?Spiker və onun müavinləri deputatı, deputat da parlament rəhbərliyini təhqir etməməlidir?

img

03-06-2013 [02:44]


[i]Çingiz Qənizadə: ?Biz Milli Məclisdə yüksək mədəniyyət nümayiş etdirməliyik ki, bizi başqa yerdə görəndə hörmətlə yanaşsınlar? ?Bu dəqiqə Milli Şurada toplananlar canavarlar kimi baş-başa durub bir-birinin hardasa səhv buraxmağını gözləyirlər? [/i] Artıq Mİilli Məclisin yaz sessiyası başa çatıb. Bu sessiya ərəfəsində bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Ancaq budəfəki sessiyada qəbul olunan qanunlar cəmiyyətdə narazılıqla qarşılanıb. Milli Məclisin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə ilə söhbətə elə bu mövzudan başladıq: - Hesab edirəm ki, Milli Məclisin budəfəki yaz sessiyası olduqca işgüzar və maraqlı keçdi. Bu sessiya ərəfəsində çoxsaylı qanunlar qəbul olundu, bəzi qanunlara əlavə və dəyişikliklər edildi. Müsbət haldır ki, qanunların qəbulu zamanı parlamentarilər bütün müzakirələrdə çox aktiv iştirak etdilər. Hər bir məsələ haqqında müxtəlif fikirlər, müxtəlif yanaşmalar ortaya qoyuldu. Ona görə də bu sessiyanı müsbət dəyərləndirmək olar. [b]- Elə bu sessiya ərəfəsində qanunlara edilən bir sıra əlavə və dəyişikliklər müxalifətin narazılığı ilə qarşılandı və onları mürtəce dəyişikliklər kimi dəyərləndirdilər. Arqumentləri də o oldu ki, parlament xalqın iradəsi ilə formalaşdırılmadığı üçün bu cür mürtəce qanunlar qəbul olunur...[/b] -Parlamentdə olanların hamısı xalqın nümayəndələridir, cəmiyyətdə kifayət qədər tanınırlar, ən müxtəlif sahələrdə çalışan insanlardır. Bu baxımdan, müxalifətin bu cür fikirlərini qəbul eləmirəm. Bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Mənim təşəbbüsümlə bu il Milli Məclisin yaz sessiyasında dörd qanun layihəsi qəbul olundu. Qrant haqqında, Qeyri Hökümət təşkilatları, fondlar haqqında qanun, dini etqad azadlığı haqqında qanun, İnzibati Məcəlləyə bir sıra əlavə və dəyişikliklər edilməsi ilə təşəbbüsüm müsbət qarşılandı. Bu qanunun qəbulu zamanı dedilər ki, guya bu, QHT-ləri boğmaq üçün ortaya atılıb. Məsələ ondadır ki, qanunun ictimai müzakirəsi zamanı ortaya konkret mövqe qoymurlar, amma o dəqiqə birtərəfli təbliğat aparırlar ki, mürtəce xarakter daşıyır və s. Mənim təklifim ondan ibarətdir ki, bütün proseslərdə aşkarlıq, hesabatlılıq və rəsmilik tələb olunsun. Söhbət qrantlardan gedirsə, rəsmi olmalı, bank hesabına köçməli, açıq olmalı və hesabat verilməlidir. Burada hər hansı bir xoşagəlməz hal yoxdur. [b]- Parlamentin işində, qanunvericilik təşəbbüsü zamanı hər hansı problemlə üzləşmisiniz?[/b] - Qətiyyən. Mən parlamentdə yeganə hüquq müdafiəçisiyəm ki, bizim hüquq müdafiəçilərinin böyük əksəriyyətini təmsil edirəm. Sözsüz ki, bəzi qanunlar qəbul olunarkən, oradakı müəyyən müddəalarla razılaşmaya bilirəm. Bu zaman öz mövqeyimi açıq şəkildə bildirirəm. Konkret bir misal çəkim, iki gün öncə qanunla bağlı Milli Məclisin üzvü və hüquq müdafiəçisi kimi Prezident Administrasiyasına dəvət olundum. Administrasiyada şöbə müdirinin müavini və bir neçə əməkdaşla bəzi müddəalarla bağlı müzakirə apardıq. İndi bunu mətbuat bilmir, müxalifət bilmir, amma mən lazımi məqamda öz mövqeyimi bildirirəm. Təkliflərim nəzərə alındı, yəqin ki, üçüncü oxunuşa qədər xalqın istəyinə uyğun qanunvericilik bazasının formalaşmasına nail olacağam. Ona görə də nəinki mənə maneçilik törədilir, əksinə, mənə şərait yaradılır ki, öz mütərəqqi fikirlərimi əsaslandıraraq, ortaya normal bir işin çıxmasına nail olum. Hesab edirəm ki, hər bir tənbəl olmayan deputat öz mövqeyində israrlı olmalıdır, işin axırına qədər getməlidir. Bu mənada, indiyə qədər nə plenar iclasda, nə komitənin iclasında hər hansı bir problemlə üzləşməmişəm. Heç bu, mümkün də deyil. Çünki burdakı hər bir millət vəkili bərabər hüquqa malikdir. Spiker və onun müavinlərinin parlament işini təşkili, idarə olunması, iclasların aparılması üstünlüyü var. Qalan hallarda onun da, mənim də bir səsi var. Ona görə də ayrı-seçkilik hallarına nəinki mənə, heç başqalarına da olduğuna rast gəlməmişəm. [b]- Ancaq bəzi hallarda parlament rəhbərliyi ilə deputatlar arasında gərginlik olur, hətta söz savaşı, qeyri-etik ifadələrin işlənməsinə gəlib çıxır. Adətən də bu cür münasibət müxalifətçi deputatlara qarşı sərgilənir. Bu cür halları necə qiymətləndirirsiz?[/b] - Bəzən belə hallar olur və təbii ki, bu, xoşagəlməz haldır. Amma hesab edirəm ki, belə bir hadisənin yaşanmasına səbəbkar elə müxalifətçi deputatların özləri olurlar. Gündəlikdə olan məsələləri kənara qoyub, mətbuata, ictimai rəyə xoş gəlsin deyə, başqa məsələni ortaya atanda, təbii ki, spiker, yaxud onun müavinləri tərəfindən reaksiya verilir. Yaxud da başqa millət vəkilləri tərəfində müdaxilə edilir ki, konkretlikdən kənara çıxırsan. [b]- Son iclasda vitse-spiker deputat Qüdrət Həsənquliyevə ?ayıb olsun? dedi. Sizcə, deputata qarşı bu cür etikadan kənar ifadə işlətmək nə qədər doğrudur?[/b] - Qüdrət müəllim mənim dostumdur. Oqtay müəllimin də nə qədər böyük əxlaq sahibi olduğunu bilirəm. Düzü, mən ona qarşı belə bir ifadənin səsləndiyini eşitmədim. [b]- O fikri Ziyafət Əsgərov demişdi...[/b] - Mən, elə bir gərginliyi hiss eləmədim. Amma hər halda Oqtay müəllim də, Ziyafət müəllim də yüksək əxlaqi dəyərlərə malik insanlardır. Ola bilsin ki, ümumi fikir işlənsin və deyilsin ki, ?onlara ayıb olsun!?. İnanmıram ki, kimsə Qüdrət müəllimə ?ayıb olsun? deyilsin. Şəxsən mən bu cür halların yolverilməz olduğunu qəbul edirəm. Bəzən deputatlar da hansısa çıxışına, hərəkətinə nəzarət edə bilmir, hətta bir vaxtlar tribunaya yüyürüb qışqıranlar da olub. Biz Milli Məclisdə yüksək mədəniyyət nümayiş etdirməliyik ki, bizi başqa yerdə görəndə hörmətlə yanaşsınlar. [b]- Fikirlərinizi konkretləşdirsək, spiker, yaxud vitse-spiker deputatı təhqir etməməlidir...[/b] - Nəinki spiker və onun müavinləri deputatı, deputat da parlament rəhbərliyini təhqir etməməlidir. Hesab edirəm ki, heç bir millət vəkili bir-birini təhqirinə yol verməməlidir. [b]- Çingiz müəllim, Siz hüquq müdafiəçisi olmaqla yanaşı, siyasi proseslərdə də yaxından iştirak eləmisiz. Hazırda seçki ilidir, seçkiöncəsi ölkədəki ictimai-siyasi prosesləri necə dəyərləndirirsiz?[/b] - Hazırda çox normal proseslər gedir, ölkədə siyasi sabitlik davam edir. Elə hesab edirəm ki, seçki dövründə proseslər daha çox qızışacaq. Namizədlər öz mövqelərini ortaya qoymaq üçün çıxışlar edəcək, insanlarla görüşəcəklər. Səhv etmirəmsə, bu prosesə də avqust ayının ortalarından başlanacaq. Amma bir vətəndaş kimi demək istəyirəm ki, Azərbaycanda builki seçkilərə müdaxilə etmək istəyən dövlətlər və onların emissarları var. Bizim yaxın qonşularımızın nəsə bir marağı var ki, Azərbaycan seçki prosesinə hər hansı bir müdaxilə etsinlər. Ayrı-ayrı ittifaqlar yaradılır, müəyyən qrupların ?əl?i ilə aksiyaların keçirilməsinə cəhdlər edilir. Bu mənada, hesab edirəm ki, budəfəki seçkilərdə ayrı-ayrı dövlətlər müəyyən müdaxilələrə etməyə cəhd edəcəklər. Təbii ki, bu cür müdaxilələr qanunən yolverilməzdir. Kənardan ölkə daxilindəki proseslərə müdaxilələr etmək, hansısa qruplara yardımlar etmək Azərbaycan qanunvericiliyi ilə qadağan olunub. Həm də bu dövlətlərin vədlərinə uymaq istəyən ayrı-ayrı adamlara müraciət etmək istəyirəm ki, bu hərəkətlər cinayət xarakterli hərəkətlərdir, kənardan dəstək almaq, onun müqabilində burda hansısa tədbirlərə al atmaq olmaz. Mən ədalətli və demokratik seçkilərin keçirilməsinin tərəfdarıyam. Xalq da öz seçimini etmək üçün özü qərar verməlidir, kənardan hansısa müdaxiləyə imkan verməməlidir. [b]- Son günlər mətbuatda Rusiyanın Azərbaycanda dövlət çevrilişi, hakimiyyət dəyişikliyi niyyətində olması ilə bağlı informasiyalar dolaşır. Necə düşünürsüz, bu cür niyyətin gerçəkləşməsi üçün şərait varmı?[/b] - İnanmıram ki, hansısa adamlar bu cür vədlərə uyub bəzi qanunsuz addımlara cəhd eləsinlər. Hətta buna cəhd eləsələr belə, bunu heç bir nəticəsi ola bilməz. Mən rəsmi şəxsəm, Rusiyanı hansısa hərəkətdə ittiham edə bilmərəm. Amma mətbuatda gedən məlumatlardan, ayrı-ayrı adamların Rusiyaya gedib Azərbaycana gəlməsi, müxtəlif bəyanatlar verməsi göstərir ki, həm Azərbaycan daxilində, həm ölkə xaricində qarşıdan gələn prezident seçkilərinə müdaxilə etmək istəyən qüvvələr var, amma bu cəhdlərin heç bir mənası yoxdur. Hesab edirəm ki, seçkilər normal şəraitdə keçiriləcək, xalq öz seçimini edəcək. Kənar müdaxilələr hər zaman olub, bu dəfə olsa, yenə də uğursuzluqla nəticələnəcək. [b]- Müxalifət düşərgəsində də seçkiyə hazırlıq gedir. Demək olar ki, əsas müxalif qüvvələr Milli Şurada cəmləşib. Siz bu birliyin perspektivini necə görürsünüz?[/b] - Milli Şurada olan adamlar hələ özləri bir-birini qəbul edə bilmirlər. Bənzətmə pis çıxmasın. Bu dəqiqə Milli Şurada toplananlar canavarlar kimi baş-başa durub kiminsə hardasa səhv buraxmağını gözləyirlər. Belə olan yerdə uğurlu nəticə əldə etmək mümkün deyil. Nə qədər ki, müxalifətdəkilər özləri bir-biri ilə dil tapmayıb, onların uğursuzluğu davam edəcək. Bu gün müxalifət liderlərinin böyük əksəriyyəti heç vaxt bir-biri ilə yola gedə bilməyib, bundan sonra da gedə bilməyəcəklər. Zaman-zaman savaşırlar, sonra barışırlar, təbii ki, o qədər dalaşıb barışdıqdan sonra ortada səmimiyyət ola bilməz. Ona görə də o Şuranın adı istəyir milli olsun, ya qeyri-milli olsun, onun uğur əldə edəcəyinə inanmıram. [b]- YAP İlham Əliyevin namizədliyini irəli sürsə də, hələlik bu barədə qəti qərar yoxdur. Sizcə, hakimiyyətin seçki ilə bağlı qeyri-müəyyən mövqeyi nə ilə bağlıdır?[/b] - Əvvəla, rəsmən namizədlərin irəli sürülməsinə xeyli müddət var. YAP partiya olaraq, yerlərdə konfranslarını keçirirlər, qurultaya nümayəndə seçirlər. Hesab edirəm ki, növbəti qurultayda YAP rəsmən öz namizədini elan edəcək. Hakim komandada hər hansı bir qeyri-müəyyən, xoşagəlməz hadisə olsaydı, hiss edərdim. [b]- Bəs, budəfəki seçkidə hakimiyyətin qalib gəlmək şansını necə qiymətləndirirsiz?[/b] - Ötən prezident seçkilərində biz hüquq müdafiə təşkilatlarının monitorinq qrupu olaraq, Novella xanım, Səidə xanım, Səadət xanım və mən bəyənatla çıxış etdik ki, indiki prezident İlham Əliyev cənabları seçkini yüz faiz özü udub və hər hansı saxtakarlıqdan söhbət gedə bilməz. Hesab edirəm ki, bu dəfə də elə olacaq. [b]Zaur ƏHMƏD, "Reytinq" qəzeti[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA