18-03-2012 [04:35]
Pənah Hüseyn: "Bir il bundan əvvəl bəziləri belə güman edirdilər ki, indiki iqtidar hələ 30-40 il hakimiyyətdə qalacaq, milyardlarla pulu olan iqtidarlar devrilmir, zor gücü ilə hakimiyyəti on illərlə saxlamaq olar, amma artıq bu təsəvvürlər dəyişib"
Martın 16-da Azərbaycan Milli Məclisi hökumətin hesabatını qəbul edib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda hesabatı baş nazir Artur Rəsizadə verib. Hesabatda bildirilib ki, 2011-ci ildə ölkədə yatırılan investisiyaların strukturunda qeyri-neft sektorunun payı 72 faizə çatıb, əhalinin gəlirləri 20 faiz artıb. İclasda hökumətin hesabatı müzakirələrdən sonra 107 səslə qəbul edilib. Bu və ya digər məsələlərlə bağlı suallarımızı keçmiş baş nazir, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn cavablandırıb.
- Mən hökumətin yeni hesabatının mətni ilə tanış deyiləm. Amma Azərbaycanın ümumi makroiqtisadi göstəriciləri məlumdur. Bunlar arasında diqqəti cəlb edən ən əsas göstərici bütövlükdə iqtisadiyyatın artım sürətinin olduqca aşağı düşməsidir. Hətta 3 il bundan əvvəl 2-3 faizlik artım proqnozlaşdırılırdı, amma keçən il 1 faizdən aşağı göstərici oldu. Bu da narahatlıq doğuran göstəricidir. Ona görə də, hökumət nümayəndələrinin hesabatla bağlı hər hansısa müsbət fikirlər səsləndirməsinin əsası yoxdur.
- Maraqlı məqamlardan biri də budəfəki hesabatın dinlənilən kimi qəbul edilməsidir. Yəni, hökumətə vaxt verilmədi...
- Bu sual mənə aid deyil. Yəqin ki, hesabata bu şəkildə münasibət Milli Məclisin tərkibindən irəli gələn məsələdir. Hesabat normal şəkildə müzakirə olunmayıbsa, deməli, Milli Məclis öz funksiyalarını yerinə yetirmir.
- Uzun illər müzakirə mövzusu olan sovet əmanətlərinin qaytarılması ilə bağlı qərar verildi. Amma açıqlanan şərtlər ciddi narazılığa səbəb olub. Bu barədə nə düşünürsünüz?
- Əmanətlərin mətbuatdan tanış olduğum şərtlər əsasında qaytarılmasını ədalətsiz sayıram. Doğrudur, orda mürəkkəb hesablamalar sistemi var, amma yuxarı məbləğlərə daha az vəsaitin ödənilməsini əmanətlərin qaytarılması adlandırmaq doğru deyil. Hesab edirəm ki, bu, ədalətsiz ödəmədir.
- Bəziləri iddia edirdi ki, əmanətlərin qaytarılması barədə qərar hakimiyyətə divident gətirəcək. Sizcə, bunun hakimiyyətə divident gətirməsi mümkündürmü?
- Bu ödəmə məsələsi son həddə çatan narazılığa gətirib çıxarmışdı. Ola bilsin ki, o narazılığı bir qədər azaltmaq məqsədi ilə belə bir addım atıldı. Hesab edirəm ki, burada Quba hadisələrinin də rolu oldu.
Mən xatırlayıram ki, ötən çağırış Milli Məclisdə əmanətlərlə bağlı ən çox müraciət edən regionlardan biri Quba idi. O vaxt Qubadan olan deputatlar da bu məsələni qaldırırdılar. Amma hesab edirəm ki, bununla bağlı narazılıq davam edəcək.
- Pənah bəy, İctimai Palatanın son toplantısında neft pullarının xalqa paylanması barədə çıxış etmişdiniz...
- (Sözümüzü kəsərək) Bizim təklif elədiyimiz islahatlar paketindəki tələblərdən biri ondan ibarətdir ki, bir sıra ölkələrin praktikasında olduğu kimi, bizdə də neft pullarından müəyyən olunmuş məbləğ maddi səviyyəsindən asılı olmayaraq, birbaşa vətəndaşların hesabına köçürülsün. Məsələn, daxil olan vəsaitin bir milyardının bölüşdürülməsi nəzərdə tutulur. Başqa bir sistemə görə, bu, 1,6 milyard dollardır. Bu da ildə bir nəfər üçün çox görünməsə də, 100-120 dollar vəsait edir. Amma çoxuşaqlı ailələr üçün təxminən 500-600 dollar ödəmə olur ki, bu da aztəminatlı ailələrin müəyyən problemlərinin həlli deməkdir. Əlbəttə, əlavə resurslar olarsa, ünvanlı ödəmələr sistemi tətbiq edilərsə, bunu daha da artırmaq mümkündür.
Onu da nəzərə çatdırım ki, birbaşa ödənişin olması ədalətlidir, əsasən əhalinin böyük hissəsinin buna ehtiyacı var. Biz bunu nəzərdə tutmuşuq. Demokratiyaya keçidin "yol xəritəsi"ndə bizim təklif elədiklərimiz arasında bu məsələlər də var.
- Büdcədən oğurlanan, digər qanunsuz yollarla mənimsənilən vəsaitlərin də geri qaytarılması üçün hansısa mexanizm müəyyənləşdirmisinizmi?
- Oğurlanan pulların vətəndaşa qaytarılması üçün əvvəlcə həmin pulların dövlətə qaytarılması təmin edilməlidir. Bu, korrupsiyaya qarşı mübarizə sistemində mövcuddur. Bizim fikrimizcə, ölkədə köklü, sistemli dəyişikliklər həyata keçirilərsə, burada çoxlu sahələrdə dəyişikliklərin aparılması labüdləşir. Qanunvericilik sahəsindən aşkarlıq prinsiplərinə qədər, oğurlanmış milli sərvətlərin geriyə qaytarılmasından dövlət əmlakının satılmasının şəffaflaşdırılmasına qədər islahatlar aparıla bilər.
Bizim hesablamalarımıza görə, vergi ödənişlərinin düzgün təmin olunması, gömrük rüsumlarının dövlət büdcəsinə daxil olması, dövlət əmlakının özəlləşdirilməsinə görə əldə olunan real vəsaitin büdcəyə keçirilməsi təxminən 6 milyard əlavə vəsaitin xəzinəyə daxil olması deməkdir. Yəni, hər il vergi ödənişlərindən, gömrük rüsumlarından, özəlləşdirmədən büdcəyə daxil olacaq 6 milyard manat vəsait oğurlanır. Bu rəqəm bütövlükdə əməkhaqqını, pensiyaları və təqaüdləri iki dəfədən çox artırmağa imkan verir. Təbii ki, hər il 6 milyardın əldə olunması çətindir, amma hər halda, müəyyən müddətdən sonra bu qədər vəsait büdcəyə daxil ola bilər. Yalnız oğurlanan vəsaitlərin dövlətə qaytarılması ilə sosial ədaləti təmin eləmək çətindir. Bunların idarə olunması və əlavə gəlirlərin yaradılması strateji vəzifədir. Bu istiqamətdə də demokratikləşmənin, ölkədə azad sahibkarlıq mühitinin yaradılmasının, xüsusi mülkiyyətin təmin olunmasının, real rəqabət mühitinin formalaşdırılmasının, ölkədəki cinayətkar monopoliyanın aradan götürülməsinin və digər addımların atılması zəruridir. Bu addımlar daha uzun müddətli, təminatlı inkişafa səbəbə ola bilər. Bununla yanaşı, siyasi, iqtisadi islahatlar, hətta mənəvi, əxlaqi, mədəni sahədə aparılan islahatlar da bir-birini tamamlamalıdır.
- Təbii ki, sadaladıqlarınızı həyata keçirmək üçün öncə hakimiyyətə gəlmək lazımdır. Bunun üçünsə cəmiyyətin dəstəyi olmalıdır. Cəmiyyətin müxalifətin arxasında olduğunu bildirsəniz də, Quba hadisələrinin müxalifətin iradəsindən kənar baş verməsi bunun əksini göstərdi...
- Bizim bu hadisələrə konseptual yanaşmamız ondan ibarətdir ki, hansısa siyasi partiyanın, yaxud müxalifətin tələbləri olsa, bununla uzağa gedib çıxmaq olmaz. Bizim qeyd elədiyimiz və həlli vacib olan problemlər xalqın tələbləridir. Quba hadisələrinin göstərdiyi ondan ibarət oldu ki, siyasi müxalifətin tələblərini nəzərə almadan, hakimiyyətin kiçik çevrələrinin maraqlarını təmin edəndə, xalq əvvəl-axır öz sözünü deyə bilir. Quba hadisələri bunun kiçik miqyaslı modeli idi. Təsəvvür edin ki, həmin hadisə Azərbaycan cəmiyyəti miqyasında baş verir. O zaman hansı nəticələrin ola biləcəyini təsəvvür etmək çətin deyil.
Siz doğru deyirsiniz ki, bu hadisələrin baş verməsində hansısa müxalifət qüvvəsinin təsiri olmayıb, obyektiv olaraq mövcud narazılığı ifadə edib. Həmin hadisələrin verdiyi mesaj da bundan ibarətdir.
- Bəs, müxalifət bu proseslərdə harada dayanıb, öndə gedir, yoxsa arxasınca sürünür? ?ə zaman müxalifət idarəedici missiyanı öz üzərinə götürə biləcək?
- Müxalifətin tələbi demokratik seçkilərin keçirilməsidir. İctimai Palata olaraq, biz proporsional seçki sisteminin tətbiqi və demokratik seçki keçirilməsini tələb edirik. Əgər belə olmasa, indiki avtoritar rejim şəraitində bu cür hadisələrin siyasi müxalifət tərəfindən idarə olunması mümkünsüzdür. Avtoritar hakimiyyətlər siyasi opponentlərini kənarlaşdırmaqla canlarını qurtardıqlarını güman etsələr də, əslində, daha böyük protestlə üz-üzə gəlirlər. Məsələn, son dövrlərdə inqilablar baş vermiş ölkələrin heç birində inkişaf etmiş müxalifət yox idi. Bunun həmin iqtidarlar üçün nə ilə nəticələnməsi göz qabağındadır. Bütün diqqəti və zərbəni siyasi opponentlərini meydandan vurub çıxarmağa sərf eləyən iqtidar özünün fəlakətli sonunu hazırlamış olur.
Sualınızın sonuncu hissəsinə gəldikdə isə, əvvəl-axır müxalifət meydana çıxır. Diqqət edirsinizsə, inqilab olan ölkələrdə keçirilən seçkilərdə ənənəvi müxalifət qalib gəlib. Ona görə də, müxalifətin meydana çıxacağı labüddür. Amma sual qoysanız ki, inqilabı xalq edəcək, yoxsa müxalifət? Mən deyərdim ki, müxalifət öz-özlüyündə inqilab etmir, inqilabı xalq edir. Müxalifət hakimiyyətə gəlir, onlar buna qadir olmursa, başqa qüvvələr hakimiyyətə gəlir. Uduzan həmişə iqtidar olur.
- Pənah bəy, müxalifət Quba hadisələrindən sonra yenidən aktivləşib. İctimai Palata da aprelin 8-nə mitinq təyin edib. ?ə gözləyirsiniz?
- Biz qanunlar çərçivəsində fəaliyyət göstəririk. Bu aksiya il bağlı sərbəst toplaşmaq haqqında qanuna müvafiq olaraq müraciət ediləcək. Müraciətə verilən cavabdan asılı olaraq, qərar veriləcək. Bizim qənaətimizə görə, kifayət qədər uğurlu aksiya keçirmək imkanımız var. Əgər aksiyanın məhdudlaşdırılması ilə bağlı cavab olacaqsa, ona da uyğun adekvat addımımızı atacağıq.
- İcazəsiz aksiya da mümkündürmü?
- Hələlik aksiya ilə bağlı müraciət edilməyib. Müraciət edəcəyik, qanunda qadağan olunmayan yerlər göstərəcəyik. Görək, ondan sonra hakimiyyətin cavabı nə olur. Həmin cavabı dəyərləndirib qərar qəbul edəcəyik. Bu mənada razılaşdırılmamış aksiyalar da ola bilər.
- Hakimiyyət adətən Bibiheybəti göstərir, müxalifət orda aksiya keçirə bilməzmi?
- Bu, təkcə mənim mövqeyimdən asılı deyil. Müraciətimizə hansı cavab verəcəklərsə, haranı məsləhət görəcəklərsə, bunu müzakirə edəcəyik. Ümumi qərar nə olsa, ona uyğun addımlar atılacaq.
- Hakimiyyət nümayəndələri deyirlər ki, müxalifət qəsdən şəhərin mərkəzinə qaçır ki, tərəfdarlarının azlığını ört-basdır eləsin...
- Bunlar mənasız söhbətlərdir. Bakı Şəhər İcra Hakimiyyəti şəhərin 12 yerində mitinq keçirmək üçün yerlər müəyyənləşdirib. Qanunla belə bir şey yoxdur, amma belə yerlər nəzərdə tutulub. Biz də müraciətlərimizdə həmin 12 yeri tələb etmişik ki, bəhanə olmasın. Amma hakimiyyət bütün qanunları pozaraq həmin yerlərdə də mitinq keçirməyə imkan vermir. O baxımdan deyirik və beynəlxalq təşkilatlar da vurğulayırlar ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur. Biz yenə də 8 aprel mitinqi ilə bağlı qanunla qadağan olunmayan yerləri istəyəcəyik.
- İctimai Palatanın iclaslarının birində 2012-ci ilin aktiv il olacağını bildirmişdiniz. Mitinqlərə start verilməsini bu aktivliyin başlanğıcı saymaq olarmı?
- Bir ildir ki, Azərbaycan özünün inqilab dövrünü keçirir. Artıq beyinlərdə, şüurlarda, təsəvvürlərdə inqilab baş verib. Məsələn, bir il bundan əvvəl bəziləri belə güman edirdilər ki, indiki iqtidar hələ 30-40 il hakimiyyətdə qalacaq, milyardlarla pulu olan iqtidarlar devrilmir, zor gücü ilə hakimiyyəti on illərlə saxlamaq olar, amma artıq bu təsəvvürlər tamamilə dəyişib. Əlbəttə, dünyada baş verən hadisələrin nəticəsi olaraq Azərbaycanda belə bir dəyişiklik baş verib. Hazırda Azərbaycanda inqilabın ikinci fazası başlayıb. Bu, demokratik islahatlar tələbi ilə kütləvi çıxışlar mərhələsidir. Mitinqlər, nümayişlər, ayrı-ayrı etiraz formaları bu fazada gerçəkləşir. Onun üçüncü fazası islahatların dövlət institutlarına, siyasi institutlara, qanunvericiliyə yansıması olacaq. Biz hazırda inqilabın ikinci fazasını yaşayırıq. Ona görə də, mən 2012-ci ili aktiv dövr kimi dəyərləndirirəm.
O ki qaldı ikinci fazanın sosial həyata sirayət etməsinə, məncə, 8 aprel aksiyası bunun başlanğıcıdır. Düşünürəm ki, başlayacağımız bu hərəkat davamlı olacaq. Ümumiyyətlə, mən ölkədə ciddi dəyişikliklərin olmasına inanıram. Seçkilər sahəsində, hətta Konstitusiya dəyişikliklərinin keçirilməsi imkanlarını real sayıram. Bunun üçün lazım olan addımlarımızı, mitinqlərimizi, digər fəaliyyət planlarımızı həyata keçirməyə çalışacağıq.
İctimai Palatadan kənardakı müxalifət qüvvələri də bu istiqamətdə bəyanatlar verirlər, müəyyən addımlar atırlar. O baxımdan güman edirəm ki, 2012-ci il 2011-dən daha aktivdir. Əminəm ki, bu il hakimiyyətin ciddi islahatlar keçirməsinə nail ola bilərik.
- Hər hansı ciddi təzyiq olmadan hakimiyyətin bu islahatlara gedəcəyinə inanırsınız?
- Çox istərdim ki, bu məsələ təlatümsüz baş verəydi. Amma hakimiyyətin hazırkı davranışı bu barədə nikbin olmağa əsas vermir. İki gün öncə əfv fərmanı imzalandı. Bir çox şəxslərin və təşkilatların gözləntisinə baxmayaraq, 2 aprel məhbuslarının adı əfv siyahısına düşmədi. Bir nəfər var idi, o da vicdan məhbusu olmasından imtina etmişdi. Halbuki hakimiyyət bu addımı atmaqla ciddi islahat ab-havası yarada bilərdi, amma etmədi. Bu isə onu göstərir ki, Azərbaycanda dəyişiklik prosesi kəskin və ağrılı keçəcək.
Zaur ƏHMƏD