azaltmadan davam edən milli oyanış hərəkatı sayəsində bu gün millətimizin özəlliklə gənc və orta yaş kəsiminin azımsanmayacaq kəsimi özünü millətçi olaraq tanımlamaqda və yurdu üçün şəxsi varlığından keçməyə hazır durumdadır. Məncə bu bizim hamımızın başarısı və çıxarıdır. Bu on səkkiz ildə uduzan İran rejimi olubdur, millətimiz və biz isə qazanan tərəfik. Gün keçdikcə milli şüur, siyasi bilinc, sosyo-kültürəl və tarixi hafizə açısından daha da təcrübəli bir topluma çevrilik; bir toplum ki öz kimliyini qururla hayqırır və öz keçmişini qoruyur, gələcəyə daşıma yolunu izləyir. İçəridə və dışarıda oyanış davam edir, biz də fəaliyyətlərimizi sürdürürük.

- Çöhrəqanlı bəy, bu ilin avqust ayında Azərbaycana buraxılmadınız. Bunun arxasında nə dayanır? Müəyyən problemlər olduğunu dedilər. Bu düzdürmü? Və yaxud Sizin Azərbaycana gəlməyinizi istəməyən qüvvələr varmı?
- Mənim yeddi il sonra Azərbaycana buraxılamamağım viza prablemindən ibarət deyildir. Bəlkə bunun arxasında dövlətlər arası güvənlik anlaşmaları dayanır. Dəfələrcə bu anlaşmalara və İran rejiminin Quzey Azərbaycanımızın iç işlərinə müdaxilə etmələrinin örnəklərini vermişəm və yenə də vurğulamaq istəyirəm ki İran rejimi və Rusiyanın bunda əli kəsinliklə vardır. Yaxın dönəmdə xatırlasaq Putin müsahibəsində Güney Azərbaycana işarət edərək bu adla bir məntəqənin var oluşu bölgədə Rusiyaya ağır stratejik zərbələrin xəbərcisi olacağını açıq şəkildə mediaya bildirdi. Rusiya və Fars rejimi kimi imperialist güclərin ortaq nöqtəsi başqa millətlərin kültür, torpaq və fiziksəl güclərindən istifadə edərək öz mənfəətlərini qorumaqdır. Amma bunlar bilmirlər ki Azərbaycan Türkü oyanıbdır artıq, ölüm yuxusunda deyildir və haqqını ən yaxın zamanda alacaqdır. Mənim Bakıya girməyimə icazə vermirlər, bizim mənəvi gücümüzdən qorxurlar. Millətimiz içində sayğınlığımız var, çünkü heç zaman milli mənfəətlərimizi şəxsi mənfəətlərimizə qurban vermədik, hər zaman tam tərsi oldu. Hər halda istəyirəm bunu da sizə bildirəm ki, Azərbaycanın dövlət sözçülərindən, o cümlədən Xarici İşlər Nazirliyi sözçüsü Elman Abdullayev bəy və YAP-ın katibi Siyavuş bəy Novruzovun dediklərinə əsasən "Çöhrəqanlının Azərbaycana giriş yasağı yoxdur və hər zaman istəsə viza alıb gələ bilər.” Biz hər zaman deyil, uyğun zamanlarda gəlməyi düşünürük və bu səbəblə seçkilərin sona bitməsini bəklməkdəyik, ardından yenidən Azərbaycanın Vaşinqton DC-dəki səfirliyinə viza üçün baş vuracağıq yurda gəlmək üçün.

- Sizin Cənubi Azərbaycanla bağlı fəaliyyətləriniz nədən ibarətdir? Nəyə nail olmaq istəyirsiniz? Addımlar atılırmı? Bu kimi addımlarda Qərbdən, Azərbaycandan, dəstək varmı?
- Yuxarıda da vurğuladığım kimi İran rejiminin basqıları, dövlətlərarası ticari və ekonomik çıxar, və güvənlik anlaşmalarının nəticəsində özəlliklə 2006 ilindən bəri mənə məntəqəyə giriş yasağı qoyulubdur. Bu yasağı qoyanlar utanmalıdırlar. Mənim heç bir zaman Türkiyə və ya Azərbaycan iç işlərinə dəxalətim olmayıbdır, hər zaman buna inanmışam ki oradakı qardaş xalqlar özləri öz gələcəklərinə qərar verəcəklər və bizə də onların qərarına sayğı göstərmək düşər. Amma mənə və qurucusu-başqanı olduğum GAMOH-a səbəbsiz bir alerji var və bu alerjiyə sahib olanlar demokrasi və insan haqları bəyannamələrini əzib keçtikləri üçün əməllərindən utanmalıdırlar. Mənim suçum nədir? Xalqımın haqlarını savunduğum üçün, zalim İran rejiminin etdiyi haqsızlıqlardan danışdığım üçün öz qardaş ölkələrdən də deport edilməliyəm? Bu hansı insaf və ya qardaşlıq səviyyəsinə sığar... Ama mən küskün deyiləm, yalnızca əndişəliyəm. Xaricdə də GAMOH təşkilatımız təkcə uluslararası dövlətsiz millətlər təşkilatı olan UNPO-ya üzvlüyü və Türkiyə, Azərbaycan, ABŞ, və Avropadakı örnək çalışmalarıyla tam güclə ayaqda durmaqda, millətimizin tapdalanan haqlarını imkan daxilində hər bir tribun və beynəlmiləl ictimaiyətdə savunmaqdadır. Umuram ki yaxın gələcəkdə bu mənasız yasaqlar qalxacaq, o cümlədən çox yaxında Azərbaycan səfirliyinə viza üçün baş vuracağıq. Umuram ki Azərbaycan hakimiyətinin təmsilçiləri yuxarıda verdikləri sözlərin arxasında dursunlar.

- İran İslam Respublikasının yeni prezidenti, İranda yaşayan Türk və Azəri qardaşlarımızın problemlərini həll edə biləcəkmi? Ruhaninin Azərbaycanla daha yaxın əlaqələr quracağına dair nə deyə bilərsiniz? Nə kimi problemlər var? Və bu problemlərin arxasında hansı siyasət dayanır?
- Əhmədinejad gedər, Ruhani gələr, amma qalıcı olan Fars faşizminin anti-Türk və pan-Farsist ideoloqiyasıdır və bu ideologiyanın başında dəmir yumruqla iş üstündə qalan Ayətullahdır. Dini lider həyatda olduğu sürəcə iş üstünə gələn prezidentlər onun əmrinə tabe olan yardımçılarıdılar. Ona görə biz Ruhanini böyütməkdə səhv etmə yanlışına düşməkdəyik. Senaryo açıqdır, ama aktyorları yaxşı tanımağımız lazım. Sadə insanlara boylarını aşan rolları fantazi aləmində biçmək siyasi açıdan doğru deyildir. Bu rejim iş üstündə olduqca Azərbaycan Türkcəsində təhsil haqqını qazanmaq boş xəyaldan ibarətdir. Seçim kampanyasında milləti şirin sözlərə qandırmaya çalışan Ruhani və qrupu, Ayətullahın əmirləri əsasında pampıqla baş kəsmə siyasətini izləməkdədir. Ancaq bunlar hələ anlaya bilməyiblər ki Azərbaycanı (Güney Azərbaycanı) əldən veriblər. İncələn ip yaxında qopacaq və orta dirək Azərbaycanın özgürlüyü sonucu pan- İranist mərkəzli ölkə yönətimi sürətlə yerlə bir olacaqdır. Onlar bundan qorxurlar, və qorxmaqda da haqlıdılar. Bu, on səkkiz illik hərəkatımızın nə qədər güclü olduğunun bir başqa isbatıdır. Azərbaycan dövləti ola bilər ki İran rejimiylə ekonomik alış verişdə olsun, amma heç bir zaman bu rejimə güvənməməlidir. Bu rejimin binövrəsi Azərbaycan-Türk düşmənliyi üzərinə quruludur və arxa arxaya İran parlamentindən Azərbaycana qarşı mütəcaviz çıxışların edilməsi diqqətə alınmalıdır. Azərbaycan Respublikası, pan-Farsist İran rejimin ürəyinə saplanmış xəncərdir və İranın Azərbaycan ilə əlaqələri çıxardan ibarətdir. Burda əsla qonşuluq, dostluq düşüncəsi yoxdur.

- İranın Suriyaya qarşı apardığı siyasət Azərbaycanlıların durumuna necə təsir edəcək?
- İran rejimi çox yaxşı bilirdi ki Suriya rejiminin süqutu İranda rejim dəyişikliyi xəbərçisi ola bilər, ona görə maksimum gücünü indi mövcud olan azınlıq hakimiyyətin iş üstündə qalması uğrunda sərf etdi və hələd də etməkdədir. Suriyada yaşayan xalqlar, özəlliklə Türkmən qardaşlarımız zülüm görməkdədirlər. Onlar öz tarixi topraqlarında didərgin durumuna düşüblər, və birdən çox işğalçı güclərin hücum və kiçik soyqırımlarına məruz qalmaqdadırlar. Bunun yanı sıra Güney Azərbaycanımız da bölgədə olan hadisələrdən öz payını almaqdadır. Bu pay gələcəkdə bölgəsəl savaş və qırğın təhlükəsindən ibarətdir. Suriyanın özləlliklə şimal bölgəsində silahlanan və gün keçdikcə güclənən PKK-ya yaxın qruplar sabah heç şübhə olmasın ki Türkiyə və Güney Azərbaycanımızın başına dərd olacaqlar. Təhlükə böyükdür; əvvəl İraqda bölgəsəl hakimiyətlərini qurdular, indi də Suriyada bu gərçəkləşir və analistlərin baxışına əsasən gedir ki dövlətləşələr. Bu haqda keçdiyimiz həftə Türkiyə mediası New York Times qəzetinə istinadən Suriya və İraqdakı Kürd bölgələrin birləşib dövlətləşməsindən söz aparab. Təəssüf olsun ki Güney Azərbaycan Türkü özünü qoruyacaq orduya və gücə hələ ki malik deyildir; gələcəkdə Sulduz və Xocalı qətliamlarının bənzərləri bu qurupların vasitəsiylə həyata keçirilə bilər. Ona görə Azərbaycan dövləti ekonomik alış verişlərin yanında bunları da düşünməlidir. Milli çıxar qardaşları qapsamalıdır, çünkü Azərbaycan yalnızca Şimaldan ibarət deyildir.

- Türkiyədə olan Gezi parkı haqda nə deyə bilərsiniz? Bu aksiyalar kimlər tərəfindən edilirdi? PKK terroru Türkiyədə nəyə nail olmaq istəyir? Türkiyə üzərindən kimlər siyasət aparır? Türkiyənin gələcəyini necə görürsünüz?
- Əlbəttə ki Türkiyədə baş verən hadisələri diqqətlə izləməkdəyik. Dəfələrcə demişəm ki Türkün adına, ay-ulduzlu bayrağına və Şəhid qanıyla sulanmış torpağına mənim, ailəmin və millətçilərin özəl sayğısı, sevgisi vardır və bu varlıqları qorumaya hazırıq. Ancaq günün sonunda Türkiyənin gələcəyinə orada yaşayan qardaş seçmənlər qərar verməkdədirlər. Biz indiyə qədər Türkiyənin iç siyasətinə qarışmamışıq və qarışmadığımız halda yeddi ildir mövcud hakimiyyət girişimizə yasaq qoyubdur və hərəkatimiz bu sayədə ağır zərbələr yeyibdir.
Hər halda bizim düşüncəmizdə etiraz etmək barışcıl yollardan keçməkdədir. Hər türlü şiddət və terror olaylarını qınayan bir hərəkatiq. Artırmalıyam ki bizim ürəyimizdə olan Türkiyə Türk dünyasının birləşməsində öncül rol oynamalı, yanıbaşında olan otuz beş milyon Türkü görməzdən gəlməməlidir. Mələsəf Türkiyə dövləti doktrinində stratejik olaraq bəlli edilən mövzuların fondasyonunda məzhəb əsasında ümmətçilik yatmaqdadır, və bunun mənfi etkilərini Suriyada, Misirdə və İraqda görməkdədir. Türkiyənin bölgədə güclənməsi üçün başını Türk nüfuslara (İraq-Suriya Türkmənləri, və Güney Azərbaycan) doğru döndərməsi gərəklidir deyə düşünürəm.

- Azərbaycanla bağlı nə deyə bilərsiniz? Siyasəti nədir? Nə kimi dəyişiklər olmalıdır? Sizin Azərbaycanla bağlı siyasətiniz nədir?
- Azərbaycan deyəndə ağlımıza qardaş gəlir, vətən və həsrət qaldığımız yurd toprağı gəlir. Mənim Təbrizə girişimi Fars rejimi yasaqlayıb, ən azından Bakıya girişimi mənə çox görməsinlər. Vətən üçün çox darıxmışam, və bunu təkcə qurbət eldə sürgün həyatı yaşayan könüldaşlar çox yaxşı hiss edə bilərlər. Azərbaycan dövlətindən biz məxsus bir yardım istəmirik, o halda ki vəzifəsidir darda olan qardaşına sahib çıxa. Amma ən azından giriş və çıxışımıza mane olunmasın, vətənə gəlişimizin qabağı alınmasın, çünkü orası bizim öz yurdumuzdur. Qonşularla ekonomik ticarət də önəmlidir, amma qardaşa sahib çıxmaq daha da vacibdir. Dünya gəlib geçicidir, hakimiyətlər də sonsuz deyil. Elə bir cür davranaq ki gələn nəsillər ruhumuzu təbəssüm ilə ansınlar. Bizim Azərbaycandan çox bəkləntimiz yoxdur, elə yuxarıda vurğuladığım kimi ən azından yurduma gəlib az bir sürə qalmağım və gözəl insanımızdan moral almağım bizə çox görülməsin. Umuram ki Azərbaycan dövləti yaxın dönəmdə siyasətlərini uzun vadəli milli çıxarlar üzərinə qurmaq yolunda daha böyük addımlar ata. Yenə də vurğulayıram, biz heç bir zaman Azərbaycanımızın iç siyasətinə müdaxilə etmədik və etmək niyətində deyilik.

Seymur Süleymanov

Digər xəbərlər
SON XƏBƏRLƏR