Vaqif Məmişov İlham Əliyevdən imtina etdi - Milyarderin açıqlaması ortaya yeni faktlar çıxardı

img

15-05-2013 [04:28]


Sankt-Peterburqda sifarişli qətllərlə məşğul olmaqda suçlanaraq həbs olunan mütəşəkkil dəstə üzvləri arasında Azərbaycanlı milyarderlərə yaxın şəxslərin adının da olması ölkəmizdə böyük maraqla qarşılanıb. 

 Xatırladaq ki, saxlanılanlar arasında qətlin icraçıları iilə yanaşı, sifarişçilərin də olduğu bildirilir ki, bu zaman 48 yaşlı azərbaycanlı İlham Əliyev ("Tülpan İlham" adı ilə tanınır) və 52 yaşlı azərbaycanlı Əli Şahrzayevin adı hallandırılır. Onlarla bərabər, 43 yaşlı daha bir azərbaycanlı - Qabil Əsədov və qətlin təşkilatçısı Xalq Məhərrəmov saxlanılıb.

 Bəzi iddialara görə, İlham Əliyev Azərbaycan Milli-Mədəni Muxtariyyatı - "Azerros"un rəhbərliyində təmsil olunub, Onun hətta "Milyarderlər İttifaqı" kimi tanıdığımız Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının fəal üzvlərindən biri olduğu da bildirilir. 

Hazırda həbsdə olan və azadlığı üçün 50 milyon tələb olunduğu haqda yeni idialarla bərabər, İlham Oruc oğlu Əliyevin "Azerros"un Sankt-Peterburq təşkilatının Şura üzvü və İdarə Heyətində aparıcı şəxslərindən biri olduğu da deyilir. Həmin quruma isə onun qudası olduğu deyilən tanınmış iş adamı Vaqif Məmişov rəhbərlik edir. Lakin milyarder, adıçəkilən şəhərdə Azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov bu iddiaları rədd edib. 

 Mia.az xəbər verir ki, Vaqif Məmişov Dia.az saytına "Tulpan İlham"ın həbsi və adının hallandırılması ilə bağlı eksklüzv açıqlama verib. Maraqlı olacağını nəzərə alıb, müsahibəni olduğu kimi təqdim edirik:  
- Vaqif müəllim, son həbslərdə sizin də adınız hallandı. Bu məsələyə münasibətiniz? 

- İlk əvvəl bir məqama aydınlıq gətirmək istəyirəm. Məni Azərbaycan mətbuatında "Azərros"un nümayəndəsi kimi təqdim edirlər, bu, yanlışdır. Mən Sankt-Peterburqda Azərbaycan Diasporasının rəhbəriyəm və 14 ilə yaxındır ki, bu vəzifəni daşıyıram. Mənim İlham Əliyevlə qohum olduğumu da yazırlar. Bu da yalandır. Mənim onunla heç bir qohumluq əlaqəm yoxdur. Onun həbsinə gəlincə isə, bu barədə nə deyə bilərəm ki? Əgər bu adam cinayət törədibsə, günahı varsa, qanun qarşısında cavab verməlidir. Mənim adımın bu işdə hallandırılması da məqsədlidir. Mən bilirəm bu, kimlərin işidir. 

- Siz İlham Əliyevi əvvəlcədən tanıyırdınızmı? Yəni həbsdən qabaq hansısa münasibətiniz olubmu?

 - Tanışlıq deyəndə, onu burdakıların hamısı yaxşı tanıyırdı. Tanınmış adam olduğundan mən də tanıyırdım, başqaları da. Belə xüsusi münasibətlərimiz isə olmayıb. 

- Bəs Azərbaycan Diasporası olaraq hansısa müdafiə işini görmək fikriniz varmı? Hər halda, İlham Əliyev azərbaycanlıdır və siz də Azərbaycan Diasporasının rəhbərisiniz?

- Nə müdafiə işi görəcəyik ki? Günahı varsa, cinayətkardırsa, cəzalandırılmalıdır. 

- Vaqif müəllim, hətta cinayətkarın belə müdafiə olunmaq hüququ var. Yəni Azərbaycan Diasporası olaraq həbs olunmuş bir azərbaycanlı kimi İlham Əliyevə sahib çıxmayacaqsınız? Ən azından onun vəkillə təminatı məsələsində yardım edə bilərsiniz? 

- Onun özünün və ailəsinin yaxşı imkanı var. Mən inanmıram ki, onların vəkil tutmağa problemləri olsun. Amma bu halda belə, kömək edə bilərik. Lakin bir məsələni bir daha vurğulayım ki, cinayət törədibsə, onun müdafiəsi də mümkün deyil. 

 Göründüyü kimi, Vaqif Məmişov "Cinayətkardırsa, cəzalandırılmalıdır" deyərək, həbsdə olan milyonçu İlham Əliyevdən faktiki imtina edib. Onun bu ifadəsinə müəyyən mənada haqq qazandırmaq olar. Lakin "belə xüsusi münasibətlərimiz isə olmayıb" ifadəsi isə Vaqif Məmişovun səmimiyyətini şübhə altına salıb. Belə ki, bu günə qədər olan iddiaların əksinə olaraq, İ.Əliyevin "Azerros"da və ya "Milyarderlər ittifaqı"nda deyil, məhz Vaqif Məmişovun rəhbərlik etdiyi Azərbaycanlıların Milli-mədəni Muxtariyyətində təmsil olunduğu faktlarla təsdiqlənir. 

 Mia.az azdias.com-a (http://azdias.com/diaspora/9/100/) istinadən həmin faktı təqdim edir. Həmin fakt isə İ.Əliyevin Məmişovun rəhbərlik etdiyi qurumda, özü də qardaşı Asif Məmişovla yanaşı rəhbər heyətdə təmsil olunduğunu göstərir. Belə bir vəziyyətdə isə onun "Tulpan İlham"la şəxsi münasibəti olmaması haqda dedikləri şübhə yaradır... 

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:47 04.08.2025

Lionel Messi zədələnib

11:00 02.08.2025

Vətənə xidmət...