"Bu ölkədə məmur özbazınalığı son həddə çatıb"

img

04-03-2012 [05:15]


[b]Fazil Mustafa: "Hakimiyyət dərhal islahatlara başlamalıdır. Gecikmək olmaz, çünki bu gecikmənin bədəlini ağır formada ödəyə bilərik" [/b] Bir müddət öncə İslahat deputat qrupu islahatlar paketi hazırlayaraq Milli Məclisin rəhbərliyinə və ölkə başçısına göndərsə də, bu istiqamətdə hələlik müsbət nəticə yoxdur. Hakimiyyətin ümumi siyasi kursunda da islahat ab-havası hiss olunmur. Müsahibə verən Böyük Quruluş Partiyasının (BQP) başqanı, İslahat deputat qrupunun üzvü Fazil Mustafa deyir ki, hakimiyyətin islahat kursundan imtina eləməsi vəziyyəti daha da ağırlaşdırıb: - Sözdə deyilsə də, hakimiyyət hər hansı islahata getmədi. Hətta kadrlar arasında rotasiya da aparılmadı. Bunlar isə Quba hadisələrinin meydana gəlməsinə şərait yaratdı. Bu gün əksər icra başçıları Qubanın keçmiş icra başçısı kimi danışır. İndi kiminsə səsi yazıldı, qurban getdi, məsələ onda deyil... İcra başçılarının böyük əksəriyyətinin keçdiyi yol, təhsil səviyyəsi bir rayonu idarə etməyə uyğun gəlmir. Heç bir məsləhətləşmə olmadan, ictimai rəy nəzərə alınmadan istənilən addımı atırlar. Bunun da nəticəsi belə olmalı idi. Bu, hələ kiçik bir rayon miqyasında baş verən hadisədir. Hesab edirəm ki, Azərbaycanda islahat prosesinə səmimi şəkildə başlanılmasa, çox ciddi, hətta bizim gözlədiyimizdən də fərqli hadisələr baş verə bilər. - Bəs, proseslərin birdən-birə aqressiv müstəviyə keçməsinə səbəb nədir? - Əsas səbəbi odur ki, cəmiyyət uzun müddət durğunluq içindədir. İnsanlar müəyyən siyasi, ictimai proseslərdə iştirak eləmək istəyir, amma yolların hamısı qapanıb. İnsanlar iqtisadi prosesdə iştirak eləmək istəyir, ancaq hər şey inhisardadır və heç kim təşəbbüs göstərərək müəyyən bir sahədə özünü təsdiqləmək imkanına sahib deyil. Ona görə də düşünürəm ki, Azərbaycandakı arxayınçılıq, gecikmə çox ciddi fəsadlara gətirib çıxaracaq. Bizim istədiyimiz də odur ki, məsələlər siyasi müstəvidə cərəyan etsin, siyasi partiyaların rolu qabardılsın. Siyasi hakimiyyət məsələsi daha çox siyasi partiyalarla məsləhətləşərək həyata keçirilsin. Amma bu gün müxalifətin adı heç bir protokolda yoxdur, heç bir statusa malik deyil. Belə münasibət həm parlamentdəki, həm də parlamentdən kənardakı müxalifətə aiddir. Digər sahələrdə də ciddi problemlər var. İqtisadi sahədə sahibkar tamamiylə sıradan çıxarılıb. Hər şey kəskin, haqsız rəqabət mühitində cərəyan edir. Belə hallar isə istənilən vaxt təhlükəli nəticələr doğura bilər. Bu baxımdan da hakimiyyət dərhal islahatlara başlamalıdır. Gecikmək olmaz, çünki bu gecikmənin bədəlini ağır formada ödəyə bilərik. - Konkret təklifiniz nədir? Hakimiyyət ilk olaraq hansı sahədən islahata başlamalıdır? - Bəzən deyirlər ki, Azərbaycanda demokratik seçki keçirilsə, məsələlər həllini tapır. Amma demokratik seçkini hansı hazırlıqlı cəmiyyətlə keçirəcəksən? Partiyaların maddi-texniki bazası sıfıra bərabərdir. YAP-ın bir rayon təşkilatının qərargahı bütövlükdə Azərbaycanın bütün partiyalarının mərkəzi qərargahlarından daha böyük, daha möhtəşəmdir. Hətta elə vəziyyət yaranıb ki, "Baksell" də YAP üçün xüsusi imtiyaz tanıyır. Yəni, şirkətlər belə, artıq hüquq çərçivəsindən kənara çıxma yolunu seçirlər. Belə bir şəraitdə isə partiyalar qarşıdakı seçkiyə minimum rəqabət mühitində də hazır deyillər. - Əgər bizə demokratik seçki lazım deyilsə, bəs demokratik cəmiyyəti necə quraq? - Məncə, birinci növbədə iqtisadi islahat başlamalıdır. Artıq ölkənin bütünlüklə inhisara alınması prosesini ortadan qaldırmaq lazımdır. Azad sahibkarlıq olandan sonra cəmiyyətdə başqa ab-hava yaranır. Cəmiyyətdə bağırtı, çığırtı, populist siyasət anlayışından daha çox parqmatik və iqtisadi maraqlara dayanan, cəmiyyətin iqtisadi rifahını yüksəltməyə dayanan bir siyasət istehsal eləmə düşüncəsi önə çıxmalıdır. Bunun üçün də korrupsiyaya qarşı həqiqi mübarizə aparılmalıdır. Amma Azərbaycanda korrupsiyaya qarşı mübarizə cəmi bir ay çəkdi. Aparılan proses də çox aşağı səviyyəli məmurları əhatə etdi. Onlar da bütövlükdə sistemin qurduğu qaydaların qurbanlarıdır. Bu baxımdan da, məncə, islahatlara burdan başlamaq lazımdır. İkincisi, Konstitusion islahat lazımdır. Məsələn, dövlət hakimiyyətinin idarə olunmasında YAP da başda olmaqla, digər partiyaların rolu qalxmalıdır. Faktiki olaraq, YAP nə hökuməti formalaşdıra bilir, nə də hansısa sözə sahibdir. Hansı hökumət 17-18 il bir komandadan ibarət olur? Hansı ölkədə dəyişilmədən eyni postu bu qədər müddətə tutmaq mümkündür? Bunların hamısı artıq yeni bir yanaşma tələb edir. Çox təəssüf ki, bu istiqamətdə addımlar atılmadı. Bu gün Ziyalılar Forumu toplantı keçirmək istəyir və hansısa otel ona yer vermirsə, bu, Avropaya üz tutan ölkə üçün yaxşı hal deyil. Eləcə də Azərbaycanın adında siyasi məhbusun olması məsələsinin gündəmdə saxlanılması nə dərəcədə ölkənin faydasınadır? Nə əhəmiyyəti var ki, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır? İnsanlara bir yer ayırmaq niyə çətin iş olub ki? Əksinə, hakimiyyət bir çoxlarını məhz qadağa ilə qəhrəmana çevirir. Halbuki şərait yaratsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, qadağalar Qubada baş verən hadisələrin daha böyük formada təkrarlanmasına gətirib çıxara bilər. Ona görə də hakimiyyət dərhal islahatlara start verməlidir. - Siyasi və hüquqi müstəvidə islahatlar nə dərəcədə önəmlidir? Məncə, İslahat deputat qrupunun təklifləri əsasən bu istiqamətdə idi... - Bəli. Bu islahatlar birinci Milli Məclisdən başlamalı, parlament idarəçiliyində müxalifətin rolu qaldırılmalıdır. Heç olmasa, alternativ layihələr vermək, alternativ fikirlər səsləndirmək imkanı tanınmalıdır. ?ə olsun, on dəqiqə kimsə çıxış elədi, bununla da bitdi. Bu gün heç bir məmur deputatı saymır. Xətai rayon icra hakimiyyətində Faiq adlı bir adam var, qaçqın və məcburi köçkünlərin məsələləri ilə məşğuldur. Bu adam qaçqına arayış verməkdən imtina edir. Məsələyə mən də qarışmışam, "Qaçqınkom"un sədr müavini, icra hakimiyyətinin rəhbərliyi ilə danışmışam, amma bu adam deyir ki, mən nə Milli Məclis, nə də hökumət tanıyıram, özüm bilərəm. Yəni, mənim bu məsələni həll eləməyə gücüm çatmırsa, deməli, bu ölkədə məmur özbaşınalığı son həddə çatıb. Bax, məsələlərin kökü budur. - Hakimiyyətin islahatlara başlamalı olduğunu bildirirsiniz. Bəs, belə bir situasiyada müxalifət nə etməlidir? - Müxalifətin edə biləcəyi məsələlər bir az fərqlidir. Azərbaycan müxalifəti əslində iki yerə bölünür. Məsələn, bəziləri Amerika səfirliyinin qeyri-rəsmi işçiləridir, tutaq ki, bugünkü AXCP kimi. Eyni zamanda ölkə dəyərlərini başa düşən, onun gələcəyini həqiqətən təsəvvür edən digər müxalifət qüvvələri də var. Bura İsa Qəmbər, Lalə Şövkət, Rəsul Quliyev və başqaları aiddir. - Bəs, Siz hansı tərəfdəsiniz... - (Sualı dinləmir) Sadəcə olaraq, onların yanaşma tərzləri qələbəyə aparan yanaşma tərzi deyil. Çünki bu qədər narazı əhalini təşkilatlandıra bilməmək, onları kəskin şüarlarla özünə cəlb etməyi bacarmamağın fəsadını əhalidə yox, müxalifətçilər özlərində axtarmalıdır. Onların işlədikləri dil, verilən vəd əhali üçün cəlbedici deyil. Cəmiyyətin nə istədiyini bugünkü müxalifətdən yaxşı bildiyi üçün 20 ildir bir komanda hakimiyyətdədir. Amma hakimiyyətin öz daxilində islahat aparmaması, hər şeyin durğunluqda olması, heç bir şəxsin artıq rotasiya qaydasında belə öz statusunu dəyişmək imkanına sahib olmaması, sırf təsadüflərlə adamların vəzifələrə təyin edilməsi indiki vəziyyətə gətirib çıxarıb. Elə Qubanın narazılığa səbəb olmuş icra başçısının bioqrafiyası ilə tanış olduqda da bunun nümunəsini görmək mümkündür. Belə hallar isə hətta hakimiyyətin özündə də məmur narazılığını artırır. Amma bunu öz ağlı, yanaşması, üslubu ilə özünə tərəf çəkə bilməyən müxalifət zəif, hazırlıqsız və arxaikdir. - Yenə də müxalifəti qınayırsınız? - Müxalifətin edə biləcəyi yaranmış vəziyyətdən doğru çıxış yolu tapmaqdır. Müxalifət narazı əhalini kin üzərində yox, daha demokratik üslubda, demokratik qaydalar çərçivəsində öz narazılığını ifadə edərək hakimiyyəti islahata getməyə məcbur etmək yolunu tutmalıdır. Hamı öncə bərabər rəqabət mühitinin yaranmasına çalışmalıdır. Oyun qaydaları müəyyənləşəndən sonra siyasi mübarizənin çərçivəsi bəlli olacaq və müxalifət də öz gücünü ortaya qoya biləcək. Bu faktorları nəzərə almayan müxalifətin uğur qazanma şansı yoxdur. Mən müxalifəti günahlandırmaq istəmirəm. Çünki hakimiyyət elə bir imkan yaratmır ki, hansısa partiya normal fəaliyyət göstərsin. Məsələn, Müsavat Partiyasına qurultay keçirmək üçün yer ayrılmasını niyə problemə çeviriblər? Ziyalılar Forumunun toplantısı nəyə görə Rüstəm İbrahimbəyovun evində keçirilməlidir? - Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. Quba hadisələrinə nəzərən demək olarmı ki, seçki ərəfəsində də ölkədə qarışıqlığın olması mümkündür? - Bu məsələlərə Azərbaycan müstəvisindən baxmaq düzgün olmazdı. Ətrafımızda son bir ildə baş verənlərə nəzər yetirək. Liviyada, Tunisdə heç müxalifət yox idi. Amma Azərbaycanda kifayət qədər yetkin siyasi institutlar var. Mən ən optimal varinat kimi İordaniyanı götürürəm. Gərginlik olan kimi İordaniya kralı islahatlar apardı. Hökumətin daha nüfuzlu şəxslərdən, müxalifət nümayəndələrindən təşkil olunmasına şərait yaratdı. Bizdə isə bir komitə sədrinin müavini belə müxalifətdən təyin olunmur. Bu da o deməkdir ki, hakimiyyəti bir əldə, yaxud da öz çevrələrində cəmləmək istəyirlər. Yəni, heç nəyi bölüşmək istəmirlər. ?əyisə bölüşmək istəməmək isə əhalinin hakimiyyətdən kəskin şəkildə kənarlanmasına gətirib çıxarır. Bu baxımdan da, qarşıdan gələn dönəmə gedən yolda yeni düşüncəyə ehtiyac var. Məncə, hakimiyyət 2013-ə qədər bu barədə düşünməlidir. Əks təqdirdə ölkə üçün çox təhlükəli hadisələr baş verə bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA