Musa Ağayev: "Xalq bu il qəti mövqeyini ortaya qoyacaq"

img

11-04-2013 [12:41]


[b]"Seçkilərə qədər ölkədəki ictimai-siyasi vəziyyəti, cəmiyyətin əhval-ruhiyyəsini dəyişsək, demokratik seçki yolu ilə bu hakimiyyəti yola sala bilərik" [/b] 6 il öncə təsis olunsa da, dövlət qeydiyyatına alınmayan Yeni Zaman Partiyası aktivləşib. Hazırda partiya üzvləri qeydiyyat məsələsinin həlli üçün Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləyirlər. Partiya sədri Musa Ağayev "Reytinq"ə deyib ki, qeydiyyatla bağlı Ədliyyə Nazirliyinə 20-dən artıq müraciət etmələrinə baxmayaraq, bu günə qədər arqumentli cavab ala bilməyiblər: - 2010-cu ilə qədər Ədliyyə Nazirliyinə müraciətlərimizi davam etdirdik, amma nəticə olmadığına görə, məcburən məhkəməyə müraciət etdik. Yerli məhkəmələr də bizi futbol topu kimi oynadırdı. Bu işlə bağlı 9 məhkəmə prosesi keçirildi. Təbii ki, nəticə əvvəldən məlum idi. Azərbaycanda ədalətli məhkəmə olmadığına görə, yerli məhkəmələr, Apellyasiya və Ali Məhkəmə Ədliyyə Nazirliyinə qarşı getmədi. Buna görə də Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməli olduq. Çox təəssüf ki, Azərbaycanda bir partiyanın qeydiyyat məsələsi 6 ildir ki, uzadılır və problem həllini tapmır. 2010-cu ilin əvvəllərində Avropa Məhkməsinə müraciət etmişik. Vəkillərimiz Avropa Məhkəməsi ilə əlaqə saxlayır və verilən məlumata görə, yaxın vaxtlarda Yeni Zaman Partiyasının şikayətinə baxılacaq. - Avropa Məhkəməsinə müraciətinizdə təzminat da tələb etmisiniz? - Təzminat bizi bir o qədər də maraqlandırmır. Təzminat məsələsini Avropa Məhkəməsinin öhdəsinə buraxmışıq. Bizim əsas məqsədimiz partiyanın qeydiyyata alınmasıdır. Məsələ ondan bibarətdir ki, 6 il müddətində Azərbaycan hakimiyyəti, Ədliyyə Nazirliyi partiyanı qeydiyyatdan keçirmir. Özü də heç bir ciddi səbəb göstərmirlər. Bizə dəfələrlə cavab veriblər ki, guya hansısa məqamlar düzgün deyil. Ədliyyə Nazirliyinin Natoriat və Qeydiyyat Baş İdarəsinin rəis müavinləri səviyyəsində cavablar gəlib ki, nizamnamədə sıralamaları düzəldin. Söhbət nizamnamədə hansısa dəyişiklikdən də getmir. Nizamnamə "Siyasi partiyalar haqqında" Qanuna uyğun hazırlanıb və qəbul olunub. Onların arqumentlərində göstərilən sıralama məsələsinin isə buna dəxli yoxdur. - Bəs, partiyanın qeydə alınmamasının səbəbi nədir? - Sadəcə olaraq, Azərbaycan hakimiyyəti özünün nəzarətində olmayan siyasi təşkilatın, partiyanın olmasını istəmir, ona görə də bizim qeydiyyat məsələmizə bu cür yanaşır. Çünki bu hakimiyyət müstəqil mövqeli, özlərinin nəzarətində olmayan siyasi partiyalardan qorxur. Ədliyyə ?azirliyinin bu günə kimi tutduğu mövqe də bunu deməyə əsas verir. - Bu problemə səbəb Ədliyyə Nazirliyinin süründürməçilik amili ola bilərmi? - Mən hesab etmirəm ki, Yeni Zaman Partiyasına qarşı sərgilənən bu mövqe Ədliyyə ?azirliyinin qanunları pozmasından, yaxud da hansısa bürokratik əngəllərdən irəli gəlir. Sadəcə, Ədliyyə ?azirliyinin özü müstəqil qurum deyil və Prezident Administrasiyasından idarə olunur. Hakimiyyətin razılığı olmayan, onların nəzarətindən kənar hər hansı bir siyasi təşkilatın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması da qeyri-mümkündür. Hesab edirəm ki, bununla bağlı Ədliyyə Nazirliyinə qəti şəkildə göstəriş verildiyi üçün bizim partiyanın qeydiyyat məsələsi bu şəkildə uzadılır. - Musa bəy, artıq seçki ilidir, partiyanızın qeydiyyat problemi isə hələ də həllini tapmayıb. Belə bir şəraitdə seçkidə iştirakla bağlı hansı mövqedəsiz, nə etmək niyyətindəsiz? - Partiyamız qeydiyyatdan keçməsə də, fəaliyyətimizi davam etdirmişik. Ötən müddət ərzində bir çox rayonlarda partiyanın yerli təşkilatlarını yaratmışıq, o cümlədən, təşkilatlanma işi ilə məşğul olmuşuq. Əlbəttə ki, seçki ili olduğundan, partiya fəaliyyətini daha da genişləndirməyə başlayıb. Amma onu da unutmaq lazım deyil ki, avtoritar rejimlərdə seçkilər əvvəlcədən saxtalaşdırılır. Bu gün ölkədəki ictimai-siyasi proseslərə nəzər yetirdikdə, bəlli olur ki, Azərbaycanda normal seçki mühiti yoxdur. Demokratik seçki mühitinin formalaşması üçün təkcə biz yox, bütün demokratik qüvvələr çalışmalıdır. Yəqin ki, yaxın günlərdə bir sıra siyasi partiyalarla görüşlər keçirməyə başlayacağıq ki, Azərbaycanda demokratik seçki mühitinin formalaşmasına nail ola bilək. - Hansı partiyalarla əməkdaşlıq etmək, danaşıqlar aparmaq niyyətindəsiz? - Azərbaycanda demokratik seçkilərin keçirilməsini, hüquqi dövlətin qurulmasını, hakimiyyətin demokratik yolla dəyişilməsini istəyən bütün siyasi qüvvələrlə əməkdaşlıq etmək vacibdir. Müsavat, AXCP və digər həqiqi müxalifət mövqeyində olan bütün partiyalarla əməkdaşlıq etməyə çalışacağıq. - Artıq bir sıra müxalifət liderlərinin - İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Rəsul Quliyev və digərlərinin namizəd olacağı bəyan edilib. Onlardan hansını dəstəkləyə bilərsiniz? - Hər bir partiyanın seçkidə iştirak etmək hüququ var və bu, partiyanın vəzifələrindən biridir. Məsələ burasındadır ki, ölkədə demokratik seçki mühitinin yaradılmasına, seçki qanunvericiliyinin dəyişdirilməsinə, sərbəst toplaşma azadlığının təmin edilməsinə nail olmasaq, demokratik seçkilərin keçirilməsi çətin olacaq. Təbii ki, bütün bunlar mümkündür, ancaq buna görə mübarizə aparmaq lazımdır. Ona görə də, bu gün hansısa namizədin dəstəklənməsi yox, ölkədə demokratik mübarizə uğrunda hamı birləşməlidir. - Amma namizəd də vacib məsələdir. İddiasını bəyan edənlərdən kimisə dəstəkləyəcəksiz, yoxsa öz namizədiniz olacaq? - Kimin daha çox dəstəyi, kimin daha çox şansı olsa, onun namizədliyini müdafiə edə bilərik. Hətta öz namizədimizin olması da mümkündür. Amma bu gün onu müəyyənləşdirmək, bu barədə danışmaq tezdir. - Yaxın perspektivdə nə etmək niyyətindəsiz, siyasi arenada lazımi mövqe tutmaq üçün nələri planlaşdırırsız? - Əgər bir ölkədə ki, hakimiyyət 6 ildir nəzarətində olmadığı partiyanı qeydiyyata almaqdan imtina edirsə, bu hakimiyyət demokratik seçki keçirə bilməz. Dəfələrlə şahidi olmuşuq ki, bu hakimiyyət hər zaman seçkini saxtalaşdırmaq yolunu tutub. Ona görə də hakimiyyət mənsublarının demokratik seçki keçiriləcəyi ilə bağlı vədləri absurddur. Ancaq onu da düşünürəm ki, Azərbaycan xalqı bu il qəti mövqeyini ortaya qoyacaq. Əgər biz seçkilərə qədər ölkədəki ictimai-siyasi vəziyyəti, cəmiyyətin əhval-ruhiyyəsini dəyişsək, demokratik seçki yolu ilə bu hakimiyyəti yola sala bilərik. - Musa bəy, partiyanız təsis edilərkən, onun eks-prezident Ayaz Mütəllibovun diqtəsi ilə yaradıldığı bildirilirdi... - Bəli, biz vaxtiylə Ayaz Mütəllibovun hüquqlarını müdafiə etmişik, eyni zamanda, Azərbaycandan kənarda mühacir həyatı yaşayan digər siyasilərin də ölkəyə qayıtmasının tərəfdarı olmuşuq. Amma Yeni Zaman Partiyası təsis edilərkən, elə indi də Ayaz Mütəllibovla heç bir əlaqəsi olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA