26-04-2012 [06:12]
[b]Çingiz Qənizadə: "Vətəndaş qanunsuz hərəkətinə görə cəzalandırılır, evləri sökülür, amma vəzifəli şəxslər cəzadan kənarda qalır" [/b]
Neft Şirkəti əməkdaşlarının Bakının Sulutəpə qəsəbəsində evləri sökülən vətəndaşlara və peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı zorakılıq etməsi ciddi narazılığa səbəb olub. Hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə ilə söhbətə də bu mövzudan başladıq.
- Ümumiyyətlə, jurnalistə qarşı bu cür hərəkətlər yolverilməzdir. Bütün demokratik dövlətlərdə jurnalistə qarşı bu cür hərəkət edənlərə sərt mövqe sərgilənir. Bu, təkcə İdrak Abbasovla bağlı məsələ deyil. Ayrı-ayrı dövlət qurumlarının qoluzorlu sıravi əməkdaşları onlara tapşırılan işi yerinə yetirmək üçün qollarının gücünə üstünlük verirlər. Xüsusilə də jurnalistə qarşı bu cür hərəkətin baş verməsi təbii ki, həmin dövlət qurumları və onların rəhbərlərinin, bütövlükdə Azərbaycanın imicinə zərər vuran hadisədir. Bu baxımdan, mən də baş verən hadisə ilə bağlı narazılığımı bildirmişəm. Bir hüquq müdafiəçisi kimi də İdrak Abbasova qarşı zorakılıq edən, ona xəsarət yetirən adamların tapılıb qanun qarşısında cəzalandırılmasını tələb etmişəm.
- Sizcə, bu hadisə hansısa mühafizəçinin özbaşınalığıdır, yoxsa daha yuxarıdan verilən sifarişdir?
- Heç bir nazir, heç bir yüksək rütbəli məmur əməkdaşına demir ki, get, sözə qulaq asmayanları döy, xəsarət yetir və belə bir şou düzəlt. Bu, ayrı-ayrı yekəqarın və qolu zorlu məmurların işidir. Məsələn, son günlər nəqliyyat müfəttişləri ilə bağlı da ciddi narazılıq yaranıb. Kim ona deyib ki, get, "sapyor lapatka"sı ilə taksi sürücüsünü döy? Sadəcə olaraq, bunlar bir az cəzasız qaldıqları üçün bu cür hərəkətlərə yol verirlər. Hesab edirəm ki, nə SOCAR-ın, nə də aşağı qurumların rəhbərliyi belə bir göstəriş verməyib. Bu, hansısa bir məmurun, belə demək mümkündürsə, qulbeçələrin emosional davranışı zamanı ortaya çıxan özbaşınalığın təzahürüdür.
Təbii ki, hər bir vətəndaşın hüquqları qorunmalıdır. Peşə fəaliyyətini yerinə yetirən jurnalistin də hüququ iki qat qorunmalıdır. Bu baxımdan, təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır!
- Çingiz müəllim, deyilənə görə, hakimiyyət daxilindəki bəzi qruplaşma üzvləri "Eurovision" ərəfəsində bu cür qarışıqlığın olmasında maraqlıdır ki, hakimiyyətə beynəlxalq təzyiqlər artsın. Bu barədə nə düşünürsünüz?
- İlyarımdır ki, hakimiyyətin bir qolu olan parlamentdə təmsil olunuram, bu günə kimi heç bir daxili çəkişmənin və qarşıdurmanın şahidi olmamışam. "Eurovision" bir aydan sonra bitəcək. Azərbaycanda isə regionların sosial-iqtisadi inkişafı, o cümlədən Bakı şəhərində quruculuq və abadlıq işləri, yolların çəkilməsi ilə bağlı 2013-cü ilin sonuna qədər iş gedəcək. "Eurovision"a görə bu işləri ləngitmək olmaz. Onda gərək oturub altı ay gözləyəydik ki, bu proses qurtarsın, sonra işimizi davam etdirək.
Azərbaycanda qarşıya qoyulan məqsədlər var. Tutaq ki, Sulutəpədə evlərin sökülməsi lazımdır. Ancaq mən hesab edirəm ki, məhkəmənin qərarı olmadan içərisində insanların yaşadığı evlərin sökülməsi yolverilməzdir! Digər tərəfdən, belə ərazilərdə torpaqların verilməsində maraqlı olan icra başçıları, bələdiyyə sədrləri, icra nümayəndələri görürdülər ki, burda minlərlə ev tikilir, özü də bu evlər elə-belə tikilmir. Azərbaycanda daşı daş üstə qoymaq üçün kimlərəsə rüşvət verməlisən, kimlərinsə "bığının altından" keçməlisən. Orada bir dənə də ev tapa bilməzsən ki, bələdiyyədən, yaxud icra hakimiyyətinin icazəsi ilə tikilməsin. Vaxtilə hamısına göz yumulub. Mən çox istəyirəm ki, belə qanunsuzluqlara yol verən adamlar məsuliyyətə cəlb olunsunlar ki, başqaları da bundan ibrət götürsünlər və gələcəkdə bu cür hadisələr təkrarlanmasın.
Dövlət orqanları əsaslandırırlar ki, bu ərazidə ev tikmək olmaz və sökülməlidir. Yaxşı, biz bunları sökürüksə, onda gəlin araşdıraq görək ki, hansı vəzifəli şəxsin icazəsi ilə bu qədər ev tikilib. Çox təəssüf ki, bizdə birtərəfli iş gedir. Vətəndaş qanunsuz hərəkətinə görə cəzalandırılır, evləri sökülür, amma vəzifəli şəxslər cəzadan kənarda qalır. Mən qanunları pozan vəzifəli şəxslərin toxunulmaz olmasını qəbul eləmirəm.
- Siz İmişli rayonundan deputat seçilmisiniz və həmin ərazidə də seldən zərərçəkən insanların kifayət qədər problemləri var. Hətta bu problemlərdən bezən sakinlər etiraz aksiyaları da keçirirlər...
- Son günlər bu məsələ ətrafında mənə qarşı kampaniya təşkil olunmuşdu. Amma sonda məlum oldu ki, mətbuatda məndən şikayət edən iki şikayətçinin heç biri mənim seçicim deyil. Yəni, bunlar mənə qarşı təşkil olunan "qara piar"ın tərkib hissəsi idi. Bunu bir kənara qoyaq. Onlar söz deyirdi, amma mən ortaya rəsmi sənədlər qoyurdum. Bu səbəbdən də artıq məsələni qapanmış hesab edirəm. Milli Məclisin son iclasında qanun müzakirəsi zamanı qəzalı evlərin vəziyyəti ilə bağlı müzakirə apardıq. Orda da o fikir səsləndi ki, vətəndaşın şəxsi mülkiyyətində olan hər hansı evin yararsız hala düşməsinə görə dövlət məsuliyyət daşımır. İmişlidən də son günlər edilən şikayətlərin hamısı Kür və Araz çaylarından 10-larla km kənarda olan, bəlkə də 50-60 il bundan əvvəl çiy kərpicdən tikilən evlərin sahibləridir. Müəyyən qruplar onlara başa salırlar ki, səs-küy qaldırsanız, dövlət sizə ev tikib verəcək. Vitse-spiker Valeh Ələsgərov da çox düzgün qeyd elədi ki, məsələyə bu cür yanaşsaq, onda dövlət avtomobili köhnələnə təzə avtomobil, atı qocalana yeni at alıb verməlidir.
Vətəndaş şəxsi mülkiyyətinə görə özü məsuliyyət daşıyır. Ancaq Kür və Araz çayları sahillərində təbii fəlakətdən zərərçəkən insanların kölgəsi ətrafında dövlətə təzyiq etmək yolu ilə kimlərsə, nəsə əldə etmək istəyirsə, bu, qanunaziddir. Dövlətin gücü nəyə çatırsa, onu edir və edəcək. Bu günlərdə cənab prezident tərəfindən əlavə 50 milyon manat vəsaitin ayrılması yerdə qalan problemlərin həllinə yönələcək. Hesab edirəm ki, təbii fəlakət ümumi bir bəladır, burada nə dövləti, nə də vətəndaşı günahlandırmaq olar.
- Bir millət vəkili kimi fəlakət zonasına ayrılan pulların şəffaf xərclənməsinə nəzarət etmək, bu istiqamətdə araşdırma aparmaq barədə düşünmüsüzmü?
- Nəzərdə tutulan sayda adamlara evlər tikilib. Bu pulların xərclənməsi Fövqəladə Hallar ?azirliyinin nəzdində müvafiq komissiya tərəfindən həyata keçirilir. Hər bir müraciəti araşdırırlar, nə qədər vəsaitin ayrılmasına qərar verirlər. Mənim qanunverici orqanının nümayəndəsi kimi, bu pulların necə xərclənməsi prosesinə müdaxilə eləmək səlahiyyətim yoxdur.
Onu da bildirim ki, təkcə İmişlidə 809 yeni ev tikilib. Bu az rəqəm deyil. ?əzərə alsaq ki, Kür sahilində onlarla rayon var, onda burada on minlərlə evin tikildiyini görərik.
- Hüquq müdafiəçisi Oqtay Güləliyevin həbsində Sizin rolunuzun olduğu bildirilir. Bu barədə nə deyə bilərsiniz?
- Oqtay Güləliyevlə bağlı baş prokurora müraciət etmək niyyətində idim. O, mənim imicimə zərər vurmağa çalışırdı, lakin mən onunla bağlı sənədləri topladığım müddətdə, o, deputat seçilmədiyim ərazidə - Sabirabadda həbs olundu. Belə hesab edirəm ki, onun həbsinin mənim adımla bağlanması ədalətsizlikdir.
Mən, İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmişəm və o ərazidəki məsələ ilə bağlı Oqtay Güləliyevlə aramızda fikir ayrılığı yaranmışdı. Sonra məlum oldu ki, o, digər rayonlarda da bu cür hərəkətlərə yol verib. O, kəndlərdə insanlarla görüşüb inqilaba çağırışlar edirdi. İndi nədən ötrü həbs olunub, bunu hüquq-mühafizə orqanları bilər. Amma bu o demək deyil ki, mən onu bağışlamamışam.
O, "Kür" Vətəndaş Cəmiyyətinin nizamnaməsinə uyğun olmayan siyasi fəaliyyətlə məşğul olub, çağırışlar edib. Deputat seçildiyim rayonda bu cür addımlar atanda ona etiraz elədim, amma o, mənim əleyhimə kampaniyaya başlamışdı. Yanlış informasiyaların hamısı da onun elektron ünvanı vasitəsilə yayılırdı. İndi həbs olunub, Allah qapısını açsın. Amma QHT rəhbəri gərək öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərsin.
- Siz eyni zamanda Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatorusunuz. Son vaxtlar həbsxanalardakı vəziyyətlə bağlı ciddi narazılıqlar səslənir, aclıq aksiyaları keçirilir. Bu barədə nə deyə bilərsiniz?
- İki gün bundan öncə təmsil olunduğum monitorinq qrupunun üzvləri Arif Hacılının da cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsində olduq. Onlar birmənalı şəkildə bildirirdilər ki, mətbuat nümayəndələrinə deyin, olmayan şeyi yazmasınlar. Yəni, onlar bildirirlər ki, həbsin səbəblərini kənara qoyaq, amma burada bizə qarşı münasibət normaldır, saxlandığımız yerin də şəraiti pis deyil.
Digər cəzaçəkmə müəssisələrində də məhbuslarla görüşümüz zamanı saxlanma şəraitindən şikayət edən olmayıb. Bir problem odur ki, cəzaçəkmə müəssisələrinə vaxtlı-vaxtında su verilmir. Məsələni araşdırdıq və bəlli oldu ki, Ədliyyə ?azirliyi ilə "Azərsu" arasında anlaşılmazlıq var və suyun olmaması da bununla bağlıdır.
- O fikirlər də səslənir ki, Sizin komitə ilə həbsxana rəhbərliyi arasında anlaşma olduğuna görə neqativ halları açıqlamırsınız. Doğrudurmu?
- Təbii ki, ayrı-ayrı adamlar bu kimi fikirlər səsləndirəcək, ağlına və ağzına gələni danışacaq. Ona görə də deyirəm ki, bu cür fikirlərin heç bir əsası yoxdur. Məsələn, bir il bundan əvvəl Eynulla Fətullayevin dedikləri ilə özünün monitorinq keçirib verdiyi açıqlamalar arasındakı ciddi fərqi görürsünüz.