“Fərsiz xairici siyasətimizdə və hakimiyyət daxilində aparılan oyunlar..." - Partiya sədri

img

28-02-2019 [15:19]


Xəbər verdiyimiz kimi, rusiyalı deputatların Bakıda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar keçirilən ümumxalq yürüşündə iştirakı Ermənistanın Rusiyadakı səfirinin bəyanatla çıxış etməsinə səbəb olub. Səfir Vardan Toqonyan bildirib ki, "parlamentarilərin motivləri erməni tərəfinə aydın deyil və onların Bakı ilə həmrəylik nümayiş etdirmələrini, bu cür aksiyalarda hansı məqsədlə iştirak etmələrini anlaya bilmir”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator.az-a açıqlamasında bu gün dünyanın hər yerində Dağlıq Qarabağla bağlı ermənilərin öz məkrli siyasətlərini davam etdirməkdə olduğunu bildirib:

"Bu gün Ermənistan hökuməti rusların köməyi ilə Azərbaycan torpaqlarını zəbt edəndən sonra indi də o əraziləri rəsmiləşdirməyə başlayıblar. Ona görə də onlar bütün vasitələrə əl atırlar ki, həm Dağlıq Qarabağı, həm də Xocalı faciəsini unutdursunlar. Bununla bağlı ermənilər dünyada çox geniş şəkildə iş aparırlar. Amma çox təəssüflər olsun ki, bizim daxilimizdə Xocalı faciəsini və şəhidlərimizi unutdurmaq üçün qadağalar qoyurlar. Ona görə də Azərbaycana olan basqının qarşısını almaqdan ötrü millətlə dövlətin birliyi lazımdır, amma biz bunu görə bilmirik. Bu və digər məsələlərlə bağlı günlərdi ki, xaricdəydim. Bu gün Azərbaycanın başının üstündə çox böyük oyunlar gedir. Hətta Azərbaycan hakimiyyəti daxilində övladlarını xaricdə oxudanlar, biznes quranlar, milyardlarla sərmayə qoyanların əksəriyyəti Azərbaycan dövlətinin əleyhinə iş aparır.

Çox təəssüf hissi keçirirəm ki, xarici səfərimdə bunların hamısının canlı şahidi oldum. Azərbaycan dövlətinin daxilində olan bəzi separatçı qüvvələr və hakimiyyətin əleyhinə gedən qüvvələr nə Xocalı soyqırımının, nə də Dağlıq Qarabağın dünya gündəmində olmasını istəyir. Ölkə daxilində Dağlıq Qarabağ məsələsini unutdurmaqdan ötrü bütün vasitələrə əl atırlar. O üzdən də bizim bu qədər faciələrimiz ola-ola, Xocalıda insanlarımızı ermənilərin qanına qəltan etməsini dünyaya yaya bilmirik. Ermənilərin də arxasında böyük güclər dayanıb. Amma istənilən halda rus siyasətçilərinin gəlib Xocalı soyqırımının ildönümündə iştirakını alqışlamaq lazımdır, amma Xocalı faciəsinin törədilməsində ermənilərlə bərabər, ruslar da iştirak ediblər. Onlar da buna cavab verməlidir. Bu baxımdan bizim çox ciddi birliyimiz və ölkə başçısının birgə aparacağı mübarizə öndə olmalıdır, yoxsa bu hakimiyyətin üzvlərindən nə Xocalı soyqırımının, nə Dağlıq Qarabağ məsələsinin həllini gözləmək bir yalnışlıqdır. Bu baxımdan düşünürəm ki, qısa müddətdə çox ciddi addımlar atılmalıdır. Bu gün bizim fərsiz xairici siyasətimizdə və hakimiyyət daxilində aparılan oyunlar Azərbaycana Dağlıq Qarabağ məsələsini unutdurur və bir müddət sonra Xocalı soyqırımını da unutduracaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA