"Dövlətin, millətin marağı ilə hökumətin marağı üst-üstə düzmür"

img

27-05-2012 [05:19]


[b]"Azərbaycanda qiymət artımı kiçik bir qrupun xalqın əlində olan axırıncı qəpiyi də almaq vasitəsinə çevrilib. Əlaqədar qurumlar bununla bağlı təcili tədbir görməsə, qiymətlərin bu qədər artması çox ciddi sosial gərginliklə nəticələnəcək" [/b] Büdcəyə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərildikdən sonra, İqtisadi Siyasət Komitəsində 2012-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub. Bu dəyişiklik nəticəsində dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi də nəzərdə tutulub. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, tanınmış iqtisadçı Əli Məsimli ilə müsahibəyə büdcəyə ediləcək dəyişikliklərlə bağlı sualla başladıq. [b]- Son illər Milli Məclisdə ilin ortasında dövlət büdcəsinə yenidən baxılması neftin qiymətinin proqnozlaşdırılmış səviyyədən yüksək olması ilə bağlıdır.[/b] İkinci ciddi məsələ son dövrlər Azərbaycanda, xüsusilə də bir sıra rayonlarda təbii fəlakətlərin baş verməsidir ki, onlar da xeyli məbləğdə əlavə vəsaitin ayrılmasını tələb edir. Təbii fəlakətlərin miqyası kifayət qədər geniş olduğu üçün əvvəlki büdcə ilə onları qarşılamaq mümkün deyil. Ona görə də büdcəyə yenidən baxılmasında təbii fəlakətlərin nəticələrinin sürətlə aradan qaldırılması üçün əlavə vəsaitlərin ayrılması məsələsi xüsusi yer tutur. Digər tərəfdən, bildiyiniz kimi, büdcədə neftin qiyməti 80 dollar nəzərdə tutulub. Amma 2012-ci ilin yanvar-aprel aylarının nəticələrinə baxanda görürük ki, Azərbaycan neftinin ixrac qiyməti 100 dollardan yuxarı olub. Ona görə də həmin fərq əlavə vəsaitin daxil olmasına səbəb olur. Bundan əlavə, büdcəyə başqa vəsaitlərin də daxilolma imkanları var. Bu da 600 milyon manat edir ki, o vəsait də qeyd elədiyim istiqamətlərdə problemin həllinin sürətləndirilməsinə yönəldiləcək. [b]- Əgər büdcəyə əlavə vəsait daxil olursa, gəlirlərimiz artırsa, pensiya və müavinətlərin də artırılması məsələsi gündəmə gələ bilərmi? Ümumiyyətlə, bu sahədə artıma zərurət varmı? [/b] - Pensiya və müavinətlərin qaldırılmasına ehtiyac var və bu məsələ hökumətin də diqqətindədir. Hesab edirəm ki, əlavə vəsait büdcəyə daxil olmasa da, büdcədə hər zaman maaşların, pensiya və müavinətlərin artırılması üçün vəsait nəzərdə tutulur, tutulmalıdır da, bundan sonra da nəzərdə tutulacaq. Ona görə ki, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşları aşağıdır, o cümlədən də müavinətlər yolverilməz dərəcədə aşağı səviyyədədir. Bu mənada, əmək haqlarının, pensiya və müavinətlərin qaldırılması istiqamətində addımların atılmasına ehtiyac var. [b]- Əli müəllim, büdcənin neftdən asılılığı ilə bağlı məsələyə də toxunmaq istərdim. Ümumilikdə büdcənin neftdən asılı olması ciddi problemdir, amma Azərbaycan hələ də bu asılılıqdan qurtulmaq üçün ciddi addımlar atmır. Səbəb nədir? [/b] - Büdcə müzakirə olunanda, hökumətin hesabatında Azərbaycan iqtisadiyyatının bir amildən asılılığını həmişə diqqətə çatdırır, enerji daşıyıcılarından, xüsusilə də neft amilindən asılılığın aradan qaldırılması üçün əlavə tədbirlərin görülməsi məsələsini qaldırırıq. Bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Bunun əsas səbəbi odur ki, neftdənkənar sahələrin inkişafına diqqət azdır. ?eftdən kənar sahənin inkişafı üçün o sahədəki investisiya mühitinin sağlamlaşdırılması, korrupsiya və rüşvətxorluğun, məmur özbaşınalığının aradan qaldırılması istiqamətinə sistemli tədbirlər görmək lazımdır ki, qabiliyyəti olan insanlar, xüsusən də regionlarda zəruri sahələrdə öz qabiliyyətlərini göstərə və iqtisadiyyatımızın inkişafına öz töhfələrini verə bilsinlər. [b]- İllərdir ki, belə təkliflər səslənir, amma ortada real nəticə yoxdur... [/b] - Bunun çoxsaylı səbəbləri var. Hələ Prezidentdən başqa höumətin ikinci bir üzvündən eşitməmişəm ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır. O ifadə işlənən kimi elə bil ki, o tutub yanırlar. ?ə vaxt ki, Azərbaycan hökumətinin bütün üzvləri iqtisadiyyatın neftdən asılılığının lazım olandan çox olduğunu dərk etsə, ölkə iqtisadiyyatı inkişaf eləməyə başlayacaq. [b]- Həmin hökumət nümayəndələrini də Prezident təyin edir. Bununla yanaşı, ölkə başçısı Nazirlər Kabinetinin iclasında da bu məsələni diqqə çatdırıb. ?ecə olur ki, hökumət üzvləri bu məsələni nəzərə almırlar? [/b] - Sadəcə, təfəkkür gəlib o səviyyəyə çatmayıb. Bu gün dövlətin, millətin marağı ilə hökumətin marağı üst-üstə düşmür. Hesab edirəm ki, bu istiqamətdə ciddi islahatlar aparmaq lazımdır ki, hökumətin maraqları ilə millətin və dövlətin maraqları üst-üstə düşsün. Xüsusən də hökumət bu məsələdə xəstə təfəkkürdən uzaq olmalıdır. Daha Azərbaycanın neftdən asılılığı necə ola bilər ki, neft pullarının həcmi büdcədə rekord həddə çatıb, ümumdaxili məhsulun yarıdan çoxu neft amilinin üzərindədir, ixracımızın da 90 faizindən çoxunu neft amili təşkil edir. Belə çıxır, bu rəqəmlər yüz faizə çatanda etiraf edəcəklər ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır? Bütün bunlar xəstə təxəyyüldür, ondan uzaq olmaq lazımdır. [b]- Milli Məclisdə həm hökumətin hesabatı, həm də büdcə müzakirələri zamanı müxalifətçi deputatlar hökumətin fəaliyyətindən narazılıqlarını ifadə edərək, onun istefasını tələb edirlər. Hökumətin istefasını tələb edənləri haqlı sayırsınızmı?[/b] - Mən bunu nağıldan başqa heç nə saymıram. Adam əvvəl güclənər, hökuməti istefaya göndərmək səviyyəsinə çatar, sonra da "İstefa!" deyib, arxasında dayanar. Yox, əgər "İstefa!" deyib, özünə xal qazanırsansa, mən belə bir hərəkəti özüm-özümə rəva görmərəm. Bu, populizmdən başqa bir şey deyil. [b]- Deyirsiniz ki, hökumətdə xəstə təxəyyül var. Bəs bu "xəstəlik"dən qurtulmağın yolu nədir? [/b] - Bunun bir yolu var: islahat, islahat və islahat! Cəmiyyət həyatının bütün sahələrində demokratik prinsiplərə əsaslanan islahatlar aparılmalıdır. Bunun üçün də ilk növbədə islahatdan qorxmamaq lazımdır. [b]- Son illər müxtəlif iqtisadçı ekspertlər Azərbaycanda kənd təsərrüfatı ilə bağlı vəziyyətin pis olduğunu bildirirlər. Faktiki vəziyyət də onu göstərir ki, ölkədə kənd təsərrüfatının həm ümumdaxili məhsuldakı payı, həm də tələbatın ödənilməsi ilə bağlı ciddi problemlər var. Siz vəziyyəti necə dəyərləndirirsiniz?[/b] - Əgər Azərbaycanda hansısa sahədə vəziyyət yaxşı olsaydı, mən, kənd təsərrüfatı nazirini sağına-soluna tənqid edərdim. Məsələ ondan ibarətdir ki, bütün sahələrdə vəziyyət bərbaddır. Hökumətin bütün strukturlarında vəziyyət eyni gündədir, o cümlədən kənd təsərrüfatında. Ona görə də hansısa strukturu fərqləndirib tənqid eləməyi düzgün saymıram. Hesab edirəm ki, kənd təsərrüfatına diqqətin artırılması vacibdir. İndi fərdi təsərrüfatla yanaşı, koperasiyaların yaradılması istiqamətində də addımlar atmaq istəyirlər. Əsas məsələ əmək məhsuldarlığının artırılması, kəndə köməyin gücləndirilməsi, bürokratik əngəllərin aradan qaldırılması, bütün dünya praktikasında özünü doğrultmuş həm idarəetmə, həm də bilvasitə stimullaşdırma üsulundan, qabaqcıl texnologiyadan istifadə etmək lazımdır. İnkişaf etmiş ölkələrdə bir kəndli özündən başqa hardasa 80-100 adamı yedizdirir, Azərbaycan kəndlisi, fermeri isə özünü zorla dolandırır. Təbii ki, belə şəraitdə kənd təsərrüfatının vəziyyətini məqbul hesab eləmək olmaz. Bu səbəbdən də, bu sahədə ciddi islahatlara ehtiyac var. İlk növbədə ciddi analizlər aparılmalı, belə vəziyyətin yaranmasının səbəbləri müəyyənləşdirilməli və mənfi tərəflərin aradan qaldırılması üçün ciddi islahatlara başlanmalıdır. Hazırda bütün dünyada tətbiq olunan üsul var ki, kənd təsərrüfatı dotasiya ilə yaşayan sahədir. Azərbaycan şəraitində kəndliyə hətta minimum köməklik göstərib bürokratik əngəlləri aradan qaldırsalar, kəndli özü-özünü ayağa qaldıra bilər. Bunun üçün onun əmək qüvvəsi yetərincədir. [b]- Hazırda tikinti, yol, körpü və bu kimi infrastruktur layihələrinə milyardlarla pul ayrılır, amma kənd təsərrüfatına onlarla müqayisədə 15-20 dəfə az vəsait verilir. Sizin də təmsil olunduğunuz Milli Məclis isə həmin büdcə ayırmalarına "hə" deyir... [/b] - Hər dəfə bizim də tənqid etdiyimiz məsələ, verdiyimiz təklif kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində vəsaitin ayrılması ilə bağlıdır. İndi dediyim sözlər, Milli Məclisdə büdcə müzakirə olunanda, hökumətin hesabatı zamanı vaxtaşırı səsləndirilib. Əgər biz kənd təsərrüfatına hər il 500 milyon manat, kənd təsərrüfatının ekologiya ilə bağlı problemlərinə, torpaqların şorlaşması və bununla bağlı məsələlərə onun yarısı qədər vəsait ayırsaq, müsbət nəticə əldə etmək olar. Onu da qeyd edim ki, həmin vəsaitlər öz təyinatına uyğun, kiminsə cibinə yox, sözün həqiqi mənasında kənd təsərrüfatının inkişafına yönəldilsə, 5-6 ildən sonra təqribən 12 məhsul üzrə orta hesabla 8-10 faiz artıma nail ola bilərik. Bu da kənd təsərrüfatının 5-6 ildən sonra sözün həqiqi mənasında ayağa qalxması, iqtisadiyyatın çox önəmli sahəsinə çevrilməsi, təkcə Azərbaycan əhalisini yox, eyni zamanda, xaricə eksport məhsul ixrac edən bir sahəyə çevrilməsinə gətirib çıxarar. Çünki Azərbaycanda 11 qurşaqdan 9-u var, bu da o deməkdir ki, dünyada istehsal olunan məhsulların təxminən 90 faizini ölkəmizdə istehsal eləmək mümkündür. Ancaq hansı sahələrin bazarı daha məqbuldursa, hansı sahədə yüksək məhsuldarlığa nail ola biləriksə, qabaqcıl texnologiyadan istifadə edib, o sahədə əmək məhsuldarlığını yüksəltmək olar. Bunun üçün Azərbaycanın potensialı var. Bu potensialı həyata keçirməkdən ötrü ciddi islahatlar aparılmalıdır. Yəni, iqtisadi azadlıqlar verilməlidir. Kömək edə bilmirsən, heç olmasa, mane olma,- prinsipi ilə yanaşıb, bu sahələrin inkişafına şərait yaratmaq lazımdır. [b]- Bəzi beynəlxalq iqtisadi təşkilatlar dünyada ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bu məsələnin Azərbaycana hər hansı təsiri ola bilərmi?[/b] - Azərbaycanı ərzaq təhlükəsizliyi ilə bağlı heç nə gözləmir. Kimsə deyirsə, həmin adamın bu sahə ilə bağlı yetərli informasiyası yoxdur. Azərbaycanın kifayət qədər imkanları var ki, məhsul istehsal eləsin. İqtisadiyyat elə qurulub ki, çıxmayan məhsulları xaricdən gətirmək imkanları var. Özünüz də görürsünüz ki, yerli istehsalı inkişaf etdirməyə o qədər maraqlı olmasalar da, xaricdən lazım olandan da çox məhsul gətirirlər. Buna görə də Azərbaycanda hansısa qıtlıq, aclığın olma ehtimalı sıfıra bərabərdir. [b] - Ancaq ortaya başqa problem çıxır ki, bu da qiymət artımıdır...[/b] - Xaricdən gətirilən malların üzərində qiymət artımı iki faizdən çox deyil. Yerdə qalanı inhisarçıların və işbazların süni surətdə qiymətləri bahalaşdırması ilə bağlıdır. Azərbaycanda qiymət artımı kiçik bir qrupun xalqın əlində olan axırıncı qəpiyi də almaq vasitəsinə çevrilib. Əlaqədar qurumlar bununla bağlı təcili tədbir görməsə, qiymətlərin bu qədər artması çox ciddi sosial gərginliklə nəticələnəcək. [b]- İnhisarçılıq, bazarların bir əldən idarə olunması, süni qiymət artımı və bu kimi digər məsələlərlə bağlı 10 ildir ki, danışılır, amma ortada müsbət nəticə yoxdur. Sizcə, niyə? [/b] - Əgər hökumət bu məsələləri eləməməkdən yorulmursa, mən də onu yüksək səslə deməkdən yorulmayacam. Bu günə kimi bütün çıxışlarımda inhisardan, süni qiymət artımından danışmışam, vəziyyət bu şəkildə davam edəcəksə, bundan sonra da danışacağam... [b]- Amma danışdıqlarınıza reaksiya verilmir.[/b] - Bunu ona görə eşitmirlər ki, mənim dediklərim kimlərinsə maraqlarına toxunur. Hesab edirəm ki, kimlərsə bunu deməlidir, onlardan biri də mənəm. Hökumət dediklərimizi eşidib hərəkətə keçənə qədər də deyəcəyəm. Yəqin ki, qulaqlar nə vaxtsa, məcbur olub açılacaq və dediklərimizi eşidəcəklər. [b]Zaur ƏHMƏD[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA