Seçkiyə hazırlıq, ATƏT Baş katibi və həmsədrlərə etiraz, XİN-nin "Qara siyahı"sı... - BQP-də müzakirə

img

06-11-2018 [16:05]


Bu gün Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib.

BQP-dən Mia.az-a verilən məlumata görə, partiya başqanı Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, eləcə də digər məsələlər müzakirə edilib.

 BQP başqanının ictimai-siyasi vəziyyət mövzusunda məruzəsi və məruzə ətrafında müzakirələrdən  sonra partiyanın Sabunçu və Binəqədi rayonlarında keçirilən ümumi yığıncaqlar və Xətai rayon təşkilatında keçirilməsi nəzərdə tutulan konfrans haqqında  Təşkilat şöbəsinin məlumatı dinlənilib, qarşıdakı ildə ölkədə keçirilməsi nəzərdə tutulan yerli özünüidarə orqanlarına seçkilərdə  rayon təşkilatlarının hazırlığının vəziyyəti müzakirə olunub.

İclasda ATƏT Baş katibi Tomas Qreminqerin Moskvada keçirilən brifinqdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin bərpa edilməsi barədə çıxışında qeyd etdiyi fikirlərə etiraz edilib: "ATƏT-in Baş katibinin "Tərəflər kompromisə gəlməlidir”- ifadəsini işlətməsi cəmiyyətdə bu quruma qarşı formalaşan etimadsızlığın nahaq yerə formalaşmadığını göstərir. İşğala məruz qalan ölkə hansı əsaslarla kompromisə getməlidir. ATƏT-in Baş katibinin dilindən İşğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmaması bu qurumun təsis prinsiplərinin heçə sayılmasıdır”.

Siyasi Qurul ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə son səfərini növbəti  əhəmiyyətsiz gəzinti  kimi qiymətləndirib: "Onlar beynəlxalq hüquqa söykənən təklif və planlarla deyil, sadəcə dialoqu davam etdirmək naminə bölgəyə səfər edirlər. Onilliklər ərzində problemin həll edilə bilməməsi həmsədrlik institutunun qeyri-effektivliyini göstərir. Həmsədr ölkələrin ayrı-ayrılıqda subyektiv maraqları, aralarındakı ziddiyyətlər, eyni zamanda işğalçı ölkəyə qarşı adekvat davranmamaları onların ədalətli, yekdil mövqedən çıxış etmələrinə mane olur”.

İclasda son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinə xarici ölkə vətəndaşlarının qeyri-qanuni səfərlərinin artmasına diqqət yönəldilib: "Bu, faktlar Azərbaycanın suveren hüquqlarının kobud şəkildə pozulması və qondarma rejimi leqallaşdırmağa hesablanan planlı cəhdlərdir. Münaqişənin nizamlanması vəzifəsini öhdəsinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərin bu məsələdə daha çox canfəşanlıq etmələri işğalçının və separatçı rejimin təşviqinə xidmət edir. Aidiyyatı qurumlarımız təkcə, "Qara siyahı”larla kifayətlənməməli, Azərbaycanın qanunlarına etinasız yanaşan ölkələrlə beynəlxalq hüququn tanıdığı gücdən tam istifadə etməlidir”.

Siyasi Qurul Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüşündə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləmələrinin bəyan etmələrini və İranın birmənalı şəkildə öz qəti mövqeyini ortaya qoymasını əhəmiyyətli  irəliləyiş kimi dəyərləndirib: "ABŞ sanksiyaları ilə üzləşmiş İran Azərbaycan və Türkiyənin onun regionda vacib iqtisadi, siyasi partnyor olduğunu  anlayır və onlarla  iqtisadi əlaqələrin inkişaf etdirilməsində xüsusilə maraqlı olduğunu göstərir”. 

Iclasda partiya başqanı, Milli Məclisin deputatı Fazil Mustafanın  irəli sürdüyü təkliflərə, xüsusilə, Stalin repressiyasının qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı qaldırdığı təklifə dəstək ifadə olunub: "Sovet dövründə siyasi əqidəsinə, əmlakına və digər səbəbələr bəhanə edilərək qərəzli ittihamlarla repressiyaya məruz qoyulan insanların xatirəsi gələcək nəsillər tərəfindən də yad edilməməlidir”.

Sonda iclas cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 16.01.2026

İmtahan olacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA