ilqar Altay iranda itmiz iki gənc zairimizin axtarız izləri ilə məzğul olacaq

img

25-05-2012 [12:56]


Məlum olduğu kimi, İranda keçirilən şeir müsabiqəsində iştirak etmək üçün həmin ölkəyə səfər etmiş iki Azərbaycan şairinin taleyindən hələ də bir xəbər yoxdur. Qeyd edək ki, iki gənc azərbaycanlı yazar - Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-də bu ölkədə itkin düşmüş hesab olunur. Verilən məlumatlara görə, onların hər ikisi Tehrandan Təbrizə gələn kimi saxlanıb. Şairlərin avtobusdan düşərkən 8 nəfər mülki geyimli şəxs tərəfindən oğurlandığı bildirilir. İran tərəfi şairlərin dövlət tərəfindən saxlanmasını nə təsdiq, nə də təkzib edir. Azərbaycan XİN-in mətbuat katibi isə verdiyi açıqlamada bildirib ki, onlar İranın xüsusi xidməti tərəfindən oğurlanıb. Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənov keçirdiyi son mətbuat konfransında bu haldan çox narahat olduğunu bildirdi: "Sadəcə ayıbdır. Sərhədləri keçən hər kəsə casus kimi baxmaq olmaz. Məni Azərbaycan mətbuatının bu məsələdə nümayiş etdirdiyi susqunluq çox təəccübləndirir. Anar Bayramlının həbsi ətrafında aparılan kampaniya şairlərimizlə bağlı aparılmır". Bu günlərdə isə "Sərhədsiz reportyorlar" təşkilatı İran hakimiyyətini mayın 2-də bu ölkədə itkin düşmüş iki gənc azərbaycanlı yazar - Fərid Hüseyn və Şəhriyar Hacızadə ilə bağlı baş verənlərə aydınlıq gətirməyə çağırıb. Artıq Azərbaycan mətbuatında şairlərin taleyindən narahatlığı əks etdirən çoxsaylı məqalələr dərc edilir və Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı ciddi reaksiyası hiss olunur. Təəssüflər olsun ki, bütün bu səylər şairlərin taleyinə hələ də aydınlıq gətirməyib. "Bakı xəbər"ə daxil olan məlumata görə, müstəqil ictimai tədqiqatlarla məşğul olan hüquqşünas İlqar Altayın şairlərlə bağlı araşdırma aparmaq üçün yaxın günlərdə İrana yola düşəcəyi gözlənir. Qeyd edək ki, İlqar Altay bir müddət əvvəl də oxşar tədqiqat aparmaqla bağlı İranda olmuşdu. Həmin vaxt o, mərhum jurnalist Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı maraqlı məlumatlar əldə etmişdi. Şairlərlə əlaqədar müstəqil tədqiqatın aparılıb-aparılmayacağı ilə bağlı İlqar Altayla əlaqə saxladıq. Bizimlə söhbətində hüquqşünas bildirdi ki, dünyada böyük səs-küyə səbəb olan bir sıra hadisələrin tədqiqatını aparıb: "Bu yalnız İrana aid məsələ deyil. Mən "Orqan mafiyası" ilə bağlı Ukraynada, "Mavi Mərmərə" hadisəsi ilə əlaqədar İsrail və Türkiyədə, Smolensk şəhərində olan təyyarə qəzası ilə bağlı Polşada araşdırmalar aparmışam. Yəni demək istəyirəm ki, bu sahədə böyük təcrübəm var. Hansısa araşdırmanı aparmaq üçün əsas olmalıdır. İki şairimizin itməsilə bağlı araşdırma aparmaq üçün böyük zərurət görürəm. Bu hadisədə qeyri-müəyyənlik var, İran ərazisində Azərbaycan vətəndaşları itkin düşüb. Özü də bu şəxslər ictimai missiyanın daşıyıcılarıdır. Həmin ziyalılar İrana öz şəxsi işlərinə görə deyil, aldıqları dəvətə görə gedib. İrana səfər edən gənc şairlərin düşdüyü hazırkı durum ictimai tədqiqatın aparılmasını zəruri edir. Heç bir dünya ölkəsinin praktikasında belə bir məsələ yoxdur. İran tərəfi mütləq hər hansı açıqlama verməlidir. Bəli, mən belə bir araşdırma aparmağı planlaşdırıram. Sadəcə, mənə bildirirlər ki, münasibətlərin indiki halında ora getmək bir qədər təhlükəlidir". Apardığı tədqiqatların heç birini gizli etmədiyini deyən İlqar Altay hesab edir ki, bu işdə ona heç kəs maneə törətməyəcək: "Bu işdə nə İranın, nə də Azərbaycanın qanunu pozulur. Yəqin ki, "Eurovision" yarışması başa çatdıqdan sonra İran səfərim baş tutacaq. Bilirsiniz, İran şairləri hər hansı bir ittiham əsasında həbs etdiyini təsdiq etsəydi, heç müstəqil tədqiqata ehtiyac da qalmazdı. Ancaq məntiq, İran dövlətinin xüsusiyyəti onu göstərir ki, İran hakimiyyətinin dəstəyi və icazəsi olmadan belə bir əməliyyat həyata keçirilə bilməzdi. Şairlərin həbs olunmasını görən şahidlər də var. Əvvəl onların qaldığı mehmanxanada axtarış aparılıb. Belə axtarışı yalnız hakimiyyət orqanları apara bilər. Məndə olan ilkin versiya ondan ibarətdir ki, bu, İran hakimiyyətinin və ya onlarla əlaqəsi olan qrupların işidir. Yəqin ki, araşdırmamın da istiqaməti belə olacaq. Başqa bir versiya isə iranyönlü jurnalistlərin burada həbs olunması ilə bağlı ola bilər. Hər iki halda bu məsələdə İran məsuliyyət daşıyır. Mən bunu Azərbaycana qarşı böyük sayğısızlıq hesab edirəm". Məsələ ilə əlaqədar İlqar Altayla əlaqə saxladıq. Hüquqşünas-tədqiqatçı bildirdi ki, hazirda bu işlə bağlı itkin düşmüş şairlərin qohum və tanışları ilə araşdırma söhbətləti aparır. Həftənin birinci günü isə, səfəröncəsi İranın Azərbaycandakı səfirliyinə gedib rəsmi müraciət etməyi planlaşdırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA