Elmar Məmmədyarov: ?Biz o qədər sadəlövh deyilik ki??

img

01-06-2012 [12:12]


Azərbaycan insan kapitalının inkişafını, insanların təfəkkürünün tədricən dəyişməsini, habelə cəmiyyətdə ümumavropa dəyərlərinin bərqərar olmasını ölkənin firavanlığının əsas elementi hesab edir. AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri Almaniyanın ?Agenda Media? nəşrinə verdiyi müsahibədə söyləyib. Nazir vurğulayıb ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafında iqtisadi artım, müxtəlif sahələrdə islahatların dərinləşməsi kimi amillərə arxalanır, lakin əsas etibarilə Azərbaycan vətəndaşlarının gənc nəslinə güvənir. Müstəqilliyin 20 ili ərzində Azərbaycan sovet imperiyasının ucqar kommunist ölkəsindən inamla inkişaf edən demokratik dövlətə çevrilib. İnsanların təfəkküründə dəyişiklik uğrunda mübarizə bu məsələdə böyük rol oynayıb. ?Bu, bizim mübarizəmizin əsasıdır. Fikrimcə, ölkənin gələcək inkişafı, çox cəhətdən, Azərbaycanın gənc nəslinə xas olan fikir və baxışların müxtəlifliyindən asılıdır?, - deyən E.Məmmədyarov daha sonra əlavə edib ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması da bu məsələdə sonuncu amil deyil. Nazir deyib: ?İnsan kapitalının inkişafı baxımından sərmayə qoyulması üçün ən yaxşı sahə təhsildir. Bunun üçün bizim hazırladığımız dövlət proqramına əsasən ən istedadlı tələbələr xaricdə təhsil ala biləcək, sonra isə vətənə qayıdaraq onun inkişafına öz töhfəsini verəcəklər?. E.Məmmədyarov vurğulayıb ki, ölkə rəhbərliyinin qəti inamına görə, gənclərin Avropada və ABŞ-da təhsil alması onların vahid Avropa dəyərlərinə inamını möhkəmlədəcək. O deyib: ?Biz belə hesab edirik ki, bu, ölkənin inkişafının ən yaxşı üsulu olmaqla bərabər, həm də bütün Avropa məkanında mövcud olan vahid Avropa dəyərlərini Azərbaycan cəmiyyətində bərqərar etmək üçün yaxşı imkandır?. Nazir qeyd edib ki, ölkənin xarici siyasət xəttinin əsas istiqamətlərindən biri Avropa və Avroatlantika strukturlarına inteqrasiyanın davam etdirilməsidir: ?Lakin biz o qədər sadəlövh deyilik ki, inteqrasiya dedikdə bu strukturların üzvü olmağı nəzərdə tutaq. Biz öz siyasətimizi NATO-ya və ya Avropa İttifaqına daxil olub-olmamaq prinsipləri əsasında qurmuruq?. Nazir vurğulayıb ki, Azərbaycanın NATO ilə əməkdaşlığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində inkişaf edir. O, həmin planı hərbi sahədə islahatların davam etdirilməsi və dərinləşdirilməsi üçün səmərəli mexanizm adlandırıb. ?Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan ?Şərq tərəfdaşlığı? proqramı həm də Azərbaycanın Aİ üzvü olan ölkələrlə, Avropa Komissiyası və Avropa Parlamenti ilə əməkdaşlıq və tərəfdaşlığını möhkəmlətmək üçün yaxşı platformadır?, - deyən nazir daha sonra əlavə edib ki, Azərbaycanın bu proqram çərçivəsində son uğurları Aİ ilə əməkdaşlığın inkişafını çox səmərəli bir hadisə kimi qiymətləndirməyə əsas verir. Üstəlik, Aİ ilə əməkdaşlığın inkişafı müstəqilliyin möhkəmləndirilməsi üçün daha bir dayaq nöqtəsi kimi qiymətləndirilir. Nazir Azərbaycanın energetika sənayesinin inkişafından əldə edilən gəlirlər mövzusuna da toxunaraq deyib ki, həmin gəlirlər müxtəlif sahələrin inkişafına yönəldilir: ?Biz öz enerji ehtiyatlarımızı millətin və ölkənin inkişafı üçün, müstəqillik və suverenliyi möhkəmləndirilməsi üçün, habelə insan kapitalının inkişafı üçün möhkəm təməl hesab edirik. Ölkədə daxili inkişafa sərmayə qoyulması üzrə xüsusi dövlət proqramları həyata keçirilir. Dövlət kənd regionlarının inkişafı üçün xüsusi proqram hazırlayıb. Bu proqram Abşeron yarımadasında müşahidə olunan inkişaf tempi ilə uzlaşdırılacaq. Biz çalışırıq ki, Azərbaycanın hər bir vətəndaşı ölkənin enerji ehtiyatlarının işlənməsindən və ixracından yaranan pozitiv effekti öz üzərində hiss etsin?. Din amilinin inkişaf üçün təhlükəli olub-olmaması barədə sualın cavabında nazir qeyd edib ki, o, həmin amili ölkənin sabitliyi üçün böyük təhdid mənbəyi hesab etmir, çünki Azərbaycan dünyəvi müsəlman dövlətidir, bu cəmiyyətdə dünyəvi həyat tərzi kök salıb. Nazir vurğulayıb: ?Digər tərəfdən, ənənələr və mədəni irs baxımından din çox mühüm və çox incə elementdir. Ona ehtiyatla yanaşmaq lazımdır?. Nazir sonda deyib: ?Təhlükəsizliyin əsas elementləri ilə yanaşı cəmiyyətin təhsil və şüur səviyyəsinin yüksək olmasını təmin etmək lazımdır. Belə cəmiyyətdə qanuna və demokratiya prinsiplərinə hörmət edilməlidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA