09-05-2012 [05:27]
[b]Akif Nağı: "Müharibə başlasa, nazirlərin, imkanlı şəxslərin övladları döyüşə getməyəcək. Müharibənin taleyini vətənpərvər kasıb ailələrin övladları həll edəcək"
[/b]
8 may Şuşanın işğalının 20-ci il dönümüdür. Yenə də ənənəvi olaraq, anım mərasimləri keçiriləcək, bəyanatlar veriləcək. Amma nə hakimiyyətdə, nə də cəmiyyətdə işğalla barışmaq istəməmək əhval-ruhiyyəsi yüksək səviyyədə deyil. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə söhbətimiz də bu mövzu ətrafında oldu.
- 20 il çox böyük vaxtdır. Şuşanın işğalı ilə bağlı müxtəlif tədbirlər keçirilir, təkliflər verilir. Amma bu təkliflərin heç birinin məsələnin mahiyyətinə aidiyyatı yoxdur. Fakt odur ki, Şuşa 20 ildir işğal altındadır. Bu gün səslənən təklifləri eşidəndə elə bilirsən ki, Şuşanın itirilməsi ilə barışımışıq. İşğal altında olan torpaqlarımızın hər qarışı bizim üçün əzizdi, amma Azərbaycan cəmiyyəti Şuşanın işğalı ilə barışmamalıdır. Cəmiyyətdə itkiylə barışmazlıq əhval-ruhiyyəsi olmalıdır. Çox təəssüf ki, bu gün Azərbaycan cəmiyyətində belə bir əhval-ruhiyyə yoxdur. Burada hakimiyyətin də, cəmiyyətin də öz günahı var. Hesab edirəm, hər bir şəxs fikirləşməlidir ki, bu vəziyyətin dəyişməsi üçün nə etməliyik.
20 il bizə çox şeyləri deməliydi, amma Şuşasız, Qarabağsız keçən bu zaman bizə heç nə deməyib. Bu 20 il ərzində ermənilər Şuşanı erməniləşdirməyə çalışırlar, kitablar buraxırlar, filmlər çəkirlər, azdan-çoxdan orda nəsə tikirlər, xaricdən qonaqlar dəvət edirlər. Təbliğat vasitəsi kimi Şuşa ilə bağlı müsabiqə keçirirlər. Yəni, ermənilər bu 20 il ərzində çox çətin bir işin reallaşdırılması istiqamətində çabalar göstərirlər ki, Şuşanı erməniləşdirsinlər.
- Bəs Azərbaycan tərəfi öz dədə-baba yurdu olan Şuşanın geri qaytarılması üçün nə edib?
- Elə mən də, öz-özümə sual verirəm ki, biz nə eləmişik? Amma bu istiqamətdə hər hansı bir ciddi addımın atıldığını görmürəm. Çox təəssüf ki, bu istiqamətdə niyyət də görsənmir. Əgər sən doğrudan da Şuşanı sevirsənsə, Qarabağı geri qaytarmaq istəyirsənsə, bunun üçün real addım atmalısan. Bu gün Şuşanın geri qaytarılması istiqamətində hakimiyyət səviyyəsində hər hansı addımın atılması görsənmir. Hər kəs diplomatik jestlərlə danışır, özünü loyal göstərməyə çalışır. Dünyada da hər kəs öz problemlərini həll eləməklə məşğuldur. Beynəlxalq təşkilatlar da, böyük dövlətlər də yalnız öz maraqlarını güdürlər. Bu günə kimi iki dünya müharibəsi olub, hər ikisinin də kökündə iqtisadi, enerji maraqları dayanıb. Şimali Koreya, Suriya, İran və digər ölkələrdə gedən proseslər və Qərbin müdaxiləsinin başında iqtisadi maraqlar durur. Hər kəs öz mənafeyini düşünür. Belə bir şəraitdə biz nəyi gözləyirik? Kim bizə icazə verəcək ki, get Şuşanı geri al? Belə bir icazəni heç kim bizə verməyəcək. Azərbaycan hakimiyyətinin də, cəmiyyətinin də münasibəti məni düşündürür ki, nə qədər çəkinmək olar axı? Tutaq ki, hakimiyyət qorxaqdır, cəsarətsizdir, müharibəyə getmək istəmir, axı cəmiyyətdən də bir təpki yoxdur.
- Hakimiyyətdən, cəmiyyətdən gileylənirsiniz, bəs bu müddət ərzində Qarabağ Azadlıq Təşkilatı nə edib?
- Əgər ortada ciddi nəticə yoxdursa, Qarabağ işğaldan azad olunmayıbsa, heç kim hansı fəaliyyətindən, hansısa nəticədən danışa bilməz. Mən hər zaman özümüzə qarşı da tənqidi yanaşıram ki, əgər biz Qarabağ adını təşkilatımıza götürmüşüksə, torpaqlarımız indiyə qədər azad olunmalıdır. Cəmiyyətdə passivlik varsa, bizim səylərimiz, özümüzü ora-bura vurmağımız da nəticə vermir. Yəni, tək əldən səs çıxmaz. Cəmiyyətdə ümumi əhval-ruhiyyə olmalıdır ki, QAT kimi təşkilatların da fəaliyyəti nəticə versin.
Mən keçirdiyimiz yüzlərlə aksiyalarla, dərc etdiyimiz kitablarla bağlı nəsə deyə bilərəm. Bu da işdir. Amma bunlar əsas nəticəyə çatmaq üçün kifayət eləmir.
- Son günlər "Şuşaya azadlıq!" beynəlxalq kampaniyaya start verilib. Bu kimi tədbirləri necə qiymətləndirirsiniz?
- Bu kampaniyanın tşkilatçılarından olan Şuşanın icra başçısı Bayram Səfərovla münasibətlərimiz pis deyil. Orda çıxış edənlər Bayram Səfərov da, Azay Quliyev də bir ağızdan deyirdilər ki, torpaqlarımızın işğaldan azad olunması üçün millətin birliyi lazımdır, bu məsələ ətrafında bütün təşkilatlar bir araya gəlməlidirlər. Mənə qəribə gələn odur ki, Qarabağla bağlı hansısa bir tədbir keçirilirsə, QAT nədənsə ora dəvət olunmur. Yəni, birlikdən danışırlar, amma kiminsə nəsə xoşuna gəlmədiyi üçün QAT-ı o tədbirə dəvət etmir. Maraqlıdır ki, həmin tədbirdə çıxış edənlərin hamısı müharibə mövqeyindən çıxış edirdi.
Deputat Azay Quliyev mənimlə ANS-dəki debatda Xalq Diplomatiyasının carçısı kimi çıxış edirdi, amma həmin tədbirdə açıq şəkildə deyirdi ki, Şuşa yalnız müharibə yolu ilə azad olunmalıdır. Hiss olunur ki, fərqli bir yol tutulur.
Novruz Məmmədovun bir açıqlaması olmuşdu ki, Azərbaycan başqa bloklara qoşula bilər. Biz hansı bloka qoşulmalıyıq? Mən hesab edirəm ki, Azərbaycan yalnız özünə güvənməlidir.
Biz bir neçə ay öncə qələbə modelini hazırlayıb cəmiyyətə təqdim elədik. Eyni zamanda, Milli Məclisə, Prezident Administrasiyasına, Türkiyə səfirliyinə göndərdik. Təklifimiz ondan ibarətdir ki, indiyə qədər Azərbaycanın çəkindiyi amil Rusiya faktoru olub, indi də həmin amil qalır. Amma bu, əridiləsi daş deyil. Biz təklif edirik ki, Azərbaycan hərbi əməliyyatlara başlasın. Gözləməməliyik ki, Qərbdən, Rusiyadan hansısa razılıq veriləcək. Hərbi əməliyyatlara başlamaq üçün Azərbaycan Türkiyənin dəstəyini almağa nail olmalıdır. Türkiyə birmənalı bəyan etməlidir ki, Rusiya necə Ermənistanı müdafiə edirsə, mən də Azərbaycanı müdafiə edirəm.
- Torpaqlarını müharibə yolu ilə azad eləmək Azərbaycanın haqqıdır. Necə düşünürsünüz, Azərbaycan müharibəyə hazırdırmı?
- Hesab edirəm ki, Azərbaycan dövlət olaraq müharibəyə hazırdır. 90-cı illərdəki əməliyyatları hamı xatırlayır, o vaxt bizim əsgərlərin heç nəyi yox idi, amma elə bir şəraitdə Azərbaycan ordusu Xankəndinə qədər gedib çıxmışdı. Həmin dövrdə də Rusiya Ermənistanın arxasında dayanırdı. O vaxt Azərbaycan beynəlxalq birlik tərəfindən ümumiyyətlə, qəbul olunmurdu. Amma ordumuz cəbhə xəttində irəliləyirdi.
- Məsələ ondadır ki, bu gün Azərbaycan gəncliyinin əksəriyyəti başqa əhval-ruhiyyədədir...
- Baxmayın, kimlərsə saçını avropalılar kimi düzəldir, şouya meyl edir, onlar Azərbaycan gəncliyi deyil. Hərdən mənə deyirlər ki, müharibə olsa, filankəsin uşaqları gedəcəkmi? Mən də deyirəm ki, torpaq kasıblarındır. Bütün dünyada belədir. Amerikada da, İngiltərədə də varlıların övladları görüntü naminə müəyyən hərəkətlər edirlər. İngiltərədə Şahzadə dünyaya car çəkdi ki, guya İraqda döyüşdü. Halbuki onu orda 30-40 cangüdən qoruyurdu.
Azərbaycanda da belədir. Müharibə başlasa, nazirlərin, imkanlı şəxsləri övladları döyüşə getməyəcək. Heç onları döyüşə aparmaq da lazım deyil, çünki ya birinci gündən qaçacaqlar, ya da əl-ayağa dolaşacaqlar. Qarabağ uğrunda gedən müharibənin taleyini vətənpərvər kasıb ailələrin övladları həll edəcək. Bu gün küçədə bekar gəzən gənclər sabah müharibədə əsl döyüşçü ola bilər. Ümumiyyətlə, müharibə özünün qəhərmanlarını yetişdirir.
- Bu gün Azərbaycanda korrupsiya, qanunsuzluq, orduda dedovşina kimi neqativ hallar var, kar adamı əsgərə aparırlar. Bəs belə bir nizamsızlıqda qələbə qazanmaq olarmı?
- Bu nöqsanlar dünyanın istənilən ordusunda ola bilər. Sadəcə, çalışmaq lazımdır ki, bu kimi hallar minimuma endirilsin. Ermənistan ordusu bizdən yüz qat pis gündədir. Hətta orda qadınların hərəkatı yaradılıb və tələb edirlər ki, övladlarımızı Qarabağa aparmayın. Ermənistan ordusunda dedovşina da, əsgərə qarşı qanunsuz hərəkətlər də, rüşvətxorluq da var. Mən bunları inkar etmirəm. Amma mən bu problemləri əldə bayraq eləməyi qəbul eləmirəm. Azərbaycan türkünün qanında döyüşkənlik var.
- Hakimiyyətyönlü ziyalılar bir müddət öncə işğaldakı Qarabağa getdilər, Siz isə bunun əleyhinə çıxdınız. Hakimiyyətyönlülərin mövqeyini qəbul etmədiyiniz məlumdur. Bu barədə Ziyalılar Forumunun üzvləri ilə müzakirənin təşkili barədə nə düşünürsünüz?
- Ziyalıları bir araya yığmaq çətin məsələdir. Ziyalılar Forumunda toplanan insanları müxalifətçi hesab edirlər, amma mən onları çərçivəyə salmaq istəmirəm. Onlar arasında da fikir müxtəlifliyi var. Tutaq ki, Rafiq Əliyev Xalq Diplomatiyasının əleyhinədir, Əkrəm Əylisi isə bu yolun düzgün olduğunu düşünür.
Fərhad Bədəlbəyli bir dəfə Qarabağa getdi, sonra müsahibəsində dedi ki, bir daha getmərəm, özümü təhqir olunmuş hiss edirəm. Bu mənada sizinlə razıyam ki, bu cür müzakirələri təşkil eləmək lazımdır ki, cəmiyyətdə ümumi mövqe formalaşsın.
Onu da deyim ki, mən ziyalıların ümumbəşəri dəyərlərdən çıxışını qəbul eləmirəm. Müharibə şəraitində yaşayırsansa, sənin torpağın işğal altındadırsa, o millətin ziyalısı da, fəhləsi də, məmuru da eyni cür fikirləşməlidir. Bəzən bizim ziyalılar müharibə deməkdən, radikal mövqedə çıxış eləməkdən çəkinirlər. Amma bütün dünyanın tarixində ziyalılar ön planda olublar, bütün cəmiyyəti öz vətənlərini qorumağa səfərbər olmağa çağırıblar. Azərbaycan ziyalıları da radikal mövqedə olmalı və cəmiyyəti səfərbər eləməlidir.
- Akif bəy, Qarabağla bağlı BMT-nin bir neçə qətnaməsi var ki, hələ də icra olunmur. Azərbaycan hazırda bu qurumun Təhlükəsizlik Şurasının rəhbəridir. Sizcə, bu missiyadan necə yararlanmalıyıq?
- Biz dövlət olaraq imicimizi də, səviyyəmizi də qorumalıyıq. Amma Azərbaycan öz maraqları naminə heç olmasa, cəhd eləməlidir. Azərbaycan Təhlükəsizlik Şurasının sədridir, bu da onu göstərir ki, 155 dövlət tərəfindən qəbul olunan bir ölkədir. Ən azından bu kürsündən bir daha demək olar ki, mənim torpağım işğal altındadır, yəni bu faktı qabartmaq lazımdır. Mən heç kəsə yol göstərmək istəmirəm, amma sədr olan bir ölkə bütün mümkün imkanlardan yararlanmağa çalışmalıdır.