29-04-2012 [04:27]
[b]Etimad İsmayılov: "Xalq nə zaman istəsə, o zaman ayağa qalxıb, istədiyi hakimiyyəti quracaq..." [/b]
Məlum olduğu kimi, Ədalət Partiyası Vətəndaş və İnkişaf Partiyası ilə Yaşıllar Partiyası arasında əməkdaşlığın dərinləşdirilməsi yönündə danışıqlara başlayıb. Artıq tərəflər üç partiyanın blokunu yaratmaq barədə də düşünürlər.
Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov ortaya hədəfləri fərqli bir birlik modeli qoyacaqlarına ümid edir.
- Bizim hədəfimizin kökündə nə 2013-cü il prezident seçkiləri dayanır, nə də ictimai-siyasi proseslərin önündə getmək məqsədi. Biz mətbuat, yaxud internet qəhrəmanı da olmaq istəmirik. Fəaliyyətimizin kökündə bütün hallarda vətən, dövlət məsuliyyəti anlayışı dayanır.
Bu gün Azərbaycanın kifayət qədər ciddi problemləri var. Ölkəmiz həm daxildən, həm də xaricdən təhdidlərlə üzləşir. Həmin köklü problemlərin və təhdidlərin qarşısının alınması üçün ölkə daxilində ciddi bir qüvvənin formalaşmasına ehtiyac var. Hansı qüvvələr ki, bu istiqamətdə rasional təkliflər irəli sürə, eyni zamanda cəmiyyətin təbəqələrindən asılı olmayaraq, onların inamını və hörmətini qazana bilərsə, biz onlarla əməkdaşlıq etmək niyyətindəyik. Hələlik biz Vətəndaş və İnkişaf Partiyası, bir də Yaşıllar Partiyası ilə əməkdaşlıq etmək üçün məsləhətləşmələrə başlamışıq.
- Ancaq bu dar çərçivədəki əməkdaşlıqla Siz deyən problemləri həll eləmək olmaz. Eyni zamanda, hazırda görüşdükləriniz də ciddi təsirə malik olmayan partiyalardır?
- Mən sizinlə razı deyiləm. Birincisi, insanların, partiyaların birləşməsi, vahid mövqedən çıxış etməsi, yaxud uzlaşdırılmış siyasət yürütmələrinin kökündə onların daxili aləmləri, siyasət anlayışını necə dərk etmələri, özləri üçün müəyyənləşdirdikləri hədəfləri dayanır. Yəni, siyasətlə məşğul olanların daxili aləmləri, şəxsi keyfiyyətləri də mühüm faktorlardandır. Bunlar olanda insanlar mövqelərini bu və ya digər şəkildə uzlaşdıra bilirlər. Bu baxımdan, biz o firqələrə əməkdaşlıq təklif elədik ki, onların dürüstlüyünə, intellektlərinə, potensiallarına şübhəmiz yoxdur. Kimin təsir imkanlarının çox olmasına gəlincə isə, sizdən soruşmaq istəyirəm ki, bu gün hansı siyasi qüvvənin təsir gücü, ümumiyyətlə, mövcuddur?
- Uzun illərdir ana müxalifət adını daşıyan partiyalar - Müsavatla AXCP var ki, həm beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur, həm də Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənir. Mitinqlər keçirirlər, cüzi də olsa, hakimiyyətə təzyiq etmək imkanlarına malikdirlər...
- Sizin bu fikirlərinizlə də razı deyiləm. Ortada olmaqla iş bitmir. Bu gün ortada olan müxalifət partiyaları icazəli qəhrəmanlıqdan başqa bir şey göstərmirlər. Müxalifətçilik kimisə söyüb özünü radikal adlandırmaq deyil. Bir də ki, müxalifətçilik patent hüququ deyil ki, kimsə inhisarına alsın.
Beynəlxalq təşkilatların dəstəyinə gəlincə, biz can atmırıq ki, kimsə bizi qəbul eləsin, tanısın, bizim ona ehtiyacımız da yoxdur. Hərçənd ki, özümüzün kifayət qədər təmaslarımız var, amma biz yalnız xalqa söykənmək istəyirik.
Bizim hədəfimizin kökündə boş-boş şüarlar dayanmır. Fəaliyyətimizi konkret olaraq bir neçə problemin həllinə kökləmişik. Birincisi, Qarabağ problemidir - Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. ?ə qədər ağır olsa da, Ədalət Partiyası olaraq, biz bu məsələnin həllinin müharibə variantını görürük. Bu, bizim üçün hakimiyyətə gəlməkdən də önəmli məsələdir.
İkincisi, korrupsiya, regionçuluq problemidir ki, bu da inkişafın qarşısını alan ciddi maneələrdəndir.
Üçüncü hədəfimiz Azərbaycanda mütərəqqi qanunların qəbul olunması və ölkənin bu qanunlarla idarə edilməsidir. Biz bu üç hədəfə nail olmaq üçün vacib olan bütün addımları atacağıq.
- Bir qədər öncə dürüst olan partiyalarla bir yerdə olacağınızı dediniz. AXCP, Müsavat və digərləri dürüst, potensiallı deyillər?
- Azərbaycanda hansı siyasi firqənin potensiallı olub-olmamasını müəyyənləşdirən bir zəmin yoxdur. Azərbaycanda mücadilə üçün zəmin var, amma kimin daha güclü olduğunu müəyyənləşdirəcək mühit formalaşmayıb.
Digər tərəfdən, bizdə proporsional seçki sistemi yoxdur ki, hər hansı siyasi qüvvə fəaliyyət göstərsin, seçkiyə getsin və bəlli olsun ki, güclü təşkilat hansıdır. Hesab edirəm ki, Azərbaycanda hansısa siyasi firqənin gücü nədədir, onu millət deməlidir.
Xarici təşkilatlar özlərinə uyğun olan, onların maraqlarını əks etdirən qüvvələrin mövcud olmalarında maraqlıdırlar. Çünki onlara inkişaf edən Azərbaycan yox, müstəmləkə kimi istifadə etmək mümkün olan bir ölkə lazımdır.
Dürüstlük söhbətinə gəldikdə, 20 ildir aparılan müşahidənin nəticəsi kimi demək olar ki, müxalifətin zəifliyi liderlərin özündən müştəbehliyi ilə bağlıdır. Bizim müxalifət liderləri danışanda elə bilirsən ki, dünyanı idarə edə bilərlər, amma tərcümeyi-hallarına baxanda görürsən ki, həyatlarında kiçik bir nailiyyətləri də olmayıb. Əldə etdikləri nailiyyətlər də mərhum prezident Əbülfəz Elçibəyin sayəsində olub, o da 11 ay çəkib.
- İsa Qəmbəri, Əli Kərimlini nəzərdə tutursunuz?
- Mən bir çoxlarını nəzərdə tuturam.
- Əməkdaşlıq təklif elədiyiniz VİP-lə Yaşıllar Partiyası ALP ilə müttəfiqdir. Bəs ALP ilə niyə əməkdaşlıq eləmək istəmirsiz?
- Biz hər üç partiyaya əməkdaşlıq təklif elədik. Sadəcə olaraq, üç partiyadan ikisi təklifimizi ciddi dəyərləndirdi, Liberal Partiyası isə bu təkliflə bağlı özünəməxsus şəkildə mövqe sərgilədi. ALP özünə xüsusi münasibət arzulayırdı, biz də onlara xüsusi münasibət sərgiləmirik. Ona görə də ALP-yə olan təklifimizi geri çəkdik.
- Əməkdaşlığınız bu çərçivədə qalacaq, yoxsa digər qüvvələrlə də bir yerdə ola bilərsiniz?
- Bizim üçün problem yoxdur. Özünə güvənən, ipləri öz əlində olan, özgür siyasət yürüdən siyasi təşkilatlarla əməkdaşlığımız mümkündür. Təki fəaliyyət problemlərin həllinə və hədəflərə köklənsin. Müxalifətdə elə qüvvələr var ki, onlarla problemlərin həllinə baxışlarımız, taktiki mübarizə üsullarımız fərqlidir. Həmin qüvvələrlə bir yerdə ola bilməyəcəyik.
- Etimad bəy, neçə vaxtdır ki, ölkədəsiniz və siyasi proseslərdə aktiv iştirak etməyə başlamısınız. Hazırda vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycanda acınacaqlı vəziyyət hökm sürür. Ölkənin gələcəyi üçün çox böyük təhlükə var. Ola bilsin ki, ölkədə sakitlik görünsün, amma bu, nisbi sakitlikdir. Azərbaycanın daxili və xarici problemləri var. Məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya, yerliçilik, qanun məhfumuna hörmətsiz yanaşma, mənəvi dəyərlərin çöküşü, abır-həyanın itməsi, dinimizə istehzalı münasibət, gəncliyin inkişafının qarşısının alınması kimi ciddi daxili problemlərimiz mövcuddur. Azərbaycanda bir kastanın nümayəndələrinə hər şey var, millət üçün heç nə yoxdur.
Bir də ölkəmizə xarici təhdidlər var. Bu təhdidlərin başında Qarabağın ermənilərə verilməsi məsələsi dayanır. Ona görə də dövlət başçısına təhdidlər və təzyiqlər olunur ki, Qarabağı versin. "Azərbaycan reallıqla barışmalıdır, konsensus tapmalıdır",- kimi təbliğatın kökündə də bu məqsəd dayanır. Bundan əlavə, bəzi qüvvələr Azərbaycanda macəralı siyasət yürütmək istəyirlər.
- Ötən ilin əvvəlində hakimiyyət korrupsiyaya qarşı mübarizəyə başladı, amma ciddi nəticə olmadı. Sizcə, korrupsiyaya qarşı mübarizə necə aparılmalıdır?
- Uzaq Şərq dövlətləri nümunə olaraq, göstərdilər ki, korrupsiyaya qarşı mübarizəni necə aparmaq olar. Bunu ilk növbədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə reallaşdırmaq mümkündür. Korrupsioner bilməlidir ki, əməlinin üstü açılsa, hansı məhrumiyyətlərə düçar ola bilər. Eyni zamanda, rüşvət almaq ictimai qınaq obyekti olmalıdır. Hesab edirəm ki, siyasi iradə olan yerdə qısa zamanda korrupsiya və rüşvətin kökünü kəsmək olar.
- Belə çıxır ki, hakimiyyət yetərincə siyasi iradə qoymayıb?
- Mən hesab edirəm ki, hakimiyyətin özü də vahid deyil. Hazırda hakim komanda müxtəlif qruplardan ibarətdir. Orda da reaktion qüvvələr mövcuddur və təsir imkanları da güclüdür. Xarici əlaqələri də onlara imkan verir ki, özlərini kifayət qədər sərbəst aparsınlar. Yəni, durumumuz daha ağırdır. Bu səbəbdən də, biz, siyasətimizi ona kökləmişik ki, kreslo uğrunda mübarizə aparanda dövlətimizi itirməyək.
- Bu ildən Azərbaycanda demokratik dəyişikliklərin başlanacağı bildirilir. Bu barədə nə düşünürsünüz?
- Azərbaycan xalqı nə zaman istəsə, o vaxt da istədiyi hakimiyyəti formalaşdıracaq. Deməli, hələlik mövcud vəziyyət Azərbaycan xalqını qane edir ki, tərpənmir. Əgər ölkədəki problemlər cəmiyyəti narahat edirsə, insanlar bu idarəetmədən narazıdırlarsa, onda dəyişsinlər. Mən sizə sual verirəm, Azərbaycan xalqı cəsur xalqdır? Xalqın qarşısını Ramil Usubov ala bilərmi?
- Xalqın qarşısını heç kim ala bilməz...
- Ona görə də deyirəm ki, Azərbaycan xalqı nə zaman istəsə, o zaman ayağa qalxıb, istədiyi hakimiyyəti quracaq və problemləri həll edəcək. Əgər bir durğunluq varsa, deməli, ya çıxış yolunu görmür, ya tam cana doymayıb. Yəqin ki, millət kimi tam formalaşanda gözlənilən dəyişiklik olacaq.
- Bəlkə öndə gedəsi müxalifət yoxdur?
- Azərbaycan xalqının əli-qolu bağlıdır. Mən də, digər müxalifət qüvvələri də sadəcə olaraq, bu xalqın üzvüdür. Mən münəccim, sehrbaz, ilahi güc sahibi deyiləm ki, fövqəladə bir şey edim. Mən nə edə bilərəm axı? ?ə mümkündürsə, onu da edirəm. - Ortada ciddi fəaliyyətiniz olsaydı, arxanızca gələn olardı?
- Arxamızca gələn də, bizi dəstəkləyən də var. İnşallah, bundan sonra da olacaq.
- Ədalət Partiyasının arxasınca gələnlər görünmür?
- Onu harada görmək istəyirsiniz? Ədalət Partiyasında kifayət qədər cəmiyyətdə hörməti, nüfuzu olan insanlar var. Demokratik seçkilər keçirilsə, bizim nailiyyətlərimiz daha böyük olar. Ədalət Partiyası əldəqayırma siyasi təşkilat deyil. Biz nə daxildən, nə də xaricdən kimlərinsə maraqlarını əks etdirən qüvvə deyilik.
- Son dövrlər İctimai Palata mitinq taktikası seçib. Sizin mitinqlərə münasibətiniz necədir?
- Azərbaycan tarixində bir-iki siyasi mitinq olub. O zaman da millət öz iradəsini ortaya qoymuşdu. O vaxt sinəsinə döyənləri çoxu ortada yox idi, heç ofislərindən çıxa bilmirdilər, yaxud çıxmaq istəmirdilər. 1998-də, bir də 2003-cü ildə Azadlıq meydanına çıxanda xalq iradəsini göstərmişdi.
- O zaman xalq indi qəbul etmədiyiniz İsa Qəmbərə görə meydana çıxmışdı...
- Mən kiminsə tutduğu mövqeyi, yürütdüyü siyasəti qəbul etməyə bilərəm. O da mənim haqqımdır. Amma mitinqə çıxanlar kiminsə müdafiəsi üçün yox, öz haqları uğrunda çıxırlar. Amma indiki mitinqlər əvvəlki xarakteri daşımır.
Biz hazırda mitinqləri çıxış yolu kimi görmürük, ona görə də bu üsuldan istifadə etmirik. Digər tərəfdən, həmin mitinqdə neçə gənc tutulub. Bilmirəm, İsa Qəmbər, Əli Kərimli həbs olunmuş o adamların ailələrinin üzünə necə baxır, amma İlyas İsmayılov həbs olunmuş partiya üzvünün ailəsinin problemlərinə görə narahat olur. Ona görə də indiki şəraitdə mitinq keçirmirik.
- Etimad bəy, qarşıdan 2013 - prezident seçkiləri ili gəlir. Nə gözləyirsiniz?
- Nə baş verirsə-versin, təki Azərbaycan xalqının xeyrinə olsun. Biz 2013-cü il prezident seçkilərinə qədər fəaliyyətimizi gücləndirmək istəyirik. Seçkiyə qədər də bir sıra işlər görmək niyyətində və əzmindəyik.
- Yaradılacaq blokun namizədi İlyas İsmayılov ola bilərmi?
- Bu barədə bəri başdan bir söz demək çətindir. Yəqin ki, şəraitə uyğun qərar veriləcək. Demokratik seçki keçirilərsə, İlyas İsmayılovun prezidentliyə namizəd olması mümkündür.
Zaur ƏHMƏD
#305;n d#601;r, amma t#246;z#601;hfumuna h#399;dal#601;mb