"Yaxın bir ildə ciddi proseslər bazlayacaq"

img

09-04-2012 [06:10]


[b]Mehman Əliyev: "Azərbaycan hakimiyyəti beynəlxalq aləmə moizə oxuyur. Ancaq Qərb demokratikləşmə istiqamətində islahatların ləngidilməsi ilə bağlı güzəştə getməyəcək" [/b] Ötən ilin əvvəllərində ərəb ölkələrində baş verən inqilablardan sonra Azərbaycanda da ciddi proseslərin başlanacağı ilə bağlı proqnozlar verildi. Bir qism bu prosesin qısa müddətdə start götürəcəyini proqnozlaşdırsa da, digərləri Azərbaycanda demokratiyaya daha yumşaq keçidin olacağını iddia edirdi. Artıq bu ildən ölkəmizdə müəyyən dərəcədə aktivlik başlayıb. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən "Turan" İnformasiya Agentliyinin direktoru, siyasi analitik Mehman Əliyev də ölkəmizin dəyişikliklərin astanasında olduğunu deyir: - Bu gün Azərbaycanda aktivlik var. Cəmiyyət də kifayət qədər narazıdır. Bu, Quba hadisələri, daşqın zonalarındakı etirazlar, Masallıda keçirilən aksiya, gənclərin mitinqi, "Eurovision"la bağlı gərginlik, Sulutəpə qəsəbəsində və digər ərazilərdə evlərin dağıdılması, insanların buna müqaviməti müstəvisində özünü göstərdi. Yəni, vəziyyət onu göstərir ki, ölkədə gərginlik var. Bununla yanaşı, ölkədə siyasi və ictimai fəallıq da artır. İnsanlar artıq qorxmaqdan yorulublar. ?eçə illərdir cəmiyyətdə qorxu var idi, amma indi elə bir situasiya yetişib ki, insanlar qorxmaqdan da beziblər. Söhbət təkcə yoxsulluqdan, sosial vəziyyətin ağır olmasından getmir. Artıq ölkədəki vəziyyət çoxlarını qane eləmir. - Mehman bəy, 2011-ci ilin əvvəllərindən başlayaraq, ərəb inqilablarından sonra Azərbaycanda da ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılırdı. Sadaladığınız məqamları ciddi dəyişikliklərin başlanğıcı hesab etmək olarmı? - Azərbaycanda dəyişikliklər qaçılmazdır. Heç kimə sirr deyil ki, Qərbin, Amerikanın burada maraqları böyükdür. Onlar, sadəcə olaraq, Azərbaycana ayrıca bir məkan, ayrıca bir dövlət kimi baxmırlar. Əslində, Azərbaycanı ayrıca götürəndə balaca bir dövlətdir. Ərazisinə, gücünə görə də, hətta neft sərvətlərini də götürsək, Azərbaycan onlar üçün elə də böyük dövlət deyil. Söhbət ondan gedir ki, biz vahid məkanın, sistemin bir hissəsiyik. Onlar bizə bir hissə kimi baxırlar. Yəni, biz keçmiş SSRİ respublikalarının bir nümayəndəsiyik və indiki zamanda Avropa qitəsində olan 6 ölkənin qısa zamanda inteqrasiyasına çalışılır. Azərbaycan da bu sistemin tərkibindədir. Ona görə də, Azərbaycan bu sistemdən kənarda qala bilməz. Əgər biz 2011-ci ildə baş verən "Ərəb baharı" adlanan prosesə nəzər yetirsək, hər şeyi tam aydın görərik. Belə ki, əsas üç coğrafi, geosiyasi məkan var. Onlardan biri Şimali Afrikadır - harada ki, bu proseslər başlamışdı. İkincisi, Orta Asiyadır - İraq, İran və ətrafıdır ki, orda da müəyyən proseslər başlayıb. Üçüncüsü, keçmiş SSRİ respublikalarıdır, - hansı ki, 6 əsas ölkə Şərq Tərəfdaşıq Proqramında Avropa Birliyi ilə əməkdaşlıq edir. Yəni, bütün bu üç istiqamətdə dəyişikliklər uğrunda mübarizə gedir. Bu 6 ölkədə, o cümlədən Azərbaycanda islahatlarla vəziyyəti dəyişmək yolu tutulub. Əlbəttə ki, hansı ölkə buna müqavimət göstərəcəksə, prosesi ləngidəcəksə, orda