ViP AXC-nin 94-cü ildönümü və partiyanın təsis olunmasının 6 illiyi münasibəti ilə tədbir keçirib

img

29-05-2012 [02:45]


Mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) 94-cü ildönümü və partiyanın təsis olunmasının 6 illiyi münasibəti ilə geniş tədbir keçirib. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında təşkil olunan mərasimdə VİP fəalları və tərəfdarları, media mənsubları iştirak ediblər. Dövlət himninin ifası ilə başlayan tədbiri giriş sözü ilə açan VİP Siyasi Şurasının üzvü Hacı Nizami Rza AXC-nin yaradılmasını çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixinin yeni qızıl səhifəsi kimi dəyərləndirərək, bu böyük hadisənin tarixi-siyasi əhəmiyyətini qeyd edib. H.N.Rza VİP-in də 28 May günündə təsis olunduğunu vurğulayaraq, bu tarixin partiya üzvləri üçün ikiqat əlamətdar olduğunu deyib. VİP Siyasi Şurasının Fərzalı Qasımov Respublika Günü və VİP-in ildönümü münasibəti ilə təbriklərini çatdıraraq, diqqəti AXC-nin varisi olan Azərbaycan Respublikasının mövcud durumuna yönəldib. F.Qasımov 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğunu, amma bu faktın dövlətin və millətin ümumi durumunda müstəqil ölkələrə xas üstünlükləri hələ də əks etdirməməsinin təəssüf doğurduğunu bildirib. F.Qasımov bütün çətinliklərə baxmayaraq, müstəqilliyini bərpa etmiş Azərbaycanın fədakar insanlarının ümummilli problemlərin həlli və ölkədə demokratiyanın təntənəsi üçün əzmkar mübarizəni sona qədər davam etdirəcəyini inandığını söyləyib. Tədbirdə geniş məruzə ilə çıxış edən VİP sədri Əli Əliyev 28 May münasibəti ilə milləti təbrik edərək, AXC-nin qurucuları olan gerçək milli liderlərin parlaq ideyalarının mütləq həyata keçiriləcəyini əminliklə vurğulyıb. Ə.Əliyev Azərbaycan istiqlalının rəmzi siması olan milli lider Mənmməd Əmin Rəsulzadənin nəşinin də gec-tez uğrunda son nəfəsinə qədər mücadilə verdiyi Vətən torpağına əmanət ediləcəyini bildirib. VİP sədri çıxışının növbəti hissəsində ölkədə yaranmış ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin geniş təhlilini aparıb. Ə.Əliyev hakimiyyətin ölkə həyatının bütün sahələrində mövcud olan problemlərin həllinə yönəlik real tədbirlər görmədiyini, siyasi və digər sferalarda fəaliyyəti daha da məhdudlaşdırdığını, bununla da ölkə daxilində gərginliyin qalmasını stimullaşdırdığını önə çəkib. VİP sədri dünyanın sürətlə dəyişdiyini və yeniləndiyini vurğulayaraq, Azərbaycanda da vəziyyətin belə davam etməsinin mümkün olmayacağını deyib. Ə.Əliyev ölkənin mövcud ağır durumdan çıxarılmasının yeganə yolunun hakimiyyətin ləngimədən real və köklü dəyşikliklərə başlaması olduğunu bildirib. VİP sədri hakimiyyətin radikal islahatlara getməyəcəyi təqdirdə, özünün dəyişdirilməsi variantının maksimum aktuallaşacağını diqqətə çatdırıb. Ə.Əliyev 2013 prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində yaranmış vəziyyətin ürəkaçan olmadığını, əsas müxalifət qüvvələrini bir araya gətirmək üçün VİP-in məlum təşəbbüsünə yetərli qarşılıq verilmədiyini təəssüflə xatırladıb. VİP sədri müxalifətin 2013-cü il prezident seçkilərində uğur qazanmasının yalnız seçkilərə vahid namizədlə gedilməsi halında mümkün olacağını deyib. Ə.Əliyev müxalifətin vahid namizədinin neytral və qeyri-siyasi fiqur olmasının mümkünlüyünü də vurğulayıb. VİP sədri qeyd edib ki, seçkilərə müəyyən müddət qaldığı bir dönəmdə müxalifətdaxili müzakirələrin əsas istiqaməti seçki qanunvericiliyinin demokratikləşdirilməsinə yönəldilməli və bu məsələdə ortaq mövqe müəyyənləşdirilməlidir. VİP-in 6 illik mövcudluğu ərzində istisnasız olaraq, müstəqil siyasət yürütdüyünü diqqətə çatdıran Ə.Əliyev partiyanın hər hansı daxili və ya xarici mərkəzdən asılılığının olmadığını, bundan sonra da olmayacağını bildirib. VİP-in istər hakimiyyətin, istərsə də müxalifətin digər kəsiminin fəaliyyətinə obyektiv yanaşdığını deyən Ə.Əliyev partiyanın bundan sonra da milli maraqlara söykənən siyasətinə sadiq qalacağını qeyd edib. Partiyanın ideoloji prinsiplərinə toxunan Ə.Əliyev VİP-in millətçi-mühafizəkar siyasi təşkilat olduğunu, milli və dini xüsusiyyətlərin sintezinə əsaslanan ideologiyanın partiyanın növbəti qurultayında müzakirəyə çıxarılacağını deyib. Azərbaycanın əsas probleminin ərazi bütövlüyünün pozulması olduğunu xatırladan Ə.Əliyev hakimiyyətin Qarabağ siyasətinin olmadığını, problemin həlli ilə əlaqədar hər hansı daxili müzakirələrin aparlmadığını, hakimiyyətin bu istiqamətdə millətin gücünə arxalanan siyasət yürütmədiyini bildirib. Ə.Əliyev çıxışının sonunda VİP-in Azərbaycanın dövlət maraqlarına xidmət edən bütün təşəbbüsləri dəstəklədiyini, bu çərçivədə partiya maraqlarını arxa plana keçirməyi bacardığını və ölkənin ərazi bütövlüyünün bərpası, demokratiya, ictimai-siyasi sabitlik və sosial-iqtisai inkişafa nail olmaq yolunda əməkdaşlığa hazır olduğunu bəyan edib. VİP sədri çıxışından sonra tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandlırıb. Tədbirin yekununda bir qrup VİP üzvünə partiya biletləri təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA