Erkən seçki: ekspert və işçi qrupları yaradıldı - Namizədlər sənədlərini nə vaxt təqdim edəcək?

img

07-12-2019 [14:44]


Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert və işçi qruplar yaradılıb.
 
Mia.az xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
 
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.
 
Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
 
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.
 
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
 
İclasda növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri ilə bağlı qərar da verilib.
 
Belə ki, namizədlər sənədlərini dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. 
 
Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
 
Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
 
Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.
Digər xəbərlər
SON XƏBƏRLƏR