"iqtidar öz əməlləri ilə inqilabi zəraiti yetizdirməkdədir"

img

22-04-2012 [06:34]


[b]Lalə Şövkət: "Hakimiyyət köklü islahatlara getməsə, indiki dəsti-xəttini davam etdirsə, proseslərin axırı çox pis qurtara bilər" [/b] Son bir ildə dünyada demokratik dəyişikliklərə yönəlik addımların atılmasına baxmayaraq, hələ də Azərbaycanda ciddi proseslər başlamayıb. Ancaq ölkədəki mövcud sosial gərginlik, narazılıqlar inqilabi şəritin yaranacığı ilə bağlı müəyyən proqnozların verilməsinə səbəb olub. Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva müsahibəsində bu məsələyə də toxunub. - Bir ay öncə bu barədə fikirlərimi mətbuat vasitəsi ilə çatdırmışam. O vaxtdan heç nə dəyişməyib. Bu gün Azərbaycanda durğunluq hökm sürür. İctimai-siyasi proseslərdə heç bir yenilik görmürəm. Bütün əndazələri aşan sistemli korrupsiya, talançılıq, məmurların məsuliyyətsizliyi, özbaşınalığı və harınlığı insanları hüquqsuz, müdafiəsiz, ümidsiz hala salıb. İqtidarla müxalifət arasında dialoq haqqında çox söhbətlər olsa da, münasibətlər hələ də düşmənçilik səviyyəsindədir. Siyasi məhbuslar problemi, müxalifətə təzyiqlər, repressiyalar olduğu kimi qalmaqdadır. Hakimiyyət dünyada gedən demokratikləşmə proseslərinə, "Ərəb baharı"na, dünyadakı siyasətin meynstriminə, yəni orta axınına əhəmiyyət verməyərək, heç bir islahatlara getmir. Yəni, iqtidar yenə də əvvəlki prinsiplərinə sadiq qalaraq ölkəni avtoritar üsullarla idarə edir. Bu gün Azərbaycanda yaşayan insanların heç bir hüququ təmin olunmur. Onların nə insani, nə siyasi, nə iqtisadi, nə də mülkiyyət hüquqlarına məhəl qoyulur. İnsanlar çox acınacaqlı vəziyyətdədir. Ən acınacaqlısı isə odur ki, Azərbaycan vətəndaşları üçün bir imdad qapısı yoxdur. Haqqı pozulanlar məhkəmələrə üz tutsalar da, orada haqq-ədalət tapa bilmirlər, çünki məhkəmələr müstəqil deyil. Dövlətin əsas vəzifəsi ədalətin təminatıdır və bu vəzifənin həyata keçirilməsində əsas rol müstəqil məhkəməyə məxsusdur. Dövlətdən ədalət görməyən insanlar isə dövlətin özünə etibarını itirirlər və bu dövlətə artıq ehtiyac duymurlar. Ona görə də insanlar problemlərini güc və pulla özü həll etmək məcburiyyətində qalır. Belə olan halda, qanunlar işləməyən, ədalət olmayan yerdə cəmiyyət istər-istəməz kriminallaşır və bu, dövlət üçün ağır nəticələrə gətirə bilər. Beləliklə, Azərbaycanın ictimai-siyasi vəziyyətində, təəssüflər olsun ki, heç bir müsbət dəyişiklik baş verməyib. - Amma hakimiyyət nümayəndələri ölkədəki inkişafdan, demokratiyadan danışırlar... - Hakimiyyət nümayəndələri çox söz deyə bilərlər. Belə "nağılları" çox eşitmişik. Bəlkə onların yaşadığı ayrıca planetdə həqiqətən inkişaf da, tərəqqi də var. Çünki onların həyatı həqiqətən günü-gündən yaxşılaşır. Azərbaycanda dünyada analoqu olmayan sistemli korrupsiya onlara firavan həyat sürmək üçün bütün imkanları yaradır. Heç ərəb şeyxləri də belə yaşamırlar. Ona görə də, onların dilindən eşidilən sözlər reallıqdan çox uzaqdır. Çünki Azərbaycan əhalisinin əksəriyyəti acınacaqlı vəziyyətdədir. On minlərlə insanın evi başına uçurulur. Bunun qarşılığında isə onlara nə adekvat kompensasiya verilir, nə də müvafiq yaşayış yerləri. Yəni, bu gün inkişafdan danışan hakimiyyət vətəndaşların mülkiyyətini dağıdır, onları küçəyə tökür. Çox maraqlıdır, qeyri-təbii olaraq siyasətə, mədəniyyətə, təhsilə, elmə, səhiyyəyə, ictimai münasibətlərə bazar qanunlarını gətirən iqtidar, bu qanunları onların təbii mühiti olan iqtisadi münasibətlərdə işlətmir. Hər kəsə məlumdur ki, bazar iqtisadiyyatının əsas təməl daşı şəxsi mülkiyyətin toxunulmazlığıdır. Bu olmayan yerdə nə iqtisadi inkişafdan söhbət gedə bilər, nə də insan hüquqlarının dövlət tərəfindən təminatından. Regionlarda da çox ciddi narazılıqlar var. Demək olar ki, hər gün rayonlarda lokal etiraz aksiyaları keçirilir. İnsanlar haqsızlıqdan, ədalətsizlikdən, qanunsuzluqdan, problemlərdən bezərək yaşam hüququ uğrunda mübarizəyə qalxırlar. Amma bu etirazlara baxmayaraq, mən hələ ki, nə hər hansı bir islahat görürəm, nə də iqtidarın siyasətində dəyişiklik istəyini hiss edirəm. İcra başçılarının yerini dəyişməklə heç nəyə nail olmaq mümkün deyil. İcra başçılarının yerləri yox, mahiyyəti dəyişməlidir. - Lalə xanım, son bir neçə ayda Qubada, Sabirabadda və digər rayonlarda xalq etirazları oldu. Sizcə, nəyə görə bu lokal etirazlar siyasi müstəviyə keçib geniş kütlələri əhatə edə bilmir? - Hələ ki, millət buna hazır deyil. Görünən odur ki, daha geniş kütləni əhatə edən etirazların siyasi müstəviyə keçməsi ilə bağlı millətin qərarı yoxdur. Bu, çox mühüm məsələdir. 90-cı illərdə, ondan sonrakı dövrlərdə də millət toparlanıb etiraz etmək əzmində idi. Amma indi bu görünmür. Amma bu o demək deyil ki, bu proses olmayacaq. Vəziyyətin günü-gündən gərginləşməsi hər an sosial partlayışa səbəb ola bilər. Yerlərdə bu gün alışan lokal etirazlar bir gün ümumxalq etirazına çevriləcək. Ona görə də iqtidar təxirəsalınmaz köklü islahatlara getməli, insanlara münasibətini dəyişməli və analoqu olmayan talançılığa son qoymalıdır. - Bəlkə müxalifətin zəifliyidir ki, narazılıqları siyasi müstəviyə gətirib geniş etirazlar təşkil edə bilmir? - Azərbaycan avtoritar ölkədir. Avtoritar üsulla idarə edilən ölkədə isə müxalifət normal siyasi fəaliyyətlə məşğul ola bilmir. Avtoritar ölkədə güclü müxalifət də olmur. Güclü müxalifət ancaq demokratik ölkələrdədir. Bizdə olan reallıqda isə müxalifətin zəifliyindən danışmaq düzgün olmazdı. Azərbaycanda müxalifətin mövcud olmasının özü böyük nailiyyətdir. İndiki şəraitdə, təzyiqlərə, repressiyalara baxmayaraq, müxalifətin mövcudluğu, pis-yaxşı fəaliyyət göstərməsi güc deməkdir. Ona görə də, mən deməzdim ki, müxalifət zəifdir. Amma müxalifətin də nöqsanları, təqsirləri var. Çox təəssüf ki, Azərbaycan müxalifəti birləşib ortaq mövqeyə gələ bilmir. Artıq 20 ildir ki, müxalifətdə birincilik uğrunda mübarizə gedir, ya açıq müstəvidə, ya da gizli. Məhz bu birincilik uğrunda mübarizə, şəxsi ambisiyalar və korporativ maraqlar imkan vermir ki, bütün demokratik qüvvələr bir hərəkatda birləşsinlər və həqiqətən də millətin önündə getsinlər. Mən bunu dəfələrlə demişəm, artıq təkrarlamaqdan da yorulmuşam. Bu gün gərək, bütün demokratik qüvvələr bir məqsədə - millətin gələcəyi uğrunda birləşib ortaya konkret mövqe qoysun, aydın şəkildə hamının və hər kəsin maraqlarına toxunan məqsəd müəyyənləşdirsin. Və bu məqsədə çatmaq üçün aydın yollar və üsullar göstərsinlər. Təəssüf ki, hələ buna nail olmamışıq. Yenə də pərakəndəlik var. Pərakəndəlik olan yerdə isə ümumi mövqeyə gəlmək qeyri-mümkündür. - Müxalifətin pərakəndə olması yalnız hakimiyyətin maraqlarına uyğundur. Əgər müxalifət demokratiya naminə, hətta millət naminə bir araya gəlmirsə, deməli, hakimiyyətin maraqlarına xidmət edir? - Bu, sizin fikrinizdi, mən belə düşünmürəm. Amma hər halda, müxalifətin bir arada olması vacibdir. Bizim bir yeganə yolumuz var - bütün demokratik qüvvələri bir araya gətirib demokratik hərəkat yaratmaq, millətin önünə çıxıb onun problemlərinin həllinə çalışmaq. Pərakəndəlik, ayrı-seçkilik, ambisiya olan yerdə isə heç nəyə nail olmaq mümkün deyil. - Müxalifətin bir araya gəlməsi, vahid mövqedən çıxış etməsi üçün təşəbbüs göstərib bu missiyanı niyə üzərinizə götürmürsünüz? - Əzizim, bu 20 ildə dəfələrlə təşəbbüs də göstərmişəm, danışıqlarım da olub. Amma siz özünüz də bilirsiniz ki, mənim bir xüsusiyyətim var, danışıqlarımı, görüşlərimi reklam etmirəm. Mən illərdir bunun üzərində işləyirəm. Mərhum Elçibəyin ölümündən sonra AXCP dağılanda, Qarabağ və Respublika Uğrunda Hərəkat parçalananda barışdırıcı mövqedən çıxış etmişəm. Çalışmışam ki, hamı bir araya gəlsin, ambisiyalar kənara qoyulsun, millətin dərdi, problemləri ilə məşğul olaq. Əfsuslar olsun ki, ambisiyalar buna imkan vermədi. - İctimai Palata son dövrlər həm siyasi, həm sosial tələblərlə kütləvi aksiyalara başlayıb. İddia edirlər ki, əsas qüvvələr burada toplaşıb. İctimai Palatanı müxalifətin əsas birliyi saymaq olarmı? - Mən, nə İctimai Palata, nə də digər qurumlar barədə fikir bildirmirəm. Həmişə də onlara uğurlar diləyirəm. Amma yenə də deyirəm, demokratik qüvvələr bütövlükdə bir araya gəlməsə, onun gücü yetərli olmayacaq və cəmiyyətin dəstəyini lazımi səviyyədə ala bilməyəcək. - Hakimiyyətin islahatlara getməməsini vurğuladınız. Son dövrlər Qərbdən də demokratiya və insan haqları ilə bağlı hakimiyyətə qarşı təpkilər artıb. Ümumiyyətlə, Qərbin bu istiqamətdəki tələblərinin səmimiliyinə inanırsınızmı? - Dünya siyasətini bilən adam çox gözəl başa düşür ki, dünya siyasətində səmimiyyət olmur, maraqlar olur. Ümumiyyətlə, dünyanın siyasəti maraqlar üzərində qurulub. Səmimiyyət üzərində qurulsaydı, onda dərdimiz? İşğal altında olan torpaqlarımızı həqiqətən də azad edə bilərdik. Bu gün Qarabağ münaqişəsinin həllinə ikili yox, dördlü standartlar müstəvisində yanaşılır. Ona görə də dünya siyasətində səmimiyyət axtarmıram. Bu gün demokratiya dəyərdən marağa çevrilib. Bu səbəbdən də Qərbin demokratiya ilə bağlı tələblərini, Azərbaycanla bağlı dünya mətbuatında son dövrdə kəskin yazıları qismən təbii qəbul etmək olar. Həqiqətən də Azərbaycanda demokratiya yoxdur, həqiqətən də azad və ədalətli seçkilər keçirilmir. Bu gün Azərbaycanda siyasi məhbuslar var, müxalifətə qarşı təzyiqlər, repressiyalar mövcuddur. Hakimiyyət söz azadlığına, azad toplaşmaq hüququna məhəl qoymur. Sadaladığım faktlar dünya mətbuatında da dərc olunur. Amma nəyə görə bunlar son dövrdə belə intensiv xarakter alıb? İllərdir ki, Azərbaycanda anti-demokratiya, insan haqlarının tapdalanması tendensiyası artan xətlə inkişaf edir. ?əyə görə məhz bu gün Qərbdən gələn təzyiqlər daha da artıb? Yəqin ki, digər amillər də mövcuddur. Mənim bu barədə öz təxminlərim var, lakin, dəqiq informasiyam olmadığına görə onların haqqında danışmaq istəməzdim. - Bəziləri həm ölkədaxili prosesləri, həm də Qərbin tələblərini nəzərə alaraq may ayından sonra Azərbaycanda ciddi proseslərin başlayacağını proqnozlaşdırır. Siz necə düşünürsünüz, yaxın müddətdə aktivlik artacaq, yoxsa durğunluq davam edəcək? - Seçkiqabağı dönəmlərdə həmişə aktivlik olub. İstər parlament, istərsə də prezident seçkilərinə bir il qalmış hər dəfə aktivlik yaranır. Əslində belə də olmalıdır. Amma seçkiyə getməmişdən qabaq müxalifət əsas problemləri həll etməlidir. Hər şeydən öncə ölkədə demokratik seçki mühitinin formalaşdırılmasına nail olmaq lazımdır. Qeyri-demokratik mühitdə seçkiyə getməyin mənası yoxdur. Çünki demokratik şərait olmayan yerdə seçki yox, seçki adı ilə növbəti formal tədbir olacaq. Demokratik mühitin yaradılması üçün isə bütün demokratik qüvvələrin birliyi və millətin qərarlı mövqeyi lazımdır. - Məsələ ondadır ki, bu gün Sizin dediyiniz şərtlər gerçəkləşməyib, yəni nə müxalifət bir aradadır, nə də cəmiyyət qərarlıdır. Belə çıxır ki, Azərbaycanı müsbət nəsə gözləmir? - Müsbət nəticə üçün hərəkətə keçmək, ağıllı addımlar atmaq lazımdır. Bundan əlavə, müsbət nəticə əldə etmək üçün dünya siyasətinin, baş verən qlobal proseslərin nəbzini tutub ortaya millət üçün də başa düşülən mövqe qoyulmalıdır. Rəqabət müxalifət daxilində yox, iqtidarla müxalifət arasında olmalıdır. Amma mən inanıram ki, Azərbaycanda müsbət dəyişikliklər olacaq. Azərbaycan mütləq demokratiya yolunu seçib inkişaf edəcək. Bunu artıq dünya siyasəti diktə edir... - Lalə xanım, ötən müsahibələrinizin birində demişdiniz ki, hakimiyyət islahatlara getməsə, ölkədə inqilabi dəyişiklik zərurəti yaranacaq. Amma indiki fikirləriniz daha çox pessimizmə köklənib... - Yox! Pessimist deyiləm, realistəm. Belə bir lətifə var. Pessimist qarşısında qaranlıq tunel görür, optimist tunelin sonunda işıq görür, realist isə tunel, işıq və onların üstünə gələn qatarı da görür. Mən həm qatarı görürəm, həm də tuneldən çıxış yolunu. Hər halda, ümidli və inamlıyam. Dəyişikliklər onsuz da olacaq. Dünyanın ümumi bir gedişatı var və heç kim ondan kənarda qala bilməz. Bir az tez, bir az gec, amma Azərbaycanda dəyişiklik mütləq olacaq. Ərəb ölkələrində müxalifət qüvvələri yox idi, amma millət özü ayağa qalxıb inqilab etdi. Bizdə də bu dəyişikliklərə millət qərar versə, bu daha da tez olar. İqtidar isə bu qədər talançılıq, korrupsiya ilə, millətin başını bu şəkildə əzməklə, millətə zülm etməklə uzağa gedə bilməz. İnsan dünyaya bir dəfə gəlir və öz həyatını, arzularını hakimiyyətin hərisliyinə qurban verə bilməz. Əbəs yerə demirlər ki, inqilab arzuların intiqamıdır! Mənim inqilablara münasibətim isə dahi filosof Berdyayevin fikirləri ilə üst-üstə düşür. O deyirdi ki, "inqilablar köhnə həyatın sonudur, amma heç də yeni həyatın başlanğıcı deyil". Mən, ümumiyyətlə, inqilablar tərəfdarı deyiləm. Ona görə ki, Azərbaycanın həssas geostrateji regionda yerləşməsini, Ermənistanla müharibəsini, qonşuları ilə birmənalı olmayan münasibətlərini nəzərə alaraq, hər hansı bir inqilabi vəziyyəti dövlətçiliyimiz üçün böyük təhlükə hesab edirəm. Lakin, bu gün iqtidar öz əməlləri ilə bu inqilabi şiraiti yetişdirməkdədir. Həqiqətən də hakimiyyət köklü islahatlara getməsə, indiki dəsti-xəttini davam etdirsə, proseslərin axırı çox pis qurtara bilər. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA