06-05-2012 [04:27]
[b]Cümşüd Nuriyev: "İqtidardakı ağıllı adamlar dərk edirlər ki, bu komanda ilə 2013-cü il prezident seçkilərinə getmək olmaz" [/b]
Son dövrlər Bakı şəhərində bəzi evlərin sökülməsi zamanı mülkiyyət hüquqlarının kobud şəkildə pozulması, Sulutəpə qəsəbəsində insanlara qarşı zorakılıq edilməsi ölkədəki mövcud narazılığı daha da artırıb. Sanki hakimiyyət daxilindəki hansısa qüvvə bilərəkdən insanları iqtidara qarşı qaldırmaq istəyir. Bu məsələdə adı daha çox hallanan isə ARDNŞ və onun rəhbəri Rövnəq Abdullayevdir. Müsahibimiz keçmiş nazir müavini, siyasət elmləri doktoru Cümşüd Nuriyevlə də söhbətə bu mövzudan başladıq.
- Çox təəssüf ki, Azərbaycanda plansız fəaliyyət var və bunun nəticəsində ayrı-ayrı adamlar vaxtilə qanunsuz addımlar atıblar. İndi isə onlara qarşı hər hansı tədbir görüləndə ortaya bu cür hadisələr çıxır.
Bakıda keçiriləcək "Eurovision"la bağlı gələcək qonaqlara paytaxtı daha gözəl təqdim eləməyə çalışırlar. Amma bəzi vaxtlarda bu çalışmalar əhali tərəfindən düzgün başa düşülmür, bəzən də dövlət strukturları bilməyərəkdən əhalini iqtidardan narazı salırlar.
Ölkə əhalisinin 40-45 faizi ancaq Bakıda yaşayır. Burada ortaya çıxan problemlər həm əhalini narazı salır, həm də Azərbaycanda urbanizasiyası deyilən problemlə bağlı konsepsiya yoxdur. Belə bir şəraitdə özbaşınalıq baş verir. Bakıda bir küçədə Nəqliyyat Nazirliyi, o biri küçədə icra hakimiyyəti təmirlə məşğul olur. Məsələ ondadır ki, təmir işi başa çatmamış bir qurum gəlib təmir edilmiş yeri yenidən qazmağa başlayır. Yəni, biabırçı, yöndəmsiz bir vəziyyət yaranır. Bu işlərin arxasında isə peşəkarlığın olmaması və Bakı şəhərinə peşəkarın rəhbərlik etməməsi dayanır.
- Belə çıxır ki, dövlət idarəçilik sisteminin özündə də boşluq var?
- Azərbaycanda bəzi dövlət məmurları tutduqları vəzifənin məsuliyyətini dərk eləmirlər. Bu adamlar elə bilirlər ki, dövlət kürsüsü onlara bizneslərini inkişaf etdirmək üçün verilib. Ancaq o kürsünü prezident onlara ona görə verib ki, dövlət strukturunu daha yaxşı təkmilləşdirsinlər. Bizdə isə çoxlarının idarəetmə mexanizmindən xəbəri yoxdur. Hacıbala Abutalıbov da daxil olmaqla, bəzi icra başçıları Azərbaycan qanunvericiliyində olmayan məsələləri də həyata keçirirlər. Yəni, prezidentin göstərişləri kənarda qalır, öz bildiklərini edirlər. Prezident göstəriş vermişdi ki, qeyri-qanuni tikililər olsa belə, onlar qanuniləşdirilməlidir. Elə evlər isə var ki, onları qanuniləşdirmək mümkün deyil. Amma bəzi dövlət qurumları öz maraqlarını təmin eləmək üçün insanların narazılığına səbəb olacaq addımlar atırlar.
- Amma həmin qanunsuz evlər hansısa məmura rüşvət veriləndən sonra tikilib...
- Bəli, bu əraziləri bələdiyyələr, icra hakimiyyətləri verir. Bakı şəhərindəki bu özbaşınalıqlarda birbaşa iqtidarı günahlandırmaqla nəyəsə nail ola bilməyəcəyik. Məsələ ondadır ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti bilərəkdən qanunsuzluğa gedir. Özü aparıb rüşvət verir, qanunsuzluğa ortaq olur, sonra da problem yarananda baş verənlərdə iqtidardakı bir-iki adamı günahlandırırlar.
Bakıda evin içində divara çəkic vurursan, ya MİS-dən kimsə gəlir, ya da sahə müvəkkili başının üstünü kəsdirir. Təbii ki, Bakıda daşı-daş üstə qoymaq nəinki icazəsiz, heç xəbərsiz də mümkün deyil. Belə bir şəraitdə narazılığın olması təbiidir.
- Sizcə, hakimiyyətdəki hansısa qruplaşma belə gərginliklər yaratmaqla iqtidara təzyiq etmək məqsədi güdə bilərmi?
- Mən, Azərbaycanın hakimiyyət strukturunu kifayət qədər araşdırmışam. Bu hakimiyyətin daxilində İlham Əliyevə qarşı çıxmaq yox, hətta onun qarşısında söz demək gücündə olan bir nəfər belə yoxdur. Ən böyük faciə odur ki, kadr məsələsində yanlışlığa yol verilib. Çünki bu adamların əksəriyyəti idarəetmədən uzaqdır.
Əgər general rütbəsi olan adam kadrların uçot vərəqini dolduranda rus dilində cinsi - "pol" sözünün qarşısına parket yazırsa, bundan böyük faciə ola bilməz.
- Kimdir, o şəxs?
- Bir generaldır. Mən bunu dedim ki, bilin, Azərbaycanda nələr baş verir. Bizim ən böyük faciəmiz odur ki, kadr siyasəti yerlibazlıq, qohumbazlıq prinsipi əsasında gerçəkləşdirilir. Bu adamların 90 faizinin də prezidentlə bağlılıqları yoxdur. Yuxarıda oturanların əksəriyyəti aşağıda savadsız, səviyyəsiz qohum-əqrəbalarını vəzifələrə yerləşdirməklə məşğul olur. Vəzifələrə yerləşdirilən həmin məmurların isə elementar savadı yoxdur, pul hesabına diplom alıblar. Onlar isə ölkəni cəngəllik qanunları ilə idarə etməyə çalışırlar.
Azərbaycanda ən böyük problem cəhalətin həddən artıq çiçəklənməsidir. Təhsil sistemindəki boşluqdan bəhrələnən insanlar dövlət sturukturlarında təmsil olunurlar. Bunlar pulun temperaturuna dözə bilmirlər. O insanlar ki, birdən-birə dağdan enir və sonradan nələrisə görür, onların dövlət idarəçiliyində təmsil olunması faciəvidir. Azərbaycanda baş verən neqativ hadisələr həmin dağdan enib, sonradan görənlərin fəaliyyətinin nəticəsidir. Bu da onu göstərir ki, Azərbaycandakı idarəetmə sistemi mağara qanunlarına söykənir. 21-ci əsrdə yaşayırıq, dünyada dövlət idarəçiliyində təkmilləşmə getdiyi halda, biz çox sürətlə 9-10-cu əsrə qayıtmaq cəhdindəyik. Çünki vəzifədə savadsız adamlar çoxdur.
Mən sizin fikirlərinizi qəribçiliyə salmaq istəmirəm. Ağıllı adamlar baş verənləri analiz edərək nəticə çıxarır ki, bu, prezidentə və iqtidara qarşı hazırlanan bir ssenaridi. Amma həmin problemləri yaradan adamlar elə bilirlər ki, düz edirlər. Azərbaycanda vəzifədə olanlar o qədər çirkaba batıblar ki, onlar prezidentə qarşı çıxa bilməzlər. Ortada olan görüntü isə ağılsız, yaltaq, ikiüzlü məmurların yanlış fəaliyyətlərinin nəticəsidir.
- Cümşüd müəllim, bu günə kimi keçirilən seçkilərdə hakimiyyətdə monolitləşmə olurdu, amma bu dəfə fərqli situasiya yaranıb. Hətta bəziləri prezidentin oliqarx məmurlardan xeyli uzaqlaşdığını bildirirlər...
- İqtidardakı ağıllı adamlar dərk edirlər ki, bu komanda ilə 2013-cü il prezident seçkilərinə getmək olmaz. Onsuz da bu komanda prezident üçün də kifayət qədər problem yaradıb və bundan sonra da problem yaratmaq iqtidarındadır.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda oliqarxlar yoxdur. Amma Azərbaycanda iqtisadi-politoloji cəhətdən yeni bir meyl yaranır, bunu hələlik BR - biznes relation adlandırmaq olar. Dünyanın bir çox ölkələrində biznes qurumları ilə hakimiyyət arasındakı əlaqələrlə daha çox hakimiyyətin xeyrinə dəyişiklik edirlər. Azərbaycanda isə bunun istiqamətini dəyişdiriblər. Bizdə vəzifəyə ona görə gəlmirlər ki, əlində olan sərmayə ilə dövlətə və prezidentə kömək eləsinlər. Bunlar vəzifəyə ona görə gəlirlər ki, bu kürsünün imkanlarından öz bizneslərini daha da gücləndirmək üçün istifadə eləsinlər. Buna isə oliqarxiya demək olmur. İcra başçıları da bu prinsiplərlə işləyirlər.
Rayonlarda icra başçıları camaata divan tutur, qan uddurur. Hətta pulları o qədər çoxalıb ki, onlardan edilən şikayətlər də prezidentə çatmır. Ola bilsin ki, pul verib şikayətlərin prezidentə çatmasını əngəlləyirlər. Çox təəssüf ki, Azərbaycanda pulun ilahiləşdirilməsi tendensiyası yaranıb ki, bunu da məmurlar gerçəkləşdirirlər. Məmurlar yığdıqları pulla nəinki qohum-əqrəbalarına, aşağılara kömək edir, hətta yuxarıları aldatmaqla da məşğul olurlar.
Bəzi rayonların icra başçıları Bakıda 7-8 ev alıb, hamısını da icarəyə veriblər. Azərbaycanın ən geridə qalmış rayonunun icra başçısını araşdırın, Bakıda 6-7 evi var. O qədər pul yığırlar ki, artıq pul bunları çaşdırıb. Ona görə də deyərdim ki, icra başçıları riyakar və zülmkardırlar. Xalqa qarşı olan zülmkarlıq artıq dövlətə qarşı çevrilməkdədir. Ona görə də siz deyən kimi, cənab prezident onlardan uzaqlaşmaq yolunu tutub. Yəqin ki, 2013-ə qədər bu komanda ilə yola davam edilməyəcək.
- Yəni, prezident seçkilərinə qədər ciddi kadr islahatları aparılacaq?
- Bəli. Mən çox ciddi kadr islahatları gözləyirəm. Onu da deyim ki, əgər hakimiyyət bu komanda ilə 2013-cü il prezident seçkilərinə getsə, bu komanda onun ayağına dolaşacaq. Çünki Azərbaycanda prezidentlik iddiasını ortaya qoymağa cəsarət etməsələr də, baş nazir olmaq istəyənlərin sayı 10-u keçib.
- Nazirlər arasında, yoxsa...
- Bu məsələdə nazir olmayanlar daha çoxdur. Nazirlərin bu iddiaya düşməsini müəyyən qədər anlayıram. Doğrudan da nazirlər arasında baş nazir olmağa layiq olanlar da var. Amma deputatlar, tikinti ilə məşğul olan adamlar, icra başçıları var ki, baş nazir olmaq iddiasındadırlar. Bu adamların göstəriciləri iş icrası səviyyəsində belə deyil, lakin baş nazir olmaq istəyirlər. Pul bunları o qədər qudurdub, o qədər harınlayıblar ki, özlərini o kürsüyə layiq bilirlər. Hesab edirəm ki, komandanı təmizləmək lazımdır.
- Kadr islahatlarına ehtiyac olduğunu deyirsiniz. Hazırda hansı sahədə dəyişikliklər olmalıdır. Hüquq-mühafizə, iqtisadi sektor, yaxsa ümumilikdə hökumət buraxılmalıdır?
- Bütünlükdə hökumətin buraxılması təbii ki, prezidentin səlahiyyətində olan məsələdir. Mən bu məsələdə məsləhət vermək iqtidarında da deyiləm. Amma Azərbaycanda konkret sahələr var ki, o sahələrdə ciddi dəyişikliklərin edilməsi dövlət üçün çox vacibdir.
Birincisi, nəqliyyat sektorudur ki, bu sahədə çox ciddi problemlər var. Həm xaricdən alınan borclar, həm də daxili investisiyalar bu sahəyə yönəlir, amma burada həm özbaşınalıq, həm də ciddi yeyinti faktları var. Mətbuat da bu məsələləri dönə-dönə gündəmə gətirib. O görə də bu sahəyə xüsusi dəqqət ayırmaq və ciddi islahat aparmaq lazımdır.
- Ancaq sadaladığınız problemlərin olduğu sahənin rəhbəri Ziya Məmmədova "Şöhrət" ordeni verildi...
- Adı sən deyirsən. Məndən soruşdun ki, hansı sektorlarda islahatlar aparılmalıdır, cavab verdim ki, filan sahədə.
İkincisi, "Azərsu" və "Azərenerji" ilə bağlı da ciddi islahatlara ehtiyac var. Ölkədə ən böyük narazılıq yaradan qurumlar bunlardır.
Üçüncüsü, aqrar sektorda çox ciddi islahatlara ehtiyac var. Mən bu sahədəki problemlər barədə kifayət qədər danışmışam, ona görə də bu dəfə əlavə nəsə demək istəmirəm.
Dördüncüsü, Azərbaycanın iqtisadi sektoruna mütləq yenidən baxmaq lazımdır. Azərbaycan müstəqil olandan bəri elə bil ki, talesizliyə düçar olmuşuq. Bu günə kimi ölkənin normal iqtisadi inkişaf naziri olmayıb, indi də yoxdur.
Səhiyyə sistemində çox ciddi problemlərimiz var. Bu sahədə olan problemlər göz qabağındadır. Hər kəsin gündəlik həyatında qarşılaşdığı məsələlərdir.
Ən böyük və cəmiyyətin gələcəyi ilə bağlı olan təhsil sahəsində də vəziyyət acınacaqlıdır. Məktəblərdə birinci sinif şagirdindən müəllimin ad gününə pul yığılır. Bakı məktəblərində şagirdlərdən pul yığılanda 50 manatdan aşağı pulun üzünə də baxmırlar. Əgər bu tendensiya kütləvi hal alırsa və Bakı Şəhər Baş Təhsil İdarəsi bununla bağlı ciddi tədbir görmürsə, biz hara gedirik? Ən qorxulu şey birinci sinif şagirdinin psixologiyasını pozmaqdır ki, bizim təhsil müəssisələrində bunu gerçəkləşdirirlər.
Tikinti sektorunda da ciddi islahatlar aparılmalıdır. Son illər tikilən evlər bir-birinin içinə girib, hava almaq olmur, heç bir təhlükəsizlik qaydaları gözlənilmir. Öz evimdə rahat hərəkət eləmək, evimə gün işığı düşmək hüququmu əlimdən alıblar. Bələdiyyə və icra başçıları ilə bağlı müvafiq addımlar atılmalıdır. Rayonlardan əhalinin qaçmasının və Bakıda yaranan indiki vəziyyətin ən böyük səbəbkarları bələdiyyə və icra başçılarıdır. Bu iki struktur birləşərək əhaliyə divan tuturlar. Bütün bunlar özbaşınalığın nəticəsidir. Ona görə də hesab edirəm ki, Azərbaycanda qısa müddət ərzində kompleks islahatlar aparılmalıdır.
Zaur ƏHMƏD