Müsavat Partiyası yürüş-mitinq keçirəcək - Qərar qəbul edildi

img

25-02-2019 [20:37]


Bu gün, fevralın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası, görülən işlər barədə məlumat verib. Müsavat Partiyası İmişli və Zərdab rayon təşkilatlarında keçirilən yığıncaqlar haqqında məlumat dinlənilib.

Müsavat Partiyası Mətbuat Departamentinin rəhbəri, bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Divan tərəfindən geniş müzakirə olunub. Bu qərar siyasi sifariş, Müsavat Partiyasına, Mustafa Hacıbəyliyə qarşı təzyiqlərin davamı kimi qiymətləndirilib. Divan bu qərarın dərhal ləğv edilərək Mustafa Hacıbəyliyə bəraət verilməsini tələb edib.

Siyasi məhbusların məhkəmələri ilə bağlı məsələlərin müzakirəsi zamanı Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin məhkəmə prosesi haqqında məlumat verilib.

Divanda müstəqil vəkil Yalçın İmanovun vəkillik fəaliyətinə məhkəmə qərarı ilə xitam verilməsi müstəqil vəkillik institutuna basqı olduğu və bu qərarın siyasi sifarişlə verildiyini vurğulamaqla Yalçın İmanovun, eləcə də vəkillik səlahiyətlərinə bu və ya digər şəkildə məhdudiyət qoyulmuş şəxslərin Vəkillər Kollegiyasında fəaliyətinə şərait yaradılması tələb edilib.

Müsavat Partiyası Divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, hətta məhdud icazəli toplaşma imkanlarının da aradan qaldırılmasını pisləməklə 10 mart, saat 15:00-da "Siyasi məhbuslara azadlıq”, "Sərbəst toplaşma azadlığı təmin edilsin”, "Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” və digər tələblərlə S.S.Axundov küçəsindən başlamaqla, "Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İH-nə müraciət etmək barədə qərar qəbul edib.

Divanda İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycan ərazilərinə iddia edərək dediklərinin beynəlxalq hüquq normalarına, dinc yanaşı yaşamaq prinsiplərinə zidd olduğu vurğulanıb, bu açıqlamalara Azərbaycan hakimiyətinin susqunluqla reaksiya verməsi pislənilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA