Acların kişi sayıldığı dünya: elə bir yer yoxdur artıq

img

08-07-2019 [21:38]


Aqşin YENİSEY

***

Türk etnosunun tarixini araşdırdığı üçün pantürkizmdə günahlandırılaraq ömrünün ən gözəl on dörd ilini Stalinin əsir düşərgələrində keçirsə də, ona dünya şöhrəti qazandırmış "Xalqların passionarlıq nəzəriyyəsi” əsərini həbsxanalarda yazsa da, sovet Rusiyasının ona ünvanladığı dustaqlığı əsgərliklə əvəzləmək təklifini rədd etməyib, Belarus cəbhəsinə yollanan və ta Berlinəcən döyüşən böyük rus tarixçisi Lev Qumilyov yuxarıda adını çəkdiyimiz məşhur əsərində yazır:

"İnsan, sadəcə, cəmiyyətin bir üzvü deyil, eyni zamanda, bir etnik qrupun nümayəndəsidir. O, biosferə aiddir, etnogenezin bir funksiyası olan etnik tarixin skeletini yaradan hadisələri həyata keçirib tarixdə izini qoyur. Bu mənada, tarix bir təbiət elmidir”.

Bu yanaşma günümüzün axsaq xalqları üçün əla bəhanə ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, Qumilyov bu sözləri insanın təbiətdən hələ tam ayrılmadığı, tank yox, at mindiyi əski zamanların insanı üçün deyir. Bu gün dünyaya xammal satan xalqlardan başqa yerdə qalan heç bir xalq yaşamaq uğrunda mübarizəni təbiətlə aparmır. Bu günün passionarlığı nə qədər torpaq deyil, nə qədər insan işğal etdiyinə bağlıdır. Çağdaş müstəmləkəçilik xalqları deyil, fərdləri "sömürür”. Bu mənada, günümüzün müsəlman dünyası tamamilə işğal altındadır: əkir, biçir, qazır, çıxarır, axırda bütün var-yoxunu dəyər-dəyməzinə satıb "Apple”dən aldığı "iPhone”na verir ki, qonşu kəndə ərə verdiyi qızının müəmmalı taleyinə elektromaqnit dalğaları vasitəsilə nəzarət edə bilsin.    

Bu yaxınlarda ingilis iqtisadçısı Ceyms Robinson və türk əsilli professor Daron Acemoğlunun "Millətlərin çöküşü” kitabından bir şeylər oxumaq fürsətim oldu. Son illər hər oxuduğum kitabda Azərbaycana aid nələrsə axtarmaq məndə artıq, türklər demiş, bir "içgüdüsünə”, bəlkə də, xəstəliyə çevrilib. 

Kitabın müəllifləri "nə üçün bəzi ölkələr zəngin, bəziləri yoxsuldur”, "niyə kölə xalqlar sosializmi, imperativ millətlər kapitalizmi dəstəkləyir”, "nə üçün sənaye inqilabı, məsələn, Türkmənistanda deyil, İngiltərədə oldu” kimi bir çox maraqlı və mübahisəli suallara cavab axtarır. 

Cavabları ümumiləşdirsək, ortaya belə bir abzas çıxar: o ölkələr ki qarşılarına uzaq ideoloji hədəflər qoyub, o ölkələr ki gələcəyini tarixinin qulluqçusu kimi böyütmək əvəzinə, tarixini gələcəyinin dayəsinə çevirib, o ölkələr ki elita ilə kütlə arasındakı uçurumları şərik ideyalarla doldurub, o ölkələr ki fərdi təşəbbüskarlığın önündəki siyasi-iqtisadi əngəlləri yox edib, gələcək onların olacaq.    

Bəs bu gələcəkdə bizə də yer varmı?

Məlum tarixi səbəblərə görə ideoloji təməllərimizin zəif olması, mövcudluğumuzun immunitetini (qəbilə, tayfa xalqlarında olduğu kimi) daha çox adət və ənənələrin təşkil etməsi bizi həmişə uduzduran amil olub. Milli psixologiyamızı şəkilləndirən bu səbəb bizdə öz gücünü tarixdən alan bir coğrafiyada tarixi qopuqluğun nəticəsində yaranıb. 

Hər bir müstəmləkəçilik dövrü bizə özü ilə gətirdiyi hazır ideoloji kimlik təklif edib. Uzun illər islamın təklif etdiyi ərəb kimliyi ilə yaşamışıq, sonra ruslar gəlib başqa bir xristian-slavyan kimliyi təklif edib. Dərhal orta əsrlərin dini ərəb "pasportlarını” cırıb köhnə şəklimizi yeni tarixin rus-slavyan ideoloji "pasportlarına” yapışdırmışıq. Rus pasportlarını yandırandan sonra isə indi də Avropa özünün yeni "pasportalarını” təklif edir. Təəssüf ki, biz bu təklif olunan "pasportları” şəxsi pencəyimizin cibində daşımaqla yanaşı, milli kimliyimizin də cibində daşımışıq və cırdığımız, yandırdığımız pencəyimizin cibindəki pasportlar olub. Bu gün də hər bir azərbaycanlının milli kimliyinin cibinə baxsaq, birinin ərəb, birinin rus, o birinin avropalı olduğunu görərik. Lap Cəlil Məmməquluzadənin "Anamın kitabı”nda təsvir olunan milli hərc-mərclik kimi. 

Bizi birləşməyə qoymayan da bu gizli ciblərimizdəki milli kimliklərimizdir. Müharibə vəziyyətində yaşayan bir xalq üçün bu milli-ideoloji "həftəbecərlik” özü bir təhlükə mənbəyidir. İlk növbədə bu ideoloji "rəngarəngliyə” tünd bir rənglə fırça çəkmək lazım. 

Ölkədə insanları şəxsi mülkiyyət kimi intellektual mülkiyyətə də sərmayə qoymağa həvəsləndirmək və bunu hüquqi nəzarətlə təmin etmək lazımdır. Yuxarıda adını çəkdiyim müəlliflərin iqtisadi inancına görə məhz 1623-cü ildə İngiltərədə, daha sonra ABŞ-da patent hüququnun tanınması bu ölkələrdə sənaye inqilabının baş verməsinə və sıçrayışa səbəb oldu.

Belə ki, bu qanun təkcə varlılara deyil, sıravi vətəndaşlara da öz ideyalarını gercəkləşdirmək şansı verirdi. 1733-cü ildə Con Key toxucu dəzgahlarında buxarın gücündən istifadənin yolunu tapdı, bu, İngiltərədə həm də ilk patent hüquq alan bir ideya idi. Yaxud elektrik lampasının ixtiraçısı kimi tanıdığımız Tomas Edison "General Motors”u bu qanunun verdiyi imkanlar nəticəsində qura bilmişdi. 

Lev Qumilyov kimi, fransız maarifçisi Mönteskyö də ölkələrin mənəvi-iqtisadi tərəqqisini relyef, iqlim kimi coğrafi amillərlə bağlayanda insan təbiətdən tam uzaqlaşmamışdı. Ancaq Sinqapur, Malaziya kimi tropik ölkələrdə hüquqi, siyasi və iqtisadi sistemin düzgün işləməsi onu göstərdi ki, günümüzdə Mönteskyö nəzəriyyəsi də yalnız axsaqlar üçün bir bəhanə ola bilər. Halbuki coğrafi cəhətdən Mönteskyönün hipotezinə tam uyğun olan keçmiş Almaniya və indki Koreyada fərqli sistemlərin tətbiqi nəticəsində bu ölkələrin zəngin və yoxsul ölkələr kimi iki yerə bölünməsi göz önündədir. Demək, Mönteksyönün hipotezi özünü doğrultmadı: ağıl qarşısında təbiət gücsüzdür. 

Biz hələlik ölkənin təbii sərvətləri ilə öyünürük, onun intellektual sərvətlərini isə inkişaf etmiş ölkələrin təhsil proqramları daşıyıb aparır. Bu da müharibə vəziyyətində olan ölkə üçün digər bir təhlükədir. Xatırladım ki, islam dünyası Talas döyüşündə əsir alınmış çinlilərdən öyrəndiyi icadlar sayəsində parladı. Bu icadlar olmasaydı, islam lokal bir inanc olaraq özünə qapanıb qalacaqdı.            

Azərbaycanlıların qədim ticarət ənənələri zamanından miras qalmış belə bir sözü var: pulu pul çoxaldar. 

"Millətlərin çöküşü” kitabında isə buna oxşar bir fikir vurğulanır ki, zənginlik zənginlik yaratdığı kimi, yoxsulluq da yoxsulluq yaradır. Herontoloqlara görə, bu gün eyni millətdən olan Şimali Koreyada orta ömür həddi 38 il olmasına baxmayaraq, Cənubi Koreyada bu hədd 90 ildir. Bu ədədlər hər iki ölkədə zənginliyin və yoxsulluğun arasındakı fərqin göstəricisidir. Çünki şimalda kommunist sistemin nəzarətində olan insanlar sistemin zənginləşməsi üçün işləyən və sistem zənginləşdikcə özülləri yoxsullaşan ideoloji kölələrdir. 

Cənubi koreyalının isə sistemi zənginləşdirmək deyə bir dərdi yoxdur, o, özünü zənginləşdirdikcə sistem onsuz da zənginləşir. Ona görə də iki koreyalı qardaşın biri durmadan özünü yoxsullaşdırmaq üçün çalışır, o biri isə daha da zəngin olmaq haqqında düşünür. (Onu da deyim ki, hər iki sistemin qurulmasında Koreya xalqı, müəllif yox, sadəcə, iştirakçı olublar. Sistemlərin yerini dəyişsək, 25-30 ildən sonra şimallılar 90 il, cənublular 38 il yaşamağa başlayacaq). 

Bizdə zənginlik anlayışına sovet proletarizmindən qalma bir nifrət var, hətta ondan da əvvəl babalarımız "ac ol, kişi ol” utopiyası ilə yaşayıblar. Bu milli düşüncəyə görə, Azərbaycanda bu gün heç kim minimum əməkhaqqına etiraz etməməlidir, çünki bu atalar sözümüzə görə, kişi olmaq üçün minimum əməkhaqqı yetərlidir.  

"Ac ol, kişi ol” prinsipi ilə iqtisadi sistem quran ölkələrdən biri də keçmiş sovet ölkəsi idi; ac və işlək vətəndaşların hesabına bir müddət güclü iqtisadiyyat yarada bilsə də, sərmayəni daha dinamik inkişaf edən sahələrə yatırmaq əvəzinə, prinsipin "kişi ol” qisminə, yəni silahlanmaya yatırdı. Nəticədə, hərbi gücünə görə dünya Koroğlusu olmaq istəyən bir imperiya, iqtisadi cəhətdən heç Keçəl Həmzə də ola bilmədi. Yaxud bir zamanlar zəngin müstəqil şəhər-dövlət olan Venesiya vaxtını onu zənginləşdirən, bütün dünyada həyata keçirdiyi karqo (yükdaşıma) sistemindən ayırıb daxili siyasi çəkişmələrə xərclədi. Bunun da nəticəsində dünyanın ən varlı şəhər-dövləti olan Venesiya bu gün, sadəcə, turistlərin cibinə baxan bir İtaliya şəhəridir. Pul "hər igidin öz dövranı var” teorisini sevmir. 

Acların kişi sayıldığı dünya  - elə bir yer yoxdur artıq.  

Digər xəbərlər
SON XƏBƏRLƏR