Jurnalistika və İnkişaf Mərkəzi yol polisi ilə birlikdə tədbir keçirir

img

01-08-2013 [15:30]


 "Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi ilə birlikdə tədbir keçirib. Tədbirdə çıxış edən ictimai birliyin sədri Elməddin Muradlı bildirib ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Yol hərəkəti təhlükəsizliyində ictimai maarifləndirmənin təşkili” adlı layihə həyata keçirilir: "Dörd ay müddətində həyata keçirilən layihə çərçivəsində 3 orta məktəbdə yol hərəkətində maarifləndirmə mövzusunda tədbir keçirilib, bir tədbirə isə dəstək verilib. Əhalinin yol hərəkəti qaydalarını öyrənməyə marağı böyükdür. Amma təəssüfə ki, öyrəndiklərimizi həyatda tətbiq eləməyə, qayda-qanuna əməl etməyə hələ tam öyrəşməmişik. Əsas problem də budur». Elməddin Muradlı son vaxtlar sürücülər arasında ciddi problemə çevrilən evakuasiya xidməti ilə bağlı da danışaraq bildirdi ki, avtomobillərin evakuasiya olunması sürücüləri çox narahat edir. Rəhbərlik etdiyi İctimai Birlik bu narahatlığı nəzərə alaraq QHT Şurasının maliyyə dəstəyi ilə 5 min ədəd kart çap edib. Həmin kartlar sürücünün adı və mobil telefon nömrəsi yazılmaqla avtomobilin qabaq alın şüşəsinin altına qoyulmalıdır ki, yol polisi avtomobili evakuasiya etməzdən əvvəl sürücüyə məlumat verib avtomobilinin yanına dəvət etsin: «Bunanla da evakuasiya prosesində yaranan narazılıq aradan qalxmış olar. Biz kartları pulsuz paylayırıq. Güman edirik ki, yol polisi rəhbərliyi bu təşəbbüsə dəstək verəcək. Hər halda, bu layihənin başlıca məqsədi vətəndaş-polis münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət etməkdir. Çünki dünyanın əksər yerlərində evakasiyadan əvvəl sürücüyə mütləq xəbərdarlıq edilir». Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələrinin bölməsinin rəhbəri Vaqif Əsədov isə bildirib ki, hər il avqustun 1-də "Təmiz hava” aylığına start verildiyini bildirib: "Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqust ayının 1-dən 31-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində "Təmiz hava” aylığı keçirəcək. "Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır”. V.Əsədov bildirib ki, avtomobillərin yanacaq sistemi tənzimlənməklə saz vəziyyətə gətirilməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilməlidir: "Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Bu cür avtomobillər aşkar olunduqda istismardan çıxarılır və sürücüyə 150 manat cərimə tətbiq olunur». Tədbirdə iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, QHT-lərin nümayəndələri də bildirdilər ki, avtomobillərin atmosferə buraxıdığı zəhərli qazları minimuma endirmək üçün avtomobil saz vəziyyətdə olmalı, müşərrik normal işləməlidir. Belə hallar genişlənərsə gələcəkdə ekoloji problemlər daha da arta bilər. Hüquqşünas Ərşad Hüseynov atmosfer çirklənməsinin 60 faizini məhz avtomobillər tərəfindən ixrac olunan qazların təşkil etdiyini deyərək bunun qarşısını almağın yollarını da göstərdi. Onun sözlərinə görə, əhali arasında avtomobillərdən az istifadə etməklə velosiped və digər yüngül avtonəqliyyat vasitələrinə üstünlük verilməsi vacibdir. Tədbirdə daha sonra Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin Ekoloji Ölçmə Departamentinin rəisi Xaqani Quliyev çıxış edib. O bildirib ki, Azərbaycanda yeni avro 5 və avro 6 standartlı benzin istehsal olunacaq. ARDNŞ nümayəndəsi qeyd edib ki, 2015-ci ildə kompleksin tikintisi tam başa çatandan sonra yeni benzin standartları istehsal olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR