Müsavatın Divan toplantısı keçirilib

img

01-07-2013 [11:03]


Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. İclasda ötən həftə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, seçki hazırlıqları, ictimai-siyasi duruma dair müzakirələr aparılıb. Qərarların icrası haqqında məlumatdan sonra Qubad İbadoğlu 2013-cü ildə keçiriləcək Prezident seçkiləri zamanı Avropa Şurasının seçki monitorinq missiyasının rəhbəri təyin olunmuş Robert Volter barədə və TAP-ın təqdimat mərasimində iştirakı haqqında, Gülağa Aslanlı partiya rəhbərliyinin Zaqatala, Göyçay, Lənkəran və Astara rayonlarına səfərləri barədə məlumat verib. Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun şərlənərək həbs olunması və barəsində məhkəmənin iki aylıq həbs qətimkan tədbiri kimi sifarişli qərarını pisləyən bəyanat qəbul edilib və Elman Fəttahın sədrliyi ilə Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi yaradılıb. Tofiq Yaqublunun Hüquqlarını Müdafiə Komitəsinin gördüyü işlər müzakirə edilib və müdafiə tədbirlərinin güclənməsi istiqamətində təkliflər irəli sürülüb. Divan Müsavat Partiyasının üzvü, sabiq millət vəkili İltizam Əkbərlinin İmişli rayonunda baş verən qanunsuzluqlar haqqında mətbuata verdiyi məlumatlara görə, onun İmişli rayon İcra Hakimiyyəti başçısı tərəfindən məhkəməyə verilməsini hakimiyyətin seçki ilində Müsavat fəallarına qarşı repressiyalarının daha geniş vüsət alması kimi qiymətləndirib. Toplantıda seçkilərə hazırlıq məsələləri və Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının gördüyü işlər ətraflı müzakirə edilib. Partiyanın Divanı Şahdəniz qazının TAP xətti ilə nəql edilməsi haqqında qərarın Türkiyə və Avropa ölkələri ilə əlaqələrin daha da güclənməsi baxımından müsbət dəyərləndirdiyini və eyni zamanda, bu qərarın Azərbaycanda insan hüquqlarının pozulmasına və bu il keçiriləcək Prezident seçkilərinə Avropa İttifaqının laqeyd münasibətinə səbəb olmayacağına inam ifadə edib. Divan Demokratik Qüvvələrin Milli Şurasının növbəti sessiyası ilə bağlı fikir mübadiləsi aparıb və sessiyada müzakirə ediləcək məsələlərə partiyanın münasibətinin müəyyənləşdirilməsi istiqamətində qərarlar qəbul edib. Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA