11-03-2012 [04:34]
[b]Sülhəddin Əkbər: "Əgər İran öz mesajını vertolyotlarını Astaradakı xəstəxananın üzərində fırlatmaqla verdisə, Rusiya Azərbaycan rəhbərliyinə mesajını Qubadan göndərdi" [/b]
Azərbaycanın şimal qonşusu olan Rusiyada seçkilər başa çatdı və Vladimir Putin növbəti dəfə prezident seçildi. Amma seçkidən sonra baş qaldıran etirazlar Rusiyanın yeni bir dönəmə qədəm qoyduğunu deməyə əsas verir.
Görəsən, növbəti Putin erasının başlaması, Rusiyadakı siyasi aktivlik Azərbaycana necə təsir edəcək? Bu və digər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər regionda və ölkədə ciddi proseslərin baş verdiyini deyir:
- Bütün ekspertlər bir məsələdə həmfikir idilər ki, seçkilərdə Putin qalib gələcək. O da məlum idi ki, seçkidə yenə saxtakarlıqlar baş verəcək və bu saxtakarlığın miqyası parlament seçkilərindən daha geniş olacaq.
Ekspetrlər bir məsələdə də həmfikir idilər ki, Putin bu seçkidə qalib gəlsə də, Rusiya əvvəlki ölkə olmayacaq, Putinin də əvvəlki Putin olması mümkün deyil.
Kütləvi tədbirlərə gəldikdə isə, mənə elə gəlir ki, aksiyalar davam edəcək. Artıq Rusiyada insanlar haqları uğrunda mütəşəkkil mübarizəyə başlayıblar. Mənə elə gəlir ki, bu mübarizə şüurlu mübarizədir və bu mübarizədə əhalinin intellektual kəsimi aparıcı rol oynayır.
- O fikirlər də səslənir ki, Putin 6 illik prezidentlik dönəmini başa vurmaya da bilər...
- Hər hansı hadisə ilə bağlı proqnoz verərkən reallıqlar nəzərə alınır. Onların inkişaf tempi, ölkədaxili şərtlərlə yanaşı, xarici şərtlər də göz önündə tutulur. Bu baxımdan götürsək, mənə elə gəlir ki, Rusiyada proseslər daha da dərinləşəcək. May ayında - Putinin andiçmə mərasiminə qədər də kütləvi hərəkət inkişaf edəcək. Bundan sonra hadisələrin inkişafı Rusiya cəmiyyətinin kütləvi şəkildə bu proseslərə qoşulub-qoşulmamasından asılı olacaq. Birincisi, Putinin sərt tədbirləri qarşısında müxalifətin geri çəkilib-çəkilməyəcəyindən, ikincisi isə Medvedevin necə davranacağından çox şey asılıdır. - Qərbin seçkinin nəticələri ilə bağlı ilkin mövqeyi bəllidir. Sizcə, bundan sonra Qərb Rusiya ilə münasibətləri hansı məsafədə və müstəvidə quracaq?
- Putin artıq seçilmiş prezidentdir. O, and içdikdən sonra vəzifəsinin icrasına başlayacaq.
Rusiya böyük dövlətdir, BMT Təhlükəsizlik Şurasının üzvüdür, nüvə silahına malikdir, müəyyən mənada geopolitik asılılığı var. Bu baxımdan, Qərb bununla barışmalı olacaq. Amma digər tərəfdən də, Rusiyada başlamış və getdikcə genişlənən ictimai-siyasi proseslərə dəstək artacaq. Demokratiyaya dəstək artdıqca, zaman-zaman Qərblə Putinin münasibətləri gərginləşəcək. Eyni zamanda, Putin yenidən hakim mövqeyə sahib olmaq üçün çalışacaq ki, Suriya, yaxud İran məsələsində güzəştlərə getsin.
- Sülhəddin bəy, adətən Azərbaycana ciddi proseslər Rusiyadan ixrac olunur. Bu mənada son seçkilər fonunda "şimal küləyi" Azərbaycana nə gətirə bilər?
- Heç şübhəsiz təsiri olacaq. Çünki Azərbaycan Rusiyanın hakim olduğu geopolitik məkanda yerləşir və bu məkanın mərkəzində baş verən hadisələr bütün post-sovet ölkələrinə olduğu kimi, Azərbaycana da təsir edəcək. Bu, həm Kremlin Azərbaycanla bağlı siyasətində birbaşa özünü göstərəcək, həm də Rusiyada baş verən ictimai-siyasi proseslərin Azərbaycanda əks-sədası olacaq.
Digər tərəfdən, Azərbaycan İranla qonşudur. İran məsələsinin gündəmə gəlməsi, İrana hər hansı müdaxilə istər-istəməz Azərbaycana çox ciddi təsir edəcək. Heç şübhəsiz ki, Azərbaycan artıq burulğan mərhələsinə daxil olur. Diqqət edirsinizsə, Suriya, İran, Rusiya, Qazaxıstan dördbucağında Cənubi Qafqaz və Xəzər mərkəzdə yerləşir. Yəni, belə bir geopolitik burulğan baş verdiyi halda Azərbaycanın bu proseslərdən kənarda qalması qeyri-mümkündür.
- Növbəti Putin erasında Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa dəyişikliklər gözləmək olarmı?
- Neçə ki, Cənubi Qafqazın gepolitik, geostrateji taleyi həll olunmayıb, regional konfliktlərin həlli üçün əlverişli zaman gəlməyəcək. Rusiyanın Cənubi Qafqazdakı dominantlığı getdikcə artacaqsa, konfliktlərin yaxın perspektivdə həllini görmürəm.
Məni narahat edən bir məsələni xüsusiylə vurğulamaq istəyirəm. Azərbaycanda fikirlər səslənir ki, şərait yetişib və münaqişənin hərbi yolla həllinə getmək lazımdır. Mənə elə gəlir ki, bu, çox təhlükəli çağırışdır. Xüsusən də regionun geostreteji taleyi həll olunmayana qədər bu cür çağırışlar avantüradan başqa bir şey deyil.
Hazırda Rusiya Cənubi Qafqazda hərbi-siyasi təsirini artırmaq barədə düşünür. İstiqamət aydındır. İran məsələsi hərbi fazaya keçəcəyi halda Gürcüstandakı bazalarından Ermənistandakı 102 saylı bazaya dəhliz açmaq istəyirlər. Eyni şey də Azərbaycan haqqında düşünülür. Mən narahatam ki, Azərbaycan hər hansı bir münaqişəyə təhrik oluna bilər. Hesab edirəm ki, Azərbaycan bir tərəfdə bu təhriklərdən qaçmalıdır, digər tərəfdən də hərbi təhlükəsizliyi üçün beynəlxalq istiqamətlər almalıdır. Bu gün Azərbaycanın hərbi təhlükəsizliyinə beynəlxalq təminat yoxdur, özünün resursları isə təkbaşına yetərsizdir. Ona görə də artıq zamanıdır, Azərbaycanla Türkiyə hərbi-siyasi ittifaq müqaviləsi bağlamalıdır. Bu, İrandan gələn təhdidlərin qarşısını ala bilər, qismən də Rusiyaya bir mesaj olar. Azərbaycanın enerji sturukturlarının mühafizəsini isə ?ATO-ya həvalə etmək lazımdır. Bu da Rusiyanın Azərbaycana qarşı hərbi-siyasi planlarına sədd çəkə bilər.
- Sülhəddin bəy, diqqətinizi ölkədaxili proseslərə yönəltmək istəyirəm. Göründüyü kimi, artıq Azərbaycanda xalq etirazlarının lokal da olsa, formaları meydana çıxmaqdadır. Ümumi fonda ölkədəki ictimai-siyasi prosesləri necə qiymətləndirirsiniz?
- Bayaq qeyd elədim ki, Azərbaycan qeyri-sabitlik dördbucağının mərkəzində yerləşir. Ona görə də burada ictimai-siyasi sabitliyin pozulması qaçılmazdır. Azərbaycan istər-istəməz bu münaqişələrə birbaşa, yaxud dolayısı ilə qoşulacaq. Çünki Azərbaycan artıq Suriya məsələsində mövqe tutub, İran məsələsində də gizli mövqeyi bəllidir. Bundan əlavə, Azərbaycan İsraillə 1.6 milyonluq hərbi saziş imzalayıb. ?ATO ilə əlaqələrin inkişafı haqqında qərar verib, Türkiyə ilə strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişindən irəli gələn addımlar atılır. Eyni zamanda, ABŞ-la da hərbi sahədə məsləhətləşmələr aparılır. Bu da onu göstərir ki, Azərbaycan həm Suriya, həm İran məsələsində öz mövqeyini müəyyənləşdirib. Bu isə istər-istəməz Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq. Yəni, bütövlükdə regionla bərabər Azərbaycan da burulğan mərhələsinə daxil olur. Burada Azərbaycan daxilində gərginliyin artması, sabitliyin pozulması da olacaq. Çünki Azərbaycanda marağı olan dövlətlər, xüsusiylə də Rusiya və İran hakimiyyətə, dövlətə öz varlığını göstərəcək.
Qubada baş verən hadisələr də Rusiyanın mesajıdır. Əgər İran öz mesajını vertolyotlarını Astaradakı xəstəxananın üzərində fırlatmaqla verdisə, Rusiya Azərbaycan rəhbərliyinə mesajını Qubadan göndərdi.
- Axı, Quba hadisələrinin hakimiyyətdaxili çəkişmələrin nəticəsi olduğu deyilirdi...
- Hər hansı hadisə baş verəndə maraqlı qüvvələr ondan öz mənafeləri üçün istifadə etməyə çalışırlar. Əgər Rusiya Azərbaycanda hər hansı hadisə törədərək mesaj vermək istəyirsə, təbii ki, bunu hakimiyyətdəki uzantıları vasitəsiylə edəcək. Azərbaycan hakimiyyətindəki klanlar da fürsətdən istifadə edib biri digərinə zərbə vurmaq üçün yararlanırlar. Yəni, Azərbaycan hakimiyyətində Rusiyaya bağlı çox ciddi qruplaşma var.
- Bir qədər konkretləşdirmək olarmı, kimlərdir, o qruplaşmanın üzvləri?
- Qubada bu, çox yaxşı göründü. Mənə elə gəlir ki, siz jurnalistlər söhbətin nədən getdiyini bilirsiniz...
- Siz desəniz, daha yaxşı olar...
- (Gülür) Deyirsiniz ki, sizi də, məni də məhkəməyə versinlər? Qubada baş verən hadisələri əks etdirən videoları jurnalist kimi tədqiq eləsəniz, açıq-aşkar görünər ki, orda hücuma keçən tərəf kimdir, müdafiə olunan kim.
- Bəziləri iddia edir ki, bu cür xalq etirazları bütün ölkəni bürüyə bilər. Narazılığın belə bir formasının ?axçıvanda da təzahür edəcəyi bildirilir. Bunu real sayırsınızmı?
- Azərbaycanda kütləvi narazılığın olduğunu hər kəs bilir. Bu narazılıq təkcə aşağılarda deyil, hakimiyyət daxilində də getdikcə artır.
Heydər Əliyev dövründə hakimiyyət və mülkiyyət daha çox dağınıq idisə, daha çox saylı qruplar və təbəqələr bundan yararlanırdısa, İlham Əliyev dövründə bu çevrə getdikcə daralmağa başladı. Yəni, hazırda hər şeyin bir əldə cəmlənməsi prosesi gedir. Bu da istər-istəməz bu rejimin dəstəkçisi olan qüvvələri hakimiyyətdən narazı salır. Ən əsası odur ki, bu narazılıq getdikcə artır və dərinləşir. Belə bir vəziyyətin formalaşması isə hakimiyyəti xeyli dərəcədə zəiflədir. Bu baxımdan beynəlxalq şəraitin əlverişsizliyi artdıqca, Azərbaycan daxilində də narazılıq artacaq. Bu narazılığın nə zaman pik nöqtəsinə çatacağı isə bir sıra faktorlardan asılıdır.
Amma istənilən halda həm xarici, həm daxili siyasətin inkişafı baxımından Azərbaycan burulğan mərhələsinə daxil olub. Qubada baş verən hadisələr bu gün Azərbaycanın istənilən rayonunda təkrarlana bilər. Yəni, Qubadakı hadisəni təşkil edənlər göstərdilər ki, bunu istənilən rayonda və bütövlükdə Azərbaycanda təşkil etmək mümkündür.
Onu da nəzərə çatdırım ki, regiondakı digər ölkələrə nisbətən Azərbaycan yeni prosesin ilkin mərhələsinə daxil olub. Məsələn, Gürcüstanda demokratikləşmə prosesi kifayət qədər dərinləşib və demək olar ki, oturuşub. Bu mühiti gətirən Saakaşvilinin hakimiyyətdə olub-olmamasının elə bir ciddi əhəmiyyəti də yoxdur. Hətta Ermənistanda da demokratiya istiqamətində mühüm addımlar atılıb. Demokratik müxalifət də kifayət qədər güclənib. Sözsüz ki, bu proseslər Azərbaycanda da baş verəcək. Ancaq düşünürəm ki, demokratikləşmə prosesinin tam bərqərar olması bir qədər zaman tələb edir.
- Həm geopolitik, həm ölkə daxilindəki vəziyyəti nəzərə alsaq, 2013-cü ildən nə gözləyirsiniz? Rusiyada baş tutan prezident seçkiləri bizdə də təkrarlanacaq, yoxsa proseslər fərqli istiqamətə yön ala bilər?
- İndidən gələn ilin sonu ilə bağlı konkret proqnoz verməyə cəhd göstərmək bir qədər qeyri-ciddi olardı. Amma əsas tendensiyalar var ki, onlara nəzərən proseslərin necə cərəyan edəcəyini söyləmək olar. Azərbaycan ətrafındakı beynəlxalq şərait əlverişsizdir. Hesab edirəm ki, bu əlverişsiz şərait getdikcə mürəkkəbləşəcək. Bunun daxili ictimai-siyasi vəziyyətə təsiri qaçılmaz olacaq. Rusiyada gedən proseslər birbaşa və dolaysı ilə Azərbaycana ciddi təsir göstərəcək. Eyni zamanda, İran məsələsi Azərbaycana əhəmiyyətli şəkildə təsir edəcək.
- Bəs ölkə daxilindəki mövcud vəziyyətin prosesə təsiri necə olacaq?
- Azərbaycanın daxilindəki faktorlar bu gün əhəmiyyətli olsa da, təəssüf ki, hələlik ciddi və həlledici deyil. Amma zaman keçdikcə, düşünürəm ki, Azərbaycanda dəyişikliklər yönündə daxili potensial da inkişaf edəcək. Bu inkişaf həm Azərbaycan cəmiyyəti, həm müxalifət, həm də hakimiyyət daxilində gedir. Seçkiyə doğru getdikcə, təbii ki, Azərbaycanda ictimai-siyasi aktivlik daha da artacaq. Bu da cəmiyyətdəki gərginliyi artması ilə müşayiət olunacaq. Çünki cəmiyyət daxilində demokratik potensialın mobilizasiyası gedəcək və istər-istəməz müxalifət güclənəcək.
Eyni zamanda, gələcək namizədlə bağlı vahid fikir olmadığından, həm daxili, həm də xarici təsir müəyyən bir səviyyəyə qalxdıqda, hakimiyyət daxilində də ciddi fikir ayrılıqlarının şahidi olacağıq. Bir sözlə, 2012-nin sonu, 2013-ün əvvəlində sizin suala daha dəqiq cavab vermək mümkün olacaq. Yəni, bu, xarici və daxili faktorlar kompleksinin necə inkişafından asılıdır. Burada faktorlar çox olduğuna və onlar müxtəlif sürətlə inkişaf etdiyinə görə indidən uzaq perspektivlə bağlı qəti fikir söyləmək çətindir. Amma bir şeyi demək olar ki, artıq həm regionda, həm Azərbaycanda demokratik dəyişikliklər prosesi başlayıb və bu proses getdikcə dərinləşəcək.
Zaur ƏHMƏD