başqa tədbirlər də görülə bilər. Hələlik Azərbaycanda islahatlar yolu ilə dəyişikliklərin edilməsi əsas götürülüb və bu istiqamətdə də müəyyən addımlar atılır. - Uzun müddət idi ki, hakimiyyətlə müxalifət arasında mitinqlərin keçirilməsi ilə bağlı razılıq əldə olunmurdu. Amma artıq müxalifət neçə müddətdən sonra ilk razılaşdırılmış aksiyasını keçirəcək. ?ecə düşünürsünüz, kütləvi tədbirlərin keçirilməsi prosesi davamlı olacaq, yoxsa hakimiyyət bundan sonra yenə də "yox" deyəcək? - Hakimiyyət daha "yox" deyə bilməz. Həmişə hakimiyyət müxalifətlə danışıq aparanda yer müəyyənləşdirirdi. Bunlar isə insan gözündən uzaq olan yerlər idi, ona görə də müxalifət bundan çəkinirdi. Çünki televiziya kanalları həmin tədbirləri göstərmirdi, böyük insan toplumu bunu görə bilmirdi. Bu səbəbdən də müxalifət çalışırdı ki, aksiya şəhərin mərkəzində keçirilsin və diqqəti daha çox cəlb eləsin. Bu gün isə vəziyyət dəyişib. Əgər 2005-ci ildə şəhərdən kənarda keçirilən mitinqdən yalnız orda iştirak edənlər, bir də, mətbuatı izləyənlər xəbər tuturdularsa, indi internetin inkişafı ona imkan yaradır ki, yüz minlərlə insan həmin mitinqdən xəbərdar olsun. Gənclərin mitinqi göstərdi ki, aksiyanın şəhərdən kənarda keçirilməsinin o qədər də ciddi əhəmiyyəti yoxdur. İnternet istifadəçiləri olan aktiv adamlar mitinqə getməsələr də, o aksiyada səslənən fikirləri, irəli sürülən tələbləri eşitdilər. Bu mənada, müxalifətin bu dəfə şəhərin kənarında mitinq keçirməyə razı olması başadüşüləndir. Ona görə ki, artıq informasiya texnologiyaları daha geniş kütlənin bu tədbirdən xəbər tutmasına imkan verir. - Ötən il bizim qəzetə müsahibənizdə bildirmişdiniz ki, ərəb ölkələrində baş verən inqilabların Azərbaycanda təkrarlanmaması üçün ciddi islahatlara ehtiyac var. Artıq həmin proqnozun da, hadisələrin də üstündən bir il keçib, amma hakimiyyət ciddi islahatlara getmədi... - Bəli, mən belə fikirlər səsləndirmişəm. O zaman Azərbaycana gələn ABŞ səfiri Metyu Brayza da demişdi ki, Azərbaycandan müsəlman aləmi üçün islahat yolu ilə liberal demokratiyaya keçid nümunəsinin sərgilənməsini gözləyirik. Təəssüflər olsun ki, belə olmadı. Ancaq mən deməzdim ki, Azərbaycanda heç bir islahat aparılmır. İslahatlar gedir, ama bu islahatlar biz istədiyimiz kimi, dərin çevrə şəklində deyil. Dünya Bankı və başqa qurumlarla aparılan layihələr var və bu çərçivədə müəyyən dəyişikliklər baş verir. Təbii ki, bu, siyasi deyil, iqtisadi müstəvidə baş verir, qanunvericilik sahəsində islahatlar gedir. Lakin biz onu da müşahidə edirik ki, Azərbaycan tərəfi prosesi ləngidir. Hesab edirəm ki, məhz ona görə də, Metyu Brayza növbəti il Azərbaycanda qala bilmədi. Çünki ABŞ-ın Azərbaycanla bağlı nəzərdə tutduğu siyasət demək olar ki, uğursuz oldu. Ona görə də, bu gün Azərbaycanda ABŞ-ın səfiri yoxdur. Bu da onu nümayiş elətdirir ki, bu gün münasibətlər kifayət qədər gərgindir. - Bəzi ekspertlər iddia edir ki, Qərb Azərbaycan hakimiyyətini enerji və digər məsələlərə görə dəstəkləyir, edilən təzyiqlər də görüntü xarakteri daşıyır. Bu səbəbdən də hakimiyyət ciddi islahatlara getməməkdə dirəniş göstərir. Bu fikirlərlə razısınızmı? - Bu gün dünya bazarında neft və qaz kifayət qədərdir. Burada Azərbaycanın payını götürsək, çox cüzi bir rəqəm alınar. Yəni, Azərbaycanın neftindən və qazından imtinanın dünya bazarına heç bir təsiri olmayacaq. Ona görə də, bu, əsaslı amil deyil. Məsələnin o biri tərəfinə gəlincə, Azərbaycan tərəfi prosesi ləngitməyə çalışır. Müxtəlif bəhanələr gətirir ki, guya cəmiyyət dəyişikliklərə hazır deyil, bizə vaxt lazımdır, qısa müddətdə bunu edəcəyik və s. Yəni, Azərbaycan hakimiyyəti beynəlxalq aləmə moizə oxuyur. Ancaq Qərb demokratikləşmə istiqamətində islahatların ləngidilməsi ilə bağlı güzəştə getməyəcək. Biz gözləyirik ki, yaxın bir ildə ciddi proseslər başlayacaq. Bu proses təkcə Azərbaycanda deyil, sistemə daxil olan bütün ölkələrdə gedəcək. - Siz islahatların aparıldığını deyirsiniz, amma ortada ilkin nəticə yoxdur. Hazırda ən çox siyasi və idarəetmə sistemi ilə bağlı islahatların aparılmasına ehtiyac var. Amma bəziləri idarəetmə, kadr siyasətinin aparılacağı təqdirdə hakimiyyətin çökəcəyini iddia edir. Sizcə, problemin kökü budurmu? - Əlbəttə ki, əsas problem elə odur. Azərbaycanda siyasi hakimiyyət həm də iqtisadi hakimiyyət deməkdir. Bu gün ölkədə oliqarxiya var, nazirlərimiz, məmurlarımız bizneslə məşğuldur. Yəni, aləm bir-birinə qarışıb. ?ormal dövlətlərdə bizneslə dövlət idarəçilik sistemi ayrıdır. Amma Azərbaycanda hakimiyyətdə olmaq böyük pullara sahiblənmək, böyük biznes şəbəkəsinə malik olmaq deməkdir. Ona görə də, hakimiyyəti itirmək, yaxud hakimiyyəti kiminləsə bölüşmək, idarəçilikdə şəffaflıq yaratmaq, hakimiyyətə siyasi partiyaları demirəm, hətta QHT-ləri buraxmaq onların biznes imkanlarını itirməsi anlamına gəlir. Ona görə də şəxsi iqtisadi maraqlar dövlət və milli maraqları üstələyir. - Qarşıdan gələn prezident seçkilərinə elə də çox vaxt qalmayıb. Hazırkı proseslər fonunda 2013-cü il prezident seçkilərindən gözləntiləriniz nədir? - Dəqiq deyə bilərəm ki, 2013 seçkiləri 2008-ci il seçkiləri kimi olmayacaq. Hesab edirəm ki, budəfəki seçkidə ciddi mübarizə gedəcək. Mən vəziyyəti daha çox Rusiyadakı duruma oxşadıram. Rusiyada hər şey parlament seçkilərində başladı, prezident seçkilərində yekunlaşdı. Söhbət onda deyil ki, nəticədə Putin qalib gəldi, əsas odur ki, sistem dəyişməyə başladı, hakimiyyət müxalifətlə danışıqlara getdi. Artıq Rusiyada cəmiyyət öz sözünü deyə bilir. Hesab edirəm ki, Rusiyada yaxın zamanlarda bu istiqamətdə islahatlar gedəcək və cəmiyyətin, müxalifətin hakimiyyətə təsiri getdikcə artacaq. Azərbaycanda da bənzər vəziyyətdir. Bizdə proses "Eurovison"dan başlayacaq, prezident seçkilərində yekunlaşacaq. Söhbət ondan getmir ki, seçkidə kim qalib gələcək, kim məğlub olacaq. Ancaq 2013-cü il prezident seçkilərindən sonra Azərbaycanda vəziyyət dəyişəcək, ölkədə demokratik dəyişikliklər istiqamətində ciddi dönüş olacaq. - Seçkiyə doğru gedən hakimiyyətin gücünü necə dəyərləndirirsiniz? Hakimiyyət əvvəlki kimi güclü və monolitdir, yoxsa zəifləyib? - Əvvəlki illərə nisbətən hakimiyyət olduqca zəifləyib. Son illərdə daha çox prezident güclənib, təsir vasitələri, nəzarət mexanizmi daha çox onun əlində cəmləşib. Son proseslərdə bizim iri məmurlarımız isə xeyli zəifləyib. Bu da, müəyyən ziddiyyət təşkil edir. Artıq prezidentlə məmurlar arasında da məsafə kifayət qədər artıb, demək olar ki, əvvəlki yaxınlıq yoxdur. Düşünürəm ki, hakimiyyət əvvəlki illərdə olduğu kimi, 2013-cü il prezident seçkilərində monolit ola bilməyəcək. Sözsüz ki, bu amillər seçkilərdə öz təsirini göstərəcək. - Ənənəvi müxalifətin seçki ərəfəsində öncüllüyü ələ almaq şansı varmı? - Müxalifətin belə imkanı var. Hesab edirəm ki, müxalifət son proseslərdə özünü qoruyub saxlaya bildi. Bu gün müxalifət maddi baza olmadan fəaliyyət göstərir, aksiyalar keçirir, müzakirələr aparır, təkliflər hazırlayır. Doğrudur, cəmiyyətdə o fikirlər də səslənir ki, müxalifət zəifdir, ancaq çətin durumu nəzərə alsaq, müxalifətin mövcudluğu böyük işdir. Düşünürəm ki, seçkiyə doğru getdikcə müxalifətin fəallığı da artacaq. - Bu proseslərdə favorit müxalifət qüvvəsi hansı ola bilər? - Bu gün reallıq odur ki, ən güclü partiya Müsavatdır, onun ardınca Xalq Cəbhəsi və başqa partiyalar gəlir. Ancaq mən onun tərəfdarıyam ki, təkcə müxalifət yox, bütün sağlam qüvvələr, Azərbaycanda demokratik dövlətin bərqərar olmasını istəyən insanlar birləşib azad və ədalətli seçkilər uğrunda mübarizəyə qoşulsunlar. - Mehman bəy, siyasi aktivlik yüksəldikcə hakimiyyət də təzyiqləri artırır. Son illər isə ən çox təzyiqə məruz qalan tərəflərdən biri də mətbuatdır. Proseslərin aktivləşməsi fonunda mətbuatı hansı təhdidlər gözləyir? - Mətbuata təzyiqlər həmişə olub. Özü də bu təzyiqlər mərhələ-mərhələ həyata keçirilib. Əsasən də ölkədə siyasi proseslər aktivləşəndə, seçkilər başlayanda təzyiqlər daha da artır. Mən bunu araşdırmışam, hətta bununla bağlı xüsusi sxem də hazırlamışdım. Yəni, hər dəfə ölkədə siyasi gərginlik artanda birinci növbədə zərbə mətbuata dəyir. Çünki istər-istəməz fəal olur, baş verən hadisələri işıqlandırır. Bu isə hakimiyyəti narazı salır, qıcıqlandırır və ona görə də mətbuat birinci növbədə hədəfə çevrilir. Mən misal gətirirəm, 2003-də prezident seçkiləri keçirildi, bütün KİV-lərə hücumlar oldu, 2005-ci il seçkilərində Elmar Hüseynov qətlə yetirildi və s. Həmişə belə hadisələr olub. İndi də proseslər gərginləşməyə başlayıb. Görürük ki, ilin sonunda müxalifət mətbuatına hücumlar başladı, son olaraq, Xədicə İsmayılovanın məsələsi kulminasiya şəklində ortaya çıxdı. Yəni, bu tendensiya birbaşa proseslərlə bağlıdır. Əlbəttə ki, seçkilər yaxınlaşdıqca müstəqil və müxalifət mətbuatına qarşı təzyiqlər də artacaq. - Bu tendensiya elə bu şəkildə davam edəcək? Bəs dediyiniz demokratikləşmə Azərbaycana nə zaman gələ bilər? - Sözsüz ki, bu antidemokratik mühitin, təzyiqlərin sonu olacaq. Mən yenə də qeyd etmək istəyirəm ki, biz böyük bir dünya layihəsinin bir hissəsiyik, bu layihədə nəzərdə tutulan dəyişikliklər gez-tez reallaşacaq. Hesab edirəm ki, uzaqbaşı 2019-cu ilə qədər bütünlükdə bu məkanda çox ciddi dəyişikliklər olacaq. Hazırda bu istiqamətdə çox ciddi mübarizə gedir. Mən demirəm ki, bu dəyişikliklər yalnız 2019-cu ildə olacaq, maksimal vaxtı deyirəm. Amma indidən başlayaraq, yüksələn istiqamətdə ciddi bir proses gedəcək. Zaur ƏHMƏD

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA