"Mütləq kütləvi aksiyalara bazlamalıyıq"

img

04-03-2012 [05:02]


[b]Müsavat Partiyasının başqan müavini deyir ki, Quba hadisələri müxalifətin aksiyalarla bağlı daha qəti qərarlar qəbul etməsinə rəvac verib [/b] İctimai Palata uzun müddətdən bəri keçirmək istədiyi kütləvi aksiyaları reallaşdırmaq niyyətindədir. Qurumun martın 8-də aksiya keçirmək niyyətində olduğu bildirilsə də, hələ ki bu barədə qərar qəbul olunmayıb. Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu müsahibəsində deyib ki, qısa müddətdə mitinqlərə start veriləcək: - Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə həmişə zəmin var. Sadəcə olaraq, ölkədə sərbəst toplaşmaq azadlığına birmənalı şəkildə qadağa qoyulduğu üçün bəzən bu aksiyaları reallaşdırmaq çətin olur. Ancaq cəmiyyətin, dövlətin taleyi tələb edir ki, Azərbaycan demokratikləşsin. Qubada baş verən hadisələr müxalifətin aksiyalarla bağlı daha qəti qərarlar qəbul etməsinə rəvac verib. Biz hesab edirik ki, mütləq kütləvi aksiyalara başlamalıyıq. Azərbaycan hakimiyyəti isə dərk eləməlidir ki, ölkədə ciddi islahatlar aparılmalıdır, insanların dinc aksiya keçirmək hüququ tanınmalıdır... - Son illər insanların aksiyalara cəlb olunması işində müxalifət ciddi problemlərlə üzləşir. Amma Qubada müxalifətin iradəsindən kənar aksiyaya çoxlu sayda insan toplaşdı. Bu mənada müxalifəti insanları bir araya toplaya bilməməkdə suçlamaq olarmı? - Əslində çox düzgün yanaşmadır. Biz bu günə qədər paralellər aparırdıq. Gürcüstanda və Ukraynada inqilab oldu, amma bu ölkələrdə institutlaşmış müxalifət var idi. Buna görə də bu ölkələrdə dəyişikliklər dinc və rahat şəkildə getdi. Ancaq ərəb ölkələrindəki diktatorlar müxalifəti tamamilə sıradan çıxardıqları üçün oradakı inqilablar qanlı-qadalı hadisələrlə müşayiət olundu. Söhbət ondan getmir ki, Qubada icra başçısı təkcə nalayiq sözlər deyib. Sadəcə olaraq, onun bu sözü səbr kasasını daşıran sonuncu damla oldu. Qubada da Azərbaycanın hər yerində olduğu kimi, özbaşınalıq, rüşvətxorluq, yalan, talan baş alıb gedir. İnsanların aqressiyası da bununla bağlı idi. Biz də ona görə deyirik ki, Azərbaycana "məxməri dəyişiklik"lər lazımdır. Hakimiyyət nümayəndələri deyirdilər ki, Misirdə, Tunisdə olanlar bizdə təkrarlana bilməz. İndi bu proses gəlib çıxdımı Azərbaycanın həndəvərinə? Belə bir aksiya Bakıda baş versəydi, onun nəticələrini təsəvvür edirsinizmi? Biz də bunu düşünərək hakimiyyətə düzgün yolu göstəririk. İstəyirik ki, Azərbaycanda normal mühit yaradılsın, insanların sərbəst toplaşmaq azadlığı təmin edilsin, hökumət ciddi islahatlar aparsın. Əks təqdirdə bu barıt çəlləyi əvvəl-axır partlayacaq. - Tofiq bəy, diqqətinizi Müsavatdaxili proseslərə yönəltmək istərdim. Bu partiya uzun müddətdən bəri keçirməyi planlaşdırdığı qurultayını martın 4-nə təyin etsə də, proses yenə ertələndi. ?ədir bunun əsl səbəbi? - Qurultay hər bir partiyanın həyatında ciddi hadisədir. Amma bu qədər açıq şəkildə görünən səbəbləri bəzən görmək istəmirlər. Biz martın 3-4-də qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Onlar bizə yer versəydilər, qurultayımızı keçirəcəydik və bu işdə israrlıyıq. Sadəcə olaraq, hakimiyyət buna imkan vermir. Qurultayın təxminən 700 nəfər nümayəndəsi, 100-ə yaxın media işçisi, 100-dən çox qonaqları olacaq. Yəni, bizə 1000 nəfərin toplana biləcəyi bir yer lazımdır. Amma o yeri bizə vermirlər. ?ecə olur ki, bu ölkəni quranların xələflərinə qurultay üçün yer tapılmır, amma YAP-ın qurultayı Respublika Sarayında, rayon təşkilatının konfransı isə "Azdrama"da keçirilir? Çirkli pullarla YAP-a qərargahlar tikilir, saraylarda tədbirləri keçirilir, amma Müsavatın qərargahları alınır, qurultayının keçirilməsi üçün yer vermək istəmirlər. Siz də bunları görmədən bizi suçlayırsınız. - Mən kimsəni suçlamadım. Sadəcə olaraq, opponentlərinizin fikirlərini dedim. Yəni, bəziləri iddia edir ki, Müsavat özünə yeni başqan seçə bilmədiyi üçün qurultayı yubadır... - Bu fikirlər tamamiylə absurddur. Əgər hakimiyyət Müsavat Partiyasının qurultayının keçirilməsini istəyirsə, yer versin və bizim bəhanəmizi əlimizdən alsın. Yer ayırsınlar, əgər biz qurultayımızı keçirməsək, deyərlər ki, bəhanə edirlər. Digər tərəfdən, siz Azərbaycanda bir partiya göstərin ki, qurultayını vaxtlı-vaxtında keçirə bilsin. Söhbət ondan gedir ki, normal dünyada hakimiyyətin dəyişdirilməsi labüddür. İki müddət hakimiyyətdə qalmaq olar, amma müəyyən müddətdən sonra getmək lazımdır. Hakimiyyət yaxşı da olsa, pis də olsa, getməlidir! Çünki bu gün ölkədə idarəetmə yoxdur. Hakimiyyətdəkilər talançılıq edir, sərvət toplamaq uğrunda mübarizə aparırlar. Cəmiyyət isə problemlər bataqlığına qərq olub. Ona görə də dəyişiklik labüddür. - Yaxşı məqama toxundunuz. Deyirsiniz ki, yaxşı da, pis də olsa, hakimiyyət dəyişməlidir. Əgər dəyişiklik yaxşıdırsa, onu özünüzə niyə aid etmirsiniz? ?iyə partiya başqanının dəyişməsinə qarşı çıxırsınız? - Biz hakimiyyət deyilik, hakimiyyət uğrunda mübarizə aparırıq. Bu yolda özümüz üçün istədiyimiz komandanı və lideri seçmək haqqına malikik. Hakimiyyət isə orada təmsil olunanların dədə malı deyil. Hakimiyyətin xalq, Konstitusiya qarşısında öhdəliyi var. Partiya isə bir cameədir, insanların könüllü birliyidir. Biz özümüz istədiyimiz qərarı verə bilərik, bunun Azərbaycan xalqına bir qədər də aidiyyatı yoxdur, bu zaman onların hüquqları tapdalanmaz. Digər tərəfdən, İsa Qəmbər saxtalaşdırılmış seçkilərlə başqan seçilməyib, bundan sonra da saxta yolla başqanlıqda qala bilməz. Hamıya gün kimi aydındır ki, biz azad və ədalətli seçkilər keçirərək, İsa Qəmbəri yekdilliklə bu partiyanın başqanı seçmişik. Həmin insanlar da indiki həlledici dövrü nəzərə alaraq, belə bir düşüncədədirlər. Hakimiyyət isə bizdən fərqli olaraq saxta seçkilərlə, zor gücü ilə hakimiyyətdə qalır və bu xalqın malını talamaqla məşğuldur. İsa Qəmbərin isə Müsavat başqanlığında qalmasının Azərbaycan xalqının nə cibinə, nə də həyatına mənfi təsiri yoxdur. Yəni, bu bizim daxili işimizdir. - Həm də belə anlaşılır ki, əgər İsa Qəmbərin başqan postunda qalması bu qədər əhəmiyyətlidirsə, deməli, Müsavatda onu əvəzləyəcək ikinci şəxs yoxdur... - Hər bir komanda istəyər ki, yarışa ən optimal variantda getsin. Biz də qarşıdan gələn proseslərdə daha güclü lider və daha güclü komanda ilə iştirak etmək istəyirik. Sözsüz ki, heç bir insan əvəzolunmaz deyil. Bəlkə də növbəti başqan daha uğurlu siyasət həyata keçirəcək. Digər tərəfdən, Müsavatın rəhbərliyində onlarla real namizəd var ki, partiyanı idarə edə bilərlər. Hətta Müsavatın bir özək təşkilatında bütövlükdə YAP-da olan adamlardan daha istedadlı, idarəetmə qabiliyyətinə malik insanlar var ki, onlar nəinki partiyanı, hətta ölkəni də uğurla idarə edərlər. - İsa Qəmbərin 2013-cü il prezident seçkilərinə qədər başqan postunda qalması ilə bağlı müxtəlif təkliflər səsləndi. Siz də bu yöndə olan təklifləri dəstəkləyirsiniz? - Qurultayın keçirilməsinə şərait yaradılmalı, nizamnamənin tələblərinə əməl olunmalı və başqanlıq seçkisi keçirilməlidir. Nəticələrin necə olacağını isə zaman göstərəcək. Yetər ki, hakimiyyət şərait yaratsın, biz də qurultayımızı keçirək... - Bəs, yeni başqanın seçilməsi partiya daxilində parçalanmalara səbəb olmaz? - Elementar məntiq də deyir ki, əgər başqanlıq yarışı keçirilsə, deməli, burada rəqiblər də, onları müdafiə edən tərəflər də olacaq. Belə şeylərdən narahat olmağa ehtiyac yoxdur. Amma mən düşünürəm ki, Müsavata əqidəli, vicdanlı insanlar toplaşıblar. Başqanlıq mübarizəsi də anadolulular demişkən, tatlı rəqabətdən başqa bir şey olmayacaq. Yarış dönəmi bitəcək, hər şey yoluna qoyulacaq və müsavatçılar yeni rəhbərlik altında fəaliyyət göstərəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA