Peruda Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib - Çıxışlar + FOTO

img

26-02-2019 [18:31]


Peru Respublikası Konqresində Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Mia.az-a verilən məlumata görə, tədbir Peru Konqresinin Peru-Azərbaycan dostluq qrupu və Azərbaycan Respublikasının Perudakı Səfirliyinin birgə təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Konqresin dostluq qrupunun üzvləri, Peruda akkreditasiya edilmiş səfirliklərin rəhbərləri və əməkdaşları, həmçinin Peru KİV nümayəndələri iştirak ediblər. 

Tədbirin əvvəlində iştirakçılar Xocalı qurbanlarının əziz xatirəsini ehtiram əlaməti olaraq bir dəqiqəlik sükutla yad etmişlər. 

Daha sonra Konqresin Azərbaycan-Peru dostluq qrupunun sədri Dalmiro Palomino çıxış etmişdir. O, Peru-Azərbaycan münasibətləri haqqında məlumat vermiş, ölkəmizin sürətlə inkişaf etdiyini və bu işdə ölkə rəhbərliyinin uğurlu siyasətini xüsusi vurğulamışdır. Cənab Palomino Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat vermişdir. O, bu münaqişənin regionun təhlükəsizliyi, layihələr üçün təhlükə, əməkdaşlıq üçün maneə olduğunu vurğulamışdır. 

Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi və xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamın XX əsrin ən dəhşətli faciələrindən biri olduğu nəzərə çatdırılmışdır. D. Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulamış, beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırmışdır.

Ölkəmizin Perudakı Səfirliyin müvəqqəti işlər vəkili Mehdi Məmmədov öz çıxışında iştirakçılara Azərbaycan xalqı ilə həmrəyliklərinə görə minnətdarlığını bildirmiş, onlara 27 il əvvəl Xocalıda baş vermiş faciəli hadisələr və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında geniş məlumat vermişdir. Azərbaycan ərazisinin beşdə biri işğal olunduğu, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insanın öz doğma torpaqlarından qovularaq məcburi köçkün və qaçqın həyatı yaşadığı nəzərə çatdırılmışdır.

Azərbaycanlı diplomat qeyd etmişdir ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. O bildirmişdir ki, Xocalı faciəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə daha geniş çatdırılır və bir sıra ölkə və beynəlxalq təşkilatlar tərəfindən bu faciə soyqırımı kimi tanınmışdır. Perunun həmin dövlətlər sırasında olduğu məmnunluq hissi ilə qeyd etmişdir. 

Diplomat Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq məqsədilə apardığı diplomatik və informasiya siyasəti haqqında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış, dünya birliyinə erməni vəhşiliklərini çatdırmaq işində müstəsna rolu olan «Xocalıya ədalət!» beynəlxalq təbliğat-təşviqat kompaniyası haqqında məlumat vermişdir.

Azərbaycan nümayəndəsi qeyd etmişdir ki, ölkəmiz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında nizamlanmasının tərəfdarıdır. Nəzərə çatdırılmışdır ki, Azərbaycanın ərazi bütövlüyü,  beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələri mövcuddur. Bütün bunlar münaqişənin həlli üçün əsasdır.

Tədbirdə Heydər Əliyev fondu tərəfindən hazırlanmış " Xocalıya ədalət!" video çarxı nümayiş etdirilmiş və Xocalı soyqırımı ilə bağlı material paylanmışdır.

Sözügedən tədbir haqqında məlumat Peru Konqresinin rəsmi internet səhifəsində, Perunun televiziya kanallarından birində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA