11-03-2012 [04:55]
[b]Zahid Oruc: "...İlham Əliyevin gələcək idarəçiliyinə qarşı itaətsizlik göstərmək istəyənlər bəri başdan zərərsizləşdiriləcək"[/b]
Quba hadisələrindən sonra digər icra başçıları da hədəfə çevrilib. Artıq hakimiyyətyönlü siyasətçilər də yerlərdəki icra orqanlarını sərt şəkildə tənqid etməyə başlayıblar. Müsahibə verən Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc isə ölkədə ümumi idarəetmənin nəzarətdə saxlanılacağını deyir:
- Azərbaycan reallığında biz müxtəlif icra hakimiyyəti başçıları görmüşük. 90-cı illərin ortalarındakı təyinatın başlıca əsaslandığı amil ondan ibarət idi ki, şəxs təmsil etdiyi bölgədə baş verə biləcək bütün ekstremal situasiyaların qarşısını almağı bacarmalıdır.
Sonrakı dönəmdə sanki menecerlərə üstünlük verildi ki, onlar texnokratiyanın təmsilçiləri olaraq, bölgədə əsasən idarəetmə işlərinə, investisiyanın gəlişinə, sahibkarlıq mühitinin genişlənməsinə, vətəndaşların təşəbbüskarlığının daha böyük meydan almasına şərait yaratsınlar. Amma başqa bir halda meydana çıxdı ki, bu nəslin də insanlarla ünsiyyətdə, idarəetmə işini gerçəkləşdirməkdə xeyli problemləri var. Başlıca məsələlərdən biri sahibkarlara münasibətlə bağlıdır. Heç bir halda dövlət icra başçılarının qarşısına məqsəd qoymayıb ki, rayonda biar və töycü sistemini qursun. Sahibkar təkcə özünü saxlamaq, gəlirlərini artırmaq fəaliyyəti aparmır, eyni zamanda, öz çevrəsində çoxlu insanın gün-güzəranını yaxşılaşdırır, onları xarici asılılıqdan xilas edir, orta təbəqənin formalaşmasında mühüm rol oynayır. Ən başlıcası isə odur ki, sahibkarlar dövlətin yükünü azaldır. Çünki inkişaf etmiş ölkələrin əksəriyyətində iri müəssisələri sahibkarlar yaradır və bununla da dövlət iqtisadi yükdən xeyli dərəcədə azad olur. Bu mənada Quba hadisələrini bir sindroma çevirmədən, ümumi yerli icra orqanlarının simvolu kimi saymadan yalnız onu deyərdim ki, ayrı-ayrı bölgələrdə həmin şəxslərin öz maraqlarını nə dərəcədə güdməsindən asılı olaraq, ictimai rəy formalaşır. Etiraf edək ki, bu rəy çox da yüksək deyil.
- Belə bir rəyin formalaşmasında hansı faktor əsas rol oynayır?
- İcra hakimiyyətləri birinci katib funksiyasını daşımırlar, amma onlara yanaşma sovet münasibəti olaraq qalmaqdadır. Evin yanmış adam da, sel fəlakətinin qurbanı da, başqa iqtisadi ziyanları yaşayan da əsas ünvan kimi icra hakimiyyətlərini tanıyırlar. Odur ki, ictimai rəydə özünü göstərən mənfi tendensiyaların bəziləri əsassızdır. Amma gerçək onları da var. Onların müəyyən qismi hesab edirlər ki, bu rayonda ədayla, insanlar üzərində hökmranlıq göstərməklə rayonlarda "dəmir əl" yaradaraq, onlar üçün xüsusi kurs formalaşdıracaqlar və onlara pərəstiş əsasında rayonlar idarə olunacaq. Amma elə olmur. Bu, özü-özlüyündə Qubadakı hadisəni meydana çıxardı. Əslində nəydi o? Özü-özünü cilovlamamağın, hesabat verməməyin, fikirlərinə qarşı opponent rəy eşitməməyin nəticəsi idi. Əgər kiçik bir səviyyədə xəbərdarlıqlar edilsəydi, bu hadisə o səviyyəyə gəlib çatmazdı.
- Kim xəbərdarlıq etməliydi ki?
- Çevrəsi, kuratorlar, eyni zamanda sadə xalqla işləyərkən öz ətrafında reallığı, obyektivliyi ona söyləyənlər bu xəbərdarlığı etməyə borcluydular. Hər bir şəxs öz komandası halında fəaliyyət aparır. Birinci müavindən tutmuş, bütün aparat "ləbbeyk" deyəndə özünə vurğunluq yaranır və o da belə qüsurlara yol açır.
- Sizə elə gəlmir ki, hakimiyyətin daha yuxarı dairələrindən zamanında barmaq silkələnməli idi?
- Bu, hər zaman olub. Mən sizə açıqlığı ilə söyləyirəm ki, cənab Ramiz Mehdiyev bir idarəetmə dahisidir. Kifayət qədər peşəkarlığa malik olan bu insan istər psixoloji, istər mənəvi, istər idarəetmə səriştəsi baxımından hər kəsin normal biçimdə və üslubda fəaliyyət aparmasını istəyən və bunu hər zaman tələb edən şəxsdir. Onlar bir sıra hallarda bağlı qapılar arxasında baş verdiyindən geniş ictimai rəyə yansımır. Bu səbəbdən də bir çoxlarında təsəvvür ondan ibarətdir ki, icra başçıları cilovlanmaz, üzərilərində barmaq hiss eləməyən toxunulmaz kasta üzvləridir. Amma qəti şəkildə belə deyil. Onların hər birinə qarşı ən ciddi xəbərdarlıqlarla, fəaliyyətlərinin mütəmadi izlənməsi ilə işlər getməkdədir.
Hətta bir çoxları hakimiyyəti tənqid edərkən bu amilləri unudurlar ki, icra başçılarının fəaliyyəti barədə aparata gündəlik məlumatlar daxil olmaqdadır. Düşünməyin ki, onların hamısı müsbətdir. Lakin Quba hadisələri üzərində hədsiz strateji planlar qurub gələcəyə yönəlik nəticələr çıxarılması da çox yanlışdır. Bir çoxları bunu milli etnik zəmində baş verən hadisə kimi şərh elədi. Bu isə son dərəcə yanlışdır. Regionçuluq amili ortaya atıldı. Üçüncüsü, Rusiya amili. Xüsusilə də Qəbələ RLS-lə bağlı anlaşmanın xeyli uzanması və ölkəmizin iradəsini kəskin şəkildə qoyması səbəbindən bu hadisələr üzərində xarici barmaqlar da özünü nisbətən göstərdi. Düşünürəm ki, Rusiya telekanallarının böyük əksəriyyətində Azərbaycana qarşı informativ, psixoloji təzyiq göstərildi. Amma düşünürəm ki, bundan "məxməri", "yaşıl", "qış inqilabları" istəyənlərdən fərqli olaraq, burdan çıxarılacaq nəticələr tamam ayrıdır. Bu, ondan ibarətdir ki, dövlət başçısı xalqa böyük məhəbbətlə yanaşır. Hər bir məmurun borcudur ki, onu bölgələrdə reallaşdırsın. Çünki bütün hallarda dövlət güclü olanda həmin şəxslərin idarəçiliyi uzunömürlü olur.
- Zahid bəy, etiraf etmək lazımdır ki, insanların narazı olduğu icra başçıları kifayət qədərdir. Sizcə, ölkədə çoxsaylı icra başçıları ilə bağlı kadr islahatlarına ehtiyac varmı?
- Bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. Ölkə rəhbərinin Quba hadisələri üzərində bir başa qərar verməsi, hadisələrin özü tərəfindən təqib edilməsi, orada insanlarla konsensus tapılması, anlaşmaya gedilməsi, xalqın iradəsinin tanınması müsbət tendensiyadır. Bu, özü-özlüyündə sübut edir ki, bundan sonrakı dönəmdə də, xüsusilə 2013 ərəfəsində də ölkə daxilində narahat nöqtələri hərəkətə gətirərək, İlham Əliyevin gələcək idarəçiliyinə qarşı itaətsizlik göstərmək istəyənlər bəri başdan zərərsizləşdiriləcək. Bunun neçə şəxsin rotasiyası və işdən azad olunması ilə müşahidə ediləcəyini təyin eləmək çox çətindir.
Ötən dövrdə cənab prezident daha çox uğur və inkişaf tendensiyaları üzərində dövlətin gələcəyini təmin etməyə çalışırdı. İndi isə, xüsusilə də 2011-ci ildən, əsasən problemlərin xəritəsi qurulub və dövlət onların üzərinə getməkdədir. Bu sırada ən başlıca problemimiz mülkiyyət toxunulmazlığını müqəddəs amilə çevirə bilməməyimiz və sizin dediyiniz icra hakimiyyətlərinin, ayrı-ayrı məmurların fəaliyyətindən vətəndaşların narazılığıdır. Ancaq hakimiyyət bu problemlərin də həlli üçün lazım olan bütün addımları atacaq.
- Müxalifət həm son hadisələr, həm də ölkədəki ümumi mövcud vəziyyəti nəzərə alaraq, köklü islahatların aparılmasını, ciddi dəyişikliklərin olmasını tələb edir. Onları haqlı sayırsınızmı?
- Ümumiyyətlə, bu hadisələrdə rəqib qüvvələrin istifadəsi anlaşılandır. Onlar düşünürdülər ki, bunu ümumrespublika miqyasında təkrarlamaq, prosesi ictimai səviyyədə hakimiyyətin əleyhinə çevirmək üçün ortaya mühüm bir siqnal gəlib. Amma müxalifət bundan istifadə edə bilmədi. Çünki ora çıxan insanlar İlham Əliyevin portretini götürmüşdülər. Yeri gəlmişkən, bu adamların dövlətin gələcəyini zədələyən şəxslərdən ölkənin xilas olunmasını xahiş etmələri mahiyyət etibarı ilə cənab prezidentə xeyirdir. Bunun üzərində qeyri-adi gəlişmələr edən insanlara söyləyirəm ki, İlham Əliyev situasiyanı kifayət qədər bilən, real vəziyyəti analiz edən bir liderdir və buna adekvat da qərarları olacaq. Odur ki, narahat olmayın, ölkədə situasiya hər zaman idarə olunacaq və həlledici hökm prezidentin əlində olacaq.
- Bəs islahatlar necə olacaq?
- Özləri islahata açıq olmayan, yalnız eyni kadrlar üzərində rəhbərliklərini sürdürən, 2010-cu ildə müddəti başa çatdığı halda Azərbaycanın partiya Qəddafiləri kimi adlanacaq bu simalar dövlətdən nə islahat tələb edəcəklər ki? Onlar doğrudanmı islahat istəyirlər? Açıq şəkildə mən müxalifətin yenilikçiliyini bu dövr ərzində görməmişəm. ?ə yeni ideyaları var, nə yeni texnologiyaya açıqdırlar. Hədsiz bolşevik bir yanaşmaları var, halbuki bəlkə normal dildə danışıb iqtidara yardımçı ola da bilərdilər.
- Zahid bəy, son dövrlər siyasi islahatların aparılması ilə bağlı da qarşı tərəfdən tələblər səslənir. Elə həmkarınız Fazil Mustafa bu mövzuda qəzetimizə müsahibəsində hakimiyyətin müxalifətlə bölüşdürülməsi ilə bağlı təklif verib. Bu təklifin qəbulu mümkündürmü?
- Parlamentdən kənarda olan müxalifətlə hər hansı hakimiyyət ortaqlığı qeyri-mümkündür. Bu, birmənalı şəkildə rədd olunacaqdır. Çünki bütöv halda onlar hakimiyyəti diversiya edəcək, şantaj edəcək, sabotajla məşğul olacaqlar. Amma parlament müxalifətinin ən azı parlament rəhbərliyində təmsil olunmasını birmənalı müsbət sayıram. Bu mənada Fazil Mustafanın təkliflərinin real əsasları olduğunu düşünürəm. Məhsuldar müzakirələr üçün, o cümlədən, xalqın xeyrinə məsələlərin müzakirəsi və parlamentin gerçək polemika meydanına çevrilməsi naminə bu, reallaşmalıdır. Fazil Mustafanın vitse-spiker olması Azərbaycanda hansısa qanunsuzluq və cinayət halının baş verməsinə səbəb olmayacaq. O, öz ideyalarını, əks fikrini sədarətdə bölüşəcək, polemika mühiti yaranacaq və nəticədə xalq udacaq.