Mətbuat Şurası seçki ilə bağlı xüsusi məlumat yaydı

img

09-10-2013 [20:08]


Mətbuat Şurası bu gün keçirilən prezident seçkilərində media təmsilçilərinin üzləşdiyi vəziyyətlər və digər məsələlərlə bağlı rəyini açıqlayıb.

  Mia.az şuranın açıqlamasını olduğu kimi təqdim edir:

 «Mətbuat Şurasının «qaynar xətti»nə prosesi işıqlandıran iki jurnalist - «Ayna-Zerkalo» qəzetinin əməkdaşı Cəsur Məmmədov və BBC Azərbaycan xidmətinin əməkdaşı Naibə Abdıyevə müraciət edib. MŞ Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaratdıqdan sonra hər iki anlaşılmazlıq aradan qaldırılıb.

 Ölkəmizin müxtəlif bölgələrində 9 oktyabr prezident seçkisini izləyən Mətbuat Şurasının monitorinq qrupunun üzvləri gün ərzində media təmsilçilərinin peşə fəaliyyətlərini yerinə yetirmələrinə hər hansı maneçilik faktı qeydə almayıblar. Onların müşahidələrinə əsasən, yerli və xarici KİV-lərin əməkdaşlarının prosesi işıqlandırmalarına hər cür şərait yaradılıb.

 Bundan başqa gün ərzində MŞ sədri Əflatun Amaşov Nəsimi, qurumun sədr müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, Şuranın İdarə Heyətinin üzvlərindən - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və Milli Məclisin deputatı, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Xətai, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas Beyləqan, Füzuli və Xocavənd, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Milli Məclisinin deputatı Cavanşir Feyziyev Nəsimi, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Şirvan, Hacıqabul və Salyan, MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı seçki məntəqlərində jurnalistlərə yaradılmış şəraitlə, eləcə də onların prosesi işıqlandırmalarının vəziyyətilə tanış olublar.

 Mətbuat Şurasının kütləvi informasiya vasitələri təmsilçilərinin 9 oktyabr prezident seçkisində iştirakına dair rəyi bundan ibarətdir ki, jurnalistlərin prosesi işıqlandırmaları ilə bağlı vəziyyət qənaətbəxş olub. Seçki qanunvericiliyinin tələbləri gözlənilib. Peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə məhdudiyyətlər yaradılmayıb. Şura hesab edir ki, medianın fəallığı ölkədə azad və demokratik seçkinin təşkili üçün zəruri olan informasiya mühitinin formalaşması baxımından müstəsna rol oynayıb».

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR