YAP-ın Siyasi Şura üzvü üsyan etdi: "Mən də Ramiz Mehdiyevin nömrəsi yoxdur"

img

24-04-2013 [01:02]


YAP Siyasi Şurasının üzvü, hakim partiyanın orqanı olan ?Yeni Azərbaycan?nın 20 illik yubileyinə qəzetə 12 il rəhbərlik etmiş Alqış Həsənoğlunun (Musayev) dəvət olunmaması suallar yaradıb. Sabiq baş redaktor deyib ki, yubiley tədbirindən, ümumiyyətlə, xəbəri olmayıb. 2007-ci ildə YAP İdarə Heyətinin qərarı ilə qəzetin baş redaktoru vəzifəsindən azad edilsə də, indiyədək YAP Siyasi Şurasının üzvü olan A.Həsənoğlu ilə söhbətdə öncə bu məsələyə münasibət bildirməsini istədik. [b]- Alqış bəy, YAP-a, redaksiyaya zəng edib uzun müddət rəhbərlik etdiyiniz qəzetin yubileyinə dəvət olunmamağınızın səbəbləri ilə maraqlandınızmı? [/b] - Yox. Partiyanın 20 illik yubileyinə də məni dəvət etməmişdilər. Baxmayaraq ki, bütün Siyasi Şuranın üzvləri, hətta partiyadan çıxarılmış Sirus Təbrizli də dəvət olunmuşdu. Elə-belə maraqlandım, icra katibliyindən mənə açıq dedilər ki, sənin adını siyahıdan Prezident Administrasiyasından çıxarıblar. Konkret ad da dedilər, indi mən o adı çəkmək istəmirəm. Amma ona inanmadım və araşdırmaq da istəmədim. İndi qəzetin yubileyi ilə bağlı bu hal təkrarlanandan sonra sayt məndən bununla bağlı soruşdu. Şübhəsiz ki, mən özüm münasibət bildirməyəcəkdim. Mənə çox qəribə gəldi. Bu qəzetin 20 illik tarixi var, mən onun ikinci sayından orda fəaliyyətə başlamışam, 12 il o qəzetin redaktoru olmuşam. Heydər Əliyev YAP-ın 10 illik yubileyində çıxış edəndə bizim qəzet haqqında xüsusi danışdı. Dedi ki, son illər qəzet sanki birdən-birə böyük bir sıçrayış edib, çox yüksək səviyyədə çıxır və o qəzetin baş redaktoru da Alqış Həsənoğludur, gənc bir adamdır. Bu, mənim üçün qürurverici sözlər idi. Biz Heydər Əliyevin bu çıxışını qəzetin saytında yerləşdirmişdik. O çıxışlar var, videolar da durur, qəzetlər də, elə sizin qəzet də onun haqqında yazmışdı. Mən işdən çıxandan sonra Heydər Əliyevin çıxışını da qəzetdən yığışdırdılar. Mən hesab edirəm ki, bu, çox tərbiyəsizlikdir, ədəbsizlikdir. Təkcə mənə yox, elə siyasi liderin özünə qarşı da hörmətsizlikdir. Bu, onun tarixi çıxışıdır, tarixdə olduğu kimi qalmalıdır. Heç kim öz liderinin çıxışını özünə uyğunlaşdırmamalıdır, əksinə, öz liderinə uyğun hərəkətlər etməli, addımlar atmalıdır. Mən belə düşünürəm. Ümumiyyətlə, bu barədə danışmaq istəmirdim. Amma söhbət açıldı. Əgər bunu şüurlu ediblərsə, bu addımı atanlar çox səviyyəsiz adamlardır. [b]- Vaxtilə bir yerdə YAP-ın quruculuğunda iştirak edən, Heydər Əliyevə sadiq olan bir sıra şəxslər də ögey münasibətdən gileylənirlər. Bu münasibətin səbəbi nədir, niyə kənarda saxlanılırsınız?[/b] - Mən şikayətlənmirəm. Ancaq məqsəd-məramı da bilmirəm. Hər halda, bu, yaxşı hal deyil. Həqiqət varsa, həqiqəti tapdalayıb keçmək olmaz. Necə ola bilər axı? Bu qəzetin 12 ili mənin adımla bağlıdır. Bunu necə inkar etmək olar? Üstəgəl, mən YAP-ın Siyasi Şurasının üzvüyəm, millət vəkili olmuşam. Məşhur bir söz var. Deyir, hər bir atılan addım, deyilən söz əslində həmin şəxsin öz personasına verdiyi dəyərdir. Yəni belə addımlar atmaq çox biabırçı bir haldır. [b]- Partiya ilə əlaqəniz hansı səviyyədədir?[/b] - Partiya deyiləndə siz konkret kimi, nəyi nəzərdə tutursunuz? [b]- YAP-ın Siyasi Şurasının üzvüsünüzsə, ən azı toplantılarına çağırılmalısınız...[/b] - Tutaq ki, məni keçirilən hansısa tədbirə dəvət etmirlərsə, mən kimlə əlaqə saxlaya bilərəm? [b]- Sonuncu dəfə YAP-a nə vaxt gedibsiniz?[/b] - Sonuncu dəfə elə partiyanın 20 illiyi ilə bağlı tədbirə dəvət olunmamağım barədə soruşmuşam, deyiblər rəhbərliyin tapşırığıdır ki, sizi dəvət etməyək. Telefon vasitəsilə soruşmuşdum. [b]- Partiya qərargahına son dəfə ayağınız nə vaxt dəyib? [/b] - 2007-ci ildə. Partiyanın İcra katibliyində olmuşam. [b]- Ümumilikdə YAP-ın hazırkı xətti sizi qane edirmi?[/b] - Partiyanın xətti deyiləndə mənim fikrimə ilk növbədə partiyanın sədri gəlir. Partiya sədrinin apardığı siyasəti də yüzdə-yüz dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycanın gələcəyi İlham Əliyevin adı ilə bağlıdır, bu, mənim prinsipial mövqeyimdir. Mənim fikrimcə, prinsipial adamlara hamı hörmət etməlidir. Qəzetdə işləyəndə də prinsiplə işləmişəm, işləməyəndə də prinsiplə yaşayıram və bütün məqamlarda prinsipial həyat tərzi sürmüşəm. Məni öz prinsiplərimdən, siyasi baxışlarımdan heç kim döndərə bilməz. Mən öz siyasi mövqeyimdən nəinki bir addım, bir millimetr də geri çəkilən deyiləm. [b]- Seçki ilindən gözləntiniz nədir? Siyasi ab-hava sizi qane edirmi?[/b] - Hesab edirəm ki, normal proseslər gedir, qeyri-adi heç nə görmürəm. Gələcək, necə olacaq, onu zaman göstərəcək. -[b] Amma paytaxtdan kənara çıxışına məhdudiyyət qoyulan müxalifət bərk narazıdır...[/b] - Müxalifət, əlbəttə, narazı olacaq. Çünki müxalifət hakimiyyətə gəlmək istəyir, iqtidarın da mövqeyi çox güclüdür. [b]- Məsələlər xalqın iradəsinə buraxılsa, başqa məsələ. Amma toplantıların dağıdılması, süni əngəllərin yaradılması günün reallığıdır. Siz o vaxt YAP-ı yaradanda belə xəttəmi üstünlük verəcəyini qərarlaşdırmışdınız?[/b] - Bütün dövrlərdə belə olub. İqtidar öz mövqeyini, dövlət dövlətçiliyini qorumalıdır. Əgər müxalifət istəyirsə ki, hakimiyyətə gəlsin, iqtidarın da bütün vasitələrlə əlindəki hakimiyyəti qorumaq haqqı var. Dünyanın hər yerində belədir. Dünyanın heç yerində müxalifətə demirlər ki, ?buyur, gəl hakimiyyəti götür?. [b]- Amma heç olmasa, müxalif fikrə meydan verirlər...[/b] [b]?Meydan verilmir, alınır?[/b] - Meydanı vermirlər, meydanı alırlar. [b]- Nazirlərin bölgələrə səfərləri ilə bağlı müşahidələriniz necədir?[/b] - Bu, təqdirəlayiq bir haldır. İstənilən halda insanlarla birbaşa ünsiyyətə, açıq danışığa getmək lazımdır. Mən bunu son dövrlər iqtidar ideoloqlarının atdığı ən uğurlu addımlardan biri hesab edirəm. Bu, nəinki seçkiqabağı, bütün dövrlərdə olmalıdır. İnsanlarla açıq söhbətə getmək, onların problemləri ilə maraqlanmaq, onların dərd-sərinə şərik olmaq lazımdır. İnsan bəzən istəmir ki, dərhal onun problemini həll eləsinlər, istəyir ki, kimsə ona qulaq assın. İnsanlara qulaq asmaq lazımdır. [b]- Bu, həm də o demək deyilmi ki, bölgələrdə yerli məmurlar vətəndaşlara qulaq asmır, onların problemlərini dinləmir? [/b] - Yəqin ki, yerli məmurlar insanları incidirlər, problemlər var və bu problemlər olmamış deyil. Problemlər olmasaydı nazirlər, ayrı-ayrı məsul şəxslər rayonlara səfər edib vətəndaşlarla görüşməzdilər. Ona görə də çox uğurlu bir addımdır. Bu kampaniyanı necə həyata keçirəcəklər, necə başa vuracaqlar, onların özündən asılıdır. [b]- Seçki ilində nazirlər səviyyəsində kadr dəyişikliklərinə gediləcəyini gözləyirsinizmi?[/b] - Nazirlərin, iri çaplı məmurların dövlət görəvinə təyin olunması birbaşa dövlət başçısının səlahiyyətinə aiddir. Dövlət başçısı da həmişə deyir ki, biz nəyi nə zaman etməyi hamıdan yaxşı bilirik. Hesab edirəm ki, prezidentin sərəncamlarını, verdiyi fərmanları şərh etmək düzgün olmazdı. Hər hansı naziri nə vaxt çıxartmaq lazımdır, çıxarırlar, kimi təyin etmək lazımdır, təyin edirlər. -[b] Yeni təhsil nazirini tanıyırsınızmı?[/b] - Yeni təhsil naziri hər şeydən öncə gəncdir. Bütün hallarda o, təhsil sisteminə yeni bir impuls, yeni ab-hava gətirəcək. Bizdə sovet dövründən qalma bir psixologiya var, hesab olunurdu ki, təhsil nazirinin mütləq elmi dərəcəsi olmalıdır, alim olmalıdır. Mən bununla razı deyiləm. Fikrimcə, Mikayıl Cabbarovun təyinatı uğurludur. [b]- Azərbaycan hakimiyyəti ilə beynəlxalq aləm, demokratik dünyanın arasında yaşanan problemlər haqda nə deyə bilərsiniz? [/b] - Azərbaycanın coğrafi mövqeyini amerikalı senator Riçard Luqar ən dəqiq ifadə edib. O, çıxışlarının birində deyirdi ki, Azərbaycan dünyanın çətin və təhlükə dolu bir məkanında yerləşir. Azərbaycan çox mürəkkəb bir situasiyada yerləşir. Çox təəssüf ki, bir çox hallarda Azərbaycanın milli maraqları, bizim dövləti maraqlarımız dünyadakı güc mərkəzlərinin maraqları ilə üst-üstə düşmür. Azərbaycan xalqının, dövlətinin problemi bununla bağlıdır. Bu, bir çox hallarda bizdən asılı olan məsələ deyil. [b]- Necə bilirsiniz, bu seçkidə hakimiyyət Qərbdən dəstək ala biləcək?[/b] - Mən hesab edirəm ki, alacaq. Çünki Qərb dairələri çox praqmatik, ağıllıdır. Onlar həmişə güc və nüfuz mərkəzləri ilə işləyirlər. Bu gün Azərbaycanda Qərbin dediyi islahatları və başqa-başqa nüansları həyata keçirmək üçün yenə güc və nüfuz sahibdir. Hesab edirəm ki, yeganə ünvan da İlham Əliyevdir. [b]- Aylardır müzakirə olunan videoqalmaqallarla bağlı fikriniz necədir?[/b] - Hüquq-mühafizə orqanları cinayət işi qaldırıblar və iş gedir. Rəsmi mövqe də ondan ibarət olub ki, heç kimə güzəşt olunmayacaq. Mən inanıram ki, doğrudan da biz güzəştsiz nəticəni görəcəyik. [b]- Bugünlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 75 illiyi münasibətilə ?Şərəf? ordeninə layiq görüldü. Ad günü və təltiflə bağlı təbrikiniz oldumu?[/b] [b]?Ramiz Mehdiyevin telefonu məndə yoxdur...?[/b] - Yox, mən zəng edib təbrik etmədim, çünki onun məndə telefonları yoxdur. [b]- Köhnə dostlardan, partiyadaşlarınızdan ən çox kiminlə münasibət saxlayırsınız, dostunuz varmı, yoxsa hamı əlaqəni kəsib? [/b] - Əlaqəni kəsib deyəndə, ümumiyyətlə, mənim çox böyük çevrəm olmayıb. İş prosesində bəli, yüzlərlə, minlərlə adamla ünsiyyətdə olmuşam. Kiməsə dost demək çətindir. Mənim dostum 7-ci sinifdə oxuyan oğlumdur, atamın adını daşıyır - Həsəndir. İndiki dövrdə kiminləsə dostluq eləmək çox mürəkkəb məsələdir. Mənim o qədər də əlaqədə olduğum adamlar olmayıb. Dostum mənim oğlumdur və o böyüdükcə bizim dostluğumuz daha da möhkəmlənəcək. [b]- Seçkidə hakimiyyət namizədinə aktiv dəstək vermək fikrindəsiniz, yoxsa müşahidəçi olaraq qalacaqsınız?[/b] - Mən bütün məqamlarda, bütün siyasi dönəmlərdə prinsipial mövqe nümayiş etdirmişəm və bütün hallarda İlham Əliyevin mövqeyini dəstəkləyəcəyəm, onun yanında olacağam. [b]- Namizəd İlham Əliyev olacaq? Çünki başqa bir namizədlə bağlı müzakirələrin aparıldığı barədə deyilir...[/b] - Müzakirələr getməsə, mən təəccüblənərdim. Amma hesab edirəm ki, sonda namizəd İlham Əliyev olacaq. Atalar da üçdən deyib... Aznews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA