Sirus Təbrizli ölümündən bir neçə saat öncə nə danışıb? - Yenilənib

img

07-09-2013 [18:34]


Sirus Təbrizli həmişə olduğu kimi dünən axşam tərəfi də zəng vurdu. O, danışmağı daha çox sevirdi. Amma arada qulaq da asırdı, səni dinləyirdi...

O, həmişə çox emosional, ötkəm danışırdı. Çılğın idi. Ölkədə baş verən hər hadisəyə, hər şeyə görə bərk həyəcan keçirirdi. O, ətrafında baş verənlərə biganə qala bilmirdi. Laqeydlik hissi ona yad idi.

Dünənki telefon danışığımızda belə razılaşdıq ki, Sirus müəllim xanımı ilə birgə dincəlməyə getdiyi Nabrandan qayıdandan sonra - sentyabrın 10-da görüşək. Dəniz onu həmişə özünə çəkirdi. Amma onun həyat sevgisi, yaşamaq eşqi sonsuz idi.

O, dünən mənə dedi ki, prezident seçkiləri ilə bağlı geniş müsahibə vermək istəyir. İstəyir ki, ölkənin gələcəyi ilə bağlı, bir vaxtlar (artıq həmişəlik itirilmiş vaxtlar!) arxitektorlarından biri olduğu bu hakimiyyəti necə görmək istəməsi ilə bağlı fikirlərini bildirsin. Sirus bəy hakimiyyətə yaxın olmasına, dünənə qədər həm Arif Paşayevlə, həm Bəylər Əyyubovla, həm də Əliyev hökumətinin digər yüksək rütbəli məmurları ilə sıcaq münasibətlərdə olmasına baxmayaraq inanılmaz dərəcədə azad və azadlıqsevər adam idi. Təzadlıdır, amma belədir: o, hakimiyyətin antitezası olsa da bu hakimiyyəti özünün elə həmin bu iqtidara yad olan dəyərlər uğrundakı şəxsi mübarizəsi ilə eyniləşdirirdi. Onun özü Heydər Əliyev hakimiyyətinin doğurduğu ən böyük paradoks idi.

Sirus bəy dünən mənə dedi ki, Satanovskinin "Prezidentə tövsiyələr” kitabını nəhayət alıb və çox istərdi ki, seçkilər ərəfəsində o da İlham Əliyev haqda nəsə belə bir şey yazsın. Sirus bəy İlham Əliyevi öz liderinin güclü xələfi kimi görmək istəyirdi, lakin həm də onun bürokratik aparatında baş verənləri heç cür qəbul etmirdi. Onun diletantlığı, yekəxanalığı, məmurların amiranəliyini, tayfabazlığını, korrupsiyanın görməyə gözü yox idi...

Dünən o, mənə maraqlı bir söz dedi: "Eynulla, mən niyə tikinti biznesi ilə məşğul olmalıyam, çörəyimi burdan çıxarmalıyam? Biz nə üçün öz telekanalımızı açıb hakimiyyət, müxalifət, dünya və ölkəmiz haqdakı həqiqətləri insanlara deməyək? Bütün ölkə acgözlüklə bizə baxacaq, bizi dinləyəcək. Mən niyə axı sevmədiyim işlə məşğul olmalıyam? Günahım nədir? Günahım prezidenti sevməyimdirmi?”

Mən eyni şeyləri bir vaxtlar prezidentin digər qatı tərəfdarı, rəhmətlik Anar Məmmədxanovdan da eşitmişdim...

Sirus bəy dünən mənə dedi ki, lazımsız adama çevrilməkdən qorxur: "Mən İlham Əliyevin gördüyü işləri xalqa heç bir söz ehtiyatı olmayan, ölkəni sevməyən pis zövqlü məmurlardan daha yaxşı, daha sadə dillə çatdıra bilərəm”.

O, prezidentin ən çətin anlarında lazımsız adama çevrilməsinə görə bərk narahat idi, buna görə möhkəm həyəcan və gərginlik keçirirdi.

O, mənimlə dünənki söhbətində prezidentə qarşı Kremldən qaynaqlanan qəsdlə bağlı fikirlərini də bölüşdü: "Ürəyim ağrıyır. Axı Abbas (Abbas Abbasov-red.) prezidenti necə sata bilərdi?”

Sirus bəy sentyabrın 10-da virtualaz.org və haqqin.az saytlarının redaksiyasına gələcək və geniş müsahibə verəcəkdi. İlham Əliyevin Azərbaycana hələ nəyə görə lazım olması barədə danışacaqdı. Qismət deyilmiş. Onun ürəyi Satanovskinin "Prezidentə tövsiyələr” kitabını oxuduğu yerdə dayandı. O, prezidentə özünün son məsləhətlərini verməyə macal tapmadı...

Bəs prezidentin onun tövsiyələrinə ehtiyacı vardımı? O, hər dəfə zəng vurub keçmiş, indi və gələcək haqda danışanda bu sual məni həmişə düşündürürdü. İtirdiklərimizə görə ürək ağrısı ilə danışa biləcəyimiz, dərdləşə biləcəyimiz adamlar çox azdır. Onlar az qalıb. Bəs Sirus Təbrizli itkisinin dərdini kiminlə bölüşəsən?

Bu ölkədə hər şey cılızlaşır. Onlar gedirlər. Yerində boşluq qalır. Bu boşluğu hər əlinə keçənlə doldura bilməzsən. Onları hətta boşluq da qəbul etmir...

Eynulla Fətullayev

* * *

Bu dəqiqələrdə aldığımız məlumata görə Sirus Təbrizlinin cəsədi onun qəfil ölümünün səbəbini araşdırmaq üçün Quba şəhərinə, pataloji-anatomik ekspertizaya göndərilib.

Məlumatı Virtualaz.org-a mərhumun yaxınları verib.

* * *

Virtualaz.org-un əməkdaşı bir neçə dəqiqə öncə Sirus Təbrizlinin ailə üzvləri ilə əlaqə saxlayıb. Mərhumun qızı Sevinc xanım müxbirimizə deyib ki, atası ilə dünən axşam telefonla danışıb: "Onun səsi çox normal idi. Özü də gümrah idi. Dedi, bu gün dənizdə çimmişəm. Mənə dedi ki, həftənin birinci günü Bakıya gələcəyəm”.

Sirus Təbrizlinin həyat yoldaşı Rəfiqə xanım virtualaz.org-un əməkdaşı ilə söhbətində deyib ki, S.Təbrizlinin nəşi hazırda Nabrandakı evindədir: "Hazırda qızlarımın Nabrana gəlməyini gözləyirəm. Onlar indilərdə gəlməlidirlər”.

Rəfiqə xanım göz yaşları içində başqa bir maraqlı məlumat da verdi: "Sirus dünən axşam divanda uzanıb Satanovskinin "Prezidentə tövsiyələr” kitabını oxuyurdu. Qəfildən gözlərini yumdu. Ürəyin geniş infarktından keçindi”.

Qeyd edək ki, S.Təbrizlinin nəşi bir neçə saatdan sonra Təzəpir məscidinə gətiriləcək.

* * *

"Mən onun ölümünə təəssüflənirəm. Bu xəbəri eşitmək mənim üçün ağır oldu”. Bunu Modern.az saytına açıqlamasında "91-lər” siyahısında yer alan, hazırda təhsil üzrə ekspert Şahlar Əsgərov keçmiş həmkarı Sirus Təbrizlinin ölüm xəbərinə münasibət bildirərkən deyib.

O, S. Təbrizlinin Azərbaycan ictimai-siyasi tarixindəki fəaliyyətini qiymətləndirərkən qeyd edib ki, o tanınmış jurnalist və ictimai xadim olmaqla yanaşı, Azərbaycanın azadlığı uğrunda da fəal mübarizə aparıb. "Bu acı xəbəri üzüntü ilə qarşılayıram. Bu saat danışmaq mənim üçün çətindir. Sirus Təbrizlinin tarixdə yadda qalan əməlləri olub. Allah rəhmət eləsin!”-deyə Ş. Əsgərov təəssüfünü dilə gətirib.

Xatırladaq ki, 1992-ci ilin 16 oktyabrında 91 nəfər ziyalı Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyib. Həmin şəxslər vaxtilə Yeni Azərbaycan Partiyasının "qızıl fondu” elan olunmuşdular.

* * *

Sirus Təbrizlinin harada dəfn olunacağı hələ məlum deyil.

Musavat.com-un məlumatına görə, bu barədə vəkil Aslan İsmayılov Facebook-da yazıb: "Bir çox insanlar mənə zəng edib Sirus Təbrizlinin harada dəfn ediləcəyini soruşurlar. Harada dəfn olunacağını bilmirəm. Bildiyim odur ki, çoxlarından fərqli olaraq məhz Sirus Təbrizlinin Fəxri Xiyabanda dəfn olunmağa haqqı var”.

* * *

Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bu gün vəfat edən keçmiş YAP-çı, partiyanın təsisçisi və keçmiş sədr müavini Sirus Təbrizlinin dəfn və yas mərasimlərində iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

S. Novruzov qeyd edib ki, son vaxtlar S. Təbrizlinin siyasi mövqeyində baş verən dəyişikliklərin və onunla bağlı yaranmış incikliyin belə məsələlərə aidiyyəti yoxdur: "Bu, adət-ənənə, mənəvi məsələdir. Partiya rəhbərliyi yas mərasimində iştirak edəcək. Allah rəhmət eləsin”.

* * *

Sirus Təbrizli YAP-ın qurucularından biri olsa da sonradan bu partiyanın siyasətini kəskin tənqid edənlərdən biri olub. O, YAP-da islahatlar aparılması, partiya rəhbərliyinə yeni kadrların gətirilməsi təklifləri irəli sürüb. YAP-ı vaxtaşırı kəskin tənqid etdiyi üçün partiyanın sıralarından çıxarılıb. S.Təbrizli YAP-ı tənqid etsə də keçmiş prezident Heydər Əliyevə və indiki prezident İlham Əliyevə sadiqliyini həmişə vurğulayırdı.

* * *

Sirus Təbrizli Xudadat oğlu 9 may 1942-ci ildə Təbriz şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası sədr müavini işləyib. Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2000-ci il noyabrın 5-də 13 saylı Nizami-Xətai seçki dairəsindən deputat seçilib. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarına əsasən 1 dekabr 2000 -ci il tarixində Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri təyin olunub.

Evlidir, 2 övladı var.

Qeyd edək ki, mərhum nazir Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının 2007-ci il martın 27-də keçirilən iclasında partiyanın sıralarından xaric edilib.

* * *
Azərbaycan xalq hərəkatının fəallarından olmuş məşhur ictimai-siyasi xadim, YAP-ın qurucularından biri, keçmiş mətbuat və informasiya naziri Sirus Təbrizli dünyasını dəyişib. Məlumatı azadliq.info-ya vəkil Aslan İsmayılov verib. Aslan İsmayılova isə bu bəradə mərhumun qızları xəbər verib.

Təbrizli Nabrandakı bağ evində vəfat edib. Onun nədən öldüyü bilinməsə də, səhər yuxudan ayılmadığı deyilir.

Hazırda mərhumun cənazəsi Bakıya gətirilir.

Virtualaz.org

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:16 14.05.2025

Tramp Qətərə gəlib

12:36 14.05.2025

Sabah yağış yağacaq