Qarabağ bloku Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

img

17-03-2012 [02:19]


Qarabağ blokunun İdarə Heyəti Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. Təbrik mətnində deyilir: Əziz həmvətənlər! Novruz bayramı bir çox dünya xalqları ilə yanaşı Azərbaycan xalqının da min illərdən gələn ən əziz bayramıdır. Təsadüfi deyil ki, bu bayramın qadağan edildiyi illərdə belə xalqımız Novruzu həmişə yüksək səviyyədə qeyd etmış və bu bayramla əlaqədar adət ənənələri qoruyub saxlamışdır. Azərbaycan xalqı üçün Novruz təkcə yeni ilin başlanğıcı və ya baharın gəlişi ilə gələn xeyirli dəyişikliklərin başlanması demək deyil, həm də insanların qarşılıqlı münasibətlərini tənzimləyən, insanları bir birinə yaxınlaşdıran və insanlar arasındakı ziddiyyətləri həll edən mühüm sosial əhəmiyyətə malik ənənələr toplusudur. Bundan əlavə Novruz həm də Azərbaycanda əsrlər boyunca birgə yaşayan bütün xalqları bir-birinə bağlayan ən möhkəm tellərdən biridir. Bu mənada Novruz bayramı millətimizin formalaşmasında və inkişafında çox böyük əhəmiyyətə malikdir. Əziz qardaşlar və bacılar! Çox böyük təəssüflə onu da qeyd etməliyik ki, Qarabağ və ətraf ərazilərimizin erməni işğalı altında olması, ölkəmizdə demokratik və azad, insan hüquq və azadlıqlarının, qanunların yüksək səviyyədə təmin olunduğu, vətəndaşların yüksək rifah halında yaşadığı cəmiyyətin mövcud olmaması bu əziz bayramın da qarşılanmasının əsas neqativ cəhətlərindən biridir. Artıq 20 ildən çoxdur ki, xalqımızın ən böyük arzusu olan - ölkənin bütün ərazisində, xalqın yüksək rifah şəraitində, bütün xalqımızın ürəkdən sevinə biləcəyi Novruz arzu olaraq qalmaqdadır. Əziz həmvətənlər! Biz inanırıq ki, xalqımız bütün potensialını toplayıb layiq olduğu həyat uğrunda mübarizəyə başlayacaq və yuxarıda sadalanan problemləri həll edəcək bu mübarizəyə heç zaman fasilə verməyəcək. Biz inanırıq ki, Azərbaycan dünyada həqiqətən də öz sözünü deyə bilən, azad, demokratik, xalqı firavan yaşadan bir dövlətə çevriləcək. Biz inanırıq ki, Novruz tonqalları təkcə ənənə xatirinə deyil, xalqımızın xoşbəxtliyinin təcəssümü kimi bütün ərazimizdə, o cümlədən doğma Qarabağ torpaqlarında alovlanacaqdır. Bayramınız mübarək olsun!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA