01-04-2012 [06:13]
[b]"Hakimiyyət öz vətəndaşları ilə acıqla, repressiv üsullarla davranmamalıdır!" [/b]
Bu günlərdə İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. İclasda 8 aprel mitinqinə hazırlıq və mitinqlə bağlı digər məsələlər müzakirə olunub. Koordinasiya Şurası (KŞ) mitinq komitəsinin yaradılması barədə qərar da qəbul edib. KŞ 8 apreldə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında piket keçirmək barədə də qərar verib. Belə bir piketin keçirilməsinə səbəb isə indiyə qədər dəfələrlə kütləvi aksiyalar üçün edilən müraciətlərə BŞİH-nin mənfi cavab verməsi və bununla da sərbəst toplaşmaq azadlığını pozmasıdır. Müsavat Partiyasının Məclis sədri Arzu Səmədbəyli ilə söhbətə də mitinqlərə hazırlıq işləri ilə bağlı sualla başladıq.
- Uzun zamandır ki, Azərbaycanda kütləvi aksiyalara qadağa var. Həm qanunlar, həm də bizim konstitusion hüququmuz hakimiyyət tərəfindən pozulur. Bununla bağlı dəfələrlə mövqeyimizi bildirmişik, məhkəmələrə müraciət etmişik və bu məhkəmə dartışmalarını Avropa Məhkəməsinə qədər aparmaq niyyətindəyik. Çünki heç kəs bu səlahiyyəti hakimiyyətə verməyib.
Ötən ilin mart-aprel aylarında həm gənclərin, həm Müsavat Partiyasının, sonradan İctimai Palatanın razılaşdırılmamış aksiyaları keçirildi. Heç bir əsas olmadan bizim dostlarımız, qardaşlarımız, silahdaşlarımız həbs olundu. Bir həftə olmamış onlar vicdan məhbusu adı aldılar. Bu günə qədər də onların əksəriyyəti qeyri-qanuni olaraq həbsdə saxlanılır. Onların bir suçu var ki, o da Azərbaycanda demokratik cəmiyyətin və dövlətin qurulmasını istəməkdir. Bütün etirazlara baxmayaraq, hakimiyyət onları hələ də həbsxanada saxlamaqda davam edir.
Bildiyiniz kimi, İctimai Palatanın Koordinasiya Şurası mitinq keçirilməsi ilə bağlı qərar qəbul edib. Meriyadan da göstərilən ərazidən mitinqə şərait yaradılması və təhlükəsizliyin təmin olunması istənilir. Hakimiyyət indiyə kimi olan inadından əl çəkməyib, yenə də "yox" deyəcəkmi, yaxud da razılaşdırılmış mitinq keçiriləcəkmi, bu, artıq meriyanın cavabından sonra İctimai Palatanın verdiyi qərardan asılı olacaq. Amma hələlik qərar odur ki, 8 apreldə mitinq keçiriləcək.
- 8 aprel mitinqi gündəmə gələn gün İctimai Palatanın 20-ci sahədəki meydançada mitinq keçirməyə razı olduğu bildirilmişdi, amma sonradan bu fikirdən daşındınız. Bəziləri belə əsaslandırır ki, İctimai Palata hakimiyyətlə intriqa yaratmaq üçün icazə verilən əraziyə getmək istəmir.
- İctimai Palatanın hara getmək meyli varsa, müraciətdə əks olunub. Müxtəlif variantlar müzakirə mövzusu ola, müxtəlif fikirlər səslənə, müxtəlif marşurutlar irəli sürülə bilər. Amma yekunda hamıya bəlli olan budur ki, İctimai Palatanın Koordinasiya Şurası "Nərimanov" və "Təbriz" kinoteatrlarının qarşısında bu aksiyaları keçirməkdə qərarlıdır. Bunu məqsədəuyğun sayıb və bu yerlər üçün müraciət edib. Görünür, siz deyən ərazidə mitinq keçirmək məsələsi müzakirədən keçməyib ki, fərqli qərar verilib. Amma bir məsələ unudulmamalıdır ki, sərbəst toplaşmaq azadlığı hakimiyyətin istədiyi yerlərdə mitinq keçirmək demək deyil. Qanun və Konstitusiya bizə istənilən yerdə aksiya keçirməyə imkan verir.
- Həm də o fikirlər səslənir ki, aksiyalarla bağlı Müsavatla AXCP arasında fikir ayrılığı var...
- Siyasətin təməl şərtlərindən biri çoxluğun qəbul elədiyi qərardır və bu qərar da hər kəsə şamil olunmalıdır. Ola bilər ki, müxtəlif fikirlər səslənsin, yaxud fərqli baxışlar olsun, amma fakt odur ki, bu iki marşurutda həm AXCP, həm Müsavat, həm də İctimai Palataya daxil olan digər təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri - hər kəs bu iki marşurutun birində mitinqin keçirilməsini məqbul sayıb və bunu qəbul edib. Bu da birmənalı olaraq, həm AXCP-nin, həm də Müsavatın qərarla razılaşması deməkdir.
- Mitinqlərin tələblərindən biri də vicdan məhbuslarının azadlığa buraxılması ilə bağlıdır. Artıq bir ildir ki, hakimiyyət israr göstərir və onları həbsxanada saxlayır. ?ecə düşünürsünüz, mitinqə görə həbs olunanların azadlığa çıxmasını mitinqlə təmin etmək mümkün olacaqmı?
- Biz vicdan məhbuslarının indiyə qədər həbsdə saxlanmasını qeyri-qanuni hesab edirik və əqidədaşlarımızın azad olunması üçün mümkün saydığımız bütün üsullardan yararlanırıq. Bunu həm bəyanatlar, həm dəyirmi masa, həm konfranslar şəklində, həm beynəlxalq qurumlara, həm də hüquq müdafiə təşkilatlarına müraciətlər etməklə də həyata keçiririk. Eyni zamanda, dostlarımızın həbsinə etiraz əlaməti olaraq mitinqimizin şüarlarından birini "Vicdan məhbuslarına azadlıq!" tələbi kimi irəli sürürük. Bu məsələ təkcə bizim istəyimizlə deyil. Bilirsiniz ki, artıq bununla bağlı beynəlxalq təşkilatların da tələbi var. Bundan əlavə, Azərbaycanda insan haqlarının tanınmaması, sərbəst toplaşmaq azadlığının təmin olunmaması ilə bağlı hakimiyyətə çox ciddi təpkilər var.
- YAP-çı deputat Siyavuş ?ovruzov isə deyir ki, "Eurovision" ərəfəsində müxalifətin razılaşdırılmamış aksiyalara getməsi, siyasi məhbus məsələsini qabardaraq Avropa ölkələrinə çağırışlar etməsi milli maraqlara ziddir...
- Siyavuş ?ovruzov hər zaman olduğu kimi, yenə də boş-boş mülahizələr yürüdür. Əgər Siyavuş ?ovruzov elə ağıllı oğlandırsa, başa düşməyən hakimiyyət nümayəndələrinə başa salsın ki, vicdan məhbuslarını həbsdə saxlamaq ağılsızlıqdır və Azərbaycanın mənafelərinə uyğun deyil. Eyni zamanda, ölkəni beynəlxalq aləmdə biabır eləməkdir. Əgər vicdan məhbusları olmasa, bu qədər hay-küy yaranmaz, Azərbaycanın imicinə bu qədər xələl gəlməz. Deməli, insanları qeyri-qanuni tutub həbsə atmaq vətənpərvərlik sayılır, amma onların azadlığa çıxması üçün mübarizə vətənə xəyanətdir? Yəqin, Siyavuş ?ovruzovun məntiqi ilə bu, belə ola bilər.
- "Eurovision" ərəfəsində dünyanın diqqəti daha çox Azərbaycana yönəlir. Bu mənada hakimiyyət kütləvi etiraz aksiyalarının genişlənməməsi üçün daha sərt münasibət sərgiləməyəcək ki?
- Bu, məntiqli hakimiyyət deyil axı, hansısa şərtlərlə mülahizə yürüdəsən və deyəsən ki, qabaqda filan hadisələr zamanı bu cür addımlar atacaq. Hakimiyyət ölkənin məntiqsiz idarə eləməkdə davam edir. Ağıllı, məntiqli hakimiyyət bir an öncə vicdan məhbuslarını azad eləməlidir, islahatlar keçirməlidir, ortamı yumşaltmalıdır, Azərbaycanın adına xələl gətirən problemlərin aradan qaldırılmasına səy göstərməlidir. Çox təəssüf ki, bu əlamətlərin heç biri görünmür. Azərbaycan hakimiyyəti cığal uşaqlar kimi "demişəm, dediyimdən də əl çəkən deyiləm",- prinsipi ilə fəaliyyət göstərir. Bu da çox pis görsənir və kənardan da, daxildən də bu idarəçiliyə olan münasibət ortadadır. İstər siyasi, istər ictimai dairələrdə, istərcə də xalqın arasında bu hakimiyyətin bu cür iddialı və cığal mövqeyini hər kəs, elə biz də çox şiddətlə qınayırıq. Çünki bu cür idarəçilik olmaz! Hakimiyyət öz vətəndaşları ilə acıqla, repressiv üsullarla davranmamalıdır!
- Arzu bəy, bir qədər də müxalifət düşərgəsindən danışaq. Bir neçə gün öncə 5 müxalifət partiyasının Müsavat başqanının da qatıldığı görüşü oldu və müxalifətin birgə mübarizə perspektivi müzakirə edildi. Bu formatda əməkdaşlığın perspektivini necə görürsünüz?
- Belə bir görüşün olması müsbət haldır. Hətta nəticənin necə olmasından asılı olmayaraq, bir araya gəlib ölkədəki, dünyadakı ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq ümumi işimizin xeyrinə olar. Ölkədə kifayət qədər problemlər var ki, onları müzakirə etmək zəruridir. Hesab edirəm ki, bu beş partiya ölkədəki vəziyyətlə bağlı narahatlıq keçirir və bundan sonra da bu partiyaların bir arada olması, birgə mübarizə aparması mümkündür.
- Bəs, İctimai Palata müstəvisindən çıxıb daha geniş tərkibli müxalifət birliyi yaratmaq olarmı?
- Zənnimcə, İctimai Palata bu gün bütövlükdə hakimiyyətə alternativ olan güclər içərisində ən aparıcı güc mərkəzidir. Bilirsiniz ki, İctimai Palatada təkcə Müsavatla AXCP deyil, VHP, KXCP, AMİP, Bozqurd Partiyası və s. təmsil olunurlar. Digər qurumlar da var - "Qarabağ" bloku, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı. Onların ayrı-ayrı fəaliyyəti bir-birinə mane olmur. Yetər ki, bu qurumlar öz gücünü ümumi maraqlar naminə qursun.
- Müxalifətlə hakimiyyətin bir masa arxasında oturması məsələsi yenidən gündəmə gəlib. Bu istiqamətdə gözləntiləriniz nədir?
- Bu məsələ ilə bağlı müxalifətdə elə bir problem yoxdur. Siz müxalifətin ümumi spektrinə nəzər yetirsəniz, görərsiniz ki, bütün müxalifət qüvvələri hakimiyyətlə dialoqun tərəfdarıdır. Biz də problemlərin masa arxasında, müzakirələr yolu ilə həll olunmasını istəyirik. Ona görə də, iqtidar-müxalifət dialoqunun baş tutmamasının səbəbini bizdə axtarmaq lazım deyil. Problem hakimiyyətdədir. Hakimiyyətin müxalifətlə bir masaya oturmağa siyasi iradəsi, cəsarəti çatmır. Sadəcə, qınaqdan yaxa qurtarmaq üçün fikirlər səsləndirir, "biz dialoqa hazırıq",- deyir, amma ardınca da öz dediklərini təkzib edirlər ki, Azərbaycanda müxalifət yoxdur. Amma gec-tez hakimiyyət islahatlara getməyə məcbur olacaq.
- Deyilənə görə, yaxın müddətdə "Siyasi partiyalar haqqında" Qanun müzakirəyə çıxarılacaq, partiyaların maliyyələşməsi məsələsi öz həllini tapacaq...
- Əgər əvvəlki prinsiplərlə yanaşsalar, hansısa müsbət nəticə gözləmirəm. Onu da nəzərə çatdırım ki, bu, təkcə onların istəyi ilə həyata keçmir. Bu, beynəlxalq təşkilatların tələbi əsasında baş tutacaq.
- Arzu bəy, Müsavatın qurultayı barədə də sualım var. Qurultayı təxirə saldınız, sonra da bu barədə hər hansı müzakirə getmədi...
- Müsavatın qurultayı ilə bağlı Müsavat Partiyasına aid olan bütün işlər görülüb. Sadəcə olaraq, qurultayın bu vaxta qədər baş tutmamasının bir səbəbi var, o da bu hakimiyyətin qurultayın keçirilməsinə imkan verməməsidir. Biz hakimiyyətə müraciət eləmişdik ki, min nəfərlik normal zallardan birini verin. Bunun üçün Əl Oyunları Sarayını nəzərdə tutmuşduq. Müraciət elədik və guya orda hansısa tədbirlərin olduğunu bəhanə gətirərək vermədilər. Təklif elədikləri yerlər isə qurultay üçün yararsız idi. İndi biz təkrar müraciət eləmişik və gözləyirik ki, bizə qurultay keçirmək üçün yer versinlər.
Zaur ƏHMƏD#351;l