YAP Siyasi Şura üzvündən kredit güzəşti qərarına şərh:"Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması..."

img

28-02-2019 [21:03]


"Əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini gücləndirmək, layiqli həyat səviyyəsini təmin etmək bu günümüzə və gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. 

Bu günümüzdən dünənimizə, həmçinin qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetlərə nəzər yetirdikdə bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını, islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyini daha aydın görürük. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi və s. kimi tədbirlər vətəndaş amilinin dövlət siyasətinin əsasında dayandığını bir daha təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən "2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır” əminliyi də ötən illərin uğurlarına, eyni zamanda, cari ilin arxada qalan iki ayında əldə olunan sosial-iqtisadi göstəricilərə əsaslanır.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mia.az-a  açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da səsləndirilən rəqəmlər bu ilin aydın mənzərəsini yaratmışdır: "Belə ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırılıb. Aztəminatlı ailələrin sosial müdafiəsi məqsədilə ünvanlı dövlət sosial yardım proqramının icrası davam etdirilərək, ötən ilin son ayında orta aylıq məbləğ 189 manata çatdırılıb. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin həyata keçirdiyi sosial siyasətin əsas tərkib hissəsidir. Bu diqqət və qayğı cari ilin ilk aylarında atılan addımlarda da özünü aydın göstərir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən özünüməşğulluq proqramına cəlb olunanların əksəriyyəti də məhz ünvanlı yardım alanlar, məcburi köçkünlər, əlilliyi olanlar, şəhid ailələridir".

V.Rəhimzadə onu da əlavə edib ki, atılan hər bir addım bu reallığı göstərir ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır: "Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır. Son bir ayda vətəndaşlara sevinc bəxş edən addımlar sırasında minimum əməkhaqqının, pensiyaların artırılmasını, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə, sosial müavinətlərin, təqaüd sisteminin təkmilləşdirilməsinə dair, həmçinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması haqqında sərəncamların imzalanmasını qeyd etməliyik. Bütün bunlar bir daha sübut edir ki, davamlı inkişafı, yüksək rifahı həyata keçirilən siyasətin əsas prinsipi kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasını daim diqqət mərkəzində saxlayır".

O deyib: "Prezident İlham Əliyev daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında”, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanlar bir daha ölkə Prezidentinin qərarlarının bütün dünya üçün sosial inqilab nümunəsi olmasına işıq salır. Belə ki, son illərdə dünyanı bürüyən maliyyə və iqtisadi böhranla əlaqədar olaraq enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bunun nəticəsi olaraq əhalinin müəyyən hissəsinin ödəmə qabiliyyəti zəiflədi, xarici valyutada kredit almış vətəndaşların banklar qarşısında öhdəlikləri artdı, məsələ ilə bağlı məhkəmə müstəvisində baxılma halları çoxaldı. Dövlətimizin başçısının məlum Fərmanı son dövrlərdə ölkədə makroiqtisadi sabitliyin təmin olunmasına, iqtisadi inkişaf templərinin bərpa edilərək maliyyə imkanlarının genişlənməsinə, həmçinin əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyinin göstərilməsi üçün şərait yaratmışdır”.

Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizdə manatın devalvasiyasından sonra müzakirə olunan əsas məsələlərdən biri məhz əhalinin xarici valyutada kreditləri ilə bağlı oldu. İctimai müzakirələr keçirildi, dövlətimizin başçısının tapşırığına uyğun olaraq hökumət bu istiqamətdə fəal iş apararaq təkliflərini səsləndirdi. Məsələ ilə bağlı Milli Məclisdə də müzakirələr keçirildi.

"Problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsüdür”,- söyləyən V.Rəhimzadə bildirib ki, atılan bu addım vətəndaşların maddi rifah halını daha da yüksəltmək, onların maliyyə yükünü azaltmaq məqsədi daşıyır: "Dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə də bu mühüm məqam xüsusi qeyd edilib ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilib, ancaq onlar icra edilməyib. Prezident İlham Əliyev vurğulayıb ki, yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaş üçün ən məqbul variantın seçilməsi əsasdır. Bununla yanaşı, maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Ölkə Prezidenti bu inamı ifadə edib ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək".

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev fevralın 28-də imzaladığı Fərmanı ilə qeyd etdiyi yaxın gələcəyi daha da yaxınlaşdırıb: "Vətəndaşlara bəxş olunan bu sevinc, eyni zamanda, bundan öncəki qərarlar, sözün əsl mənasında, inqilabi qərarlardır. Azərbaycan digər sahələr kimi, sosial sahədə də təkmil təcrübəsini, liderliyini bir daha dünyaya nümayiş etdirdi".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA