Yafəs Həsənov, Könül Şamilqızı, Nemət Kərimli və Yadigar Sadıqlıya xəbərdarlıq edildi - Qərara etiraz

img

01-08-2019 [11:59]


Müsavat Partiyasının Divanı Yafəs Həsənova, Könül Şamilqızına, Nemət Kərimli və Yadigar Sadıqlıya xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bu barədə Yadigar Sadıqlı etiraz məlumatı yayıb.

O bildirib ki, dünən Müsavat Partiyasının növbədənkənar Divanı keçirilib: 

"Lənkəranda olduğum üçün iştirak edə bilmədiyim iclasda partiya Nizamnaməsinə zidd qərar qəbul edilib. 

Müsavat Partiyasının Nizamnaməsinin 1.8. Partiya üzvünün aşağıdakı hüquqları vardır: 

- partiya seçkili orqanlarına namizəd göstərmək, seçmək və seçilmək;

 - partiyanın siyasəti və əməli fəaliyyəti məsələlərini partiya yığıncaqlarında, mətbuat səhifələrində azad müzakirə və tənqid etmək, təklif və rəylər vermək;

 - hər bir partiya orqanını və vəzifəsindən asılı olmayaraq istənilən partiya üzvünü tənqid etmək;

 - bütün partiya orqanlarına müraciət etmək və cavab tələb etmək; 

- mənsub olduğu partiya qurumunun bütün tədbirlərində prosesin gedişinə qarışmadan müşahidə etmək və qeydlər aparmaq. Partiya üzvünə partiyadaxili və ictimai müzakirələr zamanı söylədiyi nitqlərə görə intizam tədbiri tətbiq edilə bilməz.

Beləliklə, Divan partiya rəhbərliyini və partiya üzvlərini nüfuzdan salan publik (ictimai) müzakirələrə son qoyulmasını, partiyadaxili müzakirələrin ictimailəşdirilməsinin partiyanın nüfuzuna xələl gətirdiyi və Müsavata qarşı olan qüvvələrin bu açıqlamalardan partiyaya qarşı istifadə etdiyi üçün belə halların yolverilməz olduğunun partiya üzvləri Yafəs Həsənovun, Könül Şamilqızının, Nemət Kərimlinin, Yadigar Sadıqlının diqqətinə çatdırılması barədə qərar qəbul edib".

Y.Sadıqlı deyib ki, bu, onun partiya başqanlığına namizədliyinə qarşı administrativ resursdan istifadədən başqa bir şey deyil: "Əslində, həmin qərar daha çox məni dəstəkləyəcək, müdafiə edəcək şəxsləri çəkindirməyə hesablanıb. Mən heç zaman Müsavat Partiyasını nüfuzdan salan hərəkətlər etməmişəm. Əksinə, qürur və fəxrlə deyə bilərəm ki, Müsavata ən çox nüfuz qazandıran şəxslərdən biri olmuşam. 

Bir çox hallarda da əsəbimi, enerjimi hökumətlə yanaşı partiyanı nüfuzdan salan üzvlərə qarşı xərcləmişəm. 

Mən ictimai şəkildə 2012-ci ildə (qeyri-ictimai şəkildə isə daha əvvəllər) Rauf Arifoğlunun Müsavatı nüfuzdan saldığını bəyan edəndə indiki rəhbərlik müdafiə edib". 

Daha sonra o, Başqan müavini Səxavət Soltanlını, Novella Cəfəroğlunu, başqan müavini Osman Kazımovu partiyanın nüfuzuna xələl gətirməkdə ittiham edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA