"Azərbaycanda ağ islahat inqilabı olmalıdır"

img

04-03-2012 [05:23]


[b]Əvəz Temirxan: "Hakimiyyət doğru yolda olmadığını dərk etməli, ölkədə iqtidar-müxalifət-cəmiyyət dialoquna əsaslanmış demokratik, sürətli islahatlar aparmalıdır" [/b] 2012-ci il qarşıdan gələn prezident seçkilərinə hazırlıq ili olsa da, müxalifət düşərgəsində ciddi tərpəniş yoxdur. Hakimiyyət əleyhdarları hələ də hansı cəbhədə mübarizə aparacaqlarını dəqiq müəyyənləşdirməyiblər. Bu arada ALP-VİP-Yaşıllar birlik müzakirələri aparsalar da, ortada nəticə yoxdur. Bu və ya digər məsələlərlə bağlı müsahibə verən Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan müxalifətin ümumi birliyinə ümidsiz yanaşır. - Son parlament seçkilərində "İnsan Naminə" blokunda bir araya gələn ALP, VİP və Yaşıllar Partiyası hazırda da müttəfiqlik münasibətlərini davam etdirir. Hələlik ortada hansısa birlik, blok yoxdur, amma zərurət yaranacağı təqdirdə əməkdaşlığımız daha da sıxlaşacaq. Bu istiqamətdə müəyyən məsləhətləşmələr aparılır, hətta bir sıra görüşlər də keçirilir. Hələlik bu barədə ətraflı danışmaq istəmirəm. Siyasi proseslər gücləndikcə, proseslərin axarından asılı olaraq, digər müxalifət partiyaları ilə birgə əməkdaşlığımız da mümkün ola bilər. - Bir müddət öncə eks-spiker Rəsul Quliyev və onun tərəfdarları ilə əməkdaşlıq edəcəyiniz də bildirilirdi... - Bu gün bizim əməkdaşlığımız taym-aut vəziyyətindədir. Bundan sonrakı mərhələdə nə olacağını isə zaman göstərəcək. Bu gün həm Yaxın Şərq, həm də ətrafdakı digər ölkələrdə baş verənləri nəzərə alaraq, cəmiyyət ölkədə bundan sonra nə baş verəcəyini gözləmək mövqeyindədir. Rəsul Quliyev və onun partiyası ilə müəyyən əməkdaşlığımız olub. Hesab edirəm ki, gələcəkdə Azərbaycan xalqının xoş gələcəyə getməsini istəyən qüvvələr əməkdaşlıq edə bilər. - İctimai Palatadan kənar qüvvələrdən olan AMİP-lə əməkdaşlığınız necə, mümkündürmü? - Vaxtiylə bizim "8-lər" formatında AMİP-lə əməkdaşlıq etmək fikrimiz olub. Orda İctimai Palataya daxil olan partiyaların da bir arada olması nəzərdə tutulurdu. Çox təəssüf ki, nəinki AMİP-lə, hətta digər partiylarla da "8-lik" müstəvisində əməkdaşlıq müsbət nəticə vermədi. - Siz bütün fikir ayrılıqlarına rəğmən müxalifətin geniş birliyinin tərəfdarısınızmı, ya da belə bir birliyi mümkün sayırsınızmı? - Biz hər zaman müxalifətin bir arada olmasının tərəfdarı olmuşuq. Amma hər zaman istəmişik ki, birlik yaranacaqsa, ortada səmimi əməkdaşlıq olsun. Çünki səmimiyyət olmayan yerdə heç bir uğurdan danışmaq olmaz. Bəli, səmimiyyət əsasında geniş əməkdaşlığın tərəfdarıyıq, amma müxalifətdəki bütün siyasi qüvvələri, liderləri səmimi saymaq olmaz. Ona görə də, müxalifətin ən geniş formatda əməkdaşlığını hələlik mümkün saymıram. - Qeyri-səmimi saydığınız partiya və liderlər hansılardır? - Ad çəkib müxalifət daxilində lüzumsuz qalmaqal yaratmaq istəmirəm. Azərbaycan oxucuları siyasi cəhətdən kifayət qədər təcrübəli və savadlıdır. Onlar kimin daha səmimi olduğunu gözəl bilirlər. - İctimai Palatanın rəhbərliyi müxalifətin mərkəzində dayandıqlarını, hər kəsin ora gəlməsinin vacib olduğunu bildirirlər. Bəlkə bu təklifə müsbət cavab verəsiniz? - Mən İctimai Palatada birləşmiş və mübarizə aparan partiyaların fəaliyyətini alqışlayıram, onlara uğur diləyirəm. Eyni zamanda onların iqtidar qarşısında qoyduqları tələblərin böyük əksəriyyətini haqlı sayıram. Ona görə də, İctimai Palata ilə hansısa qovğaların tərəfdarı deyiləm. İctimai Palata müxalifət mərkəzlərindən biridir, Azərbaycan müxalifətinin əhəmiyyətli hissəsi orda cəmləşib. İndi kimin daha çox, kimin daha az əhəmiyyətli olması müqayisəsini aparıb lüzumsuz qalmaqallara, höcətləşmələrə yol açan deyiləm. - Ancaq ortada bir fakt var ki, İctimai Palata həm kütləvi tədbirlər, həm beynəlxalq əlaqələr, həm də ölkəni əhatə etmək baxımından ən əsas güc mərkəzidir. - Son zamanlar İctimai Palatanın aksiyası yoxdur. Hər halda onların 18 nəfər siyasi məhbusu var. Liberal Partiyası da, Vətəndaş və İnkişaf Partiyası da beynəlxalq tədbirlərdə, görüşlərdə, onların da hüquqlarını müdafiə edir. Çünki hesab edirik ki, İctimai Palataya daxil olan partiya üzvlərinin, o cümlədən müstəqillərin həbs edilməsi siyasi məqsədlidir və onlar birmənalı olaraq siyasi məhbusdurlar. Əgər İctimai Palata ilə müqayiə edirsinizsə, bizim mübarizə metodlarımız bir-birindən fərqlənir. Mən demirəm ki, biz kimdənsə daha üstünük, sadəcə olaraq, yersiz mübahisələrə apara biləcək açıqlamalar verilməsinin tərəfdarı deyilik. - Kütləvi etiraz aksiyaları ilə bağlı nə düşünürsünüz, mitinqlərin zamanı yetişibmi? - Zərurət var, amma hələ zamanı yetişməyib. Çünki Azərbaycanda baş verən proseslər ölkə daxilindəki proseslərdən irəli gəlmir. Yəni, dünyada gedən proseslərin Azərbaycandakı vəziyyətə təsiri çox böyükdür. Amma söhbət kütləvi tədbirlərdən gedirsə, burada ən əsası cəmiyyətin hazırlığıdır. - Cəmiyyətdə necə, etirazlara başlamaq əhval-ruhiyyəsi varmı? - Azərbaycan xalqının xasiyyəti daşa biləcək südə bənzəyir. Yəni, istənilən vaxt Azərbaycan cəmiyyətinin etiraz hissi daşa bilər. Bunun üçün zəmin var. Ölkədəki narazılıq o səviyyədədir ki, Azərbaycan cəmiyyəti bu iqtidara qarşı çıxmağa, coşmağa, daşmağa, haqsızlıqları süpürüb tarixin arxivinə atmağa hər zaman hazırdır. - Bunun baş verməsi üçün nə lazımdır? - Bunun baş verməsi üçün artıq daxili obyektiv situasiya yetişib. Bildiyiniz kimi, bütün dünyada qloballaşma gedir. Bu da o deməkdir ki, hər bir ölkədə baş verən proses ümumilikdə dünyada gedən proseslərlə üzvi surətdə əlaqəlidir. Azərbaycan ictimaiyyəti ölkədə sürətli islahatların aparılmasına hazırdır. Çox təəssüf ki, Azərbaycan iqtidarının xarici havadarları bunu həyata keçirməyə imkan vermir. Nə zaman ki, Azərbaycan hakimiyyətinin xarici havadarlarının mövqeləri bir balaca zəifləyəcək, o zaman Azərbaycan xalqı ayağa qalxıb öz haqqını bərqərar edəcək. - Bu günlərdə Müsavat Partiyasının başqanı İsa Qəmbər müsahibəsində bildirmişdi ki, Azərbaycanda ekstremal situasiya yetişib, hər an ciddi dəyişikliklər baş verə bilər. Bu barədə nə düşünürsünüz? - İsa bəyin söylədiyi fikirlərə yönəlik müzakirə açmaq niyyətində deyiləm. Amma bildirmək istəyirəm ki, Azərbaycan xalqı son 19 ildə dəfələrlə ayağa qalxsa da, hakimiyyətin xarici havadarlarının dəstəyi ilə Azərbaycanda demokratik islahatlar keçirmək mümkün olmayıb. Azərbaycan xalqı hələ Avropa Şurası olmayanda demokratik dəyərləri ölkədə təsbit etmiş bir xalqdır. Hesab edirəm ki, Azərbaycan xalqın hər zaman olduğu kimi, indi də demokratiyaya tam hazırdır. Beynəlxalq mürtəce nə vaxt əlini bu iqtidarın kürəyindən çəksə, Azərbaycan xalqı bütün dünyaya nümunə olacaq demokratik dövlət quracaq. - Nə etmək lazımdır ki, Siz deyən beynəlxalq mürtəce hakimiyyətə dəstək verməsin? - Azərbaycanda ağ islahat inqilabı olmalıdır. Yəni, hakimiyyət doğru yolda olmadığını dərk etməli, ölkədə iqtidar-müxalifət-cəmiyyət dialoqua əsaslanmış demokratik, sürətli islahatlar aparmalıdır. Amma iqtidar bunu etmirsə, bu o demək deyil ki, Azərbaycan xalqı bunu etməyəcək. Onu da nəzərə çatdırım ki, bunu etməməklə itirən yalnız iqtidarın özü olacaq. Nəticə etibarı ilə Azərbaycan xalqı bir az da gözləməli, bir az da əziyyət çəkməlidir. - Necə düşünürsünüz, bu dəyişikliklər 2012-2013-cü illər arasında olacaq, yoxsa? - Mənim ümidim var ki, dəyişikliklər qısa müddət ərzində baş verəcək. Qərb dünyasının dəstəyini qazanmış Misir kimi bir ölkədə, 30 il Qərbin müttəfiqi olmuş Hüsnü Mübarək rejimi istefaya getdisə və bu gün Mübarək qəfəsdə edam olunmaması üçün yalvarırsa, hesab edirəm ki, iqtidar bundan nəticə çıxarmalı, özünü o vəziyyətə gətirib çıxarmamalıdır. Mən Azərbaycan iqtidarında təmsil olunan heç kəsin Hüsnü Mübarək və onun övladlarının vəziyyətinə düşməsini istəmirəm. Ona görə də Azərbaycan Liberal Partiyası adından hakimiyyətin dərhal köklü islahatlara başlamasını tövsiyyə edərdim. - Axı, Siz deyən islahatların başlamasından hakimiyyət daha çox zərər çəkə bilər. Necə düşünürsünüz, özləri bilə-bilə xanədanlarını çökdürərlərmi? - Heç bir siyasi qüvvə üçün hakimiyyət ali hədəf olmamalıdır. Hər bir siyasi qüvvənin əsas məqsədi Azərbaycan xalqına xidmət olmalıdır. Əgər bu iqtidar demokratik islahatlara başlayarsa, demokratik seçkilər keçirib uduzarsa, o zaman tarixdə özü haqqında çox böyük müsbət rəy yarada bilər. O zaman onların layiq olduqları hüquqları Liberal Partiyasının sədri olaraq müdafiə etməyə hazıram. Bu mənada hakimiyyətdəkilər daha dərindən düşünməli və doğru qərar verməlidirlər. Əgər onlar bundan sonra da yalnız özlərini və ətraflarını, iqtidarlarını düşünsələr, nəticəsi elə özləri üçün çox ağır olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